ELDAR ƏZİZOVUN ATATÜRK SEVGİSİ?!

Dərc olunub: 03/07/2019 - 16:47

xalidXalid NİYAZOV

Bakı küçələrinin çoxunun adı dəyişib.

Onlardan biri də Gənclər dostluğu küçəsidir. Sakinlərin “Ayna Sultanovanın heykəli” adlandırdığı ünvandan ta ki, “Gənclik” meydanınadək uzanan ikitərəfli, Bakı standartları ilə götürsək, geniş və abad küçədir.

Sonralar onun da adını dəyişib Atatürk prospekti qoydular. Müasir Türkiyənin memarı, hər bir – Türkəm! – söyləyən kəsin qürur mənbəyi olan Mustafa Kamal Atatürkün adını daşıyan prospektdə yaşamağın özü bir ayrı fəxarətdir.

Bu prospektin bir tərəfində “sovet”dən qalma beş-on mərtəbəli binalar sıralanıb, digər tərəfində isə, hər nə qədər təzadlı görünsə də, məhz müstəqillik illərində yaranmış “milyonerlər məhləsi”.

Keçmişdə…

Sovetin dövründə “Oktyabr”, müstəqillik illərindəsə “Şuşa” adlanan və nəticə etibarilə ərazisi kimlərinsə xoşuna gəldiyinə görə sökülən binadan ta ki, “Ayna Sultanova”yadək uzanan həmin ikitərəfli yolun ortasından qəşəng bir park uzanır. 90-cı illərdə orada cakinlərin ayaq atması üçün bir parça yer belə qalmamışdı; əlillik “knijka”sı olanlar brezentdən və dikt-faner parçalarından o qədər çayxana-pivəxana düzəltmişdilər ki, üfunət iyindən o həndəvərdən keçmək belə mümkün deyildi.

Yaxşı yadımdadır, 1999-cu ilin payızı idi. Parkın acınacaqlı vəziyyəti o ətrafda yaşayanların hamısını dilxor eləmişdi. Jurnalistlik fəaliyyətimin böyük bir səhifəsi Bakı mövzusu ilə sıx-sıx bağlı olduğu üçün, biganə qala bilməzdim və eləmə tənbəllik, “Nəcib təşəbbüsə təmənnalı münasibət” adlı bir yazı yazdım. Məqalə baş redaktorumuz mərhum Əmir Mustafayevin xoşuna gəldiyindən dərhal nömrəyə qoymuşdu. Səhər həyətdən prospektə burulanda gözlərimə inana bilmədim; yağışlı-çiskinli hava olmasına baxmayaraq iri yük maşınları, avtokranlar parkı üzük qaşı kimi dövrəyə almışdı. Rayonin icra başçısı şəxsən “iməciliyə” rəhbərlik edirdi. Məsələ bəlkə də “Azərbaycan” qəzetinin tənqidində deyildi, sadəcə, o vaxtlar Heydər Əliyev məktəbindən çıxmış adamlar iş başındaydı

Nə başınızı ağrıdım, bir-iki günə Atatürkün adını daşıyan park əməlli-başlı təmizləndi.

Lakin sonralar hər şey yenə öz “orbitinə qayıtdı” və bir neçə onillik yaşı olan ağacları qırıb yerində “Büllur”, “İsa bulağı”, “Qızılgül” adlı restoranlar tikdilər. O kiçik ərazidə elə bil “yerə bal tökülübmüş” kimi iaşə obyektlərinin də sayı artmağa başladı. Biri deputat-oliqarxın, biri filan məmurun, o biri deyilənə görə, köməkçinin…

Hava almaq üçün evinin qabağındakı bağa çıxan insanları nə gözləyirdi? – Kabab tüstüsü, pivə və araqdan başı dumanlanıb “xalxın” qız-gəlininə söz atan tərbiyəsizlər. Axşamlar uşağının-nəvəsinin əlindən tutub gəzişən adama rast gələ bilməzdin.

Ən pisi isə o idi ki, 80-100 kv metr sahəsi olan restoranlar ən azı o qədər də ərazini qanunsuz şəkildə zəbt edərək açıq havada çayxana-pivəxana təşkil eləmişdilər… söyüşün “dəstəsi” iki qəpik.

İstanbulda olanlar bilirlər; Avropanın bu ən iri şəhərində Ulu öndər Heydər Əliyevin xatirəsini iki məkanda əbədiləşdiriblər. Biri şəhərin, necə deyərlər göbəyində, Şişli bələdiyyəsinin ən “güzidə” ərazisi sayılan Fulyada yerləşir. 2004-cü ilin iyununda həmin parkın və büstün açılışında Azərbaycan prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva iştirak etmişdilər.

Digəri isə Sarıyerdədir ki, orada da elə bir iaşə obyekti yoxdur ki, “biradan-rakıdan” içib “tinivi çaşasan”. Ankarada, İzmirdə, Qarsda da Azərbaycanın milli qürurunun adı əbədiləşdirilib və həmin məkanların yaşıllığı, gül-çiçəyi bol olsa da, kafe-restoran sarıdan “kasaddır”.

Ancaq əfsuslar olsun ki, bunu Bakıdakı Atatürk parkı haqqında demək olmurdu.

İndi …

Əslində, bilmirəm, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun Atatürkə hər hansı bir hüsn-təvəccöhü varmı, o böyük İnsanı sevir, ya yox, amma son aylar həmin parkda görülən işlər nəhayət ki, biganəlik “buzlarının əridiyindən”, Bakının çöhrəsinə, böyük Atatürkün adını daşıyan prospektə layiq bir yaşıl məkanın, gözəllik vahəsinin ərsəyə gələcəyindən xəbər verir.

Ərazi, demək olar ki, prospekt boyunca şumlanıb, piyada cığırları, çiçəkliklər salınir, ağaclar əkilir, boş ərazilərə yaşıl ot örtüyü çəkilir. Buranın gözəl bir xiyabana çevriləcəyi hər bir halından bəllidir. Artıq insanlar o ətrafdan keçəndə təəssüflə baxıb köks ötürmür, əksinə, bu savab işin baiskarlarına alqış eliyir.

Ən maraqlısı isə odur ki, kafe-restoranların əksəriyyəti sökülüb, bəziləri yenidən qurulur. Heç şübhəsiz, park ərazisində müasir şəhərsalma standartlarına əsasən əyləncə məkanları da olmalıdır, dondurma dadmaq, yaxud kiçik bir qəlyanaltı eləmək üçün kafe də vacibdir. Lakin hər şey mizan-tərəzisində … tüstü-kababsız, pivə-araqsız!

Komsomolsayağı islahatlarmı?!

Şəhər təsərrüfatı ilə məşğul olanlar yaxşı bilirlər; biri var əsaslı təmir, bir də var cari təmir.

Ancaq müstəqillik illərində həmin təsnifata biri də əlavə olundu – “üstü bəzək, altı təzək” metodu. Yəqin ki, sovet dövründə bunu “Abutalıbov metodu” adlandırıb lap patent də verə bilərdilər.

Mənsə bu cür “qurşaqdan aşağı” fəaliyyəti həmişə “komsomolsayağı islahat” hesab eləmişəm. Kinayə ilə.
Vaxtınızı alsam da, niyəsini deyim.

Tale elə gətirdi ki, mən üç il orta məktəbdə, sonra da Universitetdə fakültə komsomol komitəsinin katibi oldum. Bəli, komsomol gənclik enerjimizi sərf etmək üçün maraqlı və məqbul platforma idi, ancaq bütövlükdə partiyanın “yaxın köməkçisi” sayılan komsomolun əsas vəzifəsi quru yerdə “tozanaq” qoparmaqdan, türkün sözü “göz boyamaqdan” başqa bir şey deyildi.

Universitetin bir komsomol katibi vardı, yaxşı oğlandı. Amma vay o gündən ki, biri gəlib deyəydi ki – Faik Mamedoviç dəhlizdədir. Dərhal bloknotunu əlinə alıb ikinci mərtəbəyə qalxır və guya iş dalınca tələsirmiş kimi iti addımlarla yürüyürdü. Ta ki, rektorla qarşılaşana qədər.

Nə üçün xatırladım… indi Atatürk parkında da yığma konstruksiyalardan “tikilmiş” iaşə obyektlərinin sökülüb yerində dəmir betondan, özü də ikimərtəbəli obyektlərin tikildiyini görəndə içimdə şübhə toxumları baş qaldırır və yadıma salıram ki, Bakının bugünkü başçısı da o vaxtlar “raykom, qorkom və SK” komsomolun katibi olub. Və əcəba, bu islahatlar sonunda “bülbül üstündə fil” sürprizinə çevrilməyəcəkmi?!

İstənilən halda, sələfindən yerlə-göy qədər fərqlənən və Bakını həqiqi məhəbbətlə sevdiyi görünən Eldar müəllimə işində uğurlar, özümüzə isə əndişəmizdə yanılmağı arzu edirik.

P.S. Bir istəyimiz da var – biz “Büllur”u, “Qızılgül”ü, “İsa bulağı”nı Bakının bağ və parklarında deyil, birini rəfdə, o birini tağında, üçüncüsünü isə Şuşada görmək istəyirik.

 








loading...


Fikrinizi bildirin