Bilik Fondu “bilikli cəmiyyət” yarada biləcəkmi?

Etibar Əliyev, təhsil eksperti,fəlsəfə doktoru

Yaşadığımız postsənaye cəmiyyətində biliyin statusu dəyişib. Ənnənəvi cəmiyyətdə bilik məqsəd idisə, indi artıq vasitədir. Bilik sahələri həmişə hərəkətdədir. Biliyin müasir cəmiyyətin əsas resursu kimi təsdiqindən sonra bilik verən qurumlara qoyulan ənənəvi tələblərin üzərinə yeni funksiyalar əlavə olundu. Universitetlərin üzərinə ictimai tələblər, xüsusilə biliyin praktik sosial-iqtisadi nəticələrə çevrilməsi tələbi qoyulur.

Bütün dünyada biliklərin inkişafı, populyarlaşdırılması, ötürülməsi, dinamikasının vaxtaşırı öyrənilməsi istiqamətində müxtəlif fondlar fəaliyyət göstərir. Məlum olduğu kimi ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə 7 may 2014-cü il tarixində Azərbaycanda “Bilik Fondu” yaradıldı. Aydın məsələdir ki, bu qurum ölkəmizdə elm və təhsilə dəstək məqsədi üçün yaradılıb: fond təhsil və elm sahəsində geriliklərin aradan qaldırılması ilə yanaşı, həm də “insan kapitalı”nın inkişafına yardımçı olmalıdır. Dünya təcrübəsində belə fondların məqsədi gənc nəsillərin biliklərini artırmaq, gəncləri elmi-tədqiqatlara cəlb etmək və ən əsası onların biliklərinin artırılmasına investisiya qoyuluşunu təmin etməkdir. “Bilik fondu” humanitar, sosial, iqtisadi, elmi-texniki sahələr üzrə elm və təhsilin qabaqcıl ölkələrin səviyyəsinə çatdırılması istiqamətində də işlər aparmalıdır. “Bilik fondu” nun gördüyü işlər “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının tərkib hissəsi olmalıdır.

Ölkədə biliklərlə bağlı ciddi problemlər yaşanır. Məlum olduğu kimi hal-hazırda Azərbaycan universitetləri dünya universitetləri ilə rəqabət aparmaq gücündə deyil. Ölkəmiz elmi tədqiqatların aktivlik indeksinə görə xeyli geridədir. Şagird və tələbələrin biliklərinin qiymətləndirilməsinin vahid sistemi işlənməyib. Ölkədə funksional savadsızlığın səviyyəsi çox yüksəkdir. Dövlət ali məktəblərində demək olar ki, biliklər pulla verilir. Universitetlər bilikdən pul qazana bilmirlər, gözlərini tələbə vəsaitlərinə dikiblər. Bütün bilik sahələrində elmi-populyar ədəbiyyatlar yox səviyyəsindədir.

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli 2090 saylı Sərəncamı ilə 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici olkələrdə təhsili uzrə Dövlət Proqramı təsdiq edilmişdir. Bu proqram çərçivəsində 2000-dən çox Azərbaycan vətəndaşı dünyanın aparıcı universitetlərində təhsil alır. Onların qazandığı biliklər və apardıqları elmi tədqiqatlar demək olar ki, koordinasiya olunmur. Məncə bu vacib iş Təhsil nazirliyi ilə birgə “Bilik Fondu”nun da əsas vəzifələri sırasına daxil olmalıdır. Həmçinin elektron kitabxanaların, açıq ensiklopediyaların, sosial şəbəkə icmalarının, elmi-populyar jurnalların təsis olunması istiqamətində ciddi işlər aparılmalıdır. Biliklərin yayılması və populyarlaşmasında bu işlərin böyük əhəmiyyəti ola bilər. Dünyanın bir çox inkişaf etmiş ölkələrində elmi biliklərin inkişafı strategiyası işlənib hazırlanıb. Bizdə də belə bir strategiyanın işlənib hazırlanması vacibdir.

Ümumiyyətlə müasir dünyada dövlət və qeyri dövlət xətti ilə yaradılan belə fondlar elmin, informasiya cəmiyyətinin və ictimai şüurun inkişaf etməsi sahəsində ciddi işlər görür. Məhz elmi inkişaf etmiş ölkələrdə informasiya və biliklər arasında pozitiv əlaqələrə istinadən geniş araşdırmalar aparılır. Belə ki, orta məktəblərdə, ali məktəblərdə və elmi mərkəzlərdə informasiya xarakterli məlumatlardan tutmuş, həqiqi biliyin mahiyyəti və funksional rolu ciddi şəkildə tədqiq edilir. Ölkəmizdə “Bilik Fondu”nun yarandığı gündən etibarən həyata keçirdiyi layihələr onu göstərir ki, bu qurum hələlik düşünülmüş ciddi strategiyaya malik deyil.

“Bilik Fondu”nun nizamnaməsinin məqsəd və vəzifələr hissəsində Fondun “elmi-texniki, sosial-iqtisadi, humanitar biliklərin artırılması, azərbaycançılıq məfkurəsi zəminində milli-mənəvi, dini dəyərlərin təbliği, ekoloji təfəkkürün formalaşdırılması, Azərbaycan dövlətinin daxili və xarici siyasətinin, ölkədə aparılan sosial-iqtisadi, mədəni quruculuq proseslərinin mahiyyətinin ictimaiyyətə çatdırılması məqsədilə yaradıldığı” yazılır. Bu ifadələr çox gözəl şəkildə yazılmış və yerində işlədilmişdir. Məhz bu ifadələrə qətiyyən uyğun gəlməyən “qardaşlamış məktəblər” və “dini abidələrdə tarixin izləri” adlı layihələrin həyata keçirilməsində bəsitlik dərhal hiss olundu.

Mətbuatdakı açıqlamalara istinad etsək deyə bilərik ki, Bilik Fondunun “qardaşlaşmış məktəblər” layihəsi 8 sentyabrdan başlayaraq 20-yə yaxın Azərbaycan məktəblərini “qardaşlaşdırdı”. Ümumiyyətlə belə bir adda layihənin həyata keçirilməsi qeyri-məntiqidir. Bu köhnə bürokratik kommunizm mentalitetinin məhsuludur. Qardaşlaşmış kolxozlar, sovxozlar, tarlalar və s. Digər tərəfdən “qardaşlaşmış və ya əməkdaş məktəblər” kimi layihələr xarici ölkə məktəbləri arasında daima aparılır. Bilik fondu isə bu prosesi cılızdaşdıraraq sanki ölkə daxilində düşmən olan məktəbləri “qardaşlaşdırdı”. Birbaşa Təhsil Nazirliyinin tabeçiliyində olan Azərbaycan məktəblərinin bu şəkildə “qardaşlaşdırlmasına” Bilik Fondunun müdaxilə etməsi yersiz görünür. İkincisi bu ‘’qardaşlaşma’’ əsas məqsəd və vəzifəsi müxtəlif biliklərin cəmiyyətə çatdırılması və inkişaf etdirilməsi olan “Bilik Fondu”na bilik adına nəsə verə bildimi? Məncə yox!

Digər tərəfdən 15 sentyabr “Bilik günü”ndə Azərbaycanın müxtəlif orta məktəblərində akademik, professor və gənc alimlərin dərs demələrinin mənası nədir? Belə efemer tədbirlərdən sonra yadda heç nə qalmır. Artıq bizim şagirdlərimiz də alimlərin çətin həyatı haqqında müfəssəl məlumata malikdirlər. Bakalvr pilləsini bitirib elmlə məşğul olmaq istəyən 3-5 faiz gəncin istəklərinin qarşısına hərbi xidmət qoyulur. Hərbi xidmətdən qayıtdıqdan sonra onların bir hissəsi elmlə məşğul olmağın “daşını atır”. Necə deyərlər elmə belə “diqqət və qayğı göstərilirsə” onda elmi biliklərin hansı inkişafından danışmaq olar? “Bilik fondu” ilk öncə biliklərin inkişafına maneçilik törədən səbəblərin geniş müzakirəsini təşkil etməli və maneələrin aradan qaldırılması istiqamətində işlərə başlamalıdır.

“Bilik Fondu”nun ikinci layihəsi də fondun məqsəd və vəzifələri ilə paradoks təşkil edir. Müasir Azərbaycanda dinin fəlsəfəsinin anlaşılması istiqamətində ciddi işlər görülməlidir. Intellektual dini səviyyənin ciddi şəkildə başa düşülməsi üçün ziyarətgahlardan başlamaq qeyri-rasionaldır. Çünki Dini Qurumlar üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanlar Idarəsi birbaşa bu sahəyə nəzarət edir. Yaxşı olardı ki, Bilik Fondu dini və elmi səviyyədə gücümüzü artırmaq üçün qlobal elm arenada özünün təsdiqini tapmış kitabların tərcüməsi ilə işə başlasın. Yaddan çıxarmaq lazımdır deyil ki, bütün mədəniyyətlərin inkişafına və çiçəklənməsinə tərcümə fəaliyyəti səbəb olmuşdur. Elm tarixində məsələn, Islam mədəniyyətinin müxtəlif dillərdən tərcümələr vasitəsilə, yaxud Qərbin də ərəb dilindən tərcümələr sayəsində öz sivilizasiyasını inkişaf etdirdiyi artıq təkzibolunmaz faktlardandır. Məhz “Bilik Fondu” öz adının mahiyyətinə müvafiq olaraq müxtəlif sahələrdə bu tərcümə işlərinə başlamalı və doğru biliklərin cəmiyytə çatdırılmasına köməklik göstərməlidir. Həmçinin dinin əsaslarının yuxarı sinif şagirdləri və tələbələrə öyrədilməsinin yolları axtarılmalıdır. Maarifçilikdən məhrum olmuş gənclik istənilən təhlükəli addımı ata bilər.

Yeri gəlmişkən qeyd etmək lazımdır ki, Bilik fondu “Ustad və şəyird”, “Azərbaycan elmi xaricdə”, “Dünya elmi Azərbaycanda”, “Docendo discimus”, “Fondun xarici nümayəndəliklərinin yaradılması”, “Epizod”, “Auditoriya +”, “Yaradıcılıq fakültəsi” layihələrinə artıq başlandığını qeyd etsə də bu layihələr barədə ictimayyətə kifayət qədər məlumat verməmişdir. Göründüyü kimi bu layihələrin də adlarında xeyli bəsitlik var.

Sual olunur. Nədən “Bilik fondu” məsələn “Elmin Inkişaf Fondu”, Prezident yanında “Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası” və “Gənclər Fondu” kimi layihələrin müsabiqəsini elan etmədən işə başlayır? Bu hərəkət mövcud qanunvericiliklərə ziddir. Görsənir ki, Fondun icraçı direktorunun bu istiqamətdə səriştəsi hələ yoxdur. Bizdə belə işlərə aid yaxşı misallar var: “işləyib öyrənər”, yaxud “nə yaşı var, öyrənər də”.

Bilik fondunun qısa bir zamanda bilik adına belə dar çərçivəli layihələr ilə işə başlaması, onun gələcəkdə həyata keçirəcəyi tədbirlərin də informasiyalı, intellektual, bilikli cəmiyyətin formalaşıb inkişaf etməsinə müsbət təsir edəcəyini düşünməyə əsas vermir.

Bu fondda humanitarların üstünlük təşkil etməsi də nöqsan kimi qeyd olunmalıdır. Fondun icraçı direktoru Oqtay Səmədovu bu vəzifəyə təyin olunana qədər demək olar ki, çox adam tanımırdı. O, ixtisasca filoloqdur və çalışdığı şəxslərin də əksəriyyəti humanitar sahənin nümayəndələridir. Fondun aparıcı şəxslərinin sırasında təbiət elmlərinin nümayəndələri demək olar ki, yoxdur. Belə çıxır ki, fond ölkədə humanitar biliklərin artırılmasına daha çox önəm verəcək? Yaddan çıxarmaq olmaz ki, inkişaf etmiş ölkələrin tam əksəriyyəti elmi-texniki, sosial-iqtisadi sahələrdəki biliklərin hesabına inkişafa nail ola biliblər. Fond fənlərarası biliklərin artırılması istiqamətində layihələrə üstünlük verməlidir.(Azadliq.info)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar