“Əsrin müqaviləsi” Azərbaycana nə verib?

Elman Babayev

Heydər Əliyevin bugünkü və sabahkı nəsillər qarşısında tarixi xidməti

20 sentyabr 1994-cü ildə “Azəri-Çıraq-Günəşli” dəniz neft-qaz yataqları blokunun kəşfiyyatı və işlənməsi üzrə “Əsrin müqaviləsi” imzalanıb. Buna adi bir tarix kimi baxmaq mümkün deyil. Bu müqavilə Azərbaycana çox uğurlar vəd edirdi və qazandırdı da. 

“Əsrin müqaviləsi”nə qədər Azərbaycan çox ciddi siyasi gərginlik yaşayırdı.   Ölkə qorxulu bir fəlakətin astanasına gətirilmişdi. AXC-Müsavat hakimiyyəti zəif, intriqalarla dolu bir hakimiyyət idi və belə bir hakimiyyətlə neft kontraktlarını imzalamaq xarici neft şirkətləri üçün böyük riskə çevrilmişdi. Başqa tərəfdən, neft kontraktlarının imzalanmaması üçün Azərbaycanı sevməyən, bu ölkənin sərvətini təkbaşına qamarlamaq istəyən xarici dairələr də hərəkətə keçmişdi. Heydər Əliyev məhz belə mürəkkəb siyasi şəraitdə siyasi hakimiyyətə gəldi; Azərbaycanı qorxulu olaylardan qurtarandan sonra, başqa sözlə desək, müstəqil dövlətin laxlamış bünövrəsinə möhkəm daşlar atdıqdan sonra ölkənin inkişafı ücün iki xətt müəyyənləşdirdi: siyasi, demokratik islahatları yürütmək və iqtisadi inkişaf ücün addımlar atmaq.

Əvvəlçə ikinçidən başlayaq, cünki iqtisadi inkişaf siyasi, demokratik islahatların getməsi ücün də vaçib şərtlərdən biridir. Heydər Əliyev Azərbaycan ücün, sözsüz ki, dünya ücün də gərəkli olan layihəni ön plana cıxartdı: “Əsrin müqaviləsi”nin imzalanmasına müvəffəq olub, neft axtarışlarına start vermək, ardınça Bakı-Tbilisi-Çeyhan neft kəmərinin cəkilməsini həyata kecirmək.

O, bu siyasətində yanılmadı; neftin axtarışları uğur gətirdi, kəmər əfsanəsi əfsanəlikdən çıxıb həqiqətə cevrildi.

Enerji layihələri, neft-qaz strategiyası tarixə onun adıyla düşdü. Xarici şirkətlər Heydər Əliyevə və onun gətirdiyi siyasi sabitliyin möhkəmliyinə inandılar. 1994-çü ildə ortaya qoyulan “Əsrin müqaviləsi” Azərbaycanda təntənə ilə imzalandı. Neft faktoru Azərbaycanın milli təhlükəsizlik faktoruna cevrildi.

Heydər Əliyevin siyasi təfəkküründə ölkənin iqtisadi resursları, möçüzəvi nemətləri siyasi müstəqilliyin möhkəmlənməsi, xariçi müdaxilələrdən qorunması, dünyaya cıxması, özünü tanıtması, sayılan-secilən məmləkətə cevrilməsi ücün cox böyük faktor idi. Böyük İpək yolunun acılması məsələsi istiqamətində addımların atılması, Bakı-Çeyhan neft kəmərinin cəkilməsi, digər strateji layihələrə imza qoymaq kimi məsələləri Heydər Əliyev Azərbaycanın siyasi müstəqilliyinin mühafizəsində bir vasitəyə cevirdi.

2002-ci ildə ümummilli lider Heydər Əliyevin davamlı səyləri nəticəsində “Əsrin müqaviləsi”ndə nəzərdə tutulan, lakin çoxlarının əfsanə və ya kağız üzərində kəmər hesab etdiyi əsas neft kəməri Bakı-Tbilisi-Ceyhanın təməli qoyulub. Qlobal əhəmiyyət kəsb edən kəmər Azərbaycanın enerji dəhlizinə çevrilməsi istiqamətində mühüm addım idi. 2005-ci il mayın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılış mərasimi keçirilib, 2006-cı ildə Türkiyənin Ceyhan limanından Azərbaycan neftinin nəqlinə başlanılıb.

Beləliklə, məhz 1994-cü ildə imzalanmış neft kontraktları 2003-cü ildən etibarən heyrətamiz gəlir gətirməyə başladı, ölkə fantastik dərəcədə böyümək, müasirləşmək imkanı qazandı, Azərbaycanın dünyaya inteqrasiyası qarşısıalınmaz bir sürətlə getdi. 

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən neft strategiyası ölkəmizi lider ölkələr səviyyəsinə yüksəldib.

“Əsrin müqaviləsi” həm də yeni transmilli enerji layihələrinin həyata keçirilməsində mühüm rola malikdir. Ümummilli lider Heydər Əliyevin neft strategiyasını uğirla davam etdirən Prezidenti İlham Əliyevin siyasi iradəsi və qətiyyəti sayəsində, Azərbaycanın liderliyi ilə həyata keçirilən yeni layihələr ölkəmizin iqtisadi qüdrətinin və dünya arenasında siyasi çəkisinin artmasını təmin etdi.

Xüsusilə, Azərbaycan zəngin neft resurslarından daxil olan valyuta ehtiyatlarını səmərəli şəkildə xərcləməklə, iqtisadiyyatın bütün sektorlarının dinamik inkişafı üçün əlverişli baza yaratmağa nail olub və hazırda qeyri-neft sektoru valyuta gətirə biləcək strateji bölməyə çevrilib.

Neft müqavilələrinin 2003-cü ildən sonra Azərbaycana gətirdiyi gəlirlər nəticəsində son 15 il ərzində;

·        Azərbaycan iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə artıb, qeyri-neft ixracı 4,1 dəfə çoxalıb;

·        ümumi daxili məhsul üç dəfədən çox artıb, ölkə iqtisadiyyatına son 250 milyard dollardan çox sərmayə qoyulub;

·        Azərbaycanda xarici dövlət borcu çox aşağı səviyyəyə enib və ümumi daxili məhsulumuzun cəmi 20 faizini təşkil edir. Azərbaycanın valyuta ehtiyatları xarici borcumuzdan 4-5 dəfə çoxdur. Yəni, Azərbaycan istənilən vaxtda bütün borcları rahatlıqla ödəyə bilər;

·        2003-2018-ci illər ərzində ölkədə 1,9 milyon yeni iş yeri açılıb, işsizlik səviyyəsi 5 faizə, yoxsulluq isə 49 faizdən 5,4 faizə endirilib. Əhalinin artımı fonunda işsizlik səviyyəsinin artımı qeydə alınmayıb. Bu, onu göstərir ki, qara qızıl, neft və qaz insan kapitalına çevrilib;

·        son 15 il ərzində əməkhaqqının, pensiyanın 10 dəfəyə yaxın artırılıb;

·       ümumilikdə bu vaxta qədər 6764 şəhid ailəsi və müharibə əlili mənzillə təmin olunub. Eyni zamanda, müharibə əlillərinə 6474 minik avtomobili verilib;

·        qaçqın və məcburi köçkün ailələri üçün 104 qəsəbə salınıb və 300 min məcburi köçkün mənzillə təmin olunub;

·        Azərbaycanda 3200 məktəb tikilərək istifadəyə verilib. Bununla yanaşı bu vaxta qədər 44 rayonda 243 modul tipli məktəb şagirdlərin ixtiyarına verilib;

·        Azərbaycanda 640-dən çox yeni tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir edilib;

·        Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində atılan addımlar bu gün milli ordumuzun dünyanın ən qüdrətli orduları sırasına daxil olmasına imkan yaradıb və ordumuz dünyanın ən güclü 50 ordusu sırasındadır;

·        Azərbaycanın valyuta ehtiyatları 2003-cü ildə 1,8 milyard dollar idisə hazırda 49 milyard dollar səviyyəsindədir;

·        Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatında Azərbaycan iqtisadiyyatı artıq dünyada 35-ci, MDB məkanında isə 1-ci yerdədir. Forumun 2017-ci il üzrə “İnklüziv inkişaf indeksi” adlı illik hesabatında Azərbaycan inkişaf etməkdə olan 80 ölkə arasında 3-cü yerə yüksəlib;

·        “Doing Business” hesabatında ölkəmiz 25-ci yerə yüksəlib və Azərbaycan 10 ən islahatçı ölkələr siyahısına daxil olub;

·        2008-ci ildə Azərbaycan peykinin orbitə çıxarılması haqqında qərar verilib və 2013-cü il fevralın 8-də Azərbaycanın ilk süni telekommunikasiya peykinin - “Azerspace-1”-in orbitə çıxarılması ölkəmizin həyatında çox əlamətdar, tarixi bir gün, böyük nailiyyət olmaqla yanaşı, Azərbaycanı kosmik ölkələr sırasına daxil edib. 2014-cü ildə Azərbaycan ikinci müşahidə peykinə sahib olub, bu peyk - “Azersky” ölkəmizə təhvil verilib. Bu il sentyabrın 26-da isə daha bir telekommunikasiya peyki - “Azerspace-2” orbitə çıxarılıb;

·        Azərbaycan bu gün iqtisadi potensial baxımından regionun lider ölkəsidir. Cənubi Qafqaz iqtisadiyyatında onun payı 80 faizdən artıqdır;

·        Azərbaycanda 7 beynəlxalq hava limanı yaradılıb;

·        respublikamızda 16 min kilometrdən çox avtomobil yolu yenidən qurulub, bərpa və təmir edilib;

·       qazlaşdırmanın səviyyəsinə görə Azərbaycan dünyada lider ölkələrdəndir, qazlaşdırmanın səviyyəsi 95 faizə çatıb;

·        Azərbaycan vətəndaşlarının  fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi məqsədilə görülmüş işlərin real nəticəsi olaraq mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin olunan əhalinin sayı 2 dəfə, fasiləsiz su alanların xüsusi çəkisi isə 4,8 dəfə artıb;

·        ötən 15 ildə 31 yeni elektrik stansiyası tikilib, 2500 meqavatlıq yeni güclər yaradılıb.

Onu da vurğulayaq ki, 2017-ci il sentyabrında  “Əsrin müqaviləsi”nin müddəti 2050-ci ilə qədər uzaldılıb. Sazişin bir hissəsi olaraq SOCAR-ın AÇG-dəki iştirak payı 11,65%-dən 25%-ə qaldırılacaq və beynəlxalq tərəfdaş şirkətlər Azərbaycan Dövlət Neft Fonduna $3.6 milyard bonus ödəyəcəklər. Növbəti 32 il müddətində AÇG-yə $40 milyarddan artıq sərmayə qoyulması potensialı var.

"Azəri-Çıraq-Günəşli" neft yataqları blokunun 2050-ci ilə qədər işlənməsini nəzərdə tutan yeni saziş XXI əsrin kontraktıdır.

Yeni müqavilə ölkəmizin və şirkətimizin 1994-cü ildən bəri artan maliyyə və texnoloji potensialını əks etdirməklə yanaşı, xarici tərəfdaş şirkətlərin Azərbaycan iqtisadiyyatına olan inamını da göstərir.

Prezident İlham Əliyevin qətiyyəti, milli maraqlara əsaslanan düşünülmüş və prinsipial siyasəti ilə daha bir mühüm layihənin - “Cənub Qaz Dəhlizi”nin həyata keçirilməsi təmin edilib.

“Cənub Qaz Dəhlizi” Azərbaycana nə vəd edir? 

·        qarşıdan gələn 100 il ərzində Azərbaycan xalqına xidmət edəcək və milli iqtisadiyyatın inkişafında mühüm faktor olacaq;

·        Azərbaycanın regionda və Avropada əhəmiyyətinin artmasını, ölkəmizlə Qərb arasında münasibətlərin daha yüksək pilləyə qalxmasını şərtləndirəcək;

·        Azərbaycanın təkcə enerji ixrac edən ölkə kimi deyil, həm də onu nəql edən və tranzit ölkə kimi əhəmiyyəti artacaq;

·        Avropanın enerji təchizatının şaxələndirilməsində ciddi faktora çevriləcək;

·        region ölkələrinin öz enerji resurslarını dünya bazarına çıxarmaq üçün yeni mənbə rolunu oynayacaq;

·        regionun və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm əhəmiyyətə malik dövlət statusunu qazanacaq;

·        dövlətlər və xalqlar arasında qarşılıqlı əməkdaşlığın, işgüzar əlaqələrin inkişafına töhfə verəcək;

·        regionda təhlükəsizliyin və sabitliyin təmin olunmasına ciddi təsir göstərəcək.

Beləliklə, Azərbaycanın son illərdəki iqtisadi uğurlarının başlanğıc mərhələsi “Əsrin müqaviləsi” dir; sonrakı iri strateji qlobal layihələr bu zəncirin möhkəm həlqəsini təşkil edir və Azərbaycanın gələcək inkişafına, dünyanın enerji təhlükəsizliyinə etibarlı töhvə verir.

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar