“Hər kəs adamın az qala ölməsini arzu edir. Niyə?”

Dərc olunub: 06/07/2018 - 21:06

28783119_1436866869752948_31569862388592_71520668251

Azər Həsrət

Son iki günün elektrik qarğaşası ölkədə nələrinsə yerində olmadığının xəbərçisidir. Düzdür, qəzadır, olur. Amma bu miqyasda, üstəlik də alternativlərin olmadığını göstərəcək bir qəza heç bağışlanacaq deyil. Belə bir qəzanın bu qədər geniş zərər vurması birbaşa dövlətə, şəxsən Prezident İlham Əliyevə qarşıdır, səbəbkarları müəyyən edilməli, ən sərt şəkildə cəzalandırılmalıdır!

Bu elektrik qəzasına paralel Gəncə icra başçısı Elmər Vəliyevə sui-qəsdin edilməsi də düşündürücüdür. Xəbərlərdə deyilir ki, icra başçısı kobud adamdır, sakinləri təhqir edir, ona silah çəkən şəxsin də yaxınlarından olan bir xanıma qarşı kobudluq edib. Adam da and içib ki, Rusiyadan gəlib onun canını alacaq. Və buna cəhd edib. Özü də göz görə-görə, xalqın qarşısında.

Yaxşı hadisə deyil. Ümumiyyətlə, dünyada özünün sabitliyi və güvənliyi ilə ad çıxarmış Azərbaycan üçün heç yerinə düşmür. Özü də ölkənin ikinci böyük şəhəri, tarixi mərkəzlərindən biri olan Gəncənin adının bu işə qarışması heç yaxşı deyil.

Gəncə olayı göstərdi ki, kimlərsə bu ölkədə dövlətin təmsilçisinə silah çəkəcək qədər cürət sahibidir. Fərq etməz nə üçün. Amma bunu edə biləcəyini düşünən və edənlər varsa, Azərbaycanın sabitliyi təhlükə altındadır. Biz, vətəndaş olaraq ölkəmizdə belə halların ayaq açmasına əsla dözə bilmərik və dözməməliyik! Hər kəs bütün varlığıyla dövlətin – qanunun yanında olmalıdır. Bütün narazılıqları çözəcək məqam dövlətdir, üsul da qanundur! Başqa cür ola bilməz, olmamalı!

Bu arada, imam üçün ağlayanda, bir az da yezid üçün ağlamaq lazım. Sual oluna bilər ki, niyə icra başçısı sakinlərlə kobud davranmalıdır? Ümumiyyətlə, bölgələrdə Prezidentin təmsilçisi olan vəzifə sahibləri niyə belə davranış sərgiləməklə xalqı narazı salmalıdır? Bunlar niyə insanları o həddə çatdırmalıdır ki, vətəndaş da axırda silaha əl atıb haqq-hesab çəkməyi ağlına gətirsin?

Gəncəylə əlaqəm yoxdur, icra başçısını da yaxından tanımıram. Şəxsi haqqında pis və ya yaxşı heç nə deyə bilmərəm. Amma dünən axşamdan sosial mediada onun başına gələnə verilən şərhləri izləyirəm və anlayıram ki, adam insanları həddən artıq qəzəbləndirməyi bacarıb. Təsəvvür edirsinizmi, hər kəs ya sadəcə xəbər olaraq bu haqda yazır, ya da adamın az qala ölməsini arzu edir. Sual oluna bilər: niyə? Məgər bizim xalqımızda yıxılana balta çalmaq varmı? Məgər biz o xalq deyilmiyik ki, düşmənimizə belə çətin anında xoş davranarıq? Bəs onda niyə Gəncə icra başçısıyla bağlı bunu müşahidə etmirik?

Etmirik, ona görə ki, adam hər kəsi özünə düşmən etməyi bacarıb. Ən azından sosial mediadakı müşahidələrim bunu deməyə əsas verir.

Amma yenə də dövlət təmsilçisinə silah çəkilməsini əsla qəbul etmirəm, edə də bilmərəm! Heç kim dövləti təmsil edən şəxsə silah çəkməməli, çəkməyə cürət etməməlidir bu ölkədə! Edərsə ölkədəki sabitlik pozular, hər birimiz qan gölündə üzərik! Ona görə də sosial mediada Gəncə icra başçısıyla bağlı qızışdırıcı paylaşımlar edənlər bir anlıq düşünsünlər. Düşünsünlər ki, bu silah çəkmə olayı sadəcə burda bitməz, davam edər və hər kəsin qapısına qədər gələr.

Yeri gəlmişkən, vətəndaşları narazı salan, kobud davranan, gününü eyş-işrətlə keçirən icra başçıları haqqında heç də az eşitmirik. Bu adamlara cənab Prezident konkret bir rayonu etibar edir, vətəndaşların sosial rifahını yüksəltmək, güzəranını yaxşılaşdırmağı tapşırır, onlarsa insanları küncə sıxmaqla məşğuldur. Bu gün ölkədə vətəndaşlar belə məmurların üzündən üsyan etmirsə sadəcə Prezident İlham Əliyevin şəxsinə olan sayğı və inamdandır. Bəli, məhz Prezidentin şəxsiyyəti narazıları sərt hərəkətlərdən çəkindirir. Təəssüf ki, icra başçıları da bundan vicdansızcasına sui-istifadə edir, insanlara zülm verir.

Prezidentin arxasında gizlənən bu məmurcuqlar o qədər harınlayıblar ki, istənilən vətəndaşa istənilən məsələylə bağlı “get, hara istəyrsən, şikayət elə” deyə biləcək qədər tərbiyəsizləşirlər! Hətta bəzən “Prezidentə şikayət edəcəm” deyən vətəndaşa da “get, kimə istəyirsən, şikayət elə” deməkdən çəkinmir bunlar!

Təbii ki, belə məmurlar – icra başçıları təmizlənməlidir…

Yenidən işıq məsələsinə qayıdıram. Bu biabırçı qəza və bütövlükdə o sahəyə məsul şəxslərin əlacsızlığı Azərbaycan dövlətinin imicinə ən ciddi zərbə oldu. Özü də elə bir məqamda ki, bunu düşmən belə bacarmazdı. Azərbaycan hazırda Avropanın enerji təhlükəsizliyi məsələsində açar ölkələrdən birinə çevrilməkdədir. Böyük layihələr üzərində iş gedir, bütün Avropa bizdən danışır, bizə ümidlə baxır. Belə bir məqamda məhz enerji sahəsində bu qədər biabırçı bir durum yaşanır. Düşündürücü deyilmi?

Bu elektrik qəzasının niyə baş verməsinə gəlincə. İddia edirlər ki, isti oldu, avadanlıq dözmədi, yandı. Nağıldır, nağıl! Məsələ ondadır ki, dövlətin bu sahəyə ayırdığı milyonlarla, milyardlarla vəsait sadəcə olaraq kimlərinsə cibinə axıb, avadanlığa lazım olan qayğı göstərilməyib, yeniləmə aparılmayıb və olan olub. Ona görə də bu sahəyə məsul şəxslərin hamısı məsuliyyətə cəlb edilməli, bütün varidatları əllərindən alınmalıdır!

Bir də onu müşahidə etdik ki, bu iki gün ərzində Azərbaycan xaqlı – vətəndaşlar olduqca təmkinli davrandılar. Ölkədə hər hansı ajiotaj yaranmadı, əksinə, insanımız əlindən gələni etdi ki, həm dövlətə, həm də bir-birilərinə yardımçı olsunlar. Bu isə bir daha onu göstərir ki, Azərbaycan vətəndaşı Prezidentə güvənir, ölkədəki sabitliyin dəyərini bilir və ona hər hansı təhdidə izn verəcək deyil. Bununla bərabər vətəndaşımız həm də ümid edir – inanır ki, işıq sabotajına səbəb olanlar mütləq və ən qısa zamanda cəzalandırılacaq. Elə mən də ümid edirəm.

Sözardı: İşıq-eletkrik sistemində böyük irəliləyişə nail olunduğunu iddia edən sahə görəvlilərinin diqqətinə: mənim Dədəli kəndimdə (Xaçmaz rayonu) 30-35 il öncə quraşdırılmış elektrik dirəkləri – şalbanlar çürüyüb və başımıza yıxılmamaları sadəcə bəxt məsələsidir…(milli.az )


loading...




Fikrinizi bildirin