QARABAĞ YOXDUR, BİZ YATIRIQ…

Dərc olunub: 11/10/2018 - 08:54

eldar-sabiroglu-yeni-300x200Eldar SABİROĞLU

25-ildir ki, Qarabağ yoxdur. Qayıtmaq istəsək də, gedib çata bilmirik. Yollar bağlanıb üzümüzə.

Bir qorxu dolaşır içimdə. Qorxuram Qarabağa qədər itirdiklərimizlə necə barışmışıqsa Qarabağla da o cür barışaq. Asıb kəsməklə torpaq “gəlməz” yanımıza. Cürət gərək!…

Döyüş xəttində atılan beş-altı gülləyə görə atəşkəsə əməl etməyin peşinə düşən bir məmləkət insanının sabah göyü-yeri lərzəyə gətirən topun, tankın gurultusuna səbri, cəsarəti dözəcəkmi? Allah bilər!

Su bogaza çatır artıq. Sonra saman çöpünü tapa bilməyəcəyik…

Tarixin ibrət dərsləri bizi yaralanmış Vətənin bütövlüyünə səsləyir. Gedən gedib. Heç olmazsa Qarabağa bu sitəmi yaşatmayaq. Qeyrət, namus tələb edir bunu bizlərdən!

114 min kv.km-dən 68 min kv. km-ə gəlib düşmüşük. Söhbət 3-5 mindən yox, 46 min kv. km. itkidən gedir. Necə alıblar bu qədər əraziləri ilahi bizdən?! Təkcə Ermənistan götürməyib… Ruslar Qədim Dərbəndi Qarabağdan əvvəl işğal ediblər. Türkməncay, Gülüstan müqavilələri ilə Azərbaycanın bağrına ən ağır baltanı saplayıblar. İndi necə sülh müqaviləsinin dalınca qaçmırıq, o zaman da adını sülh müqaviləsi qoyub ərazilərimizin işğalı faktına hüquqi don geyindirdilər. İndi iki əsrdir təpəmizə döyürük. Şovinist rus-fars siyasəti nəinki dayanır, əksinə daha məkrli və daha iyrənc xarakter almaqdadır.

Üzücü səbəblər təkcə buna bağlı deyil. Öz doğulduğum yurddan başlayacağam ki, qarabağlı və Borçalıdakı qardaşlarımın qınağına tuş gəlməyim. İyirminci əsrdə düz dörd dəfə Ermənistan dediyimiz torpaqlardan didərgin düşmüşük. 1905-1918-ci illərin deportasiyası zamanı əhalinin böyük bir hissəsi Türkiyə və İrana üz tutmuş, az bir qismi isə indiki Azərbaycan ərazilərinə səpələnmişdir. 1948-ildə Qərbi Azərbaycanın demək olar ki, əhalisinin yarıdan çoxu zorakı dovlət siyasəti nəticəsində oz doğma ocağını tərk etməyə məcbur olmuşdur. 1988-ci ildə isə erməni-rus təcavuzü nöqtəni bir dəfəlik qoyaraq monoermənistan respublikasının yaradılması fakını reallaşdırmışdır.

Ermənini qudurdub üzərimizə qısqırdanın hansı gücə dayandığı məlumdur. Lakin dörd qaçqınlıq dövrünə aid yazılı mənbələrdə düşmənə qarşı tarixə düşəcək hansısa ciddi dirəniş faktına, mübarizəsinə rast gələ bilməmişəm. Eyni fikirləri qədim yurd yerlərimiz olan Borçalı haqda da söyləmək mümkundür. Son illərə qədər yerli azərbaycanlıların təzyiqlər altında saxlanılması, azad və sərbəst yaşayışının məhdudlaşdırılması Gürcüstanın hökumət siyasətinin birbaşa təsiri ilə bağlıdır ki, nəticədə də indinin özündə belə kəskin olmasa da milli ayrı-seçkiliyə görə azərbaycanlılar doğma ocaqlarından və tarixi torpaqlarından ayrılmağa məcbur olurlar. Yenə də ciddi bir etirazın, eyni zamanda hansısa müqavimətin, dirənişin şahidi olmamışıq. Qərbi Azərbaycanla iş bitdi. Bu acı taleyi doğma ocağından hələ ki, tam üzülməyən borçalılı bacı-qardaşlarıma arzulamıram…

Ermənistan və Gürcüstandakı soydaşlarımızın vəziyyətini çətinləşdirən amillərdən başlıcası onların özgə dövlətin içərisində yaşamalarıdır ki, bunun da yaratdığı problemi etiraf etməliyik.

Qarabağ isə başqa dövlətdə deyildi, öz ərazimizdə idi. Bəs niyə qoruya bilmədik? Əlbəttə ki, bütün uğusuzluqları qarabağlı qardaşlarımızın üzərinə yıxmağı son dərəcə ədalətsizlik hesab edərdim. Düşmənlə döyüşdə qarabağlıların özü minlərlə şəhid verib. Bu qəhrəmanlığa dəyər verməyimiz hər birimızim borcudur.

Təəssüf ki, dövrün mürəkkəb və qarışıq vəziyyətinin doğurduğu problemlər buradan da yan keçməmişdi. Müxtəlif qrupların siyasi maraqları, könüllü dəstələr arasındakı narazılıqlar, xüsusilə Bakıda hakimiyyət davası və qoşun hissələrinin mərkəzə gətirilərək siyasi oyunlara cəlb olunması, məqsədli təxribatlarla mülki əhalinin yaşayış yerlərini tərk etmələrinə rəvac verən cinayətlərin qarşısının alınmaması sonda Qarabağın işğalı ilə nəticələndi.

Gecikirik, çox gecirik! Mən artıq sülh sözünün nə demək olduğunu başa düşə bilmirəm. Ərazi bütövlüyü pozulan Azərbaycandır. 1 milyon qaçqını olan yenə də Azərbaycandır. Amerikan da, rus da, fransız da, hətta düşmən də sülhə çağırır. Qəribəsi odur ki, biz də sülh deyirik. Nə olan şeydi bu sülh ki, 25 ildi
bizi aldatmaqla məşğuldu? Zəhər olsun belə sülhə!

Doğrudan, dözümə, səbrə gələndə dünyada tayımız- bərabərimiz yoxdur. Nə qədər yatmaq olar? Axı nə qədər? İstərsiniz məni parça-parça edin, lap daşqalaq edin, deyəcəyəm, bu minvalla hara gedirik? Bu minvalla xalqın öyünməyə, sinəsinə döyməyə haqqı-ixtiyarı varmı?

Gəlin soyumuza, kökümüzə bir nəzər salaq. Bütün səhvlərimizə rəğmən iftixar ediləsi keçmişimiz olib. Yuxarıda dedim, təkrar bir də demək istəyirəm: Əcdadlarımız bizə əmanət olaraq 114 min kv. km-lik böyük bir ərazini qoyub getmişlər. Dilim gəlmir deməyə, amma bu bir gerçəklikdir ki, itirilən torpaqların 20 faizi bizim payımıza düşür. Azdırmı? Xeyr. İndiki Ermənistanın yarıdan çox ərazisi deməkdir. Gur-gur o vaxt danışa bilərik ki, Azərbaycanın gözü olan Qarabağı yadlarının tapdağından xilas edək. Amma bu tərpənişlə, deyəsən, illəri gözləməli olacağıq.

Dözümlü millətik. Allah belə dözümü kəssin!








loading...


Fikrinizi bildirin