MÖVQE DƏRSİ və MÖVQESİZLİK DƏRDİ

Dərc olunub: 20/02/2019 - 00:05

xalidXalid NİYAZOV

Kitabımı vərəqləyirəm.

2001-ci il dekabrın 12-də “Azərbaycan” qəzetində dərc edilmiş məqaləm elə beləcə də adlanırdı – “Mövqe dərsi yaxud Gurultulu alqışların arxasında qalan mətləblər”.

Rəhmətlik Əmir Mustafayevdə əsil yazıçılıqdan irəli gələn bir cəsarət vardı və onun baş redaktorluğu dövründə bu cür yazılar işıq üzü görə bilirdi.

Nə isə… həmin məqalə, daha doğrusu onun sərlövhəsi niyə yadıma düşdü?!

Son vaxtlar ən müxtəlif düşərgələrdən, cərgələrdən, çap və on-line mediadan, sosial şəbəkələrdən kütləvi auditoriyaya belə bir ritorik xitab səslənir – Mövqeyinizi bildirin!

Hələ Heydər Əliyevdən sitat da gətirirlər.

Qəribədir, unudurlar ki, zamanında elə həmin sitatı səsləndirdikləri nəşrlərin bəziləri söyüş, təhqir, böhtan “artilleriyasını” Ulu öndərə tuşlayıb “söz divanı” tuturdular. Söhbət bu cür mövqedənmi gedir?!

Bəlkə də kimsə qayıdıb deyə bilər ki, “köhnə palan içi qurdalamaqdan” nə fayda, günümüzə baxaq, barışcıl olaq.

Heç şübhəsiz, olaq! Dinimiz də bunu buyurur. Həzrət Əli (ə) söyləyirdi ki, düşməni məhv etməyin ən asan yolu onu dosta çevirməkdir.

Ancaq müasir reallığın da hər gün özünü təsdiq və sübut edən, az qala gözümüzə girib bəbəyimizə batan təshihləri mövcuddur. Qarnı ilə, rifahı xatirinə “haqq yoluna” gələnlər ən azından “Brutun” xələfləridirlər. Zaman və məqam marığına yatanlardır. Səməndər quşu ilə bağlı əfsanədə olduğu kimi, “qa” və “qu” bitəndən sonra illərdir ovutduqları kini xəncərə çevirib saplayacaqlar arxasında gizləndikləri kürəyə.

Bəlkə də elə belə məsləhətdir! Kimlərinsə işinə yarayır.

***

Doğrusu, bu gün siyasi leksikonun unudulmaqda olan, artıq arxaik sözlər cərgəsinə keçmiş və insanın bir fərd, sosium olaraq mənəvi libasını biçən mövqe, əqidə, şərəf, ləyaqət kimi kəlmələr və onların ifadə etdikləri dəyərlər barədə vaxtı-vədəsi gələndə (bəlkə də keçib – !) yazmaq fikrim vardı. Zatən, son illərin ictimai-siyasi reallıqları və bu zəmində aktuallaşan etik-əxlaqi transformasiyalar bu barədə danışmağa bolluca səbəb və mövzu verir. Ancaq deputat Siyavuş Novruzovun artıq dillərin qabarınamı deyim, əzbərinəmi deyim çevrilmiş “mövqe” çağırışından sonra qaçaraqda da olsa, bəzi məqamlara münasibət bildirmək qərarına gəldim.

Əslində, Milli Məclisin Komitə sədri və eyni zamanda YAP İcra katibi müavininin vaxt-bivaxt səslənən harayı səbəbsiz deyil. Onun əndişə və can yanğısı həmişəki kimi səmimi və təbiidir.

Bəli, bu gün Azərbaycan müəyyən bir inkişaf mərhələsini yaşayır, pozitiv dəyişikliklər göz qabağındadır, ölkənin də, cəmiyyətin də libası dəyişməkdədir. Ancaq ümumi narazılıq “zivəsindən” asılan problemlərin sayı da az deyil, ortada bir ovqatsızlıq ab-havası var, intizar var, narazı çöhrələr var. Üz gülmür, könül sevinmir. Bu, az şey deyil. Mövlana Cəlaləddin Rumi söyləyirdi ki, əgər sənin könlün varsa, könül Kəbəsini təvaf et. Torpaqdan, daşdan hörülmüş Kəbənin həqiqi mənası da könüldür.

Yaxından-uzaqdan ölkəmizə diş qıcayanlar, qaralama kampaniyası aparanlar, 90-cı illər və 2000-ci ilin birinci yarısındakı Azərbaycan radikal müxalifət mətbuatının söyüş estafetini bu gün Avropada dirçəldənlər var və bircə gün də olsun susmurlar, hərəkətdədirlər.

Belələrinə qarşı mübarizə aparılırmı? Söhbət hər “qrandqabağı”, mövsümi, “Atəş!” əmri veriləndən sonra adda-budda səslənən, - Bax haaa, mən də cavab verdim, lazımi yerə çatdırın! – tipli, konyunktur, dişsiz, “KP tarixindən” mühazirənin konspektinə bənzəyən leksik “diareya”dan getmir. Böyük hərflərlə MÖVQEdən gedir.

Təvazökarlıqdan hər nə qədər uzaq olsa da məhz bu günlə, günümüzün obyektiv reallıqları ilə səsləşdiyinə görə yuxarıda adını çəkdiyim “Mövqe dərsi” adlı məqaləmdən bəzi seçmələri təqdim etmək istərdim.

Sitatlar: “Ancaq bir düşmən də var ki, o daha təhlükəlidir… öz laqeydliyi, biganəliyi ilə. Sükutu, mövqesizliyi ilə. Baxmayaraq ki, özü də hakim komandaya mənsubdur, onun çörəyini yeyir, ancaq heç vaxt irəli çıxıb sinəsini bu komandaya tuşlanmış tənqidə, təhnizə, böhtana sipər eləmir”.

“Ölkə prezidenti dövlətə və dövlətçiliyə ünvanlanmış böhtanlara, söz təxribatına qarşı həmişə barışmaz və prinsipial mövqedə durmuş. Sözü məqsədə deyil, vasitəyə çevirənlərin layiqli cavabını vermiş və bunu hakimiyyət iyerarxiyasının bütün pillərində qərar tutmuş məmurlardan da tələb etmişdir. YAP-ın ikinci qurultayında (21 noyabr 2001-ci il) da partiyanın sədri Heydər Əliyev partiyanın hər bir üzvünü dövlət siyasətinin həyata keçirilməsində, müdafiə olunmasında, kütlələr arasında düzgün təbliğ edilməsində mübariz əsgər olmağa çağırdı. Göstərdi ki, müxalifət qəzetləri iqtidarı təhqir edirlər, şayiə, yalan və uydurmalar yazırlar: “Müxalifət müxalifətliyini etsin, amma ona cavab verilməlidir. Özü də tutarlı cavab verilməlidir. Ancaq tək-tək adamlar yox, bizim bir neçə qəzetimiz var, təkcə onlar yox, hər kəs öz yerində cavab verməlidir”.

“Qurultaydakı nitqində Heydər Əliyev dedi ki, mən prezidentəm və hələ uzun müddət də olacağam. Salonu susmaq bilməyən gurultulu alqış sədaları titrətdi.

Heydər Əliyev ölkənin yüksək tribunasından bədxah jurnalistlərin ünvanına söyləndi: – Ay vicdansızlar!

Bu dəfə də toplaşanlar ləzzətlə çəpik çaldılar.

Heydər Əliyev salondakıların bir qismini xalqın “qaymağı” adlandırdı.

Ürəklərinə nehrədən çıxmış təzə-tər yağ kimi yayıldı. Alqışlar… razılıq sədaları…

Və ölkə prezidenti ətrafındakı adamları müxalifətə cavab verməyə, onların çirkin əməllərini ifşa eləməyə, bir sözlə, ortaya mövqe qoymağa çağırdı.

Qurultaydan 14 gün keçib. Mən hələ də sadəlövhcəsinə düşünürdüm ki, qurultayın səhərisi olmasa da, iki-üç gün, lap bir həftə sonra Prezidentin çıxışından riqqətə gələn adamların qəzet redaksiyalarına yürüşü başlayacaq. Heyhat!

Gözləyirdim ki, Heydər Əliyevin hesabına tək özünün deyil, nəsil-nəcabətinin də “işıqlı, qayğısız və firavan” həyatını təmin etmiş, əynindəki corabından tutmuş milyonluq imarətlərinədək o Kişiyə borclu olan hansısa bir məmur əlində iki dəftər vərəqi içəri girib desin ki, mən bu kağızda Prezidentin çağırışına səs verib mövqeyimi bildirmişəm, xahiş edirəm dərc edəsiniz.

Əksinə, belələrinə bu və ya digər siyasi hadisə ilə bağlı müraciət edib fikrini öyrənmək istəyəndə - Sən Allah, xatanı məndən uzaq elə! – deyirlər”.

***

“Tak çto”, Siyavuş müəllim, bu “mövqe” məsələsinə münasibət 18 il əvvəl də belə olub və bu gün də ondan heç nəyi ilə fərqlənmir. Çünki mövqe bildirməli olanlar ya həmin adamlardır, ya onları həmin vəzifələrdə əvəz edən özlərindən də betər övladlarıdır, ya da ki, ümumiyyətlə hakimiyyət süfrəsinə “hazır kökə” kimi düşmüş indefferent kəsimdir. İndi siz kimdən Mövqe gözləyirsiniz?

Belələri üçün mövqe az qala bu kəlmə ilə sinonim təşkil edən digər dəyərlər kimi çox, həm də çox “defisit”, nimdaş və ucuz mətahdır.

Qəribədir, “doymuş məhlul” təsiri bağışlayan, bəzən isə siyasi mübarizənin hansı “qaşıqla yeyildiyindən” bixəbər adam təsiri bağışlayan bu “elita”nın bir qismi ya Prezidentin, yaxud da onun köməkçisi Əli Həsənovun konkret məsələlərə şəxsi münasibətindən sonra ortaya nəsə “mövqefason” bir şey atırlar.

Mövqe və məddahlıq kəlmələrini yalnız əvvəlindəki “m” hərfi yaxınlaşdırır. Və qeyri-səmimi, yaltaq, savadsız, konyunkturçu adamlarda “mövqe” etirafı prosesi çox süni, bakılılar demişkən “geydirmə”, naxçıvanlıların ibarəsi ilə ifadə etsək “donquli” alınır. Çünki həqiqi mövqe yalnız cəsarətli, sədaqətli, qəlbi və əməlləri ilə pak, içində həqiqi millət və dövlət sevgisi gəzdirən adamlarda olur.

Qəlp adamlara Ulu öndərin münasibəti məlumdu!

Və söz vaxtına çəkər deyiblər, səhv etmirəmsə 1999-cu ildə, düz 20 il əvvəl İlham Əliyev də jurnalistlərə verdiyi müsahibələrindən birində dünyada ən çox xoşlanmadığı məziyyətlərdən birinin məhz məddahlıq olduğunu bildirmişdi.

***

Bir halda ki, yazıya YAP funksionerinin çağırışına “nəzirə” ilə başladım, davam edim. Siyavuş müəllim “mövqe” tələb edərkən … bu gün Azərbaycanda fəaliyyət göstərən, müstəqil dövlətimizin inkişafından bəhrələnən biznesmeni də, sahibkarı da, digərlərini də nəzərdə tutduğunu, bu məsələnin sıravi vətəndaşdan tutmuş ən yüksək səviyyəli məmuradək aidiyyəti olduğunu ifadə edir.

Düzü, mən bu məsələnin bu gün də ehtiyac içində çabalayan, məmur özbaşınalığından zillət çəkən, ədalət sorağında baş vurduğu qapıların kandarındaca səntirləyən orta statistik vətəndaşa nə qədər dəxli olduğunu, onun “mövqe” söhbətinə nə qədər isti yanaşacağını söyləməyə çətinlik çəkirəm.

Amma qolları biləyinə, dirsəyinə deyil, çiyninədək hakimiyyət “piroquna” girmiş funksionerlər ortaya nəinki mövqe, hətta canlarını belə qoymalıdırlar… zira, onların itirəcəyi çox şey var.

***

Bu gün, elə dünən də Azərbaycanda siyasi mübarizə (oxu: imitasiyası – !) məhz mətbuatda getdiyi üçün ideoloji təbliğat məsələsində (bu ayrıca yazının mövzusudur – !) bəzən jurnalistlərdən umsuqluğun “dozası” da artır. Obyektiv səbəblərlə yanaşı, subyektiv səbəblər də var. Lap elə şifahi xalq ədəbiyyatından “Cırtdanın nağılı”nda olduğu kimi: – Nənəm sənə yağ dürməyi verib ki!…

Bəli, Prezidentin ev verdiyi jurnalistləri xaricdə birilərinin bəsləyib, hazırlayıb, qızışdırdığı söyüşcül xor kapellasına “mütəşəkkil yaylım atəşləri” ilə cavab verməyə çağırırlar.

Bəli, Prezident iqtidar-müxalifət demədən, ortada heç bir təmənna güdmədən jurnalistə bundan sonra 50 il də işləsə ala bilməyəcəyi mənzil bağışlayıb. Müftə-müsəlləm! Və əgər sonradan ortaya hansısa “Cırtdan” ritorikası çıxacaqsa, heç nə, həmin təşəbbüsə bir çırtıq.

Kimdə vətəndaş məsuliyyəti, dövlətçilik təəssübü varsa, o ev olsa da, olmasa da mövqeyini ortaya qoyasıdır. Zatən, əsil jurnalist bu dövlətin, bu Vətənin əlində qələm, cibiboş, ürəyi sevgiylə silə əsgəridir!

Hesab edirəm ki, həmin mövqeni bu dövlətin, bu iqtidarın, nəhayət, Heydər Əliyevin, İlham Əliyevin çörəyini yeyib hadisələrə az qala açar deşiyindən baxanlardan, lazımı anda yaxasını kənara çəkənlərdən tələb etmək lazımdır.

Prezidentin ənam etdiyi vəzifənin hesabına hədsiz sərvət toplayan, kasıba bir manat qıymayıb məşuqəsinə 100 min dollarlıq maşın bağışlayan, ölkəsində bir ağaca bircə stəkan su verməyib xalqdan talan etdiyi varidatla xaricdə şirkətlər quran, malikanələr alan məmurlardan, sahibkar-deputatlardan tələb etmək lazımdır.

***

Bəli, mövqe həm də əxlaq, mənəviyyat məsələsidir.

Hər bir cəmiyyətdə bu cür yüksək dəyərlərin daşıyıcıları onun elitası, ziyalıları, yaradıcı adamlarıdır. Ancaq böyük hesabla bu imperativ də Azərbaycan üçün nəzərdə tutulmayıb. Bizdə ziyalı kəsimin çox məhdud bir çevrəsi iqtidar və dövlət başçısı söyüləndə cınqırını çıxarır.

Ancaq adamın üstündə Allah var… Azərbaycan bəlkə də yeganə məmləkətdir ki, burada yazıçıya, şairə, rəssama, incəsənət adamına bunca, bəzən isə bəlkə də heç haqq etmədikləri böyük xətir-hörmət qoyulur. Özü də lap elə azərbaycansayağı “hörmət” mənasında.

Heydər Əliyevin də, İlham Əliyevin də, xüsusilə Mehriban Əliyevanın xeyirxahlıq, səxavət və şəfqətindən pay alanların sırasında onların adı başdadır.

Özləri təqaüdlü, orden-medallı, balaları vəzifədə və s. və i.a.

Faktlara keçək: Heydər Əliyev 2001-ci il iyulun 16-da xarici ölkələrin KİV rəhbərləri ilə görüşündə deyirdi: “Bəzi insanlar bu qəzetləri (müxalifət qəzetlərini – !) oxuyurlar. Nə üçün? Çünki görsün ki, özü haqqında bir şey yazıblar, ya yox… Soruşuram ki, sən mənim haqımda neçə dəfə yazıldığını oxumusan, bu səni niyə narahat etmir? Axı, mən prezidentəm, sənə böyük etimad göstərərək bu və ya digər vəzifəyə təyin etmişəm. Nə üçün mənim haqqımda yazılanlara münasibət bildirmirsən, özün barəsində yazılanlara isə reaksiya verirsən?!”

Bir başqa sitat: “… Götürün o qəzetləri, bir statistika aparın. Məsələn, “—-” (siyasi etika xatirinə qəzetin adını çəkmirəm – X.N) qəzetində Heydər Əliyev haqqında necə dənə böhtan məqaləsi gedibdir. “Azadlıq” qəzetində neçəsi gedib, o birisində neçəsi gedibdir. Hamısını bir yerə yığsaq, Heydər Əliyevin əleyhinə gündə yüzə yaxın yalan, böhtan, iftira, uydurma yazırlar. Bəs mən insan deyiləmmi? Bəs mən necə dözürəm və nə üçün dözürəm?”

İndi gəlin, barmağımızı qatlayaq: hansı nazir, komitə sədri, icra başçısı, şair, yazıçı və s. belə bir “mövqe örnəyi” ilə “fəxr edə” bilər?

Bəs deputatların neçə faizi?

Zənnimcə, əlavə şərhə ehtiyac yoxdur!

Heydər Əliyevin comərdliyinə namərdliklə cavab verənlər, yaxşılığının qabağına pislik çıxaranlar, xeyirxahlığını itirənlər, müxtəlif məclislərdə şəninə lüzumsuz fizulluq edib ovuclarının içi suluqlananadək çəpik çalanlar lazım olanda susub gözə görünməməyi, buqələmun kimi min bir cildə girməyi əfzəl sayırlar. Belələri yalnız öz problemlərindən, qayğılarından, iqtidardan nəinki övladına, hətta nəvələrinə də mənzil qopartmaqdan, fəxri ad, təqaüd, vəzifə almaqdan söz düşəndə bülbül kimi ötürlər.

Bəlkə bu gün vəziyyət elə deyil, dəyişib?!

Siyavuş Novruzov həmin adamları yaxşı tanıdığından onlardan ummaqda da haqlıdır.

***

5, 6, 7 dekabr 2003-cü il. Yenə də hər nə qədər təvazökarlıqdan uzaq olsa da çalışdığım qəzetin həmin saylarında “Ləkəli ayna. Mətbuatımız, təbliğatımız və mənəviyyatımız haqqında düşünərkən” adlı iri həcmli məqaləm dərc olundu. Əgər tarixə diqqət etdinizsə, ölkədə təzəcə prezident seçkiləri keçirilmişdi və həmin mübarizədə uğur İlham Əliyevin tərəfində olmuşdu. Və hər şeyin dəyişəcəyinə ümid belə bir yazının yaranmasını səbəbləndirmişdi. Başqa cür necə ola bilərdi ki?! İdeoloji siyasətin vacib ünsürü olan təbliğatın texnologiya, prinsip və mahiyyəti dəyişdikdən sonra mənəviyyatda da pozitiv dəyişikliklər gözləmək olardı, yenə də heç şübhəsiz, cəmiyyətin ictimai fikir aynası olan medianın səhhətində müəyyən irəliləyişlərin baş vermə ehtimalı yüksələcəkdi.

Üç səhifəlik yazını üç cümləyə yerləşdirmək mümkünsüz olduğundan bircə məqama toxunacağam.

Məqalədən sitat: “Nə yazıq ki, Heydər Əliyevin səxavət və şəfqət süfrəsindən barınanlar minnətdar olmağı bacarmırlar. Ev, bağ, fəxri ad, əhli-əyalına vəzifə lazım olanda az qala Heydər Əliyevin keçdiyi yollarda işıq dirəklərinə dırmaşıb diqqəti cəlb eləməyə çalışan, yaxud səfeh-səfeh şer və roman quraşdıranlar mövqe nümayiş etdirmək, müxalifətin ədalətsiz çıxışlarını mühakimə etmək lazım gələndə ya qeybə çəkilirlər, ya azarlayırlar, ya da vaxtları olmur. Çoxları prezidentin onlara vermiş olduğu evdə ayaqları ayaqlarının üstündə mürəbbəli çaydan içə-içə həmin prezident haqqında iftira və böhtan dolu yazıların dərc olunduğu qəzetləri oxusalar da, səhərisi hansısa bir redaksiyaya gedib etiraz səslərini ucaltmırlar. Bax beləcə, çörəyini yedikləri Kişinin çörəyini duzsuz-urvatsız eləyirlər. İç üzlərini aça-aça, uca kürsülərdən danışsalar da, həqiqətdə cılız və miskin biri olduqlarını ortaya qoya-qoya”.

Bəlkə bu gün elə deyil, həzərat?!

Sinəsində orden-medalı düzməyə yer tapmayan, Prezidentdən, Birinci xanımdan löyün-löyün ənam alan hansı şair, yazıçı, rəssam, müğənni sərasər neçə aydır ölkənin sərhədlərindən uzaqda səslənən təhqir və söyüşlərə cavab verib?! Axı, bunun üçün heç xaricə getməyə də lüzum yoxdur, elə evinizdəcə iki-üç cümlə qaralayıb göndərin qəzetlərə, saytlara… içinizdə mənəvi rahatlıq yaransın deyə.

Qorxmayın, sizi söyməyəcəklər, onsuz da həmin mətbuatı özümüzdən savayı oxuyan yoxdur.

Yoxsa hansısa nazir, komitə sədri, icra başçısı, şirkət rəhbəri, bank müdiri bir sözlə, bu dövləti sağmal inək kimi sağan məmur ya iş adamı cibindən beş manat çıxarıb verib ki, ay müxbir, ay blogger, qadan alım, al bu pulu, yandır o məni adam eləmiş Prezidenti təhqir eliyənlərin dədəsini?!

Niyə eləmirsiniz? Bəs necə yeyirsiniz o çörəyi? Niyə sizlərdən bir sorğu-sual eliyən yoxdur?

Jurnalistə verilən ev gözə girir, amma bunların xalqdan, dövlətdən taladıqları hesabına aldıqları yüzlərlə ev, bağ, obyekt və s. və i.a. halal imiş, hə?!

***

Yaxın keçmişə kiçik bir yaddaş ekskursu eləyib nöqtəni qoyuram.

İllər öncə, hələ ulu öndərin sağlığında şəxsən müşahidə etdiyim bir hadisəni bu gün də unuda bilmirəm. Azərbaycanın Müstəqillik günü ilə bağlı Dağüstü parkdakı Əbədi məşəlin önündə protokol tədbirləri başa çatdıqdan sonra ölkə prezidenti adəti üzrə qonaqlarla səmimi söhbət edirdi. Növbə incəsənət və mədəniyyət işçilərinə çatanda şux zarafatlarından qalmayan Heydər Əliyev bayaqdan qırsaqqız olub ondan əl çəkməyən qocaman şairin qulağına nə isə pıçıldayaraq paytaxtın merini səslədi. Sonralar təsadüfən öyrəndim ki, həmin şair prezidentin ona vermiş olduğu mənzilin təmiri və içinin mebelləşdirilməsi ilə bağlı xahiş edirmiş. Sağlığına qismət!

Bu, Heydər Əliyevin comərdliyi!

Həmin hadisədən bir xeyli keçmişdi. Müxalifət və yaramaz mətbuatı amansız xəstəliklə mübarizə aparan Heydər Əliyevə qarşı növbəti hədyan kampaniyasına başlamışdı. Prezident qürbətdə idi. Birdən yadıma həmin şair düşdü və şöbənin əməkdaşına onunla görüşüb bir ağsaqqal-ziyalı çıxışı hazırlamasını tapşırdım. Cavab qısa və konkret olmuşdu: – Yox!

Heydər Əliyevə xahişini çatdırmaq üçün fürsəti fövtə verməyən şair onun canına yerikləmiş alçaqlara cavab verməyə lüzum görməmişdi.

Bu da ziyalılarımızın bu gün də nöqtə-vergülünədək təkrarlanan cavabı.

***

Azərbaycanda 14 illik Birinci katib və 10 illik prezidentliyi dövründə Heydər Əliyevin hakimiyyətə gətirdiklərindən tək bircə təmənnası olub – Mövqe!

Ötən 16 ildə prezident İlham Əliyev də Vətən, xalq, dövlət yolunda elədiklərinin qarşılığında ətrafındakılardan bircə şey təmənnə edib – Mövqe!

Çoxmu çətindir, cənab məmurlar?!










loading...


Fikrinizi bildirin