DEMOKRATİK DEFİSİT

Dərc olunub: 21/01/2019 - 19:58

etibarEtibar ƏLİYEV

Avropa Parlamentinin Azərbaycan haqqında çıxardığı qətnamədən 10 il əvvəl XX əsrin ikinci yarısının böyük filosofu, dünyanın qəbul etdiyi ciddi intellektual fiqur, Frankfurt məktəbinin tanınmış nümayəndəsi Yurgen Habermasın “Ah, Avropa” kitabı çapdan çıxmışdır.

Almaniyanın Xarici İşlər naziri F.V.Ştaynmayer 2007-ci ilin noyabr ayının sonunda elm xadimləri də daxil olmaqla Almaniyanın nüfuzlu şəxslərini Avropa Birliyinin vəziyyətini təhlil etmək üçün diskussiyaya dəvət etmişdir. Diskussiyada Habermasın kədərli “Avropa siyasəti dalandadır” ifadəsi bir çox nüfuzlu şəxslər tərəfindən bəyənilmişdir. Onlar “siyasi elitadan” Avropa Birliyinin effektivliyinin artırılması üçün ciddi və dərin islahatlar aparmağı tələb etməyi qarşıya məqsəd qoydular. Beləliklə, Habermasın “Ah, Avropa” kədərli konstatasiyası Avropa dövlətlərinin mövcud siyasi elitasına ünvanlanan müraciət olmuşdur. Və bu həqiqətə söykənir. “Siyasi Birlik əhalinin başı üzərindən formalaşmış və indiyə qədər elitanın layihəsi kimi qalır. Və demokratiyanın defisiti və qanunvericiliyin bürokratik xarakteri şəraitində fəaliyyət göstərir”.

Habermas yazır ki, Avropa əhalisinin böyük hissəsi (2008-ci ildə keçirilən sorğuya görə 66%-i) Avropa Birliyini dəstəkləmir və onun konstitusiyasının demokratik şəraitdə qəbul olunmasını istəyirlər. Filosofa görə “maneçilik əhalidən gəlmir, hökumətlərdən gəlir”. O, fikrinə davam edir: “Avropa milli məsələlərlə həvəslə məşğul olmaqla dəyərlərini itirir”. Bu da çox ciddi məsələdir.

Böyük filosof Avropa Birliyinin köklü problemlərini sadalamaqla çox mühüm məqamlara toxunur:

1-ci problem - ciddi ittiham xaralkterlidir. “Avropa Dövlətləri – Avropa Birliyinin üzvləri demokratik birlik prosesində demokratik substansiyanı (“mahiyyət”-E. Ə.) itiriblər”. O, bunu “demokratik defisit” adlandırır.

2-ci problem – həmrəy şəkildə birləşən Avropa Dövlətləri Amerikaya qarşı durmağı bacarmalıdırlar. Amerika Birləşmiş Ştatları İraqla müharibədə fikrindən daşındırılmalı idi.

3-cü problem - Avropa Birliyi “ləyaqətli insanın” sosial standartlarını formalaşdırıb həyata keçirə bilmədi. Bu prosesdə birlik digər ölkələrə “dünya təsərrüfat fəaliyyətində subyektlər arasında ədalətli tarazlığın” təmin olunmasına örnək olmalı idi.

4-cü problem - bu “bizim cəmiyyətin daxili həyatında mədəni plüralizmin fundamentalist yönümdə ağırlaşmasıdır”. Paris hadisələri və Avropa şəhərlərinin immiqrantlar məhəllələrində baş verənləri yada salmaq olar. Habermasın qaldırdığı bu problem indi öz çılpaqlığı ilə daha aydın görünür.

Filosof dünyaya səs salan bu məşhur kitabında maraqlı nəticəyə gəlir: “Bu və buna bənəzər problemlər avroskeptiklərə şövqlə bir məsələni təsdiqləməyə əsas verir: nəyəsə uyğun, yaxud nəyinsə xatirinə Avropa Birləşmiş Ştatları yaranmayacaq və heç vaxt Vahid Avropa Xalqı olmayacaq”.

P.S. Müasir rus postmodernist yazıçısı Viktor Yerofeyev yazır: “Avropanın əsas bəlası əsla iqtisadiyyat deyil: Əsas bəla odur ki, bu böyük layihə artıq başa çatır. Səbəbi fikir adamlarını bürokratların əvəz etməsidir (“Oqonyok”jurnalı 26 yanvar, 2015)”.








loading...


Fikrinizi bildirin