Bir qarış dilin var, indiyə kimi niyə susmusan?..


Seymur Verdizadə

2005-ci ildə bir dostumun evində çay içib, türk kino sənayesinin istehsalı olan yeni filmlərdən birini seyr edəndən sonra təmiz hava almaq üçün həyətə düşdük. Biz ilıq payız günəşinin solğun şüaları altında o tərəf-bu tərəfə gəzişəndə, dostumun yaşadığı binanın divarına yapışdırılmış yekəqarın kişi şəkli diqqətimizi cəlb etdi. 

Baxışlarımı Elmana zillədim: “Bu adamı tanıyırsan?”

Dostum çiynini çəkib durdu.

Adamın tərcümeyi-halı ilə tanış olmağı təklif etdim. Şəklin altındakı məlumatları oxuyanda, Elmanın gözləri “kəlləsinə çıxdı”: “Bizim institutda işləyirmiş…”

Qeyri-ixtiyari olaraq soruşdum: “Tanıyırsan?” 

Dostum nə qədər çalışdısa, həmin adamın kimliyini yadına sala bilmədi.

Jurnalist marağı güc gəldiyi üçün ondan soruşdum: “Sizin institutda neçə nəfər işləyir?”

Dostum dərhal cavab verdi: “Texniki işçilərlə birlikdə 120 nəfər”.

Elman alimdir, yazır, araşdırır, tədqiq edir. Həmişə özünü ictimai-siyasi fəaliyyətdən kənarda saxlamağa çalışır.

Bunu bilsəm də, ürəyimdən keçənləri dilimə gətirməkdən çəkinmədim: “Qardaş, Azərbaycan xalqının faciəsi odur ki, işlədiyi kiçik kollektivdə tanınmayan, heç bir müsbət keyfiyyəti ilə fərqlənməyən adamlar deputat olub, ona vəkillik etmək niyyətinə düşüblər. A kişi, sən əvvəlcə öz kollektivində tanın, iş yoldaşlarının rəğbətini qazan, sonra xalqın etimadını qazanarsan”.

Elmanın mənimlə razılaşmaqdan başqa çarəsi yox idi. Başını bulayıb, belə dedi: “Rəhmətliyin oğlu bir dəfə xeyirə-şərə də getmir ki, görək sifətini yadda saxlayaq”.

Parlamentin buraxılmasıyla bağlı xəbər rəsmiləşəndən sonra deputatlığa iddialı olan xeyli adam ortaya çıxıb . Ən müxtəlif peşə sahibləri millətə vəkillik etmık eşqinə düşüblər. 

Siyahı rəngarəngdir; ömründə bir xəstəni sağaltmayan həkim, səsi olmayan müğənni, vicdanı olmayan siyasətçi, 40 ildə bir məqalə yazmayan jurnalist, öz hüquqlarını belə müdafiə etməyə qadir olmayan “hüquq müdafiəçisi”…

Özünü “yazar-publisist” adlandıran bir tanışımla ötən gün aramızda belə bir dialoq baş verdi: 

– Sənin danışmağa dilin var? 

– Niyə yoxdur? Bir qarış uzunluğunda dilim var… 

– Əgər bir qarış dilin varsa, indiyə kimi niyə susmusan? 

–Nə danışmalıydım?.. 

– Gənc alimlərin kirayədə çürüdüyü ölkədə AMEA-nın prezidenti dövlət vəsaiti ilə tikilmiş binadan özünə 4 ev götürəndə, etiraz etməliydin. Hadı Rəcəbli müəllimlərə fəhlə işləməyi təklif edəndə, səsini çıxarmalıydın. Hakim ölmüş adamın “ifadəsi” əsasında günahsız insanı həbsə göndərəndə, mövqeyini bildirməliydin… 

Tanışım əllərini yelləyə-yelləyə məndən uzaqlaşdığı üçün sözümün davamını gətirməyə ehtiyac qalmadı…

Ömründə bir dəfə dilinə düz söz gətirməyən adamlar deputat seçilsələr nə dəyişəcək? 

Ağa qara deməyə qalsa, indikilərin stajı daha çoxdur. Bizə ağa qara deyən yox, qara camaatın sözünü deyən deputatlar lazımdır… (moderator.az)

Şərhlər

Özgür 2019-12-01 17:50:55

düppədüz

Cəfər 2019-12-01 17:51:57

Avazın yaxşı gəlir,oxuduğun... olsa.ADə,kimdir qara camaatın sözünü deyəni yaxına buraxan?Qara camaatın sözünü deyənlərin polisləri çıxarırlar.Guya görmürsən?m

Aqa 2019-12-02 11:30:26

ELƏ yazmısan deməyə bir SÖZ qalıb BEQİRYƏTLƏR.

Son yazılar