Müstəqil sosial müdafiə sisteminin qurucusu

Elman Babayev

Əməkdar jurnalist

Hər bir dövlət başçısının ən ali vəzifə kürsüsündə atacağı ilk və sistemli addım onu hakimiyyətə gətirən xalqın xeyrinə qərarlar vermək və bu qərarlarla onda məmnunluq hissini yaratmaq istəyi olur. Daha doğrusu, az-az dövlət xadimində belə bir duyğu, humanistlik keyfiyyətləri var ki, xalqının necə yaşamasına incə düşüncəsi olsun və özündən asılı bütün gərəkən qərarlara imzasını qoysun.

Heydər Əliyev hər zaman yüksək kürsülərdə olsa da, sadə xalq təbəqəsindən fiziki və mənəvi anlamda heç vaxt uzaqlaşmadı; onların dərdini, qayğılarını dinlədi və anındaca çıxış yolları axtarmağa başladı.

Təkcə axtarmadı, həm də öz diqqət və qayğısını real fakta çevirdi.

Heydər Əliyev istər sovet dövründə Azərbaycana rəhbərlik etdiyi zamanlar, istərsə də müstəqil Azərbaycanın Prezidenti kimi fəaliyyət göstərdiyi 10 il ərzində siyasi, iqtisadi, mədəni və digər sahələrdə əldə olunan nailiyyətlərin müəllifi olub. Azərbaycanın sosial müdafiə sisteminin memarı kimi də tarixə düşüb.

O yaxşı başa düşürdü ki, iqtisadi inkişaf olmasa, xalqa yaxşı güzəran vədini vermək və yaratmaq olmaz. Bunun üçün də rəhbərlik etdiyi bütün zamanlarda Azərbaycanın iqtisadi qüdrəti ön cərgədə dayanan məsələ oldu.

Heydər Əliyev aztəminatlı əhalinin sosial ehtiyaclarının ödənilməsindən ötrü bütün mümkün tədbirlərin həyata keçməsi üçün önəmli qərarlar qəbul etdi: müstəqillik dövründə pensiyaçıların, əllilərin, şəhid ailələrinin sosial vəziyyətinin gücləndirilməsi üçün yeni qanunvericilik bazası formalaşdırıldı və onların işləmə mexanizmi təmin olundu.

Xatırlamaq yerinə düşər ki, Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıdana kimi digər sahələrdə olduğu kimi sosial sahədə də vəziyyət ürəkaçan deyildi. Bir yandan Ermənistanın Azərbaycana təcavüzü və ərazilərin işğalı davam edirdi, digər yandan müxtəlif siyasi qruplaşmalar arasında hakimiyyət uğrunda mübarizə kəskin xarakter almaqda, seperatizm meylləri güclənməkdə idi. Nəticədə sosial-iqtisadi sahədə vəziyyət getdikcə gərgin xarakter alırdı. Nəzarət edilməyən iqtisadi böhran dərinləşirdi. Xarici yardımdan asılılığın güclənməsi, əhalinin çaşqınlığı və mənəvi-psixoloji böhran hökm sürürdü. Kənd təsərrüfatında, sənayedə istehsal aşağı düşmüşdü.

Bir sözlə, gerilməyən hansısa sahə yox idi. Belə bir şəraitdə xalqın tələbi ilə hakimiyyətə gələn təcrübəli dövlət adamı Heydər Əliyev qısa müddətdə geriləmə prosesinin qarşısını tam ala bildi. Ölkə iqtisadiyyatının və sosial müdafiə institutlarının yenidən qurulmasına başlanıldı. Etibarlı iqtisadi baza yaradıldı və sosial müdafiə sisteminin yeni şəraitə uyğun qurulmasına nail olundu.

Xüsusilə onu vurğulamaq yerinə düşər ki, 1995-ci ildə ulu öndərin təşəbbüsü və rəhbərliyi ilə hazırlanan yeni Konstitusiya ümumxalq səsverməsi ilə qəbul edildi və bununla ciddi islahatların həyata keçirilməsinə start verildi. Əsas Qanunda təsbit edilmiş sosial normalar bazar münasibətləri əsasında formalaşan sosialyönümlü milli iqtisadiyyatın qurulmasını müəyyən edən fundamental normativ bazanın yaradılmasına gətirib çıxartdı.

1993-2003-cü illərdə Heydər Əliyevin rəhbərliyi ilə sosial müdafiə sahəsində qəbul olunan bir sıra əsas faktlara nəzər salmaq yetər ki, görülən işin nə qədər əhatəli olduğu görünsün:

- 1993-cü ilin 22 noyabrında "İşləməyən pensiyaçılara kompensasiya verilməsi haqqında", "Çörəyin və çörək məmulatlarının qiymətlərinin tənzimlənməsi və əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında" fərmanlar imzalandı;

- 1990-cı ilin 20 Yanvar faciəsinə əsl hüquqi qiymət verilməsi ilə yanaşı, "20 Yanvar şəhidi" fəxri adı təsis edildi və bu faciənin qurbanlarının sosial müdafiəsi xüsusi nəzarətə götürüldü;

- Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında, Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasında iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında xüsusi qanunlar qəbul olundu;

- Azərbaycan Respublikasının azadlığı, istiqlaliyyəti, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların ailələrinin maddi imkanının yaxşılaşdırılması, Azərbaycan Milli Qəhrəmanlarının və onlardan həlak olanların ailələrinə yardım edilməsi Azərbaycan Respublikası Prezidentinin müxtəlif fərman və sərəncamları ilə hüquqi normaya çevrildi;

- 1994-cü ildən əməyin ödənilməsinin minimum məbləği əhəmiyyətli şəkildə artırıldı, pensiya, təqaüd və müavinətlərin məbləği əməyin ödənilməsinin minimum məbləğinə uyğunlaşdırıldı;

- 1994-cü il dekabrın 1-dən sosial və işləməyən pensiyaçılara, dövlət ali və orta ixtisas təhsili müəssisələrinin gündüz şöbələrində oxuyan tələbələrə və texniki peşə məktəblərinin şagirdlərinə, adambaşına aylıq gəliri minimum əməkhaqqının 2 mislindən az olan ailələrdə 16 yaşınadək uşaqların hər birinə yeni məbləğlərlə pul kompensasiyası təyin edildi;

- 1997-ci ilin avqust ayında ölkə üzrə pensiyaçıların yarıdan çoxunun pensiyasının məbləği 2,2 dəfə qaldırıldı, eləcə də əlillərin, tənha və ahıl vətəndaşların, sosial pensiyaçıların pensiyalarına əlavə müavinətlər müəyyən edildi;

- 1998-ci ilin avqust ayından şəhid ailələrinin, müharibə əlillərinin, qaçqın və məcburi köçkünlərin pensiyalarının məbləği 2 dəfədən çox artırıldı;

- 2000-ci il yanvarın 1-dən pensiya və müavinətlərin ümumi məbləğinin minimum həddi 50 min manata çatdırıldı;

- 2000-ci ilin noyabr ayından sosial pensiyaçıların pensiyalarına əlavə olaraq 10 min manat aylıq müavinət müyyən edildi;

- 2001-ci ilin yanvarın 1-dən 20 Yanvar əlillərinin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda əlil olanların pensiyalarına hesablanan aylıq müavinətlər orta hesabla 1,5 dəfə, aztəminatlı ailələrdə uşaq doğularkən verilən birdəfəlik müavinət 1,4 dəfə, dəfn üçün müavinət 1,5 dəfə, üç uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən aylıq müavinət orta hesabla 1,8 dəfə artırıldı;

- Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 2001-ci il 17 iyul tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında Pensiya İslahatı Konsepsiyası" təsdiq edildi. Konsepsiya vətəndaşların pensiya ödənişlərinin etibarlı maliyyə təmiatına nail olunmasına, pensiya təminatı sisteminin bazar iqtisadiyyatı prinsiplərinə uyğunlaşdırılmasına və bu sistemin idarə olunmasını təkmilləşdirməklə onun səmərəliliyinin artırılması kimi mühüm vəzifələri hədəflədi.

Ümumilikdə, Heydər Əliyevin 10 illik hakimiyyəti dövründə pensiyaçıların maddi vəziyyətinin yaxşılaşdırılması məqsədilə dəfələrlə pensiya qanunvericiliyində pensiyaların məbləğlərinin artırılmasını nəzərdə tutan dəyişikliklər edildi. 1996-2003-cü illər ərzində aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidenti tərəfindən 8 fərman və sərəncam imzalandı. Bundan başqa, Nazirlər Kabinetinin 2 qərarı oldu ki, bunların tətbiqi nəticəsində, eləcə də ölkədə əməkhaqlarının artımı hesabına pensiya və müavinətlərin orta aylıq məbləği 1995-2003-cü illər ərzində 8 dəfə artdı.

İqtisadi islahatların cəmiyyətə mənfi təsirlərini tənzimləmək üçün əhalinin ehtiyacı olan təbəqələrinin sosial müdafiəsini təmin etmək dövlətin əsas vəzifəsi kimi müəyyənləşdirilirdi.

Heydər Əliyevin müəyyən etdiyi prinsiplər bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə davam və inkişaf etdirilir. Nəticədə bu gün Azərbaycan beynəlxalq standartlara cavab verən etibarlı sosial müdafiə sisteminə malik olan ölkələr sırasında yer alıb.

Heydər Əliyevin atdığı hər bir addımın arxasında, gördüyü hər bir işin əsasında dövlətin yaşaması, dövlətçiliyin sarsılmazlığı, Azərbaycanın dünya dövlətləri içərisində layiqli yer tutması prinsipi dayanırdı. Heydər Əliyev məhz belə prinsipləri ilə öz adını dünyada dövlət quran dəyərli adların cərgəsinə daxil edə bildi...

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar