İÇİ YARA MƏMURLARIM…

Dərc olunub: 25/07/2018 - 17:24

mirzeMirzə AĞ

Dünən eşitdik ki, Kür suyu içib də ərsəyə gəlmiş nankor erməni, «üzdəniraq DQR-in üzdəniraq müdafiə naziri» Mingəçevir su anbarını partladıb, Azərbaycana prolemlər yaratmaq barədə düşünür – bunula Azərbaycanı qorxutmağa çalışır və s.

Bu gün də eşitdik ki, sən demə, kosmopolit bir zümrə ilin-günün bu vaxtında (rayonlarımızın bir-birinin ardınca işğalının ildönümü günlərində!) Azərbaycanın paytaxtı Bakı şəhərində «Jara-2018», yəni ki, «İsti-2018» adı altında bir musiqi festivalı keçirmək qərarına gəlib…

Verilən xəbərə görə, festivalın əsas təşkilatçıları rusiyalı müğənni Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur. Təkcə birincinin adını eşidərkən, əsim-əsim əsməyə başlayan bəzi səbatsız məmurlarımız «bə-çeşm» deyib,  onun hüzurunda sıraya düzülürlər. Yəni, bu «şəbih»ə etiraz eləyən nə rəsmi bir dövlət (hökumət) qurumu olur, nə də ki, bir məmur var!

Amma Azərbaycan xalqı var və kosmopolit dəstə bu ünvanla hesablaşmağa borcludur. Belə ki, festivalın təşkilatçıları bütöv Azərbaycan xalqı adından çıxış edə və qərar verə bilməzlər!!! Bu məsələdə rəsmi qurumların və məsul şəxslərin susması, ölkədə yaxşı qarşılanmır, insanlarda narazılıq yaradır…

Belə ki, bu susqunluq Azərbaycan xalqının iradəsinin zorlanmasına bir dəstək kimi başa düşülər, dövlətə xəyanət kimi şərh olunar…

Mən hesab etmirəm ki, festivalın təşkilatçıları bunları görməzliyə vura və xalqımızı dünyada rüsvay etməyi özünə rəva bilərlər. Bu gün Azərbaycan xalqının iradəsi belə ifadə olunmalıdır: Nə qədər ki, Qarabağ torpaqları mənfur ermənilərin işğalı altındadır, nə qədər ki, erməni dığaları bizə güllə atırlar və cavanlarımız cəbhə bölgələrində həlak olur… ən azı, erməni harsını Bakıya gələ və burada oxuya BİLMƏZ!

Dövlət qurumları, məmurlar zəhmət çəkib, bu barədə düşünməli və hərəkətə keçməlidirlər!

Bu düşüncələrlə, divana uzandım və tez də yuxu məni apardı. Yuxuma kim gəlsə yaxşıdır? Rəhmətlik Üzeyir bəy – əlində də bir parça not vərəqi! Yeni bəstələdiyi mahnının notları… Böyük sənətkar mahnını səsləndirməyi xahiq etdi. Söz verdim və sözümə əməl edirəm. Mahnı məlum «Cücələrim» uşaq mahnısı «lad»ında bəstələnib, adı da «İçi yara məmurlarım»dır. Di qulaq verin:

Cip-cip məmurlarım,
Tükü-ipək məmurlarım,
Qaşı qara məmurlarım,
İçi yara məmurlarım.
Ət verərəm, süd verərəm,
Yağ verərəm, şor verərəm,
Bal verərəm-«yal verərəm»,
Bircə kərə «yox» desəniz,
Üstündə də pul verərəm!
Cip-cip məmurlarım,
Mənim yazıq məmurlarım…

Bu da mənim adımdan – Məşədi İbadın sözü olmasın:
«Budur, deyirəm: Qızı mənə,
qızı mənə, verməsəz hərgah…
Eylərəm bədnam…».

Sözümün canı budur ki, əgər sabaha planlaşdırılmış «kef məclisi»ndə Zara adlı harsın oxuyacaqsa, o zaman boynuma kəfən taxıb, diyarbədiryar dolaşıb, göz yaşı tökəcəm, erməninin bura gəməsinə şərait yaradan satqın məmurlara lənətlər yağdıracam, həmdərdlilərimi bu festivala etiraz etməyə çağıracam!!!


loading...




Fikrinizi bildirin