“Ayı Adam” erməni vəhşiliyinə qarşı…

Dərc olunub: 03/08/2018 - 01:12

alqisAlqış MUSAYEV (HƏSƏNOĞLU)

Bir neçə gün qabaq tarixçi olmaq istəyən və bu istəyin davamı kimi qəbul imtahanında yüksək bal toplamış gənclərlə söhbətləşirdik.

Mövzu ələnib-dolanıb Azıx mağarasının üstünə çıxır. Duruxub bir-birlərinə baxırlar. Mağara harada yerləşir, bilmirlər.

İbtidai insana məxsus, təxminən 300 min il yaşı olan alt çənə sümüyünü hansı alimimiz tədqiq edib? Məmmədəli Hüseynov kimdir?

Çiyinlərini çəkirlər. Niyə? İzah edirlər ki, testlərə Azıx mağarasına dair suallar salınmayıb.

- Bəs Qobustan qayaları? – soruşub, eyni cavabı alıram.

Görünür, DİM-in və testləri tərtib edən heyətin öz arqumenti və əsasları var. Mübahisə etmirəm…
Yarı tragik, yarı komik bir əhvalat yadıma düşür. Səhv etmirəmsə, 90-cı illərin sonlarıydı. Dünyaca tanınmış norveçli səyyah Tur Heyerdal Bakıya səfər etmişdi.

Görüşlərdən, qəbuldan sonra səyyah Qobustan qayalarını ziyarət etmək arzusunu bildirir.

Rəsmi səviyyədə tapşırıq verilir, hazırlıq görülür. Qaradağ Rayon İcra Hakimiyyətinin nümayəndələri qonağı gözləyir.

Yarım saat keçir. Bir saat ötür. Saat yarım tamamlanır. Səyyah alim gəlib çıxmır. Narahat olub maraqlanırlar.
Aydınlaşır ki, əcnəbi alimi müşayiət edən yerli məsul şəxslər onu Qobustan rayonuna aparıblar.

Axı Qobustan qayaları, Azıx mağarası sivilizasiyaya məxsus abidələrdir. Tarixin açarlarıdır. Bəşər tarixi üçün əvəzsiz və qiymətsiz materialdır.

Təkcə səlahiyyət sahibləri, tədqiqatçı alimlər, tarixçilər yox, hər bir azərbaycanlı bu haqda bilməlidir.

Erməni ən adi fürsəti belə fövtə verməz: heç nədən bər-bəzəkli kağızlara bükülmüş konfet düzəldər.

Viktor Ambarsumyan vardı. Türkün düşməniydi. İxtisasca astrofizik olan alim uzun müddət – 50 ilə yaxın Ermənistan Elmlər Akademiyasına prezidentlik etdi.

O, astronomiya elminə hansı töhfələri verib? Mütəxəssislər deyə bilər. Mənim fikir söyləməyim düzgün sayılmaz.

Ancaq onu bilirəm ki, Ambarsumyanı tanıtdıran və ona kütləvi şöhrət qazandıran elmi nailiyyətləri və alimliyi deyildi.

Dahi ingilis fiziki İsaak Nyutonun plaşı onu məşhuri-cahan eləmişdi.

Hər şey ondan başlayır ki… Bir dəfə erməni alim İngiltərənin Kral Akademiyasında çıxış edərkən İsaak Nyutonun muzeydə saxlanılan plaşını gətirib onun (bir neçə saniyəlik) çiyninə salırlar (Yəqin ki, erməni lobbisinin barmağı-filanı olmamış deyil).

Kiçikdən böyüyə – bütün ermənilər Viktor Ambarsumyanın adı çəkiləndə, dəxli oldu-olmadı, plaş məsələsini mütləq qabardırdılar.

Bir sözlə, dünya erməniliyi Viktor Amazaspoviçin millətçi, kin-küdurət yağan, qaramat simasından saxta düha görkəmi yaratmışdılar. Bir muzey eksponatının sayəsində.

Və yeri gəlirkən bu saxta düha görkəmindən tribuna kimi gen-bol istifadə edirdilər…

Deyim ki, onun erməni millətçilərinə, o cümlədən Ermənistan SSR-in liderlərinə böyük təsiri vardı.

70-ci illərdə bizim rayona (Meğriyə) gəlmişdi. Atam danışırdı ki, rayon strukturlarında azərbaycanlıların təmsil edilməsini görüb çox məyus olubmuş. Rayon rəhbərliyinə iradını bildirir:

“Bu rayonun strateji əhəmiyyətini dərk edə bilmirlər. Meğri Azərbaycan dövlətçiliyinin kürəyinə sancılmış iti xəncərdir. İrəvana qayıdan kimi fikrimi yuxarılara çatdıracağam…”

Və çox çəkmir ki, onun etirazı öz nəticəsini büruzə verməyə başlayır: Azərbaycanlı kadrlar proseslərdən və məsul vəzifələrdən uzaqlaşdırılır…

50 il əvvəl Füzuli rayonun 14 kilometrliyində (Dağlıq Qarabağa aid ərazidə) baş verən bir hadisə bütün dünyaya səs sala bilmişdi.

1968-ci ildə tarixçi alim Məmmədəli Hüseynovun başçılıq etdiyi elmi tədqiqat ekspedisiyası Azıx mağarasında qədim insanın alt çənə sümüyünü aşkar edir.

“Azıx Adam”ının çənə sümüyü qədimliyinə görə postsovet məkanında birinci, dünyada üçüncü yerdə sıralanır.
Bu gün Azıx mağarası işğal altındadır.

“Azix Adam” erməni əsirliyindədir: əsirlik həyatını və iztirabını yaşayır. Dilqəm Əsgərovla, Şahbaz Quliyevlə və yüzlərlə azərbyacanlı əsir və qəbirlərlə birlikdə…

Təsdiqlənmiş xəbərlər gəlir ki, mağarada qazıntı işləri aparılır. Bu vandalizmdir. Sivilizasiyaya, bəşəriyyətə qarşı törədilən açiq-aşkar bir cinayətdir.

Nüfuzlu elmi mərkəzlərin marağını çəkmiş “Azix Adam”ı yenidən xatırlamağın və diqqət mərkəzinə gətirməyin zamanıdır. “Azıx Adam”ı danışdırmaq, ona tribuna vermək lazımdır.

Elmi-praktik konfranslar, simpoziumlar və sair formatlı tədbirlərlə erməni vəhşiliyinin yalnız Azərbyacan türklərinə qarşı yönəlmədiyini nümayiş etdirmək olar.

“Azıx adam”ın çənəsi ilə erməninin çənəsindən (erməni təbliğat maşınını nəzərdə tuturam ) vurmaq imkanı yaranıb…

Həm də tarix sahəsində yeni elmi məktəbin bünövrəsini qoymuş bir alimin (Çox təəsüf ki, Məmmədəli müəllim ömrünün son illərini maddi sıxıntılar və çətinliklər icərisində yaşayırmış) xatirəsinə haqq etdiyi ehtiramı göstərmiş olardıq.

İstənilən təqdimatda Azıx mağarasının çılpaq sakini – Ayı Adam (azıx – əski türk dilində ayı deməkdir) ingilis dahisinin şinelinə bürünmüş erməni alimindən (və millətçisindən), millətçi cildinə girmiş sarkisyan, köçəryan kimi canilərdən müdrik və insanpərvər görünəcək…








loading...


Fikrinizi bildirin