SADƏCƏ QUBADLI…

Dərc olunub: 30/08/2018 - 19:09

…ANCAQ O, MÖHTƏŞƏM BİR YURDDUR

xeyberXeybər GÖYYALLI

Hər il yay aylarında, bir qədər də dəqiq desək, iyul–avqust aylarında Qarabağətrafı rayonların – Ağdam, Füzuli, Cəbrayıl və Qubadlının soyqırımını – işğal gününü növbə ilə qeyd edirik. Özlüyündə bu yaxşıdır, yaddaşın diktəsidir. İnsanoğlu həyatda var olduğuna görə şüura (yaddaşına) borcludur. İnsanın sevinci və kədəri onun özündən xəbərsiz şüur altına ötürülür.

31 avqust bütün qubadlılılar kimi mənim də yaddaşımda qara şrift və kursivlə həkk olunubdur. Çox təəssüflər olsun ki, biz aradan ötmüş 25 illik zaman kəsiyində Azərbaycan tarixinə qara kursivlə həkk olunmuş 31-i avqustu əvəz edəcək, 31-i avqustu unutduracaq, tariximizin səhifələrinə qələbə rəmzini ifadə edən qırmızı rənglə yazılacaq bir günü hələ də təşnəliklə gözləyirik. Bu səbəbdən düz 25 ildir Qubadlı barədə kədərli notlarla yazılır, Qubadlı rekviyem sədaları altında anılır, adıçəkilən möhtəşəm yurdda dünyaya gələnlər isə o torpağı qanlı göz yaşları ilə xatırlayırlar.

25 illik işğal dövründə Qubadlı haqqında çox yazılıb. Əlbəttə, bütün təəssürat və təfərrüat yazıları da sonda kədərli notlarla tamamlanıb, başqa cür də sonuclana bilməz. Axı itki yoxluqdur, yoxluq da faciədir.

Qubadlı haqqında olan bu kiçik yazıda bir qədər fərqli ruhda köklənmək istəsək də, əminik ki, sonda yenə istər-istəməz kədərli notlar hakim olacaq… Nə isə…

Bəlkə də, ilk dəfədir ki, yazıya sərlövhə yazmaqla başladım. Adətən, yazıya tamamlandıqdan, son nöqtə qoyulduqdan sonra sərlövhə seçilir, başlıq qoyulur. Ancaq bu yazıya sərlövhəni yazmaqla başladım. Bu da təsadüfi olmadı. Yazı barədə özümlə “kəlmələşmə” məqamında bu yaranmışdı – sərlövhə meydana çıxmışdı. Bu günlərdə necə oldusa, köhnə qeyd dəftərçələrimdən biri əlimə keçdi. Həmin dəftərçənin birinci səhifəsində bu gün üçün (daha çox mənim üçün) son dərəcə maraqlı olan bir qeydə rast gəldim. Onu da səmimi qeyd edirəm ki, həmişə özümə söz vermişəm ki, gündəlik yazım, ancaq yazmamışam (Buna əməl etməmək, yəqin ki, birbaşa tənbəlliklə bağlıdır. Bir toplum olaraq bizdə gündəlik yazmaq hələ oturuşmayıb. Əslində, gündəlik yazmaq alqışlanası bir dəyərdir). Tanrının rüsxəti ilə həmin gün qeydlər etmişəm, daha doğrusu, təzə qeyd dəftərçəsinin birinci səhifəsində aşağıdakı söz-söhbəti yazmışam.

24.04.2007-ci il tarixində Azərbaycanın görkəmli şairi Zəlimxan Yaqub “Kredo” qəzetinin baş redaktoru Əlirza Xələflini qonaq dəvət etmişdi. Daha doğrusu, Əlirza Xələflinin baş redaktoru olduğu “Kredo” qəzetində Zəlimxan Yaqub haqqında yazdığı geniş və tutarlı yazını qələm əhlinin “yumaq” mərasimi adlandırdığı bir məclis idi. Zəlimxan Yaqub Əlirza Xələflini qonaq dəvət edərkən bildirib ki, tək gəlmə, “başının atlıları” ilə gələrsən. Onu da deyim ki, heç Əlirza Xələfli də qonaqlığa tək gedən deyil. Əlirza Xələfli özünə munis bildiyi beş-altı nəfəri də götürüb əvvəlcədən vədələşdiyi məkana üz tutdu. Əlirza Xələflinin başının dəstəsində mən də vardım. Zəlimxan Yaqubun da məclisi adi məclis deyildi… Təkcə yemək yox, həm də demək məclisi, saz-söz məclisi idi. Məclisi Zəlimxan Yaqubun özü idarə edirdi. Saz söz ilə qoşa idi – Aşıq Cahangir də ustadı hər addımbaşı izləyirdi, ustadın nə dediyini baxışından duyurdu. Əlirza Xələfli də bu ürfan məclisinə kimləri dəvət etdiyinin fərqində idi. Sözün həqiqi mənasında məclis ürfan məclisi idi. Söz deyildi, saz dilləndi. Söz deyildi, saz dilləndi deyəndə, nə sözə aram verildi, nə saz susdu.O gecə iştirakçılar üçün ayrı bir gecə oldu. Elə, yəqin, bu ovqatın təsirindən dəftərçəmdə qeydlər aparmışam…

Tanışlıq və söz demək növbəsi mənə çatdı. Mən də Zəlimxan Yaqubun poeziya – ürfan dünyasından söz açdım. Danışıb qurtarandan sonra Zəlimxan Yaqub Əlirza Xələfliyə üz tutub soruşdu: Bu danışan oğlan Azərbaycanımızın harasındandır? Onun adı, təxəllüsü məni tutdu.

Əlirza Xələfli:
- Xeybər Göyyallıdı, Qubadlıdandır, – dedi.

Zəlimxan Yaqub temperamentinə, emosiyasına sadiq olaraq dedi:
“Qubadlılı elə belə danışmalı idi”.

Bu sözlərin ardınca Zəlimxan Yaqub odlu-odlu söylədi ki, bu yaşıma kimi iki möcüzəli gecə yaşamışam. Onlardan birini Almaniyada, o birini Qubadlıda. Xalq şairi ovqatına uyğun olaraq sözünə davam edərək bildirdi ki, Azərbaycan Kitabsevərlər Cəmiyyətində işləyirdim. Məni Azərbaycan Kitabsevərlər Cəmiyyətindən eyni vaxtda üç rayona – Qubadlı, Laçın və Zəngilana ezam etmişdilər. Qubadlıda gecələr çayın yaxınlığında yerləşən mehmanxanada qalırdım. Mənim gəldiyimi eşidən Qubadlının tanınmış adamları, ziyalıları elə həmin gün mənimlə görüş keçirmək, öz dilimdən şeirlərimi eşitmək istəyirdilər. Mən onlardan xahiş etdim ki, bircə gün mənə icazə verin, yol gəlmişəm, yorulmuşam, bu gün istirahət edim, sabah mən sizin qulluğunuzda hazır. Həmin gün bərk yorulduğumdan axşamdan bir az yatdım. Gecəyarıdan keçəndə ayıldım. Pəncərədən çölə baxdım, elə bildim işıqlanıb. Saata baxdım, gecə saat üç idi. Geyinib, gecənin sakitliyində səsini eşitdiyim çaya tərəf addımladım. Süd kimi aydınlıq gecə. Dağ çayının – Bərgüşadın həzin səsi. Göy üzü açıq, aydın, tərtəmiz, çay dumduru, həzin-həzin axır. Səmaya, axan çaya, ətrafdakı dağlara baxa-baxa həmin gecə düz on yeddi şeir yazdım. Bu halı bir də 1979-cu ildə Almaniyada olarkən Reyn çayının sahilində yaşamışam.

Yazının mətləb-məramından, ovqatından hali olan hazırlıqlı oxucu mənimlə tam şərik olar ki, yazıya buradaca xitam verilməlidir. Çünki əlavə sözə, əlavə şərhə əsla ehtiyac yoxdur.


loading...




Fikrinizi bildirin