GÜLMƏYİ BACARAN CİDDİ XALQLAR…

Dərc olunub: 18/04/2018 - 00:03

fazilFazil MUSTAFA

Monteneqro maraqlı ölkədir. Onların serblərlə yalnız dialekt fərqi var, hətta bu fərqlilik bizimlə Anadolu türklərinin dil elementləri arasındakı fərqdən böyük deyil. Onlar öz ölkələrini Qaradağ adlandırırlar. Diqqət yetirəndə görürsən ki, əksər hissəsi dağlardan ibarət olan bu Balkan ölkəsinin dağları qara rəngə çalır. Bu rəngi daha çox dağlarda bitən ağacların kölgəsi yaradır. Maraqlı təbiət gözəllikləri ilə yanaşı insanlarının da qəribə özəllikləri diqqət çəkir.

Balkanlarda buranın insanları astagəllikdə, daha doğrusu tənbəllikdə ad çıxarıblar. Bəlkə də bunu əhalinin müəyyən qisminə şamil etmək olmaz, ancaq görünür ki, tarix boyu aparılan müşahidələr belə bir tanıtımın gerçəyə yaxın tərəfləri olduğunu ortaya qoyur. Ən maraqlısı da budur ki, rast gəldiyin qaradağlıların əksəriyyəti öz tənbəlliklərini milli xarakterləri kimi tərdim etməkdən zövq alırlar, bu tanıtımdan zərrə qədər də utanmırlar. Hətta bu özəlliyi on bənddən ibarət bir atasözü mətninə də yerləşdirib internetdə yayırlar, köynəklərin üzərinə yazdırırlar, suvenir hədiyyələri formasında kütləvi satışa da buraxırlar. Qaradağlılar üçün on mühüm qadağa aşağıdakı sıralamada təqdim olunur:
- İnsan yorğun doğulur və yaşayır ki, dincəlsin.
– Çarpayını özünü sevdiyin kimi sev!
– Gündüzləri dincəl ki, gecələri yata biləsən.
– Çalışma! İş adamı öldürür.
– Əgər görsən ki, kimsə istirahət edir, ona köməklik göstər!
– Bacardığından az iş gör, bacardığını isə başqasına gördür!
– Ağacların kölgəsi qurtuluşdur, istirahətdən kimsə ölməz.
– İş xəstəlik gətirir – gənc yaşında ölmə!
– Haçansa təsadüfən işləmək istəsən – otur, görəcəksən ki, həvəsin keçib gedib.
- Görsən ki, bir yerdə yeyib-içirlər, onlara qoşul, haradasa işləyirlər – oradan uzaqlaş ki, mane olmayasan.

İlk baxışda burada bir xalqın özü haqqında aşağılayıcı tezisləri yer alır. Bu bölgənin insanları haqqında
belə bir təsəvvürün yaranması kənardan bir çox hallarda xoş görünməyə bilər. Bəzən təəccüb də doğurar ki, durub-durub da öz xalqının bu cür mənfi sayıla biləcək çalarlarla təqdimatının nə anlamı var?

fazil

Bu mövzu üzərində xeyli düşündüm və o görüşə vardım ki, o xalqların ki, yumor duyğusu yerindədir, öz çatışmazlıqlarını bu cür mizah formasında dilə gətirməkdən çəkinmirlər, bunu təbliğ etməkdən utanmırlar, bunlar həm də özlərinə güvənən xalqlardır, özlərinin nöqsanlarından qorxmayan xalqlardır. Maraqlıdır ki, bu qaradağlılar həm də tarixdən döyüşkən xalq kimi tanınırlar, hətta Osmanlı orduları bu əraziləri sona qədər ələ keçirə bilməmişlər, inanılmaz bir dirənişlə qarşılaşmışlar. Yəni özlərinə tənbəl desələr də, bu onların vətənsevərliyinə kölgə salmaz. Bizdə də adları lətifələrdə hallanan bölgələr var, bəlli bölgələrlə bağlı şirin bəzəmələr var, ancaq çaşıb o bölgənin adamlarının yanında söylədiyində özünü sanki aşağılanmış kimi hiss edərək rahatsızlığını dilə gətirirlər. Xalqa hansısa tarixi həqiqətləri söyləyəndə, bir tanınmış şəxsiyyəti barədə hansısa xoşagəlməz gerçəkləri dilə gətirəndə ilk sözü bu olur ki, xalqı aşağılamaq olmaz. Hələ xeyli virtual qəhrəmanlar var ki, özlərini xalqın qoruyucuları elan ediblər, hansı yeni fikir, düşüncə ortaya çıxırsa, hansı tənqidi mətn görürlərsə dərhal susdurma, linç kampaniyasına başlayırlar, yeni fikri daşqalaq etmə yarışına çıxırlar. Təsəvvür edin ki, kimsə Azərbaycanda insanların çoxunun tənbəl olduğunu, mənasız yerə vaxtı israf etdiyini, faydalı insan olmaq üçün səy göstərmədiyini ciddi şəkildə söyləsə dərhal qarşısına qəhrəmanlıq dastanlarının sicilləmə düzülüşünü qoyacaqlar. Xalqa isə öz natamamlıqlarından, geriçiliyindən, faydasız vərdişlərindən, adətlərindən qurtulmaqdan vacib hansı addım ola bilər ki?…

Demək ki, bizdə də yumorun doğru variantlarını tapmaq zəruridir, gerçəklərin söylənməsi və qarşılığında söyləyənlərin daşlanmaması üçün bu yumor üslubu həyati əhəmiyyət daşıyır. Qaradağlılardan ilk öyrənəcəyimiz bu gülüş, bu yumor ola bilər. O halda yumorla qəbul edəcəyimiz on dənə qadağa bizi on dəfə qabağa atmış olar. Xalqlar da insanlar kimidir, səmimi və içdən güləndə, aşağılanmırlar, təmizlənirlər.








loading...


Fikrinizi bildirin