PROKURORLUQ ƏMƏKDAŞLARININ FƏDAKARLIĞI

Ələmdar Məmmədov,

Təqaüddə olan baş ədliyyə müşaviri

Prokurorluq əməkdaşları cinayətkarlıqla mübarizədə və yaxud ictimai-siyasi vəziyyətin kəskin anlarında bəzən özünə xas olmayan, ilk baxışda qanunda nəzərdə tutulmayan hərəkətlər etmək məcburiyyətində qalır. Bir neçə misal gətirmək istəyirəm.

13 aprel 1992-ci ildə Zaqatala Rayon Prokurorluğunun müstəntiqi Afər Nəsirova dostları tərəfindən məlumat verilir ki, milis rəisi rayon rəhbərliyinin dəstəyi ilə bu gecə 4 sistern maşında təxminən 30 ton yanacağı Zaqatala-Muğanlı yolu ilə Gürcüstan respublikasına keçirəcək. Afər Nəsirov prokuror əvəzi Tələt Qarayevi bu barədə məlumatlandırır. Tələt Qarayev və Afər Nəsirov yüksək vətənpərvərlik və vətəndaşlıq mövqeyi göstərərək, vicdanlı polis işçiləri - müstəntiq Şahin Əliyev, DAM-nin rəisi Elman Bayramov və Mühafizə bölməsinin rəisi Farizlə birlikdə, bu cinayətin qarşısını almağı qərarlaşdırıb, 14 aprel 1992-ci il tarixdə gecə Zaqatala-Muğanlı yolunda pusqu qururlar. Saat 02:00 radələrində maşın karvanı görünür. Sürücülər ilkin tələbə tabe olmayaraq, yollarına davam edirlər. Müstəntiq Afər Nəsirov maşın karvanının qarşısına keçərək, xidməti silahdan bir neçə dəfə atəş açmaqla, onları saxlayır. Sürücüləri maşınlarla birlikdə rayon prokurorluğuna gətirirlər. 4 maşında 27 ton benzin və dizel yanacağı var idi. Dərhal CM-nin 88-1 maddəsi ilə (xüsusilə külli miqdarda talama) cinayət işi başlanılır (Ehtimal olunurdu ki, yanacaq Zaqatala neft bazasından götürülmüşdür). İlkin istintaq hərəkətləri aparılır. Milis rəisinin dəstəyi ilə şübhəli şəxslər qaçıb gizlənirlər.

Doğrudan da çətin vəziyyət idi. Maşınları məlum səbəbdən milis şöbəsinə aparmaq olmazdı. Prokurorluğun açıq həyətində saxlamaq da təhlükəli idi. Maşınları uzaq məsafədən gülləbaran edə bilərdilər. Fədakar prokurorluq işçiləri Tələt Qarayev və Afər Nəsirov, vicdanlı polis işçiləri və könüllülərin dəstəyi ilə beş gün prokurorluğun binasında növbə çəkirlər.

Mən prokurorluq əməkdaşlarının bu hərəkətini ona görə “fədakarlıq” adlandırıram ki, biz 70 illik Sovet cəmiyyətinin qanunları ilə işləyirdik. Leninin təbirincə desək, prokurorun heç bir inzibati səlahiyyəti yox idi. Onun yeganə vəzifəsi qanunların düzgün icra olunmasına nəzarəti həyata keçirmək idi. Tələt Qarayev və Afər Nəsirovun əməliyyatçı kimi pusqu qurması, Afərin atəş açması, maşın karvanını saxlaması, əslində qanundan kənara çəkilmə idi. Orada hər hansı xoşagəlməz hadisə - qarşı tərəfin atəş açması, kiminsə xəsarət alması və.s. baş versəydi, prokurorluq işçilərindən səlahiyyətinə aid olmayan iş görmələri soruşulacaqdı. Lakin onlar uca ədalət naminə hər cür riski gözləri önünə alaraq, bu addımı atmışdılar.

Milis rəisi və rayon rəhbərliyinin səyi nəticəsində - prokuror və müstəntiqin işdə şahid olması motivi ilə cinayət işini Respublika Prokurorluğu öz icraatına götürərək, istintaqın aparılmasını mühüm işlər üzrə müstəntiqə tapşırmışdı. Müstəntiq işi xeyli ləngitdi. Nəhayət, 1992-ci ilin iyul ayında qəbul edilmiş “Amnistiya aktına” əsasən işin CM-nin 88-1 maddəsi ilə olan hissəsi xitam edildi (Yanacağın dəyəri 45 000 manat qiymətləndirilmiş və ziyan ödənmişdi). Bir nəfər şəxs CM-nin 220-ci maddəsi ilə (odlu silah gəzdirmə və saxlama) müqəssir qismində cəlb edilərək məhkəməyə verildi. Bu hadisə layiqli hüquqi nəticəsini almasa da (milis rəisi və rayon rəhbərliyi “sudan quru çıxdılar”), gələcəkdə yanacağın Gürcüstan respublikasına daşınmazına qarşı qətiyyətli mübarizənin əsasını qoydu...

***

1987-ci ildə Masallı rayonunun kəndlərinin birində ağır cinayət törətmiş şübhəli şəxs qoşalülə öv tüfəngi və xəncərlə silahlanaraq, həyətindəki quyuda gizlənib, hadisə yerinə gələnləri atəş açmaqla təhdid edirdi. Hadisə yerində olan prokurorluğun müstəntiqi Şaməddin Nəsibov təkbaşına həmin adama yaxınlaşıb, xeyli söhbət edir, hətta yemək gətizdirib onunla badələşir. İki saat davam edən bu fədakarlıqdan sonra şübhəli şəxs odlu və soyuq silahı Şaməddinə təhvil verir və təslim olur. Hadisə yerində olmuş milis işçilərinin bir neçəsi təhlükəli cinayətkarı yaxaladıqlarına görə mükafatlandırıldılar. ”Vəzifəsinə uyğun olmayan” hərəkət etdiyinə görə Şaməddin Nəsibov yada düşmədi…

***

1993-cü ildə Balakən rayon prokuroru Yusif Xəlilov ağır cinayət törətmiş iki nəfər şəxsi yaxalamaq üçün, milis işçiləri ilə birlikdə onların gizləndiyi məkana gəlir. Cinayət törətmiş şəxslərlə söhbət etmək üçün yaxınlaşarkən, qarşı tərəfdən onlara atəş açılır. O, yerə yataraq sürünə-sürünə bir çökəkliyə çatıb, hava qaralana qədər gözləməli olur. Dörd saat davam edən atışmanın arasında qalır. Hətta, yüngül şəkildə yaralanır.

***

1994-cü ildə Masallı RPŞ-nə məlumat daxil olur ki, Lerik rayonunun Vamazqon kəndi ərazisində, müəyyən hissəsi Masallı rayonu ərazisinə düşən meşə zolağında becərilməsi qadağan edilən tiryək xaşxaşı və çətənə əkib, becərirlər. Polis rəisi Adil Həsənov rayon prokuroru Mircavan Kazımovu bu barədə məlumatlandırır. Tərtib edilmiş əməliyyat planına uyğun olaraq, polis işçiləri məlumatın düzgünlüyünü yoxlamaq üçün əraziyə baxış keçirərkən rayon prokuroru M.Kazımov da onlara qoşulur. Əməliyyat qrupu geniş ərazidə salınıb, becərilib qulluq edilmiş plantasiyaya yaxınlaşarkən, uzaq məsafədən onlara avtomat silahlardan atəş açırlar. Təhlükəyə baxmayaraq, polis işçiləri 49 ton ağırlığında minlərlə çətənə kolunu çətinliklə də olsa kökündən çıxararaq, plantasiyanı məhv edirlər. Fakta görə başlanmış cinayət işi üzrə prokuror Mircavan Kazımov 11 nəfərin həbsini sanksiyalaşdırır. Sonradan müəyyən qüvvələrin himayədarlığı ilə “səlahiyyət həddini aşan” hüquq-mühafizə orqanı işçiləri haqqında da cinayət təqibi başlanır və hətta bir nəfər polis işçisi 20 gün müddətində həbs olunur. İki ilə yaxın davam edən üzücü istintaqı əqidəli prokurorluq işçisi kimi tanınan Kamran Əliyev yekunlaşdırır və ədalət qalib gəlir.

***

2001-ci ildə Zaqatala rayonunda bir neçə ağır cinayət törətmiş İlham Bakkayev polis işçiləri ilə atışma zamanı yaralanır və qaçıb gizlənə bilir. İ.Bakkayevin haqqında hər gün kütləvi informasiya vasitələrində, o cümlədən, televiziya kanallarında məlumatlar verilirdi. Bakıdan İ.Bakkayevi zərərsizləşdirmək üçün göndərilmiş xüsusi əməliyyat qrupu onu axtarıb tapa bilmir. Oğlunun yerini öyrənmək üçün İlhamın atasını polis şöbəsinə gətirirlər. Rayon prokuroru Abdulla Yusifov qan tökülməsinin qarşısını almaq məqsədi ilə yaşlı kişi ilə söhbət edib, onu başa salır və həyatını təhlükə altına qoyaraq maşına oturub onunla İlhamın gizləndiyi yerə gəlir. Abdulla Yusifov yaralı vəziyyətdə olan, gözlərini qan örtmüş qatı cinayətkarla xeyli müddət təkbətək söhbət edib, ona qaçıb gizlənməyin və müqavimətin mənasız olmasını başa salır və təhlükəli cinayətkarı prokurorluğun xidməti maşınında polis şöbəsinə gətirir...

***

Xaçmaz şəhər sakini Hacıməmmədov Rasim Gülməmməd oğlu 25 oktyabr 1992-ci ildə Kaluqa vilayətində 3 nəfəri öldürdüyünə görə barəsində başlanmış cinayət işi Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdi. Uzun axtarışlardan sonra R.Gülməmmədov 2008-ci ildə yaxalandı və cinayət işinin istintaqı Baş Prokurorluğun ACDİÜ İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi Aslan İbrahimova tapşırıldı. A.İbrahimov təqsirləndirilən şəxsi dindirməmişdən əvvəl ona ümumi cəlbetmə müddətinin keçdiyini izah edir. Belə ki, 01 sentyabr 2000-ci ilə qədər qüvvədə olmuş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 44-cü maddəsinin tələbinə görə, baş vermiş cinayət hadisəsindən 15 il keçdikdə müttəhimə maddənin yuxarı həddində göstərilən ölüm cəzası (ömürlük həbs) təyin oluna bilməzdi. Aslan bu əsasla təqsirləndirilən şəxslə ünsiyyət yaradır və R.Hacıməmmədov törətdiyi cinayət əməlini etiraf etməklə ətraflı ifadə verir. İş üzrə istintaq hərəkətləri aparmaq üçün A.İbrahimov Rusiya Federasiyasına ezam olundu. O, iki gündən bir idarənin böyük prokuroru kimi mənimlə telefon əlaqəsi saxlayır, istintaqın gedişi barədə məlumat verirdi. İstintaq hərəkətlərinin aparılmasında yerli prokurorluq və polis işçiləri ona kömək etmirdilər. Bir həftə onu get-gələ saldıqdan sonra A.İbrahimov Rusiya Federasiyasının Baş Prokuroru Çaykaya raportla müraciət etdi və raportun surətini məlumat üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərdi. Hüquqi yardım haqqında dövlətlərarası sazişin tələbinə görə, müstəntiq yalnız mənsub olduğu ölkənin Baş Prokuroruna müraciət edə bilər və Baş Prokurorluq onun raportunu (təqrir) Rusiya Federasiyasının Baş Prokurorluğuna göndərə bilərdi. Sazişin tələbi A.İbrahimov tərəfindən pozulduğuna görə onun haqqında xidməti yoxlama aparmaq qərarına gəldilər. Mənə Aslanın geri çağırılması barədə tapşırıq verildi. Aslan növbəti dəfə telefonla danışarkən raportdan sonra yerli əməkdaşların ona fəal kömək göstərmələrini bildirdi. Mən Aslan barəsində xidməti yoxlama başlandığını və ona telefonu bağlı saxlayıb hər gün gecələr mənə zəng etməsini və mümkün olan bütün istintaq hərəkətlərini icra etməsini məsləhət bildim. Aslan həqiqətən Rusiya Federasiyası ilə əlaqədar bütün istintaq hərəkətlərini yekunlaşdırıb tezliklə qayıtdı. Onun haqqında xidməti yoxlama aparılmadı.

***

2008-ci ildə mürəkkəbliyi nəzərə alınaraq Bərdə şəhərində baş vermiş ölüm işinin istintaqı ACDİÜ İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi Ariz Əliyevə tapşırıldı. İşi icraatına qəbul edən Ariz Əliyev yüksək peşəkarlıqla apardığı istintaq zamanı hadisəni törətmiş şəxsləri - icraçıları və təşkilatçını müəyyən etdi. Sifarişçinin Rusiya Federasiyasının Stavropol vilayətində yaşayan azərbaycanlı olması aşkar olundu. Ariz məxfilik naminə olsa da, hüquqi yardım haqqında dövlətlərarası sazişin tələbini pozaraq, heç kimə demədən öz adından Stavropol vilayətinə narkobaron haqqında xüsusi məlumat göndərir. Görünür, narkobaronun “əli uzun” olur. Bu hadisə bilinən kimi cinayət işinin istintaqı Arizin icraatından götürülərək, başqa müstəntiqə verilməklə barəsində Baş Prokurorun köməkçisi tərəfindən xidməti yoxlama aparılmağa başlandı. Bu da azmış kimi, iş üzrə zərərçəkmiş kimi tanınan mərhumun valideynləri Arizdən şikayət etdilər. Şikayətin məzmunu belə idi ki, Ariz bir dəfə zərərçəkmişi evində dindirərkən, təkidli xahişlərindən sonra onlarla yemək yemişdi. Oğlunun qatilini – yəni cinayətin icraçısını və sifarişçisini ifşa edən müstəntiqə verdiyi çörəyi dilə gətirmək Azərbaycanda görünməmiş, analoqu olmayan hadisə idi. Aydın idi ki, bu, Arizin əleyhinə xüsusi təşkil edilmiş məsələdir. Ariz psixoloji cəhətdən sarsılmışdı.

Təxminən bir aydan sonra Stavropol vilayətindən “şad xəbər” gəldi. Narkobaron Arizin məlumatı əsasında “iş başında” yaxalanmışdı. Zərərçəkmişlər iş materialları ilə tanış olarkən Arizin haqqında səhv etdiklərini anlayıb, ondan dönə-dönə üzr istədilər. Cinayət işi aidiyyatı üzrə məhkəməyə göndərildi.

***

1983-cü ildən SSRİ Hərbi Prokurorluğu sistemində əmək fəaliyyətinə başlayan Rauf Kişiyev 1990-ci ildə Bakı Qarnizon Hərbi Prokurorunun müavini vəzifəsinə təyin edilir. “20 Yanvar” la əlaqədar Zaqafqaziya Dairə Hərbi Prokurorluğu tərəfindən istintaq edilmiş cinayət işinin bir çox materialları Bakı Qarnizon Hərbi Prokurorluğunda saxlanılırdı. Azərbaycan Respublikası Baş Prokurorluğu həmin cinayət işlərini tələb edərkən Zaqafqaziya Dairə Hərbi Prokurorluğundan gələn tapşırığa əsasən cinayət işləri prokuror Quşşin tərəfindən Moskvaya göndərilir. Quşşinin qısa müddətli ezamiyyətdə olmasından istifadə edən Rauf Kişiyev bir hissəsi Bakı Qarnizon Hərbi Prokurorluğunda qalmış, 30-40 cildlik cinayət işini və maddi sübutları Respublika Baş Prokurorluğuna göndərir. Bu hadisə Moskvanı qıcıqlandırır. SSRİ Baş Hərbi Prokurorunun müavini R. Kişiyevə zəng edərək onu həbsə almaqla hədələyir. Rauf Kişiyev təzəcə Baş Prokuror vəzifəsinə təyin edilmiş Murad Babayevin yanına gəlir. Murad müəllim telefonu götürüb SSRİ Baş Hərbi Prokuroru A.F.Katusevlə danışır. Təkzibedilməz faktlarla Raufun təqsirsiz olmasını sübut edir. Bir müddətdən sonra Murad müəllimin dəstəyi ilə Rauf Kişiyev Bakı Qarnizon Hərbi Prokuroru vəzifəsinə təyin edilir.

Haşiyə: Bu həmin Rauf Kişiyevdir ki, 1996-cı ildə Rusiyanın Ermənistana 1 milyard dollar həcmində silah-sursat verməsi barədə sənədləri əldə edə bilmişdi. Həmin vaxt Ermənistanın dövlət büdcəsi 400 milyon dollara çatmırdı...

***

1991-ci ilin oktyabr ayında əslən Cəbrayıl rayonundan olan, Respublika Baş Prokurorluğunda idarə prokuroru işləyən Mobil İsmayılovun təşəbbüsü ilə yarımmühasirə vəziyyətində olan Cəbrayıl şəhərində beynəxalq şahmat turniri keçirildi. Bakı Şahmat Mərkəzinin direktoru, ümumittifaq dərəcəli hakim Fuad Cəfərovun dəstəyi ilə turnirin beynəlxalq status alması üçün xarici qonaqlar - Turkiyə, Yuqoslaviya, Qana Respublikası və İran İslam Respublikasından şahmatçılar dəvət olunmuşdu. Moskva, Leninqrad kimi şəhərlərdən, həmçinin, Tacikistan, Ukrayna və Gürcüstan Respublikasından da şahmatçılar iştirak edirdilər.

"Xudafərin 91” adlanan 11 oktyabr 1991-ci ildə başlayıb, 18 oktyabrda yekunlaşan turnir ermənilərə gözdağı verməklə yanaşı, sülhsevər xalq olduğumuzu dünyaya göstərmək nümunəsi idi. Bu Azərbaycanın şahmat tarixində deyil, həm də siyasi həyatında mühüm hadisə idi.

Turnirin gedişi dövrü mətbuatda ətraflı işıqlandırılırdı. Xarici şahmatçılar mənim də qatıldığım 9 turdan ibarət İsveçrə sistemi ilə keçirilən və 30 nəfərin iştirak etdiyi "Xudafərin 91” beynəlxalq turnirində tamaşaçı çoxluğu, iştirakçılara, xüsusən xarici qonaqlara göstərilən qayğı və diqqəti heç bir vaxt və heç bir yerdə görmədiklərini etiraf edirdilər. Hər gün iştirakçılar ekskursiyaya aparılır, Cəbrayıl rayonunda olan tarixi abidələrimizlə tanış olurdular. Turnirin bağlanışı 18 oktyabr 1991-ci ildə oldu. Həmin gün axşam qonaqlarla birlikdə Mobilgilin evində verilən ziyafət zamanı televiziyada "Dövlət müstəqilliyi haqqında konstitusiya aktı”-nın qəbul edilməsini ayaq üstə alqışlarla qarşıladıq. Kefimizə sevinc qatıldı.

Fikrimcə həmin dövrdə turnirin məhz Cəbrayıl şəhərində keçirilməsi fədakarlığın bir növü idi.

Prokurorluq işçilərinin fədakarlığı və cəfakeşliyi haqqında çox danışmaq olar. Təkcə bunu demək kifayətdir ki, keçən əsrin 30-cu illərində 21 prokurorluq işçisi repressiyanın qurbanı olmuş, 2-ci Dünya Müharibəsində 233 nəfər prokurorluq əməkdaşı ordu sıralarına çağırılmış, onlarla insan həlak olmuş və ya yaralanmışdır. 1-ci Qarabağ Savaşında çoxlu sayda prokurorluq işçiləri döyüşlərdə bu və ya başqa şəkildə iştirak etmiş, yaralanmış, 5 nəfər şəhid olmuşdur. Həmin illərdə üç nəfər prokurorluq işçisi cinayətkar ünsürlər tərəfindən qətlə yetirilmişdir. Bu barədə gələcək yazılarımızda...

635x100

Şərhlər

AMIN 2022-10-04 23:57:10

Mən Şamedin müəllimi tanıyırdım.Mərd və qorxmaz adam idi.

Seyid ƏNHU 2022-10-01 18:34:23

MİLLƏT ÖZ GÖRDÜKLƏRİNƏ İNANSIN YOXSA KİMİNSƏ UYDURDUĞU HEKAYƏLƏRƏ. ƏZİYYƏT ÇƏKİB ARDINI YAZMAYIN.

Son yazılar