“PROKUROR – ROMAN KİMİ HƏYAT”

Dərc olunub: 24/10/2018 - 16:28
|
Bölmə:
523 dəfə baxılıb

200px-Sadıq_Murtuzayev

Sadıq MURTUZAYEV

“AzPolitika.info” filologiya üzrə fəlsəfə doktoru, “Qızıl qələm” mükafatı laureatı, SSRİ vaxtı Şəki, Abşeron və Ağdam rayonlarının birinci katibi vəzifələrində çalışmış Sadıq Murtuzayevin sabiq prokuror Ələmdar Məmmədovun yenicə çapdan çıxmış “Prokuror – Roman kimi həyat” adlı kitabı haqda qeydlərini təqdim edir:

***

…660 səhifəlik bu kitabı bir gün ərzində oxudum və təəssüratımı qələmə almaq fikrinə düşərkən mütəfəkkir şairimiz Bəxtiyar Vahabzadənin “İnsanla, torpaqla üz-üzə” kitabıma yazdığı 4 səhifəlik ön sözünün son abzasını iqtibas etməyi məqbul bildim: “Hörmətli oxucular, oxuyun bu kitabı! Bu kitab böyük həyat dərsi keçmiş, dünyanın enişini-yoxuşunu, bərkini-boşunu görmüş və bütün bunları ağlının süzgəcindən keçirmiş, saf-çürük etmiş bir adamın dünya baxışından, ağrısından, acısından, arzusundan, qayğısından söhbət açır və bizim qulaqlarımıza çox incə və zəruri mətləbləri pıçıldayır”.

Daha sonra: “Mən çox istərdim ki, vəzifə başında olan məmurlar bu kitabı dönə-dönə oxusunlar və hər mətləbi vərəvurd eləyib dərin-dərin düşünsünlər, məhz düşünsünlər”.

Bu sözlər uzun illər prokuror kimi çox çətin və cəmiyyətimiz üçün vacib və mürəkkəb vəzifədə işləyənlər üçün xüsusilə dəyərlidir.

Kitab son illərdə çox geniş intişar tapmış memuar ədəbiyyatının çox orijinal və deyərdim ki, tamamilə yeni, həm də çox maraqlı bir üslubda yazılmışdır.

Nədir bu orijinallıq? Müəllifin prokuror həyatı “qanun şahdır, şah qanun deyil” müddəasının çox parlaq ifadəsidir. Bu yolda saysız-hesabsız maneələrlə üzləşən prokuror, bunları böyük iradə, intellekt səviyyəsi ilə dəf edə bilir. Bu yolda onun köməyinə çatan ən başlıca amil – “qorxu” adlanan mənfur kabus qarşısında çəkinməməsi, əqidəsini nəfsinə, vəzifə hərisliyinə qurban verməməsidir.

Mən uzun illər rəhbər vəzifələrdə uğurla fəaliyyət göstərən adam kimi müəllifin uğurlarının əsasında “İnsan amili, həyat və zaman” kitabımda rəhbərlik üçün göstərdiyim və sınaqlardan çıxmış 104 vacib şərtin müəllif – prokurorun timsalında parlaq ifadəsini görürəm.

Məsələn, onlardan biri: “Mühüm məqamda qətiyyət əvəzinə tərəddüd göstərənlər hər zaman məğlub olurlar”.

Prokuror – müəllif dəfələrlə vəzifəsini itirmək təhlükəsilə üz-üzə gəldiyini görür və hər dəfə də zərrə qədər tərəddüd etmədən qanunla dəstək tapmış, haqqın yolundan əsla geri çəkilməmiş və bu da onun hər zaman mübarizədən üzüağ çıxmasının zəmanəti olmuşdur.

Digər bir şərt: “Ağıllı rəhbər nöqsanı bağışlaya bilər, amma saymazlığı, hörmətsizliyi əfv etməməlidir”.

Prokuror – müəllifin timsalında bunun ən parlaq nümunələrini görürük. O, saymazlığı ən yaxın dostlarına, doğmalarına belə bağışlamır, bu da onun şəxsiyyətini qaldırır.

“Rəhbər özünü vəzifəyə uyğun aparmağı bacarmalıdır”.

Prokuror – müəllif bu şərtin çox parlaq daşıyıcısıdır və bu, əsər boyu çoxsaylı məqamlarda öz ifadəsini tapır.

Elemdar Memmedov222Prokuror – müəllif böyük iman sahibidir. Özü və sonra da atası əvəzinə müqəddəs Həcc ziyarətinə getmiş və əsərdə də onun qanunla yanaşı Allah yolunu da uca tutması öz ifadəsini tapmışdır. Allah yolunun müqəddəs göstəricisi olan “Qurani-Kərim”in Vəl-Əsr (103) surəsində qeyd edilmişdir ki, əgər səndə 4 keyfiyyət – iman, ona uyğun əməl, haqq və səbr yüksək olarsa sənə heç bir zaval yoxdur. Biz əsər boyu əsərin qəhrəmanı olan prokurorun bu şərtin hər birini qətiyyətlə, cəsarətlə, mərdliklə, mətanətlə həyata keçirməsi onun qələbələrinin başlıca rəhni kimi görünür.

“Müdrik rəhbər qüdrətli, nüfuzlu adamları özündən təcrid etmək əvəzinə onlardan istifadə etməyə üstünlük verməlidir”. Prokuror bütün fəaliyyəti boyu bu imkandan çox məharətlə istifadə etmişdir.

“Rəhbər heç kəsin izzəti-nəfsinə, şəxsiyyətinə toxunmamalıdır”. Əsər boyu prokurorun fəaliyyətində dəfələrlə onun bu məqamla qarşı-qarşıya qaldığının şahidi oluruq və o, çox ustalıqla heç bir zorakılığa yol vermədən bundan yan keçir.

Müqəddəs dinimiz İslamda rəhbər şəxs üçün bütün fəaliyyəti boyu ona yol göstərəcək ibrətamiz kəlamlara tez-tez rast gəlinir. Onlardan birində deyilir: “Ədaləti hər zaman uca tut, heç kəsin tapdalanmasına yol vermə”. Həzrəti Məhəmmədin (s.ə.s) bir hədisində deyilir: “Allahsız hökmdarın hakimiyyəti uzun sürə bilər, ədalətsizliyinki isə yox”. Prokuror elə bu kəlamın daşıyıcısı kimi uzun illər vəzifəsində qala bilmişdir.

“Kimdənsə qorxunun cüzi bir görüntüsü onu ayaqlayanlarının sayını mütləq artıracaq”. Əsər boyu biz prokurorun dəfələrlə özündən yuxarıda dayanan məmurların haqsız davranışları qarşısında qaldığının şahidi oluruq, lakin bir dəfə də olsun onun qorxub geri çəkildiyinə rast gəlmirik.

Bütün yuxarıda dediklərimdən ən başlıcası isə prokurorun təmizliyi, gözütoxluğu, nəfsinin quluna yox, hakiminə çevrilməsi olub. Mən doğma yurdum hesab edib, uzun illər rəhbər vəzifələrdə işlədiyim Zaqatalada onun gözütoxluğuna dair ağız dolusu deyimlərin şahidi olmuşam. Əsərin mündərəcatına nəzər saldıqda çox ibrətamiz başlıqlara təsadüf etməyimiz prokurorun fəaliyyət dairəsinin rəngarəngliyindən və yüksək intellektindən xəbər verir. Məsələn, “Qanun pozuntusundan keçən mərhəmət”, “Ədalət naminə susqunluq”, “Qadının kişi sözü”, “Prokurorun oğrularla sövdələşməsi və yaxud oğrunun doğru çıxması”, “Qanla oynamaq olmaz”, “Elin gözü tərəzidir”, “Ədalətin milliliyi yoxdur” və s.

Əsərin çox böyük dəyəri burada yüzlərlə adamın şəxsiyyətinə və yaxud şəxsiyyətsizliyinə işıq salmasıdır. Bu sırada sadə adamlar da vardır, rayon və respublika səviyyəsində rəhbərlər də, parlaq şəxsiyyətlər də, öz şəxsiyyətini tapdalayanlar da vardır.

Respublika səviyyəsində olan parlaq şəxsiyyətlər sırasında İlyas İsmayılov, Eldar Həsənov, Məmməd Əsədov və bir çox başqaları haqqında müəllifin yazdıqları onların şəxsiyyətlərinin ucalığını dəyərləndirməklə yanaşı həm də müəllifin yüksək intellektinə, mənəviyyatına dəlalət edir.

Müəllifin yaradıcı adamlarla dostluğu və onların seçimi də təqdirəlayiqdir. Müəllifin dostları (“Dostlarım, ömür ağacının dostluq budağı”) haqqında yazdıqları kitabın dəyərini xüsusilə artırır. Dostluq elə bir sərvət, elə bir zinətdir ki, bundan məhrum olanları dünyanın ən bədbəxt adamları hesab edərdik. Müdriklərin bir kəlamı vardır: “Dostu olmamaq qardaşı olmamaqdan böyük bədbəxtlikdir”.

Və xüsusilə müəllifin dostlarını qoruyub saxlaması, buna çat düşməyə yol verməməsi baxımından qayğıları oxucunu və bu əvəzsiz zinəti dəyərləndirənləri riqqətə gətirməyə bilməz. Müəllif bəzi, necə deyərlər ipiqırıq, zatıqırıq dostlara da təsadüf etməsini ürək ağrısı ilə xatırlayır. Təəssüf ki, “insan” adlanan bu möcüzəli varlıq bu mərəzdən də xali deyildir. Müəllifin bu barədə yazdıqları da böyük örnəkdir, hər kəsi dostluğa daha ayıq olmağa səfərbər edir.

Kitabda ümumiyyətlə insan və insanlıq anlayışları çox ibrətamiz misallarla əks olunmuş və bunları oxuyarkən böyük şairlərimiz Bəxtiyar Vahabzadənin və Məmməd Arazın poeziyasından bəzi şeirləri yada saldım.

Bəxtiyar yazır:
“Qorxuram dünyada bir zaman gələ,
İnsanlar yaşaya insanlıq ölə”.

Məmməd Araz yazır:
“İlahi sən saxla kallaşır insan,
Ölüm adiləşir, dərd adiləşir,
Bu insan yanında insan da yansa,
Deyir tamaşadır bu haray-həşir”.

Müəllifin çoxsaylı insanlarla əlaqədar gördükləri və yazdıqları da bu qorxuya və bu həqiqətə haqq qazandırır.

Müəllifin şəxsiyyətinə işıq salan bir fakt da onun insan xarakterinə hopmuş bir olaya – zarafata, yumora verdiyi dəyərdir. Bunları oxuyarkən bir zaman SSRİ adlanan böyük məkanı çuğlamış L.İ.Brejnevin “Kiçik torpaq” əsərində təsvir olunan bir məqam yada düşür. O, yazırdı: “Bəzən ən ağır dəqiqələrdə yumor dadımıza çatırdı. Kerçin mühasirəsi zamanı almanların qənşərində dayanmış sovet qoşunlarının yerləşdiyi ərazidə Yeni il axşamı Hitlerin başına donuz bədəni ilhaq olunan portreti onların nəzərinə qoyurlar. Almanlar Hitlerin başı olduğuna görə atəş aça bilmir və Yeni il axşamı onların cəhənnəm əzabına çevrilir, sovet əsgərlərinin sevincləri onların bayram sevincini artırır”.

Müəllifin zarafatları da çox orijinaldır. Prokurorun yumor dolu zarafatlarından birini desəm, yerinə düşər. Prokurora bütün varlığı ilə xidmət göstərən və mütəxəssis kimi cəlb edilən İsmayıl kişinin oğlu Yusif Tibb İnstitutuna qəbul üçün sənədlərini vermiş və atası həyəcanını prokurorluğun əməkdaşı Zəhra Abdullayevaya izhar edərkən o da həm zarafat, həm də ona təskinlik üçün deyir ki, sən Ələmdar müəllimdən xahiş elə, onun bir sözü ilə oğlun Yusif Tibb İnstitutunun tələbəsi olacaq. Sadəlövlüyü ilə seçilən İsmayıl kişi buna inanır və hələ prokuror yox, onun köməkçisi olan Ələmdar Məmmədovun yanına gəlib yalvarır. O, zarafatı başa düşüb elə Zəhra xanımın özünə zəng edib elə danışır ki, güya Tibb İnstitutunun rektoru Zəhra Quliyeva ilə danışıb, ondan xahiş edir və üzünü İsmayıl kişiyə tutub deyir ki, gördün, xahiş etdim və o da söz verdi, get arxayın ol. İş elə gətirir ki, Yusif yüksək qiymətlərlə imtahan verib instituta qəbul olunur. İsmayıl kişi sevinc göz yaşları ilə prokuror köməkçisinin yanına gəlib sonsuz minnətdarlığını bildirir…

Yumor bütün hallarda insanın daxili gərginliyini yüngülləşdirmək üçün dəyərli vasitədir və belə yumora sahib olmaq da hər kəsə nəsib deyildir. Belələrinə el arasında “çox quru adamdır” deyirlər.

Müəllifin böyük tarixi şəxsiyyətlər – Qanuni Sultan Süleyman, Sultan I Əhməd, eləcə də Azərbaycanın tarixi korifeyləri Babək, Nizami Gəncəvi, Şah İsmayıl Xətai, Nəriman Nərimanov, Səməd Vurğun, Mir Cəfər Bağırov haqqında verdiyi yığcam məlumatlar oxucu üçün çox dəyərlidir. Xüsusilə mənim “XX əsrin M.C.Bağırov fenomeni” kitabımda dediklərimə dəstək verdiyi üçün müəllifə minnətdaram.

Böyük cəsarətlə deyə bilərəm ki, bu kitab hüquq müdafiəçiləri, hüquqdan dərs deyən müəllimlər, hüquq təhsili alan tələbələr, xüsusilə vicdanı təmiz olub prokurorluq, ədliyyə, məhkəmə orqanlarında çalışanlar üçün əvəzsiz bir əyani vəsaitdir.

Böyük K.Marksın bir kəlamı yada düşür: “Təcrübənin addımını bir yığın Qotta proqramına (bunu nəzəriyyə ilə də əvəz etmək olar S.M.) dəyişmərəm”. Heç şübhəsiz ki, hüquq nəzəriyyəsini zənginləşdirməkdə təcrübə qədər böyük inam verən heç şey yoxdur.

Möhtərəm Hacıya bir iradımı da çatdırsam, elə bilirəm ki, məndən rəncidə olmaz. Onun müsbət müstəvidə təqdim etdiyi şəxslər (məmurlar) sırasında tək-tək elələri vardır ki, onlar haqqında müsbət danışan bir nəfər də tapmaq çətindir. Bunları isə görüşərkən onun özünə deyəcəyəm…

Sonda Ələmdar Məmmədovun həm bu kitabı, həm də özünə məxsus sosial şəbəkədəki çox dəyərli yazılarına istinad edib, böyük yaradıcılıq potensialını alqışlayır və bu yolda ona yeni-yeni uğurlar arzulayıram.


loading...




Fikrinizi bildirin