Telman İsmayılovun torpağını da əlindən alırlar - Oliqarx borc içində batır

1telman_ismayilov01Moskva şəhər hakimiyyəti Azərbaycan əsilli yəhudi oliqarx Telman İsmayılovun torpaq sahəsini əlindən almağa hazırlaşır.

Virtualaz.org saytı xəbər verir ki, Rusiyada gözdən düşmüş oliqarxın 0,3 hektarlıq torpaq sahəsi Moskvanın Vozdvijenski və Nikitsk bulvarlarının kəsişməsində yerləşir. Bu ərazidə torpağın bir sotunun qiyməti milyon dollardan yuxarıdır.

Torpaq sahəsi T.İsmayılovun “AST” şirkətlər qrupu tərəfindən 2004-cü ildə icarəyə götürülüb, oliqarx orada lüks otel-apartament inşa etməyə hazırlaşırdı. Lakin Moskva meriyasının Arxitektura Şurası layihəni bəyənməyib. Şura bu ərazidə otel inşasının ümumi arxitektur ansambla zidd olacağını bildirib.

RBK xəbər verir ki, T.İsmayılovun icarəyə götürdüyü torpaq sahəsinin yerində “Solovinlərin evi” kimi tanınan və Moskva aristokratiyasına məxsus dördmərtəbıli tarixi mülk yerləşirdi. Həmin mülk 1997-ci ildə sökülüb. Oliqarx onun yerində 6 mərtəbəli lüks otel tikməyi planlaşdırıb.

Lakin Moskva meriyasının Arxitektura Şurası T.İsmayılovun layihəsini bəyənməyib və onun tikmək istədiyi otelin ətrafdakı binalardan xeyli yüksək olacağını, bununla da Arbatın ümumi arxitektura mənzərəsinə zərər dəyəcəyini bildirib.

“İndi isə investor yoxa çıxıb, hazırda onun böyük maliyyə problemləri var. O, hamıya pul borcludur - “Bank Moskva”ya, özəl investorlara, digər strukturlara. Ona görə də biz bilmirik ki, kiminlə işləməliyik. Əgər ilin sonuna qədər “AST” şirkətləri qrupu həmin torpaq sahəsi ilə bağlı yeni layihə təqdim etməsə və ya ərazini başqa investora verməsə, biz torpaq sahəsinin geri alınması barədə qərar verməli olacağıq” - deyə Moskva şəhərinin İnvestisiya layihələrinin reallaşdırılması və şəhər quruculuğu Komitəsinin (“Moskomstroyinvest”) rəhbəri Konstantin Timofeyev bildirib.

Rieltorların qənaətinə görə, bu ərazidə T.İsmayılov üçün otel tikintisi 140 milyon dollara başa gələ bilər. Formal olaraq hakimiyyət onunla icarə müqaviləsini hələ bir neçə il əvvəl poza bilərdi. Çünki T.İsmayılov tikinti üzrə öhdəliklərini yerinə yetirməyib.

“AST” şirkətindən isə məsələyə münasibət bildirmək istəməyiblər.

RBK qeyd edir ki, 2009-cu ildə “Çerkizovsk” bazarının Putinin göstərişi ilə bağlanmasındna sonra T.İsmayılov Rusiyanı tərk edib və faktiki olaraq Moskvadakı biznes fəaliyyətini dayandırıb. “AST Telman” ləqəbli oliqarx Rusiyadakı biznes aktivlərini oğulları Ələkbər və Sərxanın, habelə qohumu Zaur Mərdanovun adına rəsmiləşdirib.

T.İsmayılovun əsas nağd gəlirləri “Çerkizovsk” bazarından daxil olduğu üçün bazarın bağlanmasından sonra onun gəlirləri kəskin azalıb. Bu yaxınlarda məlum olub ki, T.İsmayılov “Bank Moskva”ya olan 107 milyon dollar kredit borcunu ödəmək üçün Moskvada ona məxsus olan “Praqa” restoranını və “Tropikano”nu satmağa hazırlaşır.

Bu ilin iyul ayında isə Kiyevin keçmiş meri Leonid Çernovetskinin kürəkəni Sergey Yançukovun “Manqazeya” şirkəti T.İsmayılov barəsində Kipr məhkəməsinə şikayət edib. İddiada T.İsmayılovun şirkətə olan 100 milyon dollar borcunun geri qaytarılması tələb olunur. Mübahisəyə London Arbitraj Məhkəməsi son nöqtə qoymalıdır.

T.İsmayılovun Türkiyədə də işləri yaxşı getmir. Onun 1,5 milyard dollarlıq “Mardan Palace” oteli ziyanla işləyir. İş adamı Türkiyənin dövlət bankı olan “Halk Bank”a on milyonlarla dollar borcludur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar