QÜRUR GÜNÜMÜZ

Dərc olunub: 13/12/2018 - 12:50

nureddinNurəddin İSMAYIL

“İgidlərin İran üçün şəhid olub, əvəzində
Dərd almısan, qəm almısan sən İrandan Azərbaycan”.

M.H.Şəhriyar

1945-cı ilin 12 dekabr günü Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış və xalqımızın yaddaşında dərin iz buraxan şanlı səhifələrindən biridir. Həmin gün uzun illərdən bəri İran despotizminin ağır iqtisadi-siyasi və mənəvi əsarət altında saxladığı, milli zülmə məruz qoyduğu Azərbaycan xalqının öz hüquqları uğrunda yenidən mübarizəyə qalxdığı və Cənubi Azərbaycan Milli Hökumətinin qurulduğu gündür.

Yetmiş ildən artıq vaxt keçməsinə baxmayaraq, Cənubi Azərbaycan Demokratik Respublikasının hansı siyasi şəraitdə meydana gəlməsi, qısa zaman kəsiyində ölkənin iqtisadi-siyasi və mədəni həyatında necə böyük dəyişiklərə nail olunması, eyni zamanda cəmi bir il siyasi ömür yaşayan demokratik respublikanın mürtəce İran rejimi ilə beynəlxalq imperializmin qurbanına çevrilməsi barədə araşdırmalar davam etməkdədir.

XX əsrin əvvəllərində Rza şah Pəhləvinin hakimiyyət başına gətirilməsiylə son türk sülaləsi olan Qacarlar dövlətinin 130 il davam edən İrandakı hökmranlığı başa çatmış və bu vaxtdan etibarən farslardan başqa İranda yaşayan bütün qeyri-xalqlar, fars rejiminin yeritdiyi milli ayrı-seçkilik siyasətinin misli görünməyən zülmü altında yaşamağa məcbur olmuşlar.

XX əsrin əvvəllərində ilk olaraq Səttar xan, az sonra isə Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi ilə başlayan milli azadlıq hərəkatı məhz fars rejiminin milli zülmünə qarşı yönəlmiş hərəkat idi və çox keçmədən bu hərəkatlar bir sıra obyektiv səbəblər üzündən məğlubiyyətə uğradı.

Milli azadlıq hərəkatı dalğasının genişlənməsindən ciddi narahatçılıq keçirən İran rejimi xalqların azadlıq istəklərini yerində boğmaq üçün getdikcə daha aqressiv üsullara əl atır və feodal zülmü ilə yanaşı milli zülmü də gücləndirir.

İranda yaşayan qeyri farslara qarşı tətbiq edilən iqtisadi, mədəni və milli zülmün dairəsi sonradan hakimiyyət başına gətirilən Məhəmməd Rza şahın dövründə daha da genişlənməyə başlayır. İran əhalisinin böyük əksəriyyətini təşkil edən Azərbaycan türkləri ikiqat istismar altına düşərək, həm qan içən İran rejiminin feodal və xanlarının sosial-iqtisadi zülmünə, həm də fars rejiminin milli zülmünə qarşı mübarizə aparmalı olurdular.

Fars rejimi bu gün olduğu kimi, o zaman da Azərbaycan xalqının doğal haqlarını tanımaq istəmir, ona öz dilində danışmağa, ana dilində məktəblər açmağa yasaqlar qoyur, onun milli və mədəni muxtariyyət tələblərini süngü ilə qarşılayır və azad, müstəqil yaşamaq istəklərini amansızcasına boğurdu.

Məhəmməd Rza şahın başçılıq etdiyi şovinist və irqçi İran rejimi ağılları çaşdıran belə bir fikir formalaşdırmağa çalışırdı ki, guya İranda iranlılardan başqa heç bir xalq yaşamır və ona görə də heç bir xalqın, o cümlədən də Azərbaycan türklərinin dil, mədəniyyət barədə qaldırdığı məsələlər cəfəngiyatdan başqa bir şey deyil.

Fars yönətimi, ümumiyyətlə, Azərbaycan dilinin bir dil kimi mövcud olmaması barədə həqiqətə söykənməyən fikir yaymaqla yanaşı, Azərbaycan dilinin guya fars dilinin bir ləhcəsi olması haqqında da cəfəng iddialar irəli sürürdü. İranda əsrlərlə hakimiyyətdə olduğu dövr ərzində bütün xalqların haqqına hörmətlə yanaşan, heç bir milli ayrı-seçkiliyə yol verməyən Azərbaycan türkü indi olduğu kimi, o zaman da ən adi hüquqlardan məhrum edilmişdir.

İkinci dünya müharibəsindən sonra dünya düzənində baş verən siyasi gəlişmələr xalqlar həbsxanasına çevrilən və içinə aldığı millətləri zülm və istibdad məngənəsində sıxan İran rejimində də ciddi təbəddülatlar yaratdı. Zülm altında inləyən xalqlar öz mədəni və siyasi hüquqları uğrunda demokratik mübarizəyə qoşuldu. Tarixi şəraitin yetişdiyini dərk edən Azərbaycan mücahidləri İranın mürtəce rejiminə qarşı mübarizəyə qalxaraq, geniş demokratik azadlıqların tələb kimi irəli sürüldüyü mitinq və nümayişlərə başladılar.

21 azer herekati

Lakin mürtəce mahiyyətli İran rejimi bu tələbləri yerinə yetirmək istəmir, əksinə, demokratik ideyaların qarşısını almaq üçün daha qəddar planlar cızırdı. Başda görkəmli siyasi xadim S.C.Pişəvəri olmaqla, Azərbaycanın tanınmış demokratik düşüncəli insanları mübarizəni mütəşəkkil formaya keçirmək üçün 1945-ci ilin yayında Azərbaycan Demokratik Partiyasını yaratdılar.

Milli qüvvələr mədəni və yerli idarəetmə sahəsində İranın hüdudları daxilində Azərbaycana muxtariyyət verilməsi, Azərbaycan dilinin rəsmi dil kimi istifadə olunması, yerli və vilayət məclislərinin yaradılması və başqa tələbləri özündə əks etdirən müraciət qəbul etdi ki, bu da xalq arasında geniş rəğbətlə qarşılandı.

Nə qədər müqavimət göstərilməsinə baxmayaraq, milli azadlıq hərəkatı tez bir zamanda Azərbaycanın bütün əyalətlərində yayılmağa başladı ki, bu da 1945-ci ilin noyabrında Təbrizdə ümumxalq toplantısı keçirilməsi və bu yığıncaqda İran daxilində Azərbaycana muxtariyyət verilməsi ilə bağlı bəyannamənin qəbul edilməsi ilə nəticələndi.

Ümumxalq toplantısı Milli komitə yaradaraq, komitəyə Azərbaycana muxtariyyət verilməsi məsələsinin sülh yolu ilə həll edilməsi üçün İran rejiminin hakimiyyət nümayəndələri ilə lazımi danışıqlar aparmaq səlahiyyəti verdi. 12 dekabr 1945-ci ildə Azərbaycan Milli Məclisinin ilk tarixi iclası keçirildi. Azərbaycan Demokratik Partiyasının təşkilatçısı S.C.Pişəvəri məclisin tapşırığı əsasında Azərbaycanın Milli hökumətini formalaşdırdı.
Milli Məclis hökumətin Azərbaycan xalqının iqtisadi-siyasi və mədəni hüquqlarını özündə əks etdirən təqdim etdiyi proqramı təsdiq etdi. Proqramda Azərbaycanın muxtariyyətinin genişlənməsi və möhkəmlənməsi, fədailərdən ibarət xalq dəstələrinin təşkili, Azərbaycan dilinin rəsmi dil kimi istifadə edilməsi, ana dilində məktəblərin açılması, fabrik və zavodlar yaradılması hesabına yeni iş yerlərinin açılması, bütün vətəndaşlara vicdan və din azadlığının verilməsi, Azərbaycan ərazisində yaşayan bütün xalqlara eyni qaydada hüquq və azadlıqların şamil edilməsi və Azərbaycanın müstəqilliyinin inkişafını təmin etməyə yönəlmiş digər məsələlər geniş əks olunmuşdur. Azərbaycan Milli Məclisi fəaliyyətə başladığı gündən indiyə qədər fars rejiminin iqtisadi və milli zülmünə məruz qalan əhalinin zəhmətkeşlərinə onların güzəranını yaxşılaşdırmağa yönələn, sosial-iqtisadi həyatlarını köklü şəkildə dəyişmə gücündə olan bir sıra üstünlük verdi.

Milli hökumət Azərbaycan xalqının iqtisadi və mədəni tələblərinə uyğun və onun müstəqil dövlət tərkibində yaşayışını təmin edən bir sıra mütərəqqi addımlar atdı ki, bu da xalq tərəfindən geniş rəğbətlə qarşılandı. Azərbaycan Milli hökuməti qısa zamanda dövlətin müstəqilliyi, onun əsaslarının möhkəmlənməsi üçün hansı addımlar tələb olunursa o addımları cəsarətlə atdı. Milli, mədəni, siyasi, iqtisadi və hərbi sahədə atılan addımlar, milli kimliyin, milli özünütəsdiqin gerçəkləşməsinə xidmət edən islahatların həyata keçirilməsi geniş vüsət aldı. Dövlət dili haqqında qanun qəbul edildii və ilk dəfə olaraq türk dili rəsmi dil kimi dövriyyəyə daxil oldu. Azərbaycan incəsənət və rəssamlıq məktəbləri, dövlət teatrı, filarmoniya yaradıldı. Milli dildə böyük oxucu kütləsini özündə birləşdirən onlarla jurnal və qəzet və məcmuələr nəşr edilməyə başladı. Azərbaycanın fədailərdən ibarət milli ordusu və digər güc strukturları yaradıldı ki, bunlar da dövlətin təhlükəsizliyini qorumaq baxımından çox əhəmiyyət daşıyırdı.

Ancaq Azərbaycan Milli hökumətinin həyata keçirdiyi bu islahatlar nəinki İran rejimini, həmçinin İranda böyük iqtisadi maraqları təmin olunan ABŞ və Böyük Britaniya dövlətlərini və eyni zamanda Azərbaycanı vahid dövlət kimi görməkdən ehtiyatlanan SSRI-ni narahat etməyə başladı. Bu gün Azərbaycanda olduğu kimi, o zaman İrana böyük yatırımlar qoymuş və İranı müstəmləkəyə çevirmiş ABŞ və İngiltərə heç bir vəchlə İranda milli və demokratik bir dövlətin qurulub, milli maraqlardan çıxış etməsini qəbul etmək istəmirdi.

Azərbaycanın muxtariyyət əldə etməsindən sonra İranda zülmə məruz qalan digər xalqların da milli azadlıq hərəkatına başlamasından təşviş keçirən Qəvvam əs-Səltənə hökuməti rejimi laxladan bu demokratik proseslərin qarşısını almaq məqsədi ilə və Azərbaycan Milli hökumətini tanımasın deyə, tez bir zamanda SSRİ-ni razı salan iqtisadi müqavilələrin bağlanmasına qərar verdi.

Böyük dövlətlərin İrana olan merkantil maraqlarını təmin etdikdən və yeni yaranmış, hələ kifayət qədər oturuşmamış Azərbaycan Milli hökumətinə divan tutduğu halda heç bir dövlətin bu prosesə qarışmamasından tam arxayın olduqdan sonra İran rejimi sərbəstlik əldə etdi və ən iyrənc üsullara əl ataraq Azərbaycan Milli hökumətini devirməyə nail oldu.

Beynəlxalq imperializmdən dəstək alıb, məqsədinə çatan fars rejimi o gündən başlayaraq Azərbaycanın heç bir siyasi, mədəni hüquqlarını tanımaq istəmir və Güney Azərbaycanda yaşayan, say tərkibi İran əhalisinin yarısından çoxunu təşkil edən soydaşlarımızı molla əsarətində saxlamaqda davam edir.

Təəssüflər olsun ki, parçalanmış, vaxtı ilə böyük dövlətlərin “parçala, hökm sür” siyasəti nəticəsində ikiyə bölünmüş xalqlar yenidən birləşsə də, 50 milyonluq Azərbaycan xalqı öz tarixi haqqına sahib çıxa bilmir. Bu gün bu siyasət göz altına alınmalıdır. Buraxdığımız səhvlərin və bundan irəli gələn tarixi ədalətsizliyin aradan qaldırılması, Azərbaycan deyilən dünyanın vahidliyinin təmin edilməsi siyasəti.

25 mindən artıq soydaşımızın amansızcasına qətlə yetirilməsi, təndirdə diri-diri yandırılmaları, edamlar, fəryad qoparan uşaqların qurbanlıq quzu kimi başlarının kəsilməsi, qız-gəlinin irz-namusuna təcavüzlər, yüz minlərlə insanımızın sürgün və mühacirət həyatı ilə sonuclanan bu qanlı, eyni zamanda millətimizin azadlıq uğrunda mübarizəsinin şanlı səhifələrini özündə əks etdirən 21 Azər tarixi bizi yaddaşlara səsləməli və biz Güney Azərbaycanımızın bu gün də yaşadığı acıları heç vaxt yaddan çıxarmamalıyıq.






loading...


Fikrinizi bildirin