BÜTÖV MİLLƏT İDİK, HANI YARISI?...

Nurəddin İSMAYIL 

Pozana neylim

Kimdi xoşbəxt olan min ah içində,

Özü öz qəbrini qazana neylim.

Günaha batmışıq günah içində,

Andını, əhdini pozana neylim.


Bütöv millət idik, hanı yarısı,

Dağıldı tifaqı, çökdü barısı,

Bizdən üz döndərib fələk qarısı,

Bu qəmli dastanı yazana neylim.


Tövbələr, vədələr yalanmış, yalan,

Nə ruhdur canına calanmış yalan?

Hər yaxadan bit kimi sallanmış yalan,

Sapınıb yolundan azana neylim.


Kərəmi ağlatdı Əslinin dərdi,

Sənanı Xumar tək süslünün dərdi,

Keşişəmi qaldı nəslinin dərdi?

Əlində qopuzu, Ozana neylim.


Elə bildin sağırı sağmaqdı namaz?

Cənnəti ovcuna yığmaqdı namaz?

İçində şeytanı boğmaqdı namaz!

Tükünü tərpətməz azana neylim.


Düzgün yaşa ili, ayı, günü sən,

İman yoxsa pərdə etmə dini sən,

Ha ölç uzun, gödək, eni sən,

Əyrilər düzəldən mizana neylim.


Mərifətdir yolun sonda sorağı,

Mərifətlə yanar eşqin çırağı,

Cahil, nadan eyni bezin qırağı,

Dayazda qol atıb üzənə neylim.


31.10.2019


Quruyub ana, şah ağacın


Parçalanıb 40 yerə bölündün Vətən,

Nə pərişan ruhdur

İçində gəzdirir bədən.

Bizmi günahkar, ya bölünmək

Sənin qismətinmiş?

Bir olmaq nə zor, nə çətinmiş.

Və həm də nə gözəlmiş bir yumruq olmaq,

Axıb min qoldan

Təlatüm qoparan dəryaya dolmaq.

Nə vaxt gələcək bir olmağın sədası,

Nə zaman bitəcək təkəbbürlük,

Mənəm-mənəmlik ədası.

Bahalı adam, ucuz adam,

Çoxalıb məmləkətdə soyuna qənim

Quduz adam.

Sağa, sola nə çox çəkənin var,

Nə çox torpağına

Təfriqə toxumu əkənin var.

“Dindar”ı, təriqətçisi,

Zamanın ağasını gözləyən şəriətçisi,

Nökər xislətli özübəy siyasətçisi

Alıb yurdu başına,

Başı dərd çəkən millətin

Hərnamərd yumruq vurdu başına.

Çox da ki varlı, karlısan,

Çox da ki meyvəsini kimsənin dadmadığı

Ağac kimi barlısan.

Quruyub ana, şah ağacın,

Dibinə su tökən yox hər budağı

Nalə, ah ağacın.

Sağalmayan yaralar var babam, oyanın,

Qiyamətə saxlamayın qisası

Qalxın bu millətin qanına boyanın.

Qalxın, yaxasından yapışın,

Özü özünə məzar qazan övladın,

Birlik, dirilik yolunu azan övladın.

Özüylə savaşan millətin

Düşmənlə savaşa gücü qalmaz,

Düşər taqətdən, düşər təpərdən,

Başında daşımağa ləyaqət tacı qalmaz.

09.11.2019


Unutdu insan


Yox idi yer, göy əzəldən.

Nə quşların könül oxşayan səsi,

Nə insanın təngiyən nəfəsi,

Nə gecədən gündüzə gələn yol,

Nə ilahi aləmə açılan qol,

Nə səvablar, günahlar,

Nə yeri, göyü yerindən oynadan ahlar,

Heç nə yox idi,

Özündə Öz olandan başqa,

Nuri-təcəllası aləmə dolandan başqa.

Şəkillənməmişdi yoxdan varoluşlar,

Qəlibə girməmişdi təmiz, pak ruhlar.

Heç maddiləşən söz də yox idi,

Eşqin yanğıya dönüb

Körükləndiyi

Köz də yox idi.

Allah əl qoymamışdı hələ dünya işinə,

Nizam verməmişdi dövranın gərdişinə.

Fələkləri düzməmişdi

Göyün görünəməyən qatına,

Qismətinə yazmammışdı şəri

İnsanın şərəfli zatına.

Olacaq hər şey

Tək bir”OL”a sığmışdı,

Çoxluğu, əbədi dəyişilməyən,

Artıb, azalmayan,

Vəhdət qabına yığmışdı.

Dərk vardı, dərk edən yoxdu.

Sevilən vardı, sevən yoxdu.

Gözəllik vardı, onu duyan qəlb yoxdu.

Eşq kələfi açılmamışdı,

Eşqin nuru aləmə saçılmamışdı.

İnsan xiffətini çəkdiyi

Əzəli yurdundan

qürbətə düşməmiş,

Məst olduğu eşq qazanında

bişməmişdi hələ.

Var olmaqla yükünü tutdu uinsan,

Hansı uca məqamdan gəldiyini

Unutdu insan...

08.11.2019


Götürmür


Mən göyün vurğunu, yerin dəlisi,

Göyə əlim çatmır, yer də götürmür.

Göylər gəl-gəl deyir, çəkir özünə,

Yer tutub yaxamdan məni ötürmür.


Didərgin bir ruham yurdsuz, yuvasız,

Yoxdur yerim zaman, məkan içində.

Hər şey baha, candır ucuz, urvatsız,

Piştaxtası dolu dükan içində.


Param parça olub içim, çölüm də,

Tənələr içində boğuluram mən,

Qorumu gizlədib yanan külümdə,

Hər dəfə ölümə doğuluram mən.


Süd dişini millətin elə çəkiblər,

Anadan əmdiyi südü qalmayıb.

Barışı ruhuna elə əkiblər,

Kimsədən almağa öcü qalmayıb.


Yığmışam kədəri, qəmi evimə,

Saxta gülüşlərə çəpər etmişəm.

Yan almaz hər üzən gəmi evimə,

Gəlsə eşqi ona sipər etmişəm.


Viranə qoymuşam könül damını,

Gələn əli boşa çıxıb qayıda.

Çəkmişəm başıma eşqin camını,

Apara mənzilə, axıb qayıda.

17.11.2018

Şərhlər

Elli 2019-12-02 13:26:02

Sağ ol, Nurəddin müəllim!

Son yazılar