MATƏM PSİXOLOGİYASINDAN QURTULAQ!

Fazil MUSTAFA

Hər zaman vurğuladığım bir tezisin təsdiqləndiyini gördüyümdə sevinməkdən daha çox üzülürəm. Üzülürəm ki, biz dəyişmirik, biz yanlışlarımızdan uzaqlaşmaq əvəzinə israrla onu davam etdiririk və nəticə də hər zaman bizi, yəni azərbaycanlıları məyus edir.

Tez-tez rast gəldiyimiz informasiya olduğuna görə heç təəccüblə də qarşılamırıq. Yazırlar ki, Laçının işğal günündə müğənni Eyyub Yaqubov Norveçdə konsert verdi. Dopdolu bir ittihamla artıq bir müğəninin xəyanətkar obrazı yaradılır və bu epizod üzərindən bir həssas vətənşivənlik dalğası adamı eninə-boyuna ağuşuna alıb aparmağa başladı. Yazırlar ki, adam 17 mayda - Laçının işğal günündə konsert verib, ittiham olunan tərəfdən əks cavab gəlir ki, konsert məhz 18 mayda olub. Sənədlərlə tanış olduqda isə Laçının işğalının 18 mayda yekunlaşdığı bəlli olur. Yəni adam düpədüz işğal günü konsert verib. Əlbəttə, bütün işğal, deportasiya və milli faciə günlərimizin xatırlanması zəruridir, qeyd olunmalıdır və insanlarımızın bu günə duyarlılığı artırılmalıdır. Lakin dəqiq araşdırma aparsaq, Azərbaycan tarixinin hər günü işğaldır, matəmdir, itkidir. Dağlıq Qarabağ, itirilən rayonlar, deportasiyalar, soyqırımlar, qanlı terror hadisələri - daha nələr-nələr.

Böyük şair və düşüncə adamı Pablo Nerudanın İkinci Dünya Müharibəsində Moskvanın müsahirəsi zamanı şaxtada dondurma yeyən rusları gördüyündə təəccüblənməsi və onların qalib gələcəyinə əminliyini qeyd etməsi də bizim necə yanlış düşüncə sahibi olduğumuzu bir daha ortaya qoyur. Xocalı günündə kimsə ucadan güldü, 20 yanvar günü kimsə qol götürüb oynadı, Şuşanın işğal günü futbol oynadı kimi ittihamlar əslində bizim mahiyyətdən çox epizodlara aludə olmamızdan və vətənpərvərliyin modusunu məhz bu epizodlar üzərindən müəyyənləşdirməyimizdən xəbər verir. Biz torpaqları azad etməliyik, biz düşməni əzməliyik, lakin matəm saxlamaq üçün ilin bütün günlərində bir əsasımız tapılacaq, bu matəmçiliyə aludə olmamızın bir faydası olacağını isə təsəvvürə gətirə bilmirəm. Bu, həm də bizlərin Ramazan ayında, Məhərrəmlikdə şənlənmək olmaz, may ayında toyun düşər-düşməzi olar kimi kəhanətlərimizdən qaynaqlanan bir milli-dini modelimiz olsa da, nəhayət ki, matəm psixologiyasında ilişib qalmış bir xalq obrazından qurtuluşun yolunu mütləq tapmalıyiq! Və tapmağa məhkumuq!

Bir neçə gün öncə "Evrovizion" komandasının İzraildən mətbuat açıqlaması zamanı tərsinə qoyulmuş Azərbaycan bayrağına görə də təqdimatçı jurnalistlərin ittiham olunduğunu izləmişdik. Məsələ anlaşılan kimi adamlar bayrağı düzəltdilər və problem ortadan qalxdı. Əvəzində isə saxta vətənpərvərlik ittihamı yenə də aramsız bir cərəyan kimi üzərlərinə axdı. Bəlkə də məndən, səndən daha çox bayrağa sayğısı olan insanlar bir anlığa bir qorxunc sürünün yeminə çevrilməyə başladılar. İndi də Fuad Abbasov məsələsi ortaya çıxdığında bəziləri dərhal körpüdə deşik axtaramağa girişdilər və haradasa sübut etməyə çalışdılar ki, bəs ona qarşı edilənlər özünün əməllərinin nəticəsidir. Halbuki, ittihamın adı digər dedi-qoduları bir kənara qoymağa əsas verirdi: millətlərarası ədavəti qızışdırmaq!

Xatırlayırsınızsa, bu ittiham ötən əsrin 80-ci illərində SSRİ-nin göbəyindən gələn müstəntiqlərin Bakıda tərtib etdiyi ittihamnamələrdə Xəlil Rza və xalq hərəkatının təmsilçiləri olan digər vətənpərvərlərə qarşı irəli sürülürdü. İndi isə uzun illər keçəndən sonra Moskvada bir azərbaycanlı jurnalistə qarşı Rusiya polisi tərəfindən törədilən vandalizmin bu adla əsaslandırılması baş verib. Yenə də bizim oradakı və buradakı vətənşivənlərimizin yadına körpüdəki deşik epizodu düşüb və ictimai rəyin qorxusundan hələ ki, bu epizod barədə yazışmaları genişləndirə bilmirlər. Bağırmaq istəyirsən ki, adamı kiməsə borcuna görə, kiminləsə münaqişəsinə görə, yaxud özünü reklam etməsinə görə saxlamayıblar, döyməyiblər, təhqir etməyiblər. Adamı məhz Xəlil Rzanı ittiham etdikləri kimi erməniyə qarşı ədavəti qızışdırdığına görə ittiham ediblər. Rusiyada diasporanın başında, önündə və arxasında erməniyə qarşı deyil, məhz azərbaycanlılara qarşı ədavəti olanları razı salmaq üçün erməniyə qarşı ədavəti olanı qandallayır ki, kimsə bu yola bir daha baş vurmasın. Hər hansı bir Rusiya vətəndaşı olan bir azərbaycanlı milli davamızın bu cinahını, bu yükünü öz üzərinə götürməyə çalışmayıbsa, bunu məhz vətəndaşlığı olmayan, hər hansı bir xoşagəlinməyən hərəkətinə görə ən yaxşı halda deportasiya risqi ilə qarşılaşa bilən Fuad Abbasov götürübsə, buna görə sağ ol demək daha doğru addımımız olmazmı?

Mən fakta baxaram, bu ora işləyir, o biri başqa yerə işləyir - bu ittihamlar doğru da olar, yanlış da. Adam səndən, məndən fərqli olaraq dəfələrlə Rusiya kanallarından Qarabağ davamız üçün döyüşübsə, artıq niyə xırda, cılız epizodları önə çəkərək mahiyyətdən uzaqlaşırsınız! Vətənpərvərliyin meyarlarını mənasız epizodlarda deyil, məhz işin mahiyyətində axtarmalıyıq! Müğənni mahnısını oxumalıdır, yazar əsərini yazmalıdır, alim tədqiqatını aparmalı, siyasətçi ölkənin xilası yollarını axtarmalı, hərbçi isə savaş üçün hər an hazırlığını artırmalıdır. 365 günün hər biri ən azı bir şəhidimizin Haqqın dərgahına qovuşduğu gündür, soyqırım, deportasiya, işğal, terrora məruz qalındığı, doğmalarımızı itirdiyimiz, müstəqilliyimizə qəsd olunduğu gündür! Ancaq matəm aurası ilə babalarımız 28 may intibahımızı kəşf edə bilməzdilər, Bakını işğaldan azad edə bilməzdilər, 18 oktyabrı gerçəkləşdirə bilməzdilər! Bu gün daxildəki özümüzdən fərqli olaraq xaricdəki özümüzün bir nəfəri də bizim üçün dəyərlidir, bir fəalımızın təhqir olunaraq susdurulması həm də maraqlarımızın susdurulmasıdır! Bu maraqların qoruyucusu yalnız dövlət ola bilməz, ayrı-ayrılıqda hamımız yanan Kəbəyə ən azı dimdiyində su gətirib söndürməyə çalışan qaranquş qədər səmimi olmağa borcluyuq.

Şərhlər

Köhnə azərbaycanlı 2019-05-22 11:34:30

Fazil bəy sizinlə tam razıyam.Həmişə belə olub torpalarımız işğal olunub, amma biz demişik ki torpaqlarımızı satıblar.Düşmən qalıb qıraqda öz içimizdə düşmən obrazı yaratmışıq.Hər rayonumuzun işğalına “ad günü” keçirərək həmin gündə oxuyan bir-iki müğənni tapıb bir neçə gündə onları suçlamışıq və sonra da hər şey yaddan çıxıb, hərə öz işinin dalıycan gedib.Niyə biz həmin işğal günü məsələn, bina hörən bənnanı, dərs deyən müəllimi, əməliyyata girən həkimi, tamaşaya hazırlaşan aktyoru, əlinə qələm alan jurnalisti, işə gedən məmuru və s. digər peşə sahiblərini deyil məhz müğənniləri suçlayırıq?Axı sadaladığım və sadalamadığım digər peşə sahibləri də müğənilər kimi öz işləri ilə məşquldurlar.Niyə biz anlamaq istəmirik ki bu millətin müəllimə də, həkimə də, idmançıya da, jurnalistə də, müğənniyə də, mollaya da və s. digər sənət sahiblərinə də ehtiyacı var.Axı bizim düşmənimiz də, düşmənə havadarlıq edəndə bəllidir.Hə indi gəlin işğal günü oxuduğuna görə Eyyub Yaqubovu dar ağacından asaq, Laçın qayıdacaqmı?Məgər Laçını E.Yaqubov verib erməniyə?Xeyir əzizlərim, Laçını erməniyə biz vermişik.Hamımız günahkarıq, qanımızla günahımızı yuyuyub Laçınımızı və digər royonlarımızı, Qarabağımızı işğaldan azad etməliyik.Sonra da hər rayonun azad olunduğu günü qeyd edib Eyyubu və digər müğənniləri oxudub ətraflarında YALLI getməliyik. VARMISIZ əziz həmvətənlərim, yokmusuz?

t.ədalət 2019-05-22 11:34:30

Fuad Abbasov məsələsində Rusiya təkrar deyir ki,mən ermənilərlə birlikdəyəm.Yaxud,bir az əvvəl Parlamentin sədri Oqtay Əsədov və onun müavini Valeh Ələsgərov da Rusiyanın göstərişi ilə deyirdilər ki,ermənilər Bakıya sərbəst gəlib-getməlidirlər.Siz adamları dərdlərin üstündən adlayıb keçməyə,ağır günləri unudub müğənni Eyyub kimi"zatı qırıq olanlara" bənzəməyə istiqamətləndirirsiniz.Fazil müəllim,Siz,hətta kimlərinsə xahişi ilə səviyyəsiz bir "oxuyan"a dövlət təqaüdü,fəxri ad verməyi də təbliğ edirsiniz...

dadaşyev 2019-05-22 11:34:30

Eyyub Yaqubovun 31 mart,26 fevral və 20 yanvar günlərindən başqa ilin hansı günündə olur olsun konsert verməyinin mənim üçün qətiyyən bir üzüntüsü yoxdur.Çünki ilin 365 gününü xan saraylarına bənzər möhtəşəm villalarında yeyib içməklə keçirən,respublika yollarında son model maşınlarla şütüyən,şadlıq saraylarına-əzəmətli marketlərə-topdağıtmaz vəzifələrə sahib köçkünlərin hər ay bankomatlardan 10-15 levı kartlarla ənazı 3000-5000 manat ciblərinə dürtdüklərini Eyyublar halal zəhmətləriylə qazanır.

dadaşyev 2019-05-22 11:34:30

Baxırsan adamdı,bizim kimi 2 əli 2 ayağı var,özü də bizim dildə danışır,amma dam boyda maşınına minib düşəndə gör onu,deyərsən respublikada nə ki alçaq dağlar var bu yaradıb.Bir əda,bir yuxarıdan aşağı göz süzdürmələr bu yupyumru,bapbalaca,totuq-motuq barmaqlı məmurda ki,siz də adammısınız yəni.Kefi ala buluddadı deyə hayqıracaq ki,dövran bizimdieeyoaəəə.Yəni oralarda qalsaydıq naxıra-zada gedəsiydik.Yaxşı,onun il boyu kef içində yaşamağı Laçını ağlatmırmı,sızlatmırmı?Yalnız Eyyubun konserti sızladırmı?

Son yazılar