KƏBƏMİZ QARABAĞ OLMALIDIR!

Dərc olunub: 09/04/2019 - 00:02

uzeyirÜzeyir Şəfiyev, konfliktoloq

“Gün ərzində erməni tərəfi atəşkəsi 28 dəfə pozub, müxtəlif istiqamətlərdə Azərbaycan ərazilərini atəşə tutmuşdur. Cavab atəşi ilə düşmən susdurulmuşdur”. Hər gün xəbər lenti psixoloji blef yaradan, Azərbaycan vətəndaşını az qala reallıqla barışa kökləyən bu tipli xəbərlə başlayır. Və belə qənaətə gəlməyə məcbursan ki, hansı tərəfdən atəşkəsi pozma cəhdi daha çoxdursa, o daha çox hədəfə iddialı və deməli finişə köklənib. Cəbhədə atılan atəş sayı Dağlıq Qarabağı kimin daha çox istəmək gücü ilə assosiasiya edilməkdədir. Axı məntiqə görə atəşkəs Azərbaycan tərəfindən pozulmalı idi, itirdiklərini qaytarmaq üçün, acı gerçəklə qəbullanmamaq, girov və əsirləri geri qaytarmaq üçün və.i. Baxmayaraq ki, atəşkəsin pozulma statistikasında enmə var, ancaq düşmən tərəf qalib ritorikasından bir addım belə çəkilməyib. Əksinə, daha sərt bəyanatlar verir, soyuq hücum diplomatiyasının bütün imkanlarından istifadə etməkdədir. Hətta bəzi “futroloqlarımız” erməni tərəfinin bu hərəkətlərini “düşmən bizi təxribata çəkir” kimi qiymətləndirir, səbr, təmkin nümayiş etdirməyi tövsiyə edir. Ermənilər isə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarda məskunlaşma siyasəti aparır, regionun demoqrafik vəziyyətini öz xeyrinə nümayişkarcasına dəyişir.

Qədim Roma xüsusi hüququnda movcud olan və bu gün beynəlxalq praktikada ekpansionistlər tərəfindən məharətlə istədikləri kimi interpritasiya edilərək istifadə olunan belə bir prinsp narahatlıq doğurmaya bilmir: «Uti possidetis, ita possideatis» (лат. «как владеете, так и владейте», «чем владеете, тем и владейте») – “necə sahibsənsə, elə də sahib ol”, “nəyə sahibsənsə, ona da sahib ol”. Yaxın günlərdə de-yure Suriyaya məxsus olan, beynəlxalq birliyin Suriya ərazisi kimi tanıdığı, lakin 1967-ci ildən de-fakto İsrail ərazisi kimi mövcud olan Qolan təpələrini dünya polisi statusuna iddialı ABŞ prezidenti D.Trampın İsrail ərazisi kimi tanıması, bölgəmizdə oxşar münaqişələr üçün (Krım böhranı, Abxaziya, Osetiya, Dağlıq Qarabağ münaqişəsi və.s) president ovqatı yarada bilər. “Cənubi Qafqazın İsraili” məqamına iddialı olan Ermənistan, hər vəchlə Azərbaycanın hərbi gücə ümidlərini qırmağa çalışır, bu işdə ABŞ, Rusiya, Avropa havadarların mütəmadi qəyyumluq missiyasından Azərbaycan üzərində sərt nəzarət mexanizmi kimi istifadə edir.

Münaqişənin tənzimlənməsində vasitəçilik edən hər üç həmsədr dövlətin Dağlıq Qarabağ və ətraf rayonlarda ermənilərin qeyri-qanuni məskunlaşma siyasətində dolayısı ilə iştirakı var, hər üç vasitəçi dövlətə məxsus şirkətlər, iş adamları həmin ərazilərdə qeyri-qanuni istismar həyata keçirir, bununla da Azərbaycanın suveren hüquqlarını pozur, vasitəçilik missiyasına xilaf çıxırlar. Baxmayaraq ki, istər BMT, istərsə də ATƏT-in faktaraşdırıcı missiyası “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət”lə bağlı mövqe ortaya qoymuş, orada qeyri-qanuni məskunlaşma və süni surətdə demoqrafik vəziyyəti dəyişdirmək cəhdlərini pisləyən bəyanat və hesabatlar vermişlər. Azərbaycan beynəlxalq hüququn ona verdiyi imkanlardan istifadə edərək bu tipli əməllərin qarşısını ala bilər. Onsuz da atəşkəs mütəmmadi olaraq pozulur və Azərbaycan cavab zərbəsi ilə niyə həmin şirkətlərin işlədiyi əraziləri, qeyri-qanuni məskunlaşma məntəqələrini vurmasın ki?! Belə olan halda hansı şirkət özünü təhlükəyə ataraq Azərbaycanın beynəlxalq hüquq tərəfindən tanınan sərhədləri daxilində istismar işləri həyata keçirə bilər?! Azərbaycan bununla bağlı bütün dövlətlərə xəbərdarlıqlar da ünvanlaya bilər ki, heç bir şirkət özünü həmin ərazilərdə təhlükəsiz hiss etməsin. Eyni zamanda, Ermənistan dövlətinə danışıqlar üçün vaxt limitini qoymağa bir qədər gecikirik. Substantiv danışıq şərti ilə yanaşı, vaxt limiti də artıq həm Ermənistan, həm problemlə bağlı mandatlı qurumlar qarşısında qoyulmalıdır. Konfliktdə maraqlı qüvvələrin münaqişənin konservləşdirilməsinə və dondurulmasına, münaqişənin uzadılaraq nəsillərin əlaqəsini kəsməyə hesablanmış taktiki gedişlərə yol vermək olmaz.

Problemin həllini yaxınlaşdıran ictimai psixologiya sferasında da bir sıra islahatlar aparılarsa, bu fayda verərdi. Bu istiqamətdə psixoloqların, sosial işçilərin, yazıçı və şairlərin fərdi və institusional fəallığı həyati əhəmiyyətli bir vəzifədir. Onların da kabinetlərdən cəmiyyətə, səngərlərə enməyi çoxdan baş verməliydi. Əgər belə olsaydı müstəqillik dövründə Azərbaycanın yaşadığı dəhşətləri öz ruhundan keçirən şedevrlərlə rastlaşa bilərdik, nəinki diletant, kabinet qoxulu, heç bir psixoloji təsir gücü olmayan və bəzən də daha çox neqativ aşılayan “əsərlər”lə rastlaşmazdıq.

Nə qədər ki, Azərbaycanın Kəbəsi DAĞLIQ QARABAĞ olmayacaq, Azərbaycan vətəndaşı “Vətəni, torpağı sevmək imandandır” fəlsəfəsini başa düşməyərək, hər il Həcc ziyarətinə milyonlarla dollar vəsait qoyacaq (yeri gəlmişkən, bu il ölkəmizdən 2000-dən yuxarı zəvvarın olacağı nəzərdə tutulubdur ki, onların da hər biri vəsait xərclərdən əlavə minimum 4225 ABŞ dolları həcmində haqq ödəyəcəklər, təkrar gedənlər hətta 500 dollardan yuxarı əlavə vəsait də ödəməli olacaqlar) və bu vəsaiti sevə-sevə Vətənin müdafiəsi üçün, əsirlikdə qalan namusumuzu qaytarmaq üçün səfərbər etmək düşüncəsində olmayacaq, o zaman Dağlıq Qarabağa biz hələ çox uzaq olacağıq.

Nə qədər ki, bir sıra kəndləri aneksiyadan kənarda qalmış və ya sonradan azad olunmuş işğal edilmiş rayondan olan məcburi köçkünlər “bizə yüksək şəraitli ev tikilsin, iş şəraiti yaradılsın, sonra biz gedək öz yurd-yuvamıza” tələbi ilə şəraitsiz tələbə yataqxanalarında dəmir iradə sərgiləyəcək, dövlətlə şərt dilində danışacaq, Cocuq Mərcanlı sakini Oqtay Həziyev kimi öz yurdunda qalıb ana torpaqları qucmayacaqsa, o zaman biz Dağlıq Qarabağdan çox uzağıq.

Nə qədər ki, məmur, sahibkar patriotizmində, vətəndaş əxlaqında defisit yaşanır, istər ölkə daxilində, istərsə də onun hüdudlarından kənarda əksər azərbaycanlı zənginlərdə filantrop dəyərlər, vətən təəssübkeşliyi nulifikasiyası gerçəkdir və onlar “mən vətənçün nə etdim” hesabatını vermə gücündə deyillər, media manşetlərini məmur və zənginlərin dəbdəbəli, nəfsani həyat səhifələri bəzəyəcək və nə qədər ki, imkanlı Azərbaycan vətəndaşları ölkə ordusuna ən müasir silahlar hədiyyə etmələri ilə deyil, daşınar-daşınmaz əmlakları ilə yarışacaq, vətəndaş–məmur münasibətlərində inam böhranı tam aradan qalxmayıb, bəzi icra strukturları ölkə başçısının örnək ola biləcək əməllərini yerlərdə təkrarlamayacaq, xalqın içinə enməyəcəklərsə, sosial barış ictimai iqlimin əsas indikatoru olmayacaqsa, o zaman biz Dağlıq Qarabağdan hələ çox uzağıq.

Nə qədər ki, Azərbaycan bəzi müxalifət təmsilçiləri xarici nümayəndəliklərlə görüşdə, ölkə sərhədləri kənarında ərazi itkilərimizi, rus-erməni ekspansionizminin xalqımıza vurduğu fəsadları, işğal olunmuş ərazilərdən olan vətəndaşlarımızın insan hüquqlarının pozulmasını deyil, ölkə rəhbərliyinin “axil dabanı”nı sərgiləyəcək, həmin dövlət və təşkilatları Azərbaycana qarşı təzyiq mərkəzlərinə çevirəcək, nə qədər ki, biz gecə-gündüz bütün nifrətimizi, bacarıqlarımızı, siyasi texnologiyaları “daxili düşmən”ə qarşı yönəldəcəyik, o zaman biz Dağlıq Qarabağdan hələ çox uzağıq.

Ancaq işğal altında olan torpaqlarımıza qayıdış imkanımız çox gerşəkdir. Bunu bizə ölkə rəhbərinin, ali baş komandanın dəmir iradəsi, vətən, vətəndaşa olan sevgisi, sonsuz qətiyyəti, siyasi bacarığı, intellekti deyir. O, hədəfə çox yaxındır, nə qədər ədalətsiz hakimlərin (həmsədrlər və digər erməni havadarları) əhatəsində olsa belə, düşünürəm ki, O, uzun müddət hazırladığı bu qol şəraitini gerçəkləşdirərək onu öz aktivinə yazdıracaq, bununla da Azərbaycan tarixinin zəfər salnaməsi üçün nəsillərə yadaş olan bir tarixə imza atacaq. Onun bu şansı başqa rəqiblərinə tanıması inandırıcı deyildir. Çünki bu ali baş komandanın halal haqqıdır ki, onu zaman-zaman ərsəyə gətirmişdir.

Azərbaycan ordusunun aprel zəfəri və həmin döyüşlərdə şəhid olmuş əsgərlərin ailələrinə, sağlamlıq imkanlarını itirmiş qazilərə ölkə rəhbərinin öz ailəsi ilə birlikdə anındaca sıcaq münasibəti, onların yanında olması, qələbəni və ələmi birgə yaşaması olduqca təsirli anlar idi.
Azərbaycan əsgərinin zərbələrindən sarsılmış erməni əsgərlərinin, xüsusilə də orada məskunlaşdırılmış erməni ailələrinin şələ-şülələrini bellərinə sarıyaraq İrəvana doğru tövşüyə-tövşüyə yürüməsi bir başqa mənzərə idi. İnanırıq ki, yaxın aylarda bu anı bir də yaşayacağıq.

Bu gün ölkə hüdudlarından kənarda yaşayan hər bir azərbaycanlı Azərbaycan dövlətinin səfiri kimi çalışarsa, ölkə daxilində hər şey Qarabağ üçün, hamı QARABAĞLI olarsa, bir sözlə, ölkə müharibə qanunları ilə yaşayarsa inanırıq ki, Vətən torpağına qayıdacağıq və işğal olunmuş torpaqlarımız uğrunda savaşan şəhidlərimizin, yurd həsrəti ilə bu dünyadan nakam köçən böyük azərbaycanlılarımızın nigaran ruhları şad olar və QAYIDAR VƏTƏN!!!!

Qaçqınlıq insana şərəf, şan deyil,
Ah-nalə çəkməklə,
Vətən qayıtmaz.
Ağlamaq kişiyə yaraşan deyil,
Göz yaşı tökməklə,
Vətən qayıtmaz.
Sən misri qılıncı öpəsən gərək,
Düşməni hininə təpəsən gərək,
Cəsarət toxumu səpəsən gərək,
Qorxaqlıq əkməklə,
Vətən qayıtmaz.
Haqqı haqdan gərək umasan, oğul!
Yanğının yolunu yumasan, oğul!
Cumsan, qırğı kimi cumasan, oğul!
Qaz təki səkməklə
Vətən qayıtmaz.
Aldanma yağının yalan sözünə,
Şimşək ol başına, ox ol gözünə,
Dağın bu üzündən, o biri üzünə
Düşmənə söyməklə,
Vətən qayıtmaz.
Hoydu dəlilərim, pənah Allaha,
Arxalan qeyrətə, sarıl silaha!
Yalvarmaq, sızlamaq bəs eylər daha,
Diz üstə çökməklə,
Vətən qayıtmaz.
O ellər öz elim, obamdı deyib,
O yerlər yurdumdu, yuvamdı deyib.
Koroğlu doğmaca babamdı, deyib,
Özünü öyməklə,
Vətən qayıtmaz.
Özündə Koroğlu hünəri olsa,
Sözündə Koroğlu kəsəri olsa,
Dizində Koroğlu təpəri olsa,
Əmin ol ki, sən,
QAYIDAR VƏTƏN!
QAYIDAR VƏTƏN!!!! (Bəhmən Vətənoğlu)








loading...


Fikrinizi bildirin