Xanzadyanın ardıcılları Azərbaycana və İlham Əliyevə qarşı – tarix təkrar olur

Dərc olunub: 25/01/2019 - 21:04

alqisAlqış HƏSƏNOĞLU

Diktator , despot…

Azərbaycan liderinə ünvanlanan iftiranın ritorikası mənə 1980-ci ildə Sov.İKP Mərkəzi Komitəsinə, Siyasi Büroya və Azərbaycan KP MK-ya müraciət etmiş şovinist erməni yazıçısı Sero Xanzadyanın qəzəbli və qərəzli şikayət tərzini xatırladır.

Sero Xanzadyan mərkəzi hakimiyyətdən nə istəyirdi?

Onu belə özündən çıxaran səbəb nə idi?

Həmin ərəfədə nələr baş verirdi ki, yerdən-göydən əli üzülən erməni yazıçısı Moskvaya üz tutmaq məcburiyyəti ilə üzləşmişdi?

Əhvalat beləydi: 1980-ci ildə Azərbaycanın xalq şairi Rəsul Rza “Sosialist əməyi qəhrəmanı adına” layiq görülür. Və erməni xisləti buna dərhal reaksiya verir.

Mərkəzi Komitəyə etdiyi şikayətdə Xanzadyan sübut etməyə çalışırdı ki, Rəsul Rzanın belə yüksək fəxri adla təltif edilməsi düzgün deyil.

Çünki Rəsul Rza “Babək” (“Xəyanətin qurbanı”) adlı poema yazıb. Və o, əsərdə milliyyətcə erməni olan Səhl Sumbatı xəyanətkarlıqda suçlayıb.

Bu, bütünlükdə erməni xalqını təhqir etməyə bərabərdir. Kommunist Partiyasının internasionalist xəttinə ziddir və s..

Və Xanzadyan xüsusi vurğulayır ki, ümumiyyətlə, Babəki müsbət qəhrəman kimi təsvir etmək yolverilməzdir.

Onun adının respublika rayonlarından birinə verilməsi, haqqında film çəkilməsi çox böyük ideoloji-siyasi qüsurdur.

Yazıçı ciddi-cəhdlə car çəkir ki, Babək insan əti yeyən qatil, qaniçən bir despotdur.

İlk baxışda adama elə gəlir ki, Babəki qaralayan Sero Xanzadyan Azərbaycanın xalq sairi ilə yalnız satqın xəyanətkar Səhl Sumbatın hesabını çürüdür.

Amma yox.

Əlahəzrət məntiq başqa şey deyir.

Xanzadyanın hədəfi əsla Babək deyildi.

Hədəf olaraq heç Rəsul Rza da seçilməmişdi.

1975-ci ildə “Babək” rayonunu yaradan kim idi? Heydər Əliyev.

“Babək” filminin çəkilişinə xeyir-dua verən kim idi? Heydər Əliyev.

“Babək” poemasının müəllifini “Sosialist Əməyi Qəhrəmanı” fəxrı adına təqdim edib, mərkəzi hakimiyyəti bu barədə qərar qəbul etməyə inadla və israrla razı salan kim idi? Heydər Əliyev.

Sero Xanzadyanın hədəfi – Azərbaycan KP MK-nın birinci katibi, Siyasi Büronun üzvlüyünə namizəd Heydər Əliyev idi.

Təbii ki, Sero Xanzadyan o vaxt Heydər Əliyevdən Heydər Əliyevə şikayət ərizəsi yaza bilməzdi!…

Azərbaycan oğlunun dayandığı siyasi mövqe ermənilərə o imkan tanımırdı.

Heydər Əliyev 70-ci illərdə milli siyasi dirçəlişin konturlarını cızırdı, – imperiya sahibinin iti nəzərindən ustalıqla yayınaraq.

Azərbaycan xalqının tarixi şəxsiyyətlərini (Babək kimi) daha parlaq və daha cazib obrazda xalqa yenidən təqdim edirdi, – milli şüuru canlandırmaq üçün….

Və tarixlə kifayətlənməyib, intellektual, yenilikçi (Rəsul Rza kimi) ziyalıların yaranmasına təkan verirdi.

Xalqın əxlaqına, ruhuna, mətanət, dirəniş, mübarizlik, yenilməzlik aşılayırdı.

Əsrlər boyunca Erməni kilsəsi ətrafında birləşən və kilsə tərəfindən idarə olunan Şərə qarşı Azərbaycan türkü yalnız 70-ci illərdən başlayaraq Heydər Əliyevin dərin zəkası və qüdrətli əli ilə iqtisadi, siyasi və sosial baxımdan böyük sürətlə təşkilatlanırdı.

Bax, məhz bu məqam erməniləri narahat edirdi və düşündürürdü.

Son bir neçə əsrin ən böyük azərbaycanlılarından olan Heydər Əliyevin Azərbaycan xalqı və tarixi üçün necə fövqəladə bir dəyər daşıdığını ermənilər hamıdan və hər kəsdən qabaq duymuşdu.

Onun 1982-ci ildə Siyasi Büronun üzvü seçilməsini bədxah qonşularımız, uşaqdan böyüyə, böyük kədərlə qarşıladılar.

Yaxşı yadımdadır.

Həmin gün axşam, “Vremya” xəbərlər proqramına bir neçə dəqiqə qalmış, noyabrın 21-də kəndimizin işıqları qəfildən söndürüldü.

Səbəbini araşdırmaq üçün rayon mərkəzi ilə əlaqə saxlayan Nüvədi kənd telefon qovşağının əməkdaşı Allahverdi dayıya işıq idarəsinin növbətçi mantyoru hikkəylə cavab vermişdi.

- Gedin, işiğı Heydər Əliyevdən istəyin…

Mən oktyabrın 21-də, Heydər Əliyevin Siyasi Bürodan uzaqlaşdırılması xəbərini ermənilərin hansı sevinclə qarşıladıqlarını görmüşəm.

Həmin günü ermənilər milli bayramları kimi qeyd etmişdilər…

Artıq Sov.İKP MK tarixə qovuşub.

Pelşenin, Suslovoun və sair-lərin doqmatik kommunist nəzarəti yoxdur.

Bu gün sero xanzadyanlar (və Rəsul Rza dediyi kimi, “dost cildinə girmiş sumbatlar”) şikayət etmək üçün yeni ünvanlar tapıblar.

Smitlər, Dik Martilər (otel qapısının olmayan gözlüyündən baxıb, yüngül əxlaqlı qadın görən avropalı deputatlar, axı otel otaqlarının qapılarında gözlük olmur) var…

“Pravda” qəzeti yoxdur, “Vaşınqton Post” qəzeti var…

Təkrar-təkrar deyilməsinə ehtiyac duyulan bir həqiqətdir ki, İlham Əliyev bu gün sadəcə prezident vəzifəsini icra etmir.

İlham Əliyev bu gün bir necə əsrlik təcrübəsi olan zorun, müdaxilənin, ədavətin önünü kəsən bir milli müqavimət savaşına rəhbərlik edir.

Bəzən də təkbaşına döyüşür, vuruşur.

Gerçəkdən qəhrəmanlıq nümunəsi sərgiləyir.

Azərbaycanı qəhrəmansızlaşdırmaq, ölkəni lidersizləşdirmək istəyirlər….

Deyəsən, ermənilər yenə də ictimai düşüncədə Heydər Əliyevin canlı assosiasiyası kimi qavranılan İlham Əliyevin Azərbaycan dövlətçiliyi üçün hansı fövqəladə rol oynadığını hamıdan və hər kəsdən qabaq dərk eləyiblər.

Görəsən, Sero Xanzadyanın Babək haqqında yazdığı hədyanlara neçə nəfər azərbaycanlı inanır və qəbul edir?

Məncə heç kim…








loading...


Fikrinizi bildirin