Azərbaycanca-yapca lüğət

Hakim rejim xalqdan o qədər aralanıb ki, artıq onun ayrı dili var. Onları dilbilməz saymaq azdır, əslində başqa dildə danışırlar. Onlar əzdikləri cəmiyyətdə təkcə hayqırtıları deyil, inilti və sızıltıları da anlamayıb, üzərlərinə gələn nəhəngin səsini boğurlarmış kimi susdurmağa çalışırlar.

Dünya rəsmən bunlara deyir ki, seçki qanuni olmayıb, legitim deyilsiniz. Indiyədək sevdalaşdıqları dövlətlər də söyləyir ki, səninlə əməkdaşlıq etməyə məcburuq hələ, amma daha bu qədər də olmazdı. Bunlar da cavabında qışqırıqlar: “Milli Şura dağılır!”.

Əvvəla, Milli Şura yeni yaranmaqdadır və dağılmağından söhbət gedə bilməz. Lap tutaq ki, Milli Şura dağılır, hətta içdən-çöldən pul və güc qoyub siz dağıdırsınız onu, amma özünüzdən danışın, bir dönüb özünüzə də baxın. Xalqın etimadı yoxdur, beynəlxalq aləmdə sizin seçkiyə güldülər və rəsmən saxta saydılar. Ölkəni də ən pis yerlərə gətirmisiniz. Sizə bunu hansı dildə demək gərəkdir ki, vəziyyətin nə yerdə olduğunu ağlınız kəssin.

Hamı bunların seçki saxtakarlığından danışıb-gülür, bunlar isə seçki monitorinqi ilə məşğul olan SMDT-də vergi əyriliyi axtarır, cinayət işi başlayırlar. Hətta, deyəsən, onu da undurlar ki, elə bu cinayət işinin hesabına seçki saxtakarlığı həmişə gündəmdə ən təzə məsələ kimi qalacaq. QHT oliqarx şirkətidir, ya nədir ki, orada baş prokurorluq vergi yeyintisi axtarır?! Gerçək məqsədin açılışı isə, aydındır ki, YAP dilindədir: müstəqil olanın başından basmaq.

Onların öz dili var - şübhəmiz qalmır artıq. Sənədlə-sübutla deyilir ki, ölkənin milyardlarını daşıyıb offşor zonalara, xarici banklara yığırlar, bunlar isə əvəzində ölkədə kitab bazarını və mütaliəni bir az canlandıran, min bir əziyyətlə borc içində kitab nəşr edən az sayda qurumdan biri olan, yeni dövrdə bu işin pioneri sayıla biləcək “Qanun” nəşriyyatına vergi basqını təşkil edirlər.

Bu ölkəni elə günə qoyublar ki, kitabdan gəlir götürmək ayda taxıl biçmək kimi bir şeydir. Ötən bazar günü “Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlunu ticarət mərkəzlərinin birində dəhlizdəcə kitab satarkən gördüm. Adı yarmarka idi, amma sadəcə, Şahbaz bəy bir-iki masa düzüb işçiləri ilə kitab satırdı. Masanın üstünə baxdım, ilahi, bu kitabların şəxsən mənim həyatımda böyük yeri olub. Onların əksəriyyəti dünyanın ən yaxşı əsərləri arasında yer alır. Bəzilərinin ölkədə məşhurlaşmasında mənim də rolum olub...

Onu da xatırladım ki, mənaca böyük qiyməti olan bu kitabların üstündəki satış qiymətləri baha deyildi, amma Şahbaz bəy onları bir az da ucuzlaşdırmışdı ki, yaxşı satılsın. Çünki hər şeyin alınıb-satıldığı ölkədə kitabın satılması çətin məsələdir. Şahbaz bəy oradaca mənə dedi ki, tərcüməçi və redaktorların pulunu çatdırıb verə bilmir, borclar yığılıb qalıb, bu səbəbdən borclu olduqlarının bir qismini çağırıb bura - həmin gün satışdan gələn pulu onlara vermək üçün.

Şahbaz bəy nəşriyyatın borclarının çoxluğundan gileyləndiyi o gündən bir həftə keçməmiş xəbər gəldi ki, 20 nəfər vergi işçisi tökülüb onun nəşriyyatına, bütün sənədləri aparıblar ki, təşkilat vergidən yayınır. Mən bunu eşidəndə düşündüm ki, belə getsə, kitabı nəşr etmək bir yana qalsın, onu oxumağa görə də bizdən məcburi vergi yığacaqlar...

Əslində isə “Qanun”a gəlişin də məqsədi başqadır. Təmiz siyasi mənadır və bunun da ən düzgün izahı YAP dilindədir.

YAP-çılar isə nəinki özləri yaratdıqları acıların dilini, bizim dildə olan kitabları da anlamır. Onların mahiyyəti kitabyandıran faşistlərdən elə də fərqlənmir. Və görünür, gələcəkdə elə bir nəşriyyat tapılacaq ki, doğrudan da bu dövrdə nəşriyyatların və eləcə də nəşriyyat olmayan qurumların hansı şəraitdə işlədiyini izah etmək üçün “Azərbaycanca-yapca lüğət” buraxacaq. Həm də ona görə buraxacaq ki, bizim ölkə öz keçmişini anlamaq üçün nələrinsə mənasını və izahını dəqiq bilsin. Necə ki, köhnə kitablarımızı tam başa düşmək üçün ərəbcə-farsca lüğətə ehtiyac yaranır, gələcəkdə bu lüğətə ehtiyac yaranacaq.

Sizə adi gəlir, amma illər sonra insanlara bu gün məhkəmələri başlayan gənc NIDA-çıların nə üçün ittiham olunduğunu anlamaq çətin olacaq. Gəl onda 18-i tamamlamamış yeniyetmələrə bu gənclərdən birinin 18 yaşını zindanda qarşıladığını anlat görüm, necə anladırsan...(azadliq.info)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar