DÖVLƏT DİLİ: AZƏRBAYCAN CÜMHURİYYƏTİ KONTEKSTİNDƏ

RUŞANZADƏ  Ruşan

Siyasi elmlər üzrə fəlsəfə doktoru.

AMEA-nın Fəlsəfə İnstitutunun “Sosiologiya” şöbəsinin böyük elmi işçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü

Millətin min illərlə formalaşdırdığı dəyərlərin yaşadılması, bu dəyərlərin gənc nəsillərə ötürülməsi üçün də dil mühüm hadisədir. Deməli, dil  təkcə ünsiyyət vasitəsitəsi deyil, eyni zamanda, dəyərlər sistemidir. Bu baxımdan S.Xəlilovun fikrilə “dilçilər çox vaxt sözlərin mənasından sərf-nəzər olunaraq an­caq formanı, strukturu öyrənməyə çalışırlar. Nəyin deyilməsi yox, necə deyilməsi, hansı qaydaya əməl edilməsi önə çəkilir. Doğrudan da, onla­rın əsas işi məhz formaların, qəliblərin öyrənilməsidir”. Lakin filosoflar dilçilərdən əsaslı şəkildə fərqli olaraq dilin məna yükünü, ideya və məzmun zənginliyini yaradır. Başqa sözlə dilçilər dilin tələffüzü ilə məşğul olursa, filosoflar dilin təfəkkürü ilə məşguldurlar. Dilin təfəkkürü ilə məşğul olmaq isə millətin, xalqın təfəkkür mədəniyyətinin zənginliyi ilə yanaşı həm də onun nitq mədəniyətinin yüksəlməsinə xidmətdir. Hegelin nəzərinə görə “öz dilində elmin bütün xəzinəsini ifadə etməyi bacarmayan xalq savadlı hesab oluna bilməz. ... Başqa dildə çatdırılan biliklər öz dilimizdə nüfuz edə biləcəyimiz incəliklərdən məhrumdur. Onlar bizdən arakəsmə ilə ayrılaraq bizim ruhumuzla qaynayıb-qarışa bilmirlər!”

Qədim türk mənşəli Azərbaycan dili zəngin türk dili ailəsinin Oğuz qrupuna daxildir. IV-V əsrdən etibarən fəal ictimai ümumxalq canlı danışıq dili olan Azəri-türkcəsi Azərbaycan torpaqlarında yaşayan qədim türk əsili soyların və boyların düşüncəsindən və təfəkkür mədəniyyətindən qaynaqlanmışdır. -Ktabi Dədə Qorqud- dastanı buna əyani sübutdur. İctimai-siyasi nöqteyi-nəzərlə bütün dünya dilləri kimi Azərbaycan dili də tarixi təkamül prosesi keçmişdir. Bu istiqamtdə İzzəddin Həsənoğlu, Qazi Bürhanəddin və Seyyid Hüseyn İmadəddin Nəsiminin yaradıcılığı mühüm rol oynamışdır.  Bu  anadilli ədəbiyyat dünya poeziyasının tacı olan Məhəmməd Fizulinin yaradıcılığında daha aydın və dolğun bir istiqamət almışdır.

XVI əsr Azərbaycan dilinin tarixində siyasi və ədəbi cəhətdən ən əlamətdar və yüksəliş dövrdür. Beləki, 1501-ci ildən etibarən Şah İsmayıl Xətainin rəhbərliyi altında paytaxtı Təbriz olmaqla Səfəvi dövlətinin yaranması ilə Türk dilinin dövlət dili elan edilməsi və dövlət hakimiyyətinin bütün rəsmi qərarlarının, əmr və sərəncamlarının, xarici məktublarının hər birində öz əksini tapmışdır. Klassik ədəbiyyat nümayəndələrindən Füzulinin və Həbibinin yaradıcılığı Türk dilinin imkanlarının genişlənməsi və nüfuzunun yüksəlməsi üçün ciddi təsir göstərmişdir. Şah İsmayıl Xətainin lider olduğu Qızılbaşlar dövlətində siyasi sistemin, ordunun, ədəbiyyatın və elmin rəsmi dili kimi qəbul edilən Türk dili hakim olaraq siyasi cəhətdən tamamilə rəsmiləşdirildi. Burada bir məqama da diqqət yetirmək istərdim; Səfəvi dövlətinin xarci siyasəti kifayət qədər yüksək xətt ilə davam edirdi və xarici ölkələrdəki səfirliklər olduqca nüfuzlu fəaliyyət göstərirdi. Bu isə o deməkdir ki, həmin şəraitdə Türk dili inkişaf etmiş Avropa dilləri səviyyəsində, ədəbi abidələrinə görə bəlkədə onlardan daha nüfuzlu idi.

Qızılbaşlar dövründə Türk dilinin daha da cilalanması məsələsində klassik ədəbiyyala  yanaşı  şifahi xalq ədəbiyyatinın da müstəsna rolu olmuşdur. Məhz, şifahi xalq ədəbiyyatının görkəmli nümayəndəsi Aşıq Qurbani də həmin ədəbi mühitdə formalaşmış və dilin inkişafında, təbliğində boyükböyük rol  oynamışdı.  Eyni zamanda klassik ədəbiyyat nümayəndələrindən Füzulinin və Həbibinin yaradıcılığı Türk dilinin imkanlarının genişlənməsi və nüfuzunun yüksəlməsi üçün ciddi təsir göstərmişdir. Başqa sözlə, Türkdili şifahi xalq ədəbiyyatı Qurbaninin, xalq şer dilinin yazılı forması Şah İsmayıl Xətainin, Məhəmməd Əmaninin və Həbibinin əsərləri ilə təmsil olunurdusa, Məhəmməd Fizulinin dolğun dili elmi-fəlsəfi tutumu ilə Türk millətinin elmi-ədəbi intellektini təmsil və nümayiş etdirir, dilin özünə yeni-yeni üfüqlər açırdı. Məhəmməd Əmin Rəsulzadə qeyd edir ki, “Füzuliyə böylə bir əzm təqlin edən eyni zamanda, müasiri bulunan Şah İsmayıl Xətaini türkcə şerlər yazmağa sövq eyləmişdir. Bu böyük şair və dahinin müvəffəqiyyəti ilə türkcə şer yazmaq “sühuləti” kəşf edildikdən sonra Füzulini tənzir və təqlid edənlər çoxaldı. (Azərbaycan türk ədəbiyyatı müstəqil bir cərəyan aldı” Rəsulzadə M.Ə.  “Azərbaycan  Cümhuriyyəti”.  Bakı,  Elm.  1990. 116 s).

XIX-əsr Azərbaycan dilinin taleyində faciəli siyasi hadisələrin baş verdiyi dövr kimi yadda qalmışdır. Belə ki, 1828-ci ildə Azərbaycan ərazisinin parçalanması ilə dili də əsarət altına düşmüşdür. Cənub Azərbaycan fars şovinizmi, Şimal Azərbaycan da  isə rus çarizmi şüurlarda və ictimai-siyasi həyatda öz siyasi manipuliyasiyasını və diktaturasını möhkəmləndirmək üçün Türk dilinə mütamadi zərbələr vurmuşlar. Lakin dahilərin ədəbi irsi, xüsusən həmin dövrə müasir hesab edilən böyük sənətkarlar Vidadinin, Vaqifin, Nəbatinin duru və canlı dili ictimai mühitin hakimi idi.

Türk dilinin dərsliklər zəminində işlənib hazırlanmasında və ictimai-siyasi həyatın ifadəsinə çevrilməsində XIX-XX əsrin görkəmli ziyalılarından Mirzə Kazım bəy, Seyid Əzim Şirvani, Mirzə Əli Əkbər Sabir, Mirzə Şəfi Vazeh, , Mirzə Əbdülhəsən bəy Vəzirov, Seyid Ünsizadə, Rəşid bəy Əfəndiyev, Sultan Məcid Qənizadə, Məhəmməd Tağı Sidqi, Seyyid Həsən Tağızadə, Mirzəbala Məhəmmədzadə, Hüseyn Cavid, Məhəmməd Əmin Rəsulzadə, Üzeyr bəy Hacıbəyli, Abdulla Şaiq, , Əhməd Cavad, Abbas Səhhət, Səməd Vurğun, və başqa ictimai-siyasi xadimlərin adını qeyd etmək olar. Bu məqamda xüsusi qeyd edilməlidir ki, Güney Azərbaycanda milyonlarla qan qardşımızın ruhunu, qəlbini ifadə edən Məhəmməd Hüseyin Şəhriyarın müstəsna yeri var.

Ədəbi dilinin normalarının müəyyənləşməsi və nəzəri dilçilik istiqamətində realist üslubla diqqətə çarpan Mirzə Fətəli Axundov yaradılıcığı  dilin inkişafına müsbət təsir göstərmişdir. Bu istiqamətlə də mətbuat dilinin formalaşması başlamış  Həsən bəy Zərdabinin fəaliyyəti ilə (baxmayaraq ki, cəmi 56 nömrə nəşr edilən) milli mətbuatın və sivil ictimai münasibətlərin, xüsusən, yazılı ictimai rəyin bünövrəsi olan “ƏKİNÇİ” qəzeti ərsəyə gəlmişdir. Xalqın milli taleyində elə hadisələr olur ki, onun inkişafına ağır zərbə vurur. Ürək ağrısı ilə qeyd edilməlidir ki, Azərbaycan türkünün şüuru üzərində psixi terror və mənəvi işğal aktı olaraq onun millətinin adı, dilinin adı və əlifbası  bir əsrdə beş dəfə dəyişdirilmişdir. Bədbəxlikdən bu bizim milli-mənəvi taleyimizdə çox dərin iz buraxmışdır... Qeyd etdiyim kimi, (ilk növbədə vətəndaş olaraq gələcək ictimai-siyasi risqləri nəzərə alaraq) bu həqiqəti bilməliyik ki, XX yüz ildə Azərbaycan türkünün milliyyət və dil adı beş dəfə dəyişdirilib:

  1. Tatar dili-tatar; (1828-1900) ;
  2. Türk dili-türk (1918-1938);
  3. Azərbaycan dili-azərbaycanlı (1938-1992);
  4. Türk dili-türk (1992-1995);
  5. Azərbaycan dili-azərbaycanlı (1995-ci ildən).

Bununla belə  hazırda Azərbaycan Respublikasının Konstitusiyasının 21-ci maddəsinə əsasən dövlət dilinin adı -Azərbaycan dili-dir. Bu məqamda, milli dilin dövlət dili kimi Azərbaycan Cümhuriyyəti kontekstində  təkamülündən və rəsmi qərarlaşmasından bəhs etmək istərdim. Yuxarıda göstərilən tarixi reallığa rəğmən XX əsr Azərbaycan dilinin ən yüksək səviyyəyədə inkişaf etdiyi dövrdür. Bu dövrdə dilimiz sözün həqiqi mənasında çiçəklənmiş  və tərəqqi etmişdir. Ədəbi dil məsələsi əsrin əvvəllərində çarizmə qarşı aparılan milli ictimai-siyasi mübarizə prinsipinin önündə dururdu. Bu prosesdə 1905-ci ildən Əhməd bəy Ağaoğlu və Əli bəy Hüseynzadə tərəfindən təsis edilən “HƏYAT”, “İRŞAD”, “AÇIQ SÖZ” qəzaetləri və “FÜYUZAT” məcmuəsi milli dil və milli mətbuat uğrunda edilən əməli, davamlı mücadilə idi.

Həmin illər  milli dildə kitabların hazırlanması, dərsliklərin buraxılması, müntəxabatların tərtib edilməsi ilə çox səciyyəvidir. Bu baxımdan Bakıda “Nicat”, “Nəşri-məaarif”“Səfa” kimi nəşryatlar fəaliyyət göstərirdi. Həmçinin ictimai xalq dilinin qaynağı olan “Molla Nəsirəddin” -in meydana gəlməsi ilə səhnə mədəni nitqi və milli mədəni özünü ifadə təfəkkür tərzi formalaşmışdır. Dilin duruluğu və saflığı məsələsi də həmin illərədə aktual olmuşdur. Bu istiqamətdə Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Üzeyr bəy Hacıbəyov, Ömər Faiq Nemanzadə və digər ictimai xadimlər ana dilində canlı əsərlər yazmaqla bu missiyanı əməli olaraq layiqli şəkildə həyata keçirirdilər.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması milli dilin siyasi nüfuzunu özünə qaytardı. Qeyd edim ki, Məhəmməd Əmin Rəsulzadə başda olmaqla Azərbaycan Xalq Cümhuriyyətinin siyasi hakimiyyəti tərəfindən 1918-ci il iyunun 27- də dövlət dili haqqınada qərar qəbul olunur və Türk dili dövlət dili olaraq elan edilir. Milli dilin dövlət dili elan edilməsi Azərbaycan Xalq Cümhuriyyətinin dövlət rəmzləri sırasında milli istiqlala təminatçı kimi meydana gəlmişdi və şəxsiyyət-cəmiyyət-dövlət suverenliyinə əsaslanan dövlət quruculuğuna  zəmin yaratmışdır. Həmin vaxtdan təhsil sisteminin də milli dildə formalaşması əsas vəzifə olmuşdur. Bununla bağlı qəbul edilən qərar sənədləri aşağıdakı kimi tərtib edilmişdir.

Birinci və ikinci dərəcə ibtidai məktəblərin, həmçinin orta təhsil müəssisələrinin milliləşdirilməsi haqqında Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının Qərarı*

                                               (28 avqust 1918)

  1. Bütün birinci dərəcə ibtidai təhsil müəssisələrində təhsil, dövlət dili olan türk dilini artırılmış həcmdə məcburi qaydada tədris etməklə, şagirdlərin ana dilində aparılsın.
  2. İkinci dərəcə ibtidai məktəblərdə və orta təhsil müəssisələrində tədris dövlət dili olan türk dilində aparılsın. Lakin ikinci dərəcə ibtidai məktəblərin milliləşdirilmiş siniflərində tədris şagirdlərin ana dilində davam etdirilsin və eyni zamanda 1918-1919-cu illərdə, lazım gələrsə ondan sonrakı tədris ilində də türk dilinin həcmi artırılmış tədrisi də tətbiq edilsin ki, həmin müddət başa çatanda dövlət dilində təhsil almayan şagirdlər bütünlüklə türk dilində tədrisə keçə bilsinlər.
  3. Orta tədris müəssisələri siniflərinin bütünlüklə erməni dilində (milliləşdirilmiş) dərs keçilən paralel şöbələri, habelə həmin tədris müəssisələrinin kiçik və böyük yaşlı uşaqlar üçün olan hazırlıq siniflərinin bütünlüklə rus dilində (milliləşdirilmiş) dərs keçilən paralel şöbələri ləğv edilsin.
  4. Həmin tədris müəssisələrinin birinci, imkan olduqda həmçinin ikinci sinifləri milliləşdirilsin və tədris türk dilində aparılsın; bununla belə, əgər həmin siniflərdə türk dilini bilməyən şagirdlər olsa, onlar üçün paralel şöbələr açılsın və həmin şöbələrdə tədris rus dilində aparılsın. Həm bu siniflərdə, həm də 4-cü sinif daxil olmaqla sonrakı siniflərdə dövlət dili elə həcmdə tədris olunsun ki, iki il sonra bütün şagirdlər türk dilində təhsilə keçə bilsinlər.
  5. Orta tədris müəssisələrinin 5-ci sinfindən etibarən isə şagirdlər həmin tədris müəssisələrinin kursunu bitirənədək tədris rus dilində aparılsın; bununla yanaşı xalq maarif nazirinə bir vəzifə olaraq tapşırılsın ki, orta təhsil müəssisələrinin bütün siniflərində türk dilinin artırılmış həcmdə tədris olunmasına nəzarət etsin. (Mənbə: Aзepбaйджанская Демокpaтичecкaя Pecnyбликa (1918-1920). 3aконoдaтeльные aкты (Сборник документов). Бaкy, 1998, c. 225-226.)

Əlbəttə bu mövzu bir sıra tədqiqatçılar və alimlər tərəfindən araşdırılmış, müəyyən qənaətlər əldə edilmişdir. Ə.Z.Abdullayevin fikrinə görə “Cümhuriyyət öz dil siyasətini həyata keçilmək üçün təhsilin çox  mühüm sahə olduğunu  ön plana çəkdi, belə ki, 28 avqust 1918- ci ildə hökumət ibtidai və orta təhsil müəsisələrində təhsilin ana dilində aparılması haqqında qərar verdi. Qərarda göstərilir ki, 1) bütün ibtidai təhsil müəsisələrində tədris ana dilində aparılmalıdır: 2) dövlət dili icbari qaydada tədris olunur.  27 dekabr 1918-ci ildə isə Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarov ordu dilinin Türk dili olduğu barədə əmr verdi. Nazir orduda xidmət edən, lakin dövlət dilini bilməyən zabitlərə dili öyrənmək üçün bir ay vaxt müəyyənləşdirdi. Və qərara alındı ki, həmin müddətdə heç olmasa komandaları milli dildə  verə bilməyən zabitlər ordudan xaric ediləcəklər”.

Bununla belə, Türk dilinin bütün dövlət strukturlarında öyrəniıməsinə tələb edilən vaxt daxilində yalnız müvəqqəti olaraq rus dilindən istifadə edilməsi məsələsi də nəzərdən keçirilmişdir. Həmin hadisə aşağıdakı kimi sənədləşdirilmişdir:

Dövləti lisan türkcə qəbul edilərək müvəqqətən hökuməti müəssisələrdə rus lisanı istemalına müsaidə edilməsi haqqında Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı

                                                                 (27 iyun 1918)

Hökumət 27 iyun 1918-də qərar verdi:

Dövləti lisan türk dili qəbul edilərək, içəridə bütün məhkəmə, idareyi-daxiliyyə və sair dəvair vəzifələri başında duranlar bu lisanı bilənlər olana qədər hökuməti müəssisələrdə rus dili istemalına da müsaidə edilsin.

Azərbaycan Cümhuriyyəti hökumətinin qanun və binagüzarlıqları məcmei, №1, 15   təşrini-sani, 1919, s. 18;

Государственный Архив АР, ф. 100, оп. 2, д. 7, л. 9;

Mənbə: Aзepбaйджанская Демокpaтичecкaя Pecnyбликa (1918-1920). 3aконoдaтeльные aкты (Сборник документов). Бaкy, 1998, c.201.

 

Xalq məktəblərinin kitabxanaları üçün türk dilində kitablar əldə edilməsi üçün 1 milyon manat ayrılması haqqında Parlament qanunu

(18 sentyabr 1919)

Закон Парламента об отпуске 1 млн. руб. на приобретение для библиотек народных училищ книг на тюркском языке

(18 cентября 1919)

ЗАКОН

  1. Отпускается из средств Государственного казначейства в распоряжение министра народного просвещения один (1000000) млн. руб. на приобретение новых книг на тюркском языке для библиотек народных училищ.

За председателя Парламента старший его товарищ                     Г. А гаев

Секретарь А. Пепинов Начальник канцелярии          М. Векилов  (Mənbə: Aзepбaйджанская Демокpaтичecкaя Pecnyбликa (1918-1920). 3aконoдaтeльные aкты (Сборник документов). Бaкy, 1998, c. 103.)

Rus bolşevizmi Azərbaycanı silah gücünə istila etsə də dilin inkişafına mane ola bilmədi. 1926-cı ildə Bakıda birinci -Türkoloji Qurultay- keçirildi. Türk dünyasında böyük əhəmiyyət kəsb edən bu qurultayın Bakıda keçirilməsi milli dil üçün böyük hadisə idi. Qurultayın həm də  bir səciyyəvi cəhəti dilə verilən yüksək dəyərlə bağlı idi. Lakin təssüf ki, 30-cu illərdə dilin fədakar və görkəmli nümayəndələrindən bir çoxu terrora və represiyaya məruz qaldı...

1939 -cu ildə isə latın əlifbasından kiril əlifbasına keçid ictimai mühitdə xeyli dərəcədə durğunluq yaratmışdır. Məhz əlifba dəyişdirmək siyasətinin arxasındakı siyasi maraq xalqı nəşr edilmiş elmi-ədəbi məxəzindən uzaq salmaq və gənc nəsili özündən əvvəlki nəsilin irsindən məhrum etmək idi. Bu deyilənlərə subut olaraq onu da əlavə edim ki, Azərbaycan sovetlər birliyinə daxil edildikdən sonra 1937-ci ildə Azərbaycanda qəbul edilən  Konstitusiyada dillə bağlı heç bir maddə də olmamışdır.

1945-ci ildə AMEA-da Dilçilik İnstitutunun yaranması dilin və dilçiliyin intellektual imkanlarının genişlənməsinə əhəmiyyətli təsir etmişdir. Həmin vaxtlarda Azərbaycan dilinin elmi tədqiqi ilə məşğul olan nümayəndələrdən Bəkir Çobanzadə, Məmmədağa Şirəliyev, Əbdüləzəl Dəmirçizadə, Müxtar Hüseynzadə, Əliheydər Orucov, Səlim Cəfərov, Əlövsət Abdullayev, Fərhad Zeynalov və digər dilçi alimlər yetişmiş, dilin elmi inkişafına xidmət etmişlər. Xüsusi vurğulanmalıdır ki, dövlət dilinin inkişafında, ədəbi dilin mövcudluğu vacib amildir  bu istiqamətdə şair və yazıçıların böyük xidmətləri var. Bu sırada çoxsaylı ziyalıların adını qeyd etmək olar... Lakin  görkəmli Azərbaycan ziyalısı, milli dilin uğrunda (bir çox itgilərə hazır olmuş) mübariz, mərhum akademik Mirzə İbrahimovun misilsiz xidmətləri xüsusi olaraq daima etiramla anılmalıdır. Onun milli dilə, münasibəti bu gün də, gələcəkdə də mühüm əhəmiyyətli   fikirləri onu göstərir ki, müəllif sovetlər dönəmində milli dilin bərqərar olması istiqamətində əməli mübarizə aparmışdır. Bu, hər bir Azərbaycan  gəncinin əsas devizi olmalıdır.

1956-cı ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə, 1937-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dilinin dövlət dili olması ilə bağlı maddə əlavə edilmişdir. Buna baxmayaraq qərar həyata keçirilməmiş, yalnız 1978-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dilinin dövlət dili olmasını təsbit edən maddənin daxil edilməsi və onun həyata keçirilməsi reallaşmışdır. Yalnız bundan sonra ölkənin sosial-ictimai-siyasi həyatında milli dil öz layiqli yerini tapmışdır. Başqa sözlə, illərlə aparılan repressiv qadğalara, məhrumiyyətlərə, təcavüzlərə baxmayaraq xalqın beyninə, qəlbinə həkk olunan -Cümhuriyyət sevdası və onun dövlət dili milli genetik şüurda saxlanıldı mənəvi əmanət olaraq gələcəyə intiqal edildi.

1991-ci ildən Müstəqqil Azərbaycan Respublikası quruldu və 1995-ci il 12 noyabrda referendumla qəbul olunan Konstitusiyada Azərbaycan dili dövlət dili olaraq təsbit edilmişdir.

18 iyun 2001-ci ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman verilmışdir. Həmin fərmanda qeyd edilir ki, “Çox qəribə görünsə də Azərbaycan dilçiliyinin sovet dövründə əldə edilmiş sürətli inkişaf tempi son illərdə aşağı düşmüşdür və bu sahədə bir durğunluq müşahidə olunur. Azərbaycanda nitq mədəniyyəti məsələlərinin tədqiqinə və nizamlanmasına kəskin ehtiyac duyulur. Azərbaycan dilinin tətbiq dairəsi bəzən süni olaraq məhdudlaşdırılır. Rəsmi və elmi üslubun vəziyyəti heç də ürəkaçan deyildir”.

Bu məsələ hazırkı illərdə daha da  dözülməz vəziyyətdədir. Xüsusilə də dilin tətbiqi normaları baxımdan. Burada bir sıra neqativləri qeyd etmək olar. İstər mətbuat, istər ayrı-ayrı kütləvi infarmasiya vasitələri istərsə də dövlət qulluqçularının çıxış və müsahibələrində. Buraya sosial-ictimai təşkilat və qurumları, dini icmaları da əlavə etmək olar.

Əlbəttə, bu istiqamətdə olan problemlərin, reallıqların həlli və aradan qaldırılması baxımdan aşağıdakı kimi göstərilə biləcək bir sıra sərəncamlar imzalanmışdır.

Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşrinin maliyyələşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (18 sentyabr 2008)

Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (23 may 2012)

Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı (9 aprel 2013) Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmişdir.

Lakin bununla belə həmin problemlər aradan qaldırılmadı. Aydınlıq üçün yuxarıda qeyd edilən, 18 iyun 2001-ci il tarixli fərmanın digər bir məqamı dilin dövlətin taleyində vacib olduğu diqqətə çatdırılaraq  göstərilir ki, “Azərbaycan dövlət müstəqilliyinin başlıca rəmzlərindən sayılan Azərbaycan dilinin tətbiq və inkişaf etdirilməsinə dövlət qayğısının artırılması, ana dilimizin öyrənilməsi, elmi tədqiqinin fəallaşdırılması, dilimizin cəmiyyətdə tətbiq dairəsinin genişləndirilməsi və bu işə nəzarətin gücləndirilməsi məqsədi ilə qərara alıram: ... ”

Burada milli dilin müstəqil dövlət rəmzlərindən biri kimi müqəddəs dəyər olaraq dərk edilməsi hər bir Azərbaycan vətəndaşının və dövlət məmurunun, xüsusən də alimlərin qarşısında olduqca məsuliyyətli və şərəfli vəzifələr qoyur. Reallıq belədir ki, hazırda gənc nəsil xarici dil marağı ilə öz dövlət dilinə müəyyən mənada laqeyd yanaşmaqdadır. Vacib vəzifə dedikdə ilk növbədə, xarici dil biliklərinə yiyələnmək istəyən gəncliyə, öz dövlət dilinə diqqətin artırılmasına, ictimai şüurda Azərbaycan dilinin zənginliyin qorunmasına çalışmaq nəzərdə tutulur. Əlbəttə bu mövzu hər hansı bir məqalə ilə ilə məhtudlaşmır, gələcəkdə də bu istiqamətdə araşdırmalar davam edəcəkdir.

635x100

Şərhlər

Dilsuz 2019-05-27 13:10:09

Dövlət dövlət qanununu tələb etmir. İndiki dilimiz Füzuli, Şirvani, Ordubadi, Sabir, Vidadi, Vaqif, Vurğun yazıları əsl ana dilimizə uyğun gəlir. Muasir Azərbaycan dili latın-rus önlük və quyruqları ilə üç qramanadan heç birinə də uzlaşmır və ana türk dilindən uzaq ibarəyə bənzəyir.

t.ədalət 2019-05-27 13:10:09

Təəssüf ki bu gün gənclər işə götürülərkən onlardan rus və ingilis dillərini bilməsi tələb olunur.Bu dilləri bilməyənlər,ancaq tikintidə fəhlə işləyə bilər.Əgər Azərbaycan dili dövlət dilidirsə,onda yad dillərin öyrənilməsi niyə şərt kimi ortaya qoyulur?Biz dilimizin müqəddəsliyini qorumaq üçün belə şərtlərin qarşısını almalıyıq!Tərcüməçilər vasitəsi ilə hansısa sənədləşməni aparmaq mümkün olduğu halda,görəsən,dövlət niyə xarici dil xəstəliyini aradan qaldırmır?

Son yazılar