Rüfətin həyatından çox nigaranam…

Dərc olunub: 05/03/2019 - 21:15

eldar-sabiroglu-yeni-300x200Eldar SABİROĞLU

Rüfət həbsxanadan çıxandan sonra da bir başqa tövrdə izlənilir. Nəzarət altında saxlamağa yönəlik məqsədli addımların sabiq müstəntiqi düşüncə və qərarlarında dəyişdirməsi çətindir.

Övladım olduğuna görə demirəm, Rüfət ruhən və qəlbən çox sakit təbiətli, insansevər, dedi-qodu söhbətlərdən kənar duran, ədaləti və qanunu bütün şəxsi istəklərin fövqündə görməyi arzulayan mübariz bir fikir adamıdır.
Nə qədər cəhd etsəm də, mən bir ata kimi onu seçdiyi yoldan döndərə bilmədim. İndi başqa bir formatda edilən cəhdlərin ona hər hansı təsir göstərəcəyini düşünənləri sadəcə anlaya bilmirəm.

Sabiq müstəntiq evdə jurnalistlərə verdiyi müsahibəsində siyasətdən kənar hüquqi fəaliyyətlə məşğul olacağı barədə mövqeyini ortaya aydın şəkildə qoydu və müəyyən müddət səhhəti ilə məşğul olacağını bildirdi. Bundan sonra əsası olmayan fikirlərin üzərində təkid edərək mənim və Rüfətin guya haralarasa bağlanmaq meylində olduğumuzu gündəmə daşımalarını tamamilə qərəzli yanaşma hesab edirəm.

Sirr deyil ki, Rüfətin sifarişli həbsindən sonra müxalifət onu ardıcıl olaraq müdafiə etmişdir. Nə etməliydik, sinələrindən vurmalıydıq? Anamın hüzüründə hökumətyönlü adamlardan adi birisi belə gözə dəymədi, ancaq tanınmış müxalifət liderləri gəlib başsağlığı verdilər. Təşəkkür edirəm onlara. Sual olunur, bu şansı kim verdi? Cavabını hakimiyyətdən eşitmək istərdim.

Bəli, vaxtilə kəskin tənqid etdiyim müxalifət Rüfətin müdafiəsinə qalxdı, hakimiyyət isə söz və ifadə özgürlüyü nümayiş etdirdiyinə görə tutub basdı içəri. Ürəyi bununla soyumayan hakimiyyət Rüfəti CÇM-də qəddarcasına, amansız işgəncələrə məruz qoydu. Bu barədə soruşan yoxdur. Azadlıqdan sonra başına gətirilənləri danışdıqca dəhşət məni bürüyür. Belə iş olmaz. Kim verib bu sifarişi? Vicdanı varmı beləsinin?

Açıq deyirəm, Rüfətin həyatından çox nigaranam. Hər şey edə bilərlər. Həkim müayinəsindən sonra bu barədə daha dəqiq danışmaq imkanımız olacaq…

Hələlik ata-oğul öz yerimizdə dayanmışıq. Gündə yüz kərə Allaha yalvarırıq ki, Rüfəti şərdən, böhtandan qorusun!










loading...


Fikrinizi bildirin