Mütləq hakimin millətdən şikayəti

Eşidirəm ki, arxamca asıb-kəsir, çox danışırsınız. Ikibaşlı sözlər işlədir, məni zəngin ölkənin aclar ordusunun ali başçısı adlandırıb, siyasətimi bəyənmək istəmirsiniz. Yığışın, oturun yerinizə. Baxmaram yaşınıza, başınıza, uca millət, şərəfli xalq olmaq istəklərinizə. Hakimiyyətimə bağlanın, hakimiyyətim haqda boş-boş danışmayın. Nəsibinizlə barışın, aza qane olun və mənim qarşımda əndrabani şərtlər qoymayın.

Bilmək istəyirsinizsə mən, bəndələrinin küllü ixtiyarı öz əlində olan mütləq hakimiyyətəm, heç bir şərt qəbul etmirəm və hər şeyi özüm şərtləndirirəm. Mənim baş şərtim, çapıb-talamalarına dozalı qaydada icazə verdiyim məmurlara qeyd-şərtziz tabe olmaq, onların hakmiyyət hərisliyindən doğan hər şıltaqlığına dözməkdir. Çün onlar mənim iradəmin təmsilçiləri.

Sizin nə borcunuza ki, onların yaxşı, ya pis, ədalətli, ya ədalətsiz, sərt ya mülayim olması barədə rəy formalaşdırasınız. Siz nə cəsarətlə onların vergi dəllalığı, gömrük soyqunçuluğu, polis zorakılığı, məhkəmə ədalətsizliyi, məmur özbaşınalığı kimi yaramaz əməllərinə etiraz edirsiniz. Onlar mənim vərəsəli hakimiyyətimin kor-koranə icraçılarıdır və sizin həddinizə düşməyib ki, onlardan Avropanın söz oyunu olaraq ortaya atdığı insan haqları, demokratiya adlı nəsnəni tələb edəsiniz.

Demokratiya səs-küy yaradan, hər ağızdan bir söz çıxan, haqqı pozulanlara haqqını tələb etmək şansı verən və hər zaman yeni bir ideya ilə aləmi qarışdıran əcaib bir bir idarəetmə tipidir. Bizdə hər şey öz axarıncadır, yetmişlərdən davam edən ”qoy ədalət zəfər çalsın” şüarı qüvvədədir, qurd quzu ilə yan-yana yaşayır və hər kəs vahid şüar, vahid ideya- “yaşasın mütləq hakimin qurduğu mütləq hakimiyyət”-ideyası ətrafında birləşib.

Bilirəm, sizi kökləyən iki qüvvə var. Biri, “demokratiya heç bir ölkənin daxili işi deyi” prinsipini əldə bayraq edib daxili işlərimizə qarışan Avropa, digəri isə, mitinq-piketlərlə daxili işlərimizi korlayan müxalifət. Onların biri paralıq, digəri zindan deyilən oralıqdır. Siz unudursunuz ki, mənim məmurlarıma qarşı çıxmaq elə mütləq hakimiyyətə qarşı çıxmaq kimi bir şeydir. Kim fikirləşir ki, ölkədə baş verən dərəbəylikdən mənim xəbərim yoxdur, yanılır. Mütləqin bilmədiyi bir şey yoxdur. Mən cəzanı da, mükafatı da müəyyənləşdirən mütləqəm. Mənim məmurlarım sizə verilən cəzanın icraçılarıdır. Məmularımın sizə etdikləri zülmlər haqqınıza biganə qalmağın cəzasıdır.

Hakimiyyətimə biət etmədikcə ən ağır cəzanı alacaqsınız. Deyəsən siz biət etməməyin Kərbəla acısını yaddan çıxarmısınız. Mənim millət üzərində hökmranlığımın baş xeyir-dua verəni iraədəmin birbaşa iraçısı şeyx həzrətləridir və mən onun milləti uydurmağa köklənən moizələrinə güvənirəm. Demokratiya, ədalətli seçki, aşkarlıq kimi lafları qoyun bir qırağa. Bunlar şərti şeylərdir. Guya siz səs verməsəniz, sekilərə qatılmasanız nə olacaq?

Əbədi seçilmişin mövsimi seçicilərə nə ehtiacı? Heç gəlmə, heç seçmə, nə etsən özünə edəcəksən. Kim nə istəyir istəsin, bacardığını beş qaba çəksin, sonda mənim mütləq iradəm qutudan öz mütləqini çıxaracaq. Necə ki çıxardı. Bildiçinin şahlığı darı sovulana qədərdir. Siz formal da olsa seçki gününə qədər mənə lazım idiniz. Amma seçkidə az faizlə iştirakınız məni qəzəbləndirib. Seçki günü kameralara düşməyənlərin işi ağır olacaq.

Millət bu qədər nankor olmaz. Daha nələr etməliyəm ki, məndən razı qalasınız. İslahat deyirdiniz onu da həyata keçirdim. Qalaq-qalaq problemlərinizin çevik həlli üçün “asan xidmət” sahəsi yaratdım. Kürsülərdə cil atan qartımış kadrları yeni iştahlılarla əvəzlədim. Istəyiniz bu idisə canınızı bərkidin və üzücü istismara hazır olun. İndi sizi yeyib nisbətən doymuşlar deyil, çarpaz dişləri qana susamış ac qurdlar gəmirəcək.

Mütləqlə zarfat etmək, onun iradəsinə qarşı getmək sonradan üzə qayıdan, aşağıdan yuxarı tüpürülən tüpürcək kimi bir şeydir. Mənim mütləqliyimin yenidən təsdiqinə qarşı qırmızı xətt qoyanlara elə dərs verdim ki, bir daha mənim əbədi mütləqliyimə şübhə ilə yanaşmasın.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar