BİR XİTAMA ZƏRURİ PS

Dərc olunub: 23/01/2019 - 18:10

xalidTalmudda əksini tapmış bir rəvayətə görə, çar Solomonun üzüyünə aşağıdakı sözlər həkk olunmuşdu: “Bu da keçər”.

Biz də neçə vaxtdı ictimai rəyi bir xeyli məşğul etmiş əsəb müharibəsindən belə adladıq.

Bir zərərdən də beləcə döndük.

İş böyüyüb Prezidentə çatdı, dərhal reaksiya verdi və budur – məntiqi SON!

Sonuncu olacaqmı?

Yoxsa sonun başlanğıcıdır?!

Nə vaxtadək dövlət başçısı əlinə-üzünə bulaşdıranların səhvini düzəltməklə məşğul olacaq?! Axı, bu dövlət quruculuğu ərkanı , dövlətçilik dərsi deyilən şey ki var, imla-ifadə yazısı deyil ki, hər sətirdə beş-altı hərif qələti qarışdırasan. Qəliz şeydir… çoxlarının beyninin “şarik və bolt-qaykasının” dərk və həzm edə biləcəyindən belə mürəkkəb məsələdir.

Və bütün bu ssenarilərin, təbiri caizsə, siyasi texnologiyalar nöqteyi-nəzərindən bəsitliyi, dayazlığı arxasında ağıl, təfəkkür, peşəkarlıq və sədaqətin deyil də bir başqa nəsnələrin durduğunu isbatlamaqdadır. Sadəcə, hər şey o qədər ibtidaidir, bayağıdır, əfəlcəsinədir ki, bir başqa cür düşünməyə əl yeri qoymur da!…

Bəsit dediksə, təbii ki, söhbət Mehman Hüseynov məsələsindən gedir. Bu boyda ölkənin gününə-güzəranına bax ki, işini-gücünü atıb bir “şikilçəkənin” avarası olub.

Video-blogerin Prezidentə müraciətindən, dövlət başçısının həmişə olduğu kimi humanist və qətiyyətli müdaxiləsindən sonra Baş Prokurorluğun məlumatı özünü çox gözlətmədi: “İstintaq orqanı tərəfindən M.Hüseynovun gənc olduğu, cəza çəkdiyi müddətdə intizam məsuliyyətinə cəlb edilmədiyi, islah olunma yoluna qədəm qoyduğu, ailəsində qayğıya ehtiyacı olan yaşlı və tək yaşayan atasının olduğu, törətdiyi cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmaqla, hazırda onun əməlinin və şəxsiyyətinin cəmiyyət üçün təhlükəli olmadığı nəzərə alınaraq, M.Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verilib”.

Operativliyə fikir verdinizmi? Atalar demişkən – Adın nədir, Daşdəmir?…

419048616

Bəziləri qazanı özləri qarışdırdıqları üçün müraciəti də əlüstü çatdırdılar Prezidentə. Çünki bu qələtin bədəli Avropa Parlamentində, Amerikada əks-səda verdi, çəpərimizə hürənlərin sürüsünə daş atdı, istiqrarımıza diş qıcadanların, göz ağardanların iştahını qıcıqlandırdı.

Və nəticədə hər şey ədalət, hüquq, insanpərvərlik müstəvisində həllini tapdı.

VİVAT!

Hüquq kontekstində bu latın kökənli kəlməni Mehmana münasibətdə “qoy yaşasın” kimi şərh etmək mümkündür.
Amma mənəvi anlamında fransız interpretasiyası – Var olsun! – daha yerində-məqamında səslənir və həmin alqış birmənalı şəkildə Prezidentə aiddir. Cənab İlham Əliyev neçə vaxtdır sürən və hətta süni şəkildə şişirdilən həmin ideoloji-populyar vakxanaliyanın qarşısını almasa idi, bəlkə də Avropa siyasi bazarının piştaxtaları arxasında kök salmış bəzi-para möhtəkirlər işi-peşəsi küçələrə düşüb onun-bunun imarətini çəkmək (hansı ki, qanun bu fəaliyyəti də qadağan eləmir – !), ona-buna “tikançıxaran” suallar verib sosial şəbəkəyə yerləşdirmək olan Mehman Hüseynovu vicdan məhbusu, azadlıq mücahidi elan edəcəkdilər, hər nə qədər irreal görünsə də namizədliyini Nobel Sülh mükafatına verəcəkdilər… Nə qədər hipotetik, platonik, lap qeyri etik olsa da heç bu çatmaqaş blogeri, yaxud onun Avropadakı əməldaşlarını Martin Lüter Kinq, Nelson Mandela, Şon Makbrayd, Adolfo Peres Eskuvel və başqaları ilə bir sırada görürsünüzmü?

Bəli, gülüncdür! Kütləvi iqnora çevrilən etiraz nidalarını da eşidirəm.

Hər çılpağa gözəl deyə bilmərik və bu məsələdə də çılpaq reallıq belə bir acı həqiqətdən ibarətdir ki, düz-əməlli jurnalistliyi belə olmayan bir həvəskarı heçdən idol, övliya səviyyəsinə qaldıranlar oldu. Eynən, ötən ilin prezident seçkiləri öncəsində Avropada lövbər salmış bir ovuc “tin uşağı”nın yuvasına çöp uzadıb onların “gül ağzını” açdırdıqları kimi. Bu cür “innovativ” polittexnologiyaların hansı kustar emalatxanalarda hazırlandığı və hansı məqsədlərə xidmət etdiyi gizli deyil. Necə deyərlər, “südün süd, ayranın ayran” olacağı günə çox qalmayıb… hər halda tunelin sonunda işartıları görünməkdədir.

Əks-təqdirdə, nəinki Avropa Parlamentində, Qərbin dadsız-duzsuz təamlar hazırlayan siyasi mətbəxlərində və hələ desən üzü aşağı hər yerdə bizim “qabırğalarımızı” saymağı, “sümüklərimizi üyütməyi” məşğuliyyətə çevirənlər tapılacaq.

Xülasə, hələlik ortada olan və həqiqətə daha çox iddia edən variant ondan ibarətdir ki, Mehman məsələsi sıradan bir məsələdir, təfərrüatdır. Siyasətdən az-çox başı çıxanlar bunu biməmiş deyillər… o ki ola siyasi münəccim və rəmmalların zığ verdiyi məmləkətdə. Geriyə qayıdıb hər şeyi ağ səhifədən başlayanda psevdo Azərbaycan aşiqləri, söz fədailəri ətrafında yaradılan bütün bu süni ajiotajın, nəlbəkidə fırtına ehtiraslarının hakimiyyətdəki mühafizəkar düşərgənin vaxt-bivaxt ortaya atdığı oyundan başqa bir şey olmadığı ehtimalı qətiləşir.

Allah qəni-qəni rəhmət eləsin, ulu öndər Heydər Əliyev dəmdəməki, cığal müxalifət haqqında deyərdi ki, bunlar öz yanlarından problem yaradıb sonra da başlayırlar onu həll eləməyə.

Hazırda ortada real müxalifət yoxdur. Belə bir imkan yaxın perspektivdə də əlçatan görünmür. Və bəzi mühafizəkar qüvvələr özlərinin bu hakimiyyət üçün əvəzolunmaz olduqlarını sübut etmək, hətta bəzən nələrisə diktə etmək məqsədilə problem qayırmaqla məşğuldurlar.

Bu barədə isə bir başqa vaxt və bir ayrı yazıda…

Allah bizi aramızdakılardan qorusun!

P.S. İndi virtual fəzada süzən fərziyyələrdən biri də ondan ibarətdir ki, Mehman bala “möhürü, ştempeli” götürüb bu biri tərəfə keçə bilər. Bu üzdən də burdakı və xaricdəki havadarlarının canına da, cibinə də vicvicə düşüb.
Əslində, Brutun sayı bir oldu ya beş, bizimçün nə fərqi var ki?!
Və hal o ki, bu barədə Həzrət Əli əleyhissəlamın da müdrik bir kəlamı var: “Düşmənə qalib gəlməyin ən asan yolu onu dosta çevirməkdir”.

P.P.S. Mehman Hüseynovun barışıq videosu da maraqlıydı. Öz aramızdı, adamda məhbusluq aqibətindən əsər-əlamət belə yoxdu; özünü kabinetin əsil sahibi kimi aparırdı… stulda yayxanmış, ayaqlar aralı, laübalı danışıq, kefikök. Görünəni bu idi ki, süd pəhrizi ona düşmüşdü – heç “o küçə sənin, bu məhəllə mənim” bayır-bacanı dolaşan sısqa, çəlimsiz uşağa bənzəmirdi, maşallah-namxuda totuq-motuq oğlan olub.

Xalid N.










loading...


Fikrinizi bildirin