DÜNYA TƏQDİR EDİR, ÇÜNKİ…

Dərc olunub: 04/06/2019 - 08:00

BU DA BİR AZƏRBAYCAN BRENDİDİR…

orxanOrxan Mansurzadə,
polis polkovniki

Nəhayət, çoxlarının böyük maraq və intizarla gözlədiyi, ilin əsas idman olaylarından olan UEFA Avropa Liqasının möhtəşəm finalı mayın 29-da Bakının Olimpiya stadionunda baş tutdu. Özü də gözləntilərə uyğun olaraq bu günlərdə ölkəmizə axın etmiş turistlərin, həmçinin xarici və yerli azarkeşlərin fəal dəstəyi, coşqusu və yaxından iştirakı ilə keçirilən bu matç ölkəmizin Cənubi Qafqazın nəinki ictimai-siyasi, sosial-iqtisadi, eləcə də beynəlxalq əhəmiyyətli iri kütləvi mədəni, idman tədbirlərinə uğurla ev sahibliyi edən mərkəzinə çevrildiyini bütün əzəməti ilə ortaya qoydu.

Xaricdəki anti-Azərbaycan dairələrin sponsorluğu və dirijorluğu, inkişaf etmiş bir sıra Qərb dövlətlərinin paytaxtlarını yağır etmiş “söyüş müxalifəti”nin və yerli radikalların aktiv iştirakı və müşayiəti ilə son aylar daha da intensivləşmiş qarayaxma kampaniyasının əsas hədəfində möhtərəm dövlət başçımızın rəhbərliyi ilə respublikamızın Avropa İttifaqına, strukturlarına inteqrasiyasının, bu prosesin normativ-hüquqi bazasını təşkil edən müvafiq konvensiyanın imzalanmasının əngəllənməsi də vardı.

Ölkəmizin Avropa strukturları ilə hərtərəfli əməkdaşlığını və sıx inteqrasiyasını hədəfləyən strateji kursu məqsədyönlü şəkildə, dönmədən həyata keçirən dövlət başçımızın üzərimizə atılan çirkaba, sistemli şəkildə aparılan böhtan və şantaj kampaniyasına rəğmən respublikamızı bəlli məqsədlərə və hədəflərə addım-addım yaxınlaşdırması, öz yüksək daxili mədəniyyətindən və alicənablığından doğan qətiyyət və inamla Azərbaycanı azad, müstəqil və demokratik gələcəyə doğru yönəltməsi nəinki xalqımızda, həmçinin yaxın və dost çevrələrdə, ictimai-siyasi dairələrdə sonsuz fəxarət və qürur hissi doğurur. Çünki bugünlərdə yaranmasının 101-ci ildönümünü qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğunun şanlı tarixi, eyni zamanda, acı təcrübəsi də əyani şəkildə sübut edir, bu xüsusda ulu öndər Heydər Əliyevin məlum tarixi iqtibası da təsdiqləyir ki, dövlət müstəqilliyini qoruyub saxlamaq, onu əbədi, daimi və dönməz etmək milli istiqlalı qazanmaqdan daha çətin, daha məsuliyyətli vəzifədir, taleyüklü bir hadisədir.

Ötən əsrin əvvəllərində olduğu kimi, müstəqilliyimizə qənim kəsilənlərin, uğurlarımıza sevinməyənlərin, qısqanclıqla yanaşanların, Avropa Evində yerimizi dar etmək istəyənlərin ümumi fikir və məqsədləri indi də eynidir.Dəyişən isə tarixi şərait, zaman və məkan anlayışları, dəyişməyən müstəqil Azərbaycanın regionda lider dövlət kimi mövcudluğu, etibarlı tərəfdaş, bölgədə ümumi sülhün, ədalətin, əmniyyətin bərqərar olunmasına yönəlmiş məqsədyönlü fəaliyyəti, həlledici, sayılıb-seçilən mövqeyidir. İqtidarın üvanına səslənən, onu “demokratiya pressinqi” ilə sıxmağa, güzəştlər qoparmağa hesablanmış ittihamların daha çox ilin yaz aylarında səsləndirilməsi, bu mərhələdə anti-Azərbaycan çevrələrin daha çox “əzələ” nümayiş etdirməsi təsadüfi sayıla bilməz. Ötən ilin aprelində keçirilmiş prezident seçkilərində cənab İlham Əliyevin inamlı qələbəsindən sonra daha çox virtual aləmə köç etmiş, görüntü, sadəcə bir “quş” qoyulması xatirinə ən yaxşı halda başlarına iki yüz-üç yüz təzəli-köhnəli tərəfdar toplamağa qadir olan ənənəvi milli radikallar-demokratlarınAvropa və Azərbaycan diplomatiyası üçün əhəmiyyətli olan bir mərhələdə, daha sonra futbol üzrə Avropa Liqasının final matçının keçiriləcəyi bir vaxtda hərəkətlənmək və ya yenidən toparlanmaq barədə bəlli mərkəzlərdən sifariş alqdıqları şübhə doğurmurdu. Əvvəlki illərdə ölkəmizdə, xüsusən paytaxtda keçirilmiş bir sıra beynəlxalq əhəmiyyətli idman, musiqi yarışmalarında olduğu kimi, növbəti qaralama kampaniyasının əsas məqsədi şübhəsiz ki, Azərbaycanın yüksək səviyyəli təşkilatçılıq bacarığına, uğurlu ev sahibliyinə mümkün qədər kölgə salmaq, sonuncu tədbirin önəmini və miqyasını azaltmaq üçün əsas diqqəti ölkədaxili problemlərə, əsasən də guya insan hüquqlarının, xüsusən də sərbəst toplaşmaq azadlığının pozulmasına yönəltmək olub.

Sonrakı proseslərin ya məntiqsizliyindən, ya da talenin ironiyasından doğması bəlli olmasa da ölkəmizə qarşı hər zaman oynanılan senarilərin əsas hissələrindən biri kimi, “Dumanlı Albionu” təmsil edən iki futbol komandasının Bakıdakı final qarşılaşması ərəfəsində ikili standartların simvoluna çevrilmiş insan hüquqları mövzusu ilə klublardan birinin erməni əsilli G.Mxitaryan adlı oyunçusunun özünə və havadarlarına bəlli səbəblərdən yüksək təhlükəsizlik təminatları altında belə paytaxtımıza gəlməkdən imtinası ətrafında yersiz hay-küy, mənasız şou kampaniyasının qaldırılması zənnimizcə, əks-effekt verdi və bu zəmində anti-reklam, böyük haray-həşir əslində mayın 29-da baş tutan final oyununa beynəlxalq diqqəti bir qədər də artırdı, onun möhtəşəmliyinə, kütləviliyinə yeni rənglər, çalarlar qatdı.

Oyun ərəfəsində Avropanın, Yaxın və Orta Şərqin, Asiyanın ən böyük dövlətlərindən minlərlə turistin, futbol fanatının ölkəmizə axın-axın gəlməsi onlara paytaxtımız da daxil olmaqla respublikamızın bugünkü sosial-iqtisadi mənzərəsi, əlverişli kriminogen durum, sabitlik, əmin-amanlıq, ölkəmizin turistik imkanları, milli adət-ənənələri, qədim mədəniyyəti, tarixi barədə ətraflı məlumatlar əldə etmək imkanı qazandırdı. Mayın 29-da Bakıda Londonun iki futbol nəhənginin final çarpışmasını seyr etmək üçün dünyanın dörd bir tərəfindən paytaxtımıza təşrif buyuranların böyük qismi xaraktercə hədsiz emosionallıqları, cığallıqları və dalaşqanlıqları ilə ad çıxaran ingilis fanatları olublar.İri idman yarışlarının, xüsusən icadları olan futbol matçlarının keçiriləcəyi istənilən paytaxt şəhərində və ya meqapolisdə sakitliyi, sabitliyi, əmin-amanlığı pozmağa qadir olan potensial asayiş pozucularını durdurmaq, hər postsovet ölkəsinə qismət olmayan belə möhtəşəm futbol yarışına, illah da ki, Avropa Liqasının final matçına azacıq da olsa, zərrəcə belə kölgə salmaq niyyətinin qarşısını almaq ev sahibliyi edən hər bir dövlət, onun hüquq-mühafizə orqanları üçün bir prestij, şərəf məsələsidir desək, yəqin ki, yanılmarıq.

Sevindirici haldır ki, Avropa Liqasının finalının keçirilməsi ilə əlaqədar həmin prosesə cəlb olunmuş aidiyyatı dövlət, hüquq-mühafizə, o cümlədən daxili işlər orqanları, qeyri-hökumət təşkilatları, könüllülər vahid bir orqanizm, ailə kimi azarkeşlərin, turistlərin, futbolçuların ölkəmizə gəlişi, hava limanında sadələşdirilmiş vizanın açılmasından başlamış matçın yüksək təhlükəsizlik şəraitində keçirilməsinə, qonaqların qarşılanmalarından tutmuş yola salınmalarınadək, xırda detallaradək olan bütün məsələləri ən üst səviyyədə həll edib, indiyədək ölkəmizdə təşkil olunmuş qitə miqyaslı yarışlarla, o cümlədən Avroviziya musiqi yarışması, I Avropa Oyunları ilə bərabər, birinciyə də öz damğasını vurdu, belə mötəbər beynəlxalq əhəmiyyətli idman tədbirinin də yüksək səviyyəli təşkilatçılığına dair bir Azərbaycan brendi yaratdı.

Həmin ərəfədə digər dövlət qurumları kimi, daxili işlər orqanlarının şəxsi heyəti də mayın 27-dən 31-dək gücləndirilmiş iş rejimində xidmət aparıb, bu müddətdə ölkəmizə gələn əcnəbilərin, turistlərin və azarkeşlərin, Dənizkənarı Milli Parkda yaradılan “Fanzona”da, habelə “Sahil” bağında və “Qış parkı”nda təşkil edilən əyləncə məkanlarında asayişin və təhlükəsizliyin təmin edilməsi xidmətə cəlb olunan polis əməkdaşları tərəfindən yüksək səviyyədə həyata keçirilib, həmin vaxt hər hansı təxribatın və qanunazidd hərəkətlərin qarşısını əvvəlcədən almaq üçün həmin ərazilərə daxil olan şəxslər polis postlarında ciddi yoxlamadan keçiriliblər.

Qeyd edək ki, final oyununa qədər “Çelsi” və “Arsenal” komandalarının təlim-məşq bazalarına təhlükəsiz şəraitdə hərəkət etmələri, habelə şəhərdə nəqliyyatın düzgün nizamlanması üçün əlavə yol–patrul naryadları xidmətə cəlb olunub. Bununla yanaşı, gələn qonaqların Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanmaları, onların qaldıqları ünvanlara təhlükəsiz şəraitdə çatdırılmaları üçün polis postları yaradılıb. Respublika ərazisində strateji əhəmiyyətli obyektlərdə, o cümlədən xarici diplomatik nümayəndəliklərin yerləşdiyi ərazilərin, qonaqların qaldıqları məkanların mühafizəsi gücləndirilib.

Yerli azarkeşlərin stadiona daşınması üçün metronun “Qara Qarayev” və “28 May” stansiyalarının qarşısında yaradılan avtodayanacaqlarda polis əməkdaşları xidmətə cəlb edilib, mayın 29-da isə xarici azarkeşlərin stadiona təyin edilmiş yerlərdən daxil olmaları və onlara ayrılmış sektorlarda yerləşdirilməsi məqsədilə polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.

Lakin final ərəfəsində paytaxtda asayişin və əmniyyətin yüksək səviyyədə qorunmasına, vətəndaşların təhlükəsizliyin nümunəvi təmininə yönəlmiş tədbirləri şəhərimizin sakinləri və qonaqları, fanatlar anlayışla, təbii qarşıladıqları halda anti-Azərbaycan qüvvələrlə bərabər, mənəm-mənəmliyə, xudpəsəndliyə və yersiz təkəbbürə, liderlik ambisiyalarına görə bir neçə yerə bölünmüş radikal müxalifət cameəsi də matçın Bakıda keçirilməsi faktınaolduqca əsəbi, qısqanc və mənfi reaksiya veriblər. Onlar tədbirin əhəmiyyətini hər vəchlə azaltmağa çalışaraq həmişə olduğu kimi, dünyada milyonlarla insanın diqqətini özünə cəlb etmiş oyunla bağlı görülən önləyici tədbirlərə də siyasi don geydirməyə, guya bu addımların ölkə vətəndaşların hərəkət və sərbəst toplaşmağa dair hüquqlarının məhdudlaşdıracaqlarını iddia etməyə başladılar. Müxalifət düşərgəsində liderliyə iddialı olan, lakin dərnək səviyyəsində olan partiyaların elə funksionerləri də tapıldılar ki, onlar guya paytaxtın mərkəzi küçələrində bəzi məhdudlaşdırıcı tədbirlərin görüləcəyinə dair bir xəbər saytında getmiş, aidiyyatı qurumlarla dəqiqləşdirilməyən məlumatı əsassız olaraq nə qədər ciddiyə alıblarsa, kişilər az qala depressiyaya, iserikaya düşərək hətta ATƏT-ə, Avropa İttifaqına videomüraciət göndərmək fikrinə düşüblər. Əllərində də onu bayraq ediblər ki, hakimiyyət orqanları finalla təsadüfən eyni ərəfəyə düşmüş Respublika gününün qeyd edilməsini guya əngəlləyir, bununla bağlı onlara şəhərin mərkəzində hansısa yürüş-mitinq keçirməyə icazə vermir və s. Adı vaxtilə radikalların Avropa strukturlarına göndərdikləri, kimlərinsə “çörək ağacları”na, kimlərinsə manipulyasiya və spekulyasiya predmetinə çevirdikləri məşhur “siyasi məhbus” siyahılarının önündə gedən, məhz möhtərəm dövlət başçımızın yüksək humanizmi və mərhəməti sayəsində əfv olunan belə funksionerlərin təmsil olunduğu, indiyədək heç bir fəallığı və fəaliyyəti seçilməyən, əsasən virtual dünyanın təmsilçilərinə çevrilmişradikal düşərgənin bəzi mənsubları köhnə qitədəki havadarları, anti-Azərbaycan kampaniyalarının sifarişçiləri, ermənipərəst dairələr nə qədər qəribə görünsələr də məlum finalın ölkəmizdə baş tutmasından möhkəm narahatlıq, həyəcan keçiriblər.

Bu gerçəyi dəyişməyəcək qədər güc sahibləri də olmadıqlarından imkanları ancaq Respublika günü ilə final, insan hüquqları ilə ayrıseçkilik, yaxud bədnam erməni əsilli futbolçu arasında var-gəl etməyə, ara vurmağa girişiblər və bu zaman da hər kəs öz oyununu oynamağa, təxribatçı planlarını reallaşdırmağa çalışıb ki, son nəticədə bunların heç biri alınmadı və alınmazdı da. Hələ biz ondan danışmırıq ki, ölkənin əsas bayramlarından birini qeyd etmək adıyla finaldan bir gün öncə şəhərin mərkəzi küçələri ilə yürüş etmək istəyində olanlara radikal cinahın digər qütbündə dayanmış, hər keçirdikləri toplantıda dava-dalaşla, qalmaqallarla gündəmə gələn, 90-cı illərin əvvəllərinin meydan hərəkatının indilərdə guya eyni adla fəaliyyətlərini bərpa etmək istəyən sınıq-salxaq, nimdaş qəhrəmanları da qarşılıq verməliydilər. Onlar ehtimal olunan icazəsiz aksiyaların, sabitliyin pozulmasının qarşısını almalı olan polis əməkdaşlarının qanuni hərəkətlərini dünya ictimaiyyətinə hakimiyyət-vətəndaş qarşıdurması kimi təqdim edib ölkənizin beynəlxalq nüfuzunu zədələmək, respublikamız barədə qeyri-demokratiki ölkə imicinin formalaşdırılmasına yardımçı olmalıydılar. Aydın məsələdir ki, radikallar belə uzağagedən provokasiyaları biri-birilərinin qara, yaxud ala gözlərinə aşiq olduqlarından etməyəcəkdilər. Bunun arxasında əcnəbi sponsorların məlum camiəyə və dairələrə müxtəlif adlar altında, qrantlar şəklində səxavətlə ayırdıqları maddiyyat dayanırdı. Buna dəlalət edən bəzi məlumatlar mayın sonlarında bir sıra KİV-lərdə də yayılmışdı.

Bakıdakı möhtəşəm oyundan sonra iyunun 1-də İspaniyanın paytaxtında futbol üzrə Avropa Çempionları Liqasının finalında yenə İngiltərənin iki nəhənf klubu üz-üzə gəldi. Həmin matça hazırlıq, təşkilatçılıq səviyyəsi və təhlükəsizliyin təmini ilə bağlı istər Avropa, istərsə də dünya mətbuatında, soisal şəbəkələrdə əsasən eyni məzmun və xarakterli minlərlə yazılar, şərhlər gedir. Hamı da bir ağızdan biz deyəni deyir, yəni Avroliqanın Bakı finalı bütün parametrlər üzrə Çempionlar Liqasının finalını üstələyir. Yalnız bir nümunə gətirərək mövzuya son nöqtəni qoymaq olar. İngiltərənin ən məşhur futbol ekspertlərindən biri Brayan Uirli BBC-yə verdiyi açıqlamasında belə deyib: “Bakı uzaq olsa da, oradakı matçın təşkili əla idi. Şəhər çox təmiz, təhlükəsiz, stadiona gediş rahat. Madrid əsl cəhənnəm oldu. Çempionlar Liqası tarixində ən pis təşkil olunmuş matçdı. Mən və İngiltərədən “Çelsi”-“Arsenal” matçını seyr etmək üçün Bakıya getmiş on minlərlə fanat qarşılaşmaya ev sahibliyi edən Azərbaycanın paytaxtındakı hazırlıq və təşkilat səviyyəsindən, infrastrukturdan, təhlükəsizliyin təminatından vəcdə gəldik”.

İndi müxtəlif adlar altında, bəhanələrlə və çeşidli səbəblərlə Bakının Avroliqanın finalını keçirmək üçün yaxşı namizəd olmadığını sübut etmək istəyənlərin menyusununa digər bir informasiyasını təqdim etmək istərdik. Bu da beş ingilis fanatının İspaniyanın paytaxtı Madriddə həbs olunması,UEFA Çempionlar Liqasının finalından öncə “Tottenhem” azarkeşlərinin İspaniya polisi tərəfindən döyülməsidir. Bu xüsusda COYS News “Twitter” səhifəsində belə yazır: “Madriddəki polis bir bara daxil olub və heç bir səbəbsiz 50-yə yaxın “Tottenhem” fanatını rezin dəyənəklə döyüb. Çoxlu sayda yaralı var”.

Belə yazı və şərhlərin sayını artırmaq da olar. Amma, zənnimizcə, ehtiyac da yoxdur. Görünən dağa nə bələdçi? İndi qoy məqsədyönlü şəkildə dezinformasiya yayan, ölkəmizdə demokratiyanın azlığından dad edənlər belə səpkili materialları oxuyarkən minlərlə insanı inandırmaq istədikləri, tirajladılqarı yalanlara, dezinformasiyalara görə utanc hissi keçirirlərmi? Çətin ki…Amma bir həqiqət danılmazdır ki, Avropa Liqasının finalının timsalında Azərbaycan dövləti və rəhbərliyi, cəmiyyəti mükəmməl idarəçilik, üst səviyyədə təşkilatçılıq, yüksək təhlükəsizlik baxımından dünyaya yeni nümunə təklif və təqdim etdi. Heç şübhəsiz ki, bizdən sonra gələnlər hələ uzun illər bu nümunəyə istinad edəcək, ona bənzəməyə çalışacaqlar….








loading...


Fikrinizi bildirin