Seymur Verdizadəyə «zəhmətkeş» məktubu

Petruxa olan yerdə Məmmədqulu kimdir ki?...

Mirzə AĞ

Salam, Seymur qağa!

Yazılarını hərdən oxuyurdum - düzü, xoşhal olurdum... ki, ölkəmdə həqiqəti yazanlar da var. Amma yox, görünür, bərk yanılmışam - sonuncu yazın bütün əvvəlki yazdıqlarının yaratdığı təəssüratın üzərindən iri «marker»lə qalın-yoğun bir xətt çəkdi...

Uzun danışmağı sevmirəm, baxmayaraq ki, «palazqulaq» məqalələr yazmaq kimi «naqis» bir şakərim (hobbim) var. Ayə, o nədir yazmısan? Nə bilim, «urus yesin, mənimkilər onun ağzına baxsın, yaxud «eşşək gözü boyda lalə üzlü gilas bahadır», «bazar od tutub yanır», «qiymətlər maral (Allah Ə.Haqverdiyevə rəhmət eləsin - yəqin ki, onun maralını nəzərdə tutmusan - M.A.) belinə qalxıb», nə bilim, Novruz hökuməti burdan getdi, kənd təsərrüfatı nazirliyi ordan gəldi və s.

Heç gözləməzdim səndən...

Nəzərinə çatdırmaq istəyirəm ki, mən də hərdən yazıram, amma insafla yazıram ki, heç kim məndən inciməsin - məsələn, ümid edirəm ki, məndən inciməsələr növbəti dəfə mən binəsibə də «jurnalist binası»ndan» bir otaqdan-zaddan «əta» elədilər və mən də boş başımı həmin hücrədə «gizlədib», hökumətin mənə «qocalıq pensiyası» verməməsindən «ləzzət ala bildim»...

İndi sənin yazdıqlarının həqiqətdən nə qədər uzaq olduğunu ortaya qoymaq istəyirəm. Ayə, yazırsan ki, Qubada gördüyün «eşşək gözü boyda lalə üzlü» gilası urus balası ləzzətlə yeyir, səninkilər isə urusun ağzına baxır. İnsafın olsun, belə deyil axı! Kasıb elə hər yerdə kasıbdır. Yenə bizimkilər orda-burda çəpəri yarıb bağa keçirlər və qorxu altında olsa da gilas-filan təam edə bilirlər. Kasıb urusun balası heç bunu da görmür. Çünki gilas Azərbaycanda olduğu kimi, Rusiyada da bahadır. Bir də ki, lap urus balası tapıb yesə də yenə qınanılası bir şey deyil - nədən ki, «böyük qardaş»ın balasıdı, bu səbəblə də Petruxa olan yerdə Məmmədqulu nə karədir ki?!

Bahalıqdan şikayət edirsən - guya, gilas, pamador (pomidor yox ha!), xiyar, yemiş, qarpız... BADIMCAN çox bahadır! Hə, noolsun? Sən heç qəzet-filan oxumursan? Görünür oxumursan, oxusaydın, bilərdin ki, o boyda Novruz hökumətinin, o boyda kənd təərrüfatı nazirinin, o boyda müavini sənin cızmaqarana necə mərifət və layəqətlə, necə samballı cavab verdi. Və halon ki, bilmirsən, mən nəzərinə çatdırmağı özümə borc bildim - «qoy ədalət zəfər çalsın!»

Biləsən, elə sənin çızmaqaran «zühur» edən gün kənd təsərrüfatı nazirimizin müavini həşəmətli İlham Quliyev kasıblıqdan və qiymətlərin bahalığından əzilən Azərbaycan xalqına üz tutub dedi: «Kənd təsərrüfatı məhsullarının bazarı liberaldır (? -M.A.). Qiyməti tələb-təklif tənzimləyir. Biz, nə istehsalçının, nə də istehsakçının ziyana düşməsini isəyirik. Sadəcə, bəzi məhsullar mövsümdən və iqlim səraitindən asılı olaraq bahalasır və yaxud ucuzlasır». Başqa sözlə, həşəmətli nazir müavini deyib ki, «Bahalaşmadan təlaş keçirməyin...». Guya ki, sevinmək lazımmış - malades!

Bu məqamda «Quliverin səyahəti» yadıma düşdü - kral akademiyasının akademikləri «dərisiz qoyun» yaratmaq «problem»i üzərində işləyirlər. Bəs necə, bizimkilər kral akademiklərindən əskik deyillər ki, maşallah, hər-biri bir dəryadı!

Hörmətli Seymur qağa, indi səndən soruşmaq istəyirəm: Kim düz deyir - sən, yoxsa o boyda nazir müavini? Niyə təxribatla məşğul olursan - lalə üzlü gilasdan dəm vurub, acqarına kasıb-kusubun ağzının suyunu axıdırsan?! Bir insafın olsun, axı bu zavallılar «şişə bilərlər»...

Özün də məndən icimə, çalışıb bütün yazdıqlarının hamısını saf-çürük edəcəm - onsuz da bekarçılıqdan lap təngə gəlmişəm...

Elə bu məqamda hardansa qulaqlarıma (biləsən ki, düz qırx ildir qulaqlarım eşitmir!) «Arazbarı» simfonik muğamının sədası gəldi. Mən də tənbəllik etmədən, bu ilahi musiqinin qanadları üstündə Araz boyu (Ağdam, Fuzuli, Cəbrayıl, Zəngilan, Ordubad, Naxçıvan marşrutu üzrə) sentimental səyahətə yollandım...

Şərhlər

Müfəttiş 2019-07-13 08:51:50

AzPolitikanın dadı-ləzzəti tədricən qaçır, ay Mirzə müəllim.Yazılarını səbirsızliklə gözlədiyimiz köşə yazarlarına meydan vermirlər.Təklif edirlər ki, bəzi özlərinə təzə sənət tapmış dahilərin şedevrlərini oxuyub əzbərləyək. Onların yazdıqları bizimlə danışmır axı...

Bashirov Qarib 2019-07-13 08:51:50

Ağeyi Mirzə,yadında olar,Bambılı yoldaş MK-da qərar vermişdiki,meyvə -tərəvəz Urusiyyətə daşınmasın, yerli bazarlarda satılsın ki,Seymur muəllim ( o vaxtlar uşaq olardı Seymur muəllim) kimi uşaqlar da doyunca meyvə tərəvəz yesin.Nə baş verdiyini də xatırlayarsan-etiraz əlaməti olaraq pamador dolu onlarla kamazları MK-nın qabagına boşaldırdılar. Şəhəri ufunət iyi burumuşdur.Yəqin ki Seymur muəllim də həmin nostalji illərin arzusundadır.

Son yazılar