MƏKTƏBİN BRENDİ…

Dərc olunub: 16/04/2019 - 18:24

melahet mursudluMəlahət MÜRŞÜDLÜ

“Ümumi təhsil haqqında” Qanundan: “Maddə 31.12. Ümumi təhsil müəssisəsi istehsal etdiyi məhsulları və xidmətlərini öz əmtəə nişanı (brendi) ilə dövlət, özəl müəssisələrə və geniş alıcı kütləsinə çatdırmaq məqsədilə satış-sərgiləri həyata keçirə bilər”.

Milli Məclisdə öz təsdiqini “gözləyən” “Ümumi təhsil haqqında” Qanunda yer almış bəzi boşluqlar haqqında yazmışdıq. Əlbəttə, “qanun mükəmməl olmalıdır, orada gələcəkdə səmərəli fəaliyyətə problemlər yaradacaq maddələr olmamalıdır” fikrini söyləyənlərlə tam razıyam. Bu yazımda qanunvericilərin əsas diqqətini təhsilin iqtisadi əsaslarının qanunla tənzimlənməsinə yönəltmək istərdim. İstər 2009-cu ildə qəbul edilmiş “çərçivə qanunu”nda, istərsə də bu il qəbul ediləcək ümumi təhsillə bağlı qanunda bu sahəyə çox böyük diqqət yetirilmişdir. Bu da təbiidir. Çünki iqtisadi təməl möhkəm olmadıqda heç bir sahədə, o cümlədən də təhsil sahəsində uğurlar qazanmaq qeyri-mümkündür. Qanunda bu istiqamətdə geniş və əsaslı maddələr yer almışdır. Bu maddələrdə dövlətdən başlamış hər bir subyektin bu istiqamətdə yerinə yetirəcəyi hüquqlar və vəzifələr öz əksini tapmışdır. Xüsusi diqqət yetirilmiş və çox “yüklənmiş” bu bölüm maddə 31-də “Ümumi təhsil sahəsində sahibkarlıq və innovasiva fəaliyyəti” haqqındadır. 12 alt maddədən ibarət olan bölüm tam olaraq Azərbaycan Respublikasının “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunu əsasında işlənmişdir. Qanunun ayrı-ayrılıqda maddələrinə hüquqi cəhətdən iradımız yoxdur. Amma “Məktəb hara, sahibkarlıq, innovasiya fəaliyyəti hara?” deyənlərin haqlı olduğunu düşünürük. Sahibkarlıq fəaliyyətini təmin etmək üçün təhsilin prioritetliyini əsas götürməklə məktəbdə müvafiq istehsalat və xidmət sahələrinin yaradılmasını təsəvvür etmək belə qeyri-mümkündür. Hər birimiz bu fəaliyyətin mürəkkəbliyini, çətinliyini bilirik. Məktəb direktoru və onun pedaqoji kollektivi bu prosesdə təlim-tərbiyənin prioritetliyini necə təmin edə bilər?

Maddə 31.12-ni manşetə çıxarmağımız təsadüfi xarakter daşımır. Orada məktəbin əmtəə nişanlı brendindən bəhs edilir. Çox heyrətedici məsələdir. Qanunvericilərin bunu yazıb səs verməkdə məqsədləri nədir? Əcəba, bu adamlar ümumi təhsil məktəbinin hansı məqsədlərə xidmət etdiyini bilmirlərmi? Fikrimizcə, məktəbin brendi onun yüksək biliyə və həyati bacarıqlara malik yetişdirdiyi şagirdlərdir, hansı ki, müxtəlif səviyyədə keçirilən yerli və beynəlxalq fənn olimpiadalarında, sınaq və ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr göstərirlər, bir vətəndaş kimi milli-mənəvi dəyərlərə malikdirlər. Hesab edirik ki, məktəb ancaq və ancaq icarədən və satış-sərgilərdən əlavə gəlir əldə edə bilər. Məktəbin gəlir əldə etməsi və onun yönəldilməsi maddə 31.1 və maddə 31.2-də geniş şəkildə öz əksini tapmışdır. Maddə 31.11-də “Ümumi təhsil müəssisəsinin rəhbəri məhsul istehsalı və xidmətlərin keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsinə, sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlərin bölgüsünün şəffaflığına cavabdehdir” kimi formalaşdırılmışdır. Haqlı sual meydana çıxır: Nədən məktəb rəhbəri əldə edilən gəlirlərin bölgüsünə cavabdehdir? Bu prosesdə kollegiallıq, pedaqoji şura, valideyn iştirakçılığı nədən olmasın?

Düşünürük ki, Maddə 31.11. aşağıdakı redaktədə verilsə kollegiallıq tam olaraq təmin ediləcəkdir: “Ümumi təhsil müəssisəsində əldə edilən gəlirlərin bölgüsü ilə əlaqədar müəllim-valideyn və şagird və ya digər qurumun nümayəndəsindən ibarət Şura yaradılır. Şura məktəb rəhbərinin təqdimatı əsasında gəlirləri xərcləyir və vaxtaşırı Pedaqoji şuraya hesabat verir”.

Qanunda məktəblərin İnnovasiya fəaliyyəti də geniş təqdir edilir. Məgər qanunvericilər ölkədə Milli İnnovasiya Siyasətinin (MİS) formalaşmış, oturdulmuş mexanizmlərinin işlənməsinə və bunu gerçəkləşdirmək üçün hüquqi bazanın yaradılmasına ehtiyac olduğunu bilmirlərmi? İkincisi, innovasiya fəaliyyəti üçün məktəb tələb olunan maliyyə, texnologiya və insan resurslarına malik olmalıdır. Məktəbdə 100-150 kompüterin olması, onlayn şəbəkələrə qoşulması heç də onun innovasiya fəaliyyəti ilə məşğul olmasına əsas vermir. Bunun üçün hökümətin başda İqtisadiyyat Nazirliyi, Milli Elmlər Akademiyası olmaqla, yeni biliklərə, elmi innovasiya və yüksək texnologiyalara əsaslanan iqtisadiyyata və sənayeyə, kadr resursuna malik bir çox qurumları vardır. Bildiyimiz qədər bu tip fəaliyyətlər dünyada elmi-tədqiqat mərkəzlərində, universitetlərdə və digər müəssisə və özəl şirkətlərdə formalaşmışdır.

Fikrimizcə, bu maddələr birbaşa təhsilin əsas məqsədinin unudulmasına, məktəb rəhbərliyinin və onun kollektivinin öz əsas vəzifələrini yerinə yetirməkdən yayınmasına, təlim-tərbiyə prosesinin zəifləməsinə gətirib çıxaracaqdır. Onsuz da bu sahədə kifayət qədər problemlər vardır. Hesab edirik ki, qəbul ediləcək qanun hüquqi baza olaraq problem yaratmağa yox, mövcud problemlərin aradan qaldırılmasına xidmət etməlidir.










loading...


Fikrinizi bildirin