BİR İLƏ SIĞMAYAN TARİX…

Dərc olunub: 18/01/2019 - 18:34

image001Məlahət MÜRŞÜDLÜ,
Pedaqoji elmlər üzrə fəlsəfə doktoru

Tarix üzrə fəlsəfə doktoru Cavid İsmayıl ““Cümhuriyyət ili” bitdi: Bəs sonra?” adlı məqaləsində Cümhuriyyət ili ilə bağlı görülmüş və görülməsi vacib olan bir çox işlərin, tarixi hadisələrin, yubileyləri qeyd ediləcək siyasi, elm və mədəniyyət xadimlərinin adını çəkir.

Mən, bu yazımda müəllifə haqq qazandırmaqla yanaşı, yazıda yer almamış, milli təhsil quruculuğunda həyata keçirilmiş islahatlara diqqəti cəlb etmək istəyirəm.

1918-ci ilə kimi mövcud olmuş rus-tatar məktəblərində oxuyanların 31%-i azərbaycanlı idi. Doğma ana dilimiz yabançı bir dil olaraq həftədə bir dəfə tədris olunurdu. Bu məktəblərdə təlim-tərbiyənin məqsədi, birbaşa olmasa da, dolayısilə gənc nəsli şovinizm ruhunda tərbiyələndirməyə xidmət edirdi. Görkəmli siyasi xadim M.Ə.Rəsulzadə bu dövrü xarakterizə edərək yazırdı: «Çarizm Azərbaycanda ruslaşdırma siyasətini iki istiqamətdə həyata keçirməyə başladı: birincisi, üləmaları, mollaları və əfəndiləri idarələrdə məmur vəzifəsinə təyin edərək öz xidməti qulluqçularına çevirirdi; ikincisi isə azərbaycanlı uşaqları rus məktəblərində oxudub, onlardan rus təbiətli «uçitellər» hazırlayırdı. Beləliklə, doğma klassiklərimiz əvəzinə, Güney Azərbaycandakı «mirzələr» Firdovsini, Sədini, Şimali Azərbaycandakı «uçitellər» isə Puşkini, Lermantovu, Tolstoyu və başqalarını təbliğ etməyə başlayırdılar. Nə farslaşmış «mirzələr», nə də ruslaşmış «uçitellər» xalqın istək və arzularını başa düşürdülər. Lakin tədricən «uçitellər» anladılar ki, xalqımızın övladlarına Tolstoy, Puşkin, Lermantovla yanaşı Füzulini, Sabiri, Şirvanini, Cavidi, Ə.Cavadı öyrətmək lazımdır”.

ADR hökumətinin Gəncə şəhərində verdiyi 28 avqust 1918-ci il tarixli ilk dekreti məhz məktəblərin milliləşdirilməsi haqqında olmuşdur. Tarixdə birinci dəfə olaraq ana dili bərabərhüquqlu dil kimi elan edildi və azərbaycanlılar öz ana dilində oxumağın nəinki mümkün olduğunu, hətta zəruri olduğunu başa düşdülər. 1918-ci il 13 dekabrda çağırılmış Müəllimlər qurultayında dərslik, proqram və dərs planlarının hazırlanması məqsədi ilə komissiyalar təşkil edilmiş, təhsil sisteminin quruluşu, idarə olunması haqqında müzakirələr aparılmış, müvafiq qərarlar qəbul olunmuşdur. Müəllim hazırlığı ilə bağlı Ali Pedaqoji İnstitutu, Bakı Dövlət Universiteti yaradılmışdır. Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsi Qazax şəhərinə köçürülmüşdür. Yüksək ixtisaslı mütəxəssislərin hazırlanması üçün Avropa ölkələrinə və qardaş Türkiyəyə (o zamankı Osmanlı dövlətinə) 99 tələbə göndərilmişdir. Bütün bunlar qısa müddət ərzində siyasi mənzərənin mürəkkəb, olayların gərgin olduğu bir zamanda hökümət tərəfindən milli təhsil quruculuğu istiqamətində həyata keçirilmiş tədbirlərdir.

Tanınmış maarifçı Abdulla Şaiqin rəhbərliyi ilə təhsil tariximizdə ilk dəfə olaraq ana dilində məktəb yaradılmışdır. Təhsil tariximizə «Şaiq «Nümunə məktəbi»» adı ilə daxil olmuş təhsil ocağı çox çətinliklə qurulurdu. Bu üç başlıca amillə bağlı idi. Birinci, mürtəce fikirli müəllimlər ana dilində yeni siniflərin açılması əleyhinə çıxır, azərbaycanlıları rus məktəblərinə cəlb etməyə çalışırdılar. İkinci, çoxları öz doğma dilini bilmirdi. Maarif Nazirliyi məktəbə şagirdlərin qəbuluna ciddi yanaşır, bu prosesdə dil bilməni vacib şərtlərdən biri hesab edirdi. Şagirdlər müsahibədən keçdikdən sonra milli məktəbə qəbul olunurdular. Məktəbin fəaliyyətinin mahiyyəti milli kimliyə, təfəkkürə malik vətəndaşlar tərbiyə etmək idi. Məktəb sovet işğalından sonra da bir müddət fəaliyyət göstərmişdir. Lakin məktəbdəki təlim-tərbiyə tam olaraq sovet ideologiyasına zidd məzmun və forma daşıyırdı. Ona görə də Nazirlər Kabinetinin 1926-cı il 16 iyun tarixli qərarı ilə məktəbin fəaliyyətinə son qoyulmuşdur.

2018-ci ildə təhsil tariximizdə ana dilində ilk olaraq yaranmış, milli təhsil quruculuğunun intibahı sayılan “A.Şaiq “Nümunə məktəbi””-nin 100 yaşı tamam oldu. Təəssüflər olsun ki, dəfələrlə müraciət edilməsinə baxmayaraq, Təhsil Nazirliyi bu tarixi hadisənin üstündən sükutla keçdi. Yubileyin keçirilməsi həm də milli təhsil quruculuğunda mühüm səhifə olan məktəbin tarixinin pedaqoji ictimaiyyətin, gənc nəslin öyrənməsi, məlumatlandırılması baxımından mühüm əhəmiyyət kəsb edərdi.








loading...


Fikrinizi bildirin