Yenə həmin dalğa, həmin koordinat...

Təhsil yetkililərinin son “sensasion” açıqlamaları kimə ünvanlanıb?

Nadir İsrafilov

Yenə də həmin mövqe, həmin yanaşma tərzi. Deyəsən, hələ də Mərdanov dönəmindən miras qalmış ənənədən - nöqsanları “səmimi” etiraf etməklə, özümüzü “sığortalamaq” alışqanlığından qurtula bilmirik. Təhsilimizi acınacaqlı durumdan xilas etməyin çıxış yolunu, “günah keçisi”ni başqa yerdə axtarmağa diqqət yönəltməkdə görürük.

Son zamanlar mətbuat səhifələrində, Təhsil Nazirliyinin bir sıra rəsmiləri tərəfindən “sensasion açıqlama” kimi gündəmə gətirilən bəyanatları, buna bir daha tam əminlik yaradır. Bir neçə belə açıqlamaya nəzər salmaqla, təhsil yetkililərinin kimə və nə demək istədiklərini anlamaq, o qədər də çətin deyil.

“Azərbaycanda eyni şagirdin adının müxtəlif məktəblərdə getməsi və məktəb direktorları tərəfindən müəyyən şagirdlərlə bağlı məlumatların gizlədılməsi hallarına rast gəlinir. Təhsil Nazirliyində həmin məktəb direktorları ilə bağlı məlumatlar var.”

“Hətta, nəinki şagirdlər, bəzən müəllimlər də dərsə getmirlər. Bununla bağlı daha çox təbliğati işlər görülməlidir. Təhsil Nazirliyinin resursları bütün məktəblərə nəzarət etmək imkanı vermir.” 

“Bu il təhsildə müəyyən ikili hallara yol verilməsi müşahidə olunur. Elə hallar var ki, bir şagird iki məktəbdə qeydiyatdan keçir. Bəzi valideynlər müəyyən yaşdan sonra, övladlarının məktəbə getməsini istəmir. Təhsil Nazirliyi bununla bağlı hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edə bilər.”

Bu kimi bəsit və sadəlövh mülahizələrə biganə qalmaq, münasibət bildirməmək mümkün olmur.

Çünki istər-istəməz şübhələrə qapılırsan ki, təhsilimizin bu rəzalətlərində sən də pay sahibisən. Sanki “təhsil prosesinə ümumi rəhbərliyi həyata keçirmək, təhsilin keyfiyyətinə dövlət nəzarətini təmin etmək” dövlət tərəfindən Təhsil Nazirliyində dövlət qulluğu ilə bağlı vəzifələrini yerinə yetirməli olanlara deyil, sənə və ya digər sənin kimi başqa birinə tapşırılıb.

Paralel aparsaq, açıq-aydın görərik ki, Mərdanov da öz zamanında bu qəbildən olan, qabaqlayıcı və ittihamedici açıqlamaları ilə tez-tez gündəmə gələrdi: “Azərbaycanda təhsilin səviyyəsi, elə millətin səviyyəsi ilə eynidir”, ”Saxta diplomlu müəllimləri işə götürənlər, bu gün Təhsil Nazirliyinin kollegiya iclasında əyləşənlərdir”, “Təhsilimizlə bağlı ən ucqar kənddə problem olanda, hamı Təhsil Nazirliyinə üz tutur. Amma, hamı bilməlidir ki, bu belə deyil...” və sairə.

O zaman da, bu qəribə və  anlaşılmaz (əslində anlaşılan) açıqlamalar heyrət doğururdu. Həmin “ən ucqar kənddə” məktəbin direktorunu demirəm, adicə müəllimini belə Təhsil Nazirliyi təyin edirsə, “təhsillə bağlı problem olanda” camaat bəs hara üz tutmalıdır: Nəqliyyat Nazirliyinəmi, yoxsa Kənd Təsərrüfatı Nazirliyinəmi?

Bunlar hamısı keşmişdə qaldı. Bəs Təhsil Nazirliyinin yeni komandasının təmsilçiləri, çoxdan bəri hətta orta statistik azərbaycanlıya belə məlum olan faktları bir daha sadalamaqla, kimə və nəyi başa salmağa çalışırlar. Yəni könə kəndə bələdçilik etməyə nə ehtiyac?

“Eyni şagirdin adının iki məktəbdə getməsi”, “direktorlar tərəfindən məlumatların gizlədilməsi” faktdırsa və hətta “məlumatları gizlədən”, həmin direktorların adları da “məlumdursa”, bəs onda məlum olmayan nədir?

Az qala hər gün hansısa məktəb direktorunun, hansısa qanundankənar əməlinə görə Təhsil Nazirliyi tərəfindən cəzalandırılacağı barədə hədə-qorxularını mətbuat səhifələrində oxumaqdan xalq artıq təngə gəlib. Axı, nə vaxtadək problemlərimizi etiraf etməklə kifayətlənəcək, onların üstünə getməkdən çəkinəcəyik? Bir dəfə durub, mərdi-mərdanə demək olmazmı ki, filan direktor, filan əməlinə görə Əmək Məcəlləsinin və ya onunla bağlanan Əmək müqaviləsinin filan maddəsinə, filan şərtinə görə, tutduğu vəzifəsindən kənarlaşdırılıb, yaxud da  məsuliyyətə cəlb olunub?

Qanunvericilikdə kimlərinsə “ərizəsinə əsasən oz xahişi ilə” tutduğu vəzifədən azad olunmasından qeyri bir maddə yoxdur?

“Eyni şagirdin adının müxtəlif məktəblərdə getməsi” ilə əlaqədar diqqət çəkən başqa bir məqam. Çoxlarına gizli deyil ki, artıq dəb halını alan bu “əməliyyat”, məktəblərdə eyni uşaqların hesabına şagird kontingentinin süni surətdə şişirdilməsinə xidmət edib, məktəbdə əlvə sinif açmaq və əlavə müəllim işə götürmək məqsədi daşıyır. Əgər siniflərin komplektləşdirilməsi, müəllimlərin tarifləşdirilməsi, məktəb hesabatları ilə əlaqədar digər prosedurlar, son instansiya olaraq, Təhsil Nazirliyində təsdiq olunursa, günahkarı başqa yerdə axtarmağa nə lüzum var? Bir də ki, müəllimlərin işə qəbul olunması da bu ali icraedici təhsil qurumu tərəfindən həyata keçirilir. Deməli, Təhsil Nazirliyinin “xeyir-duası” olmadan belə halların baş verməsinə inanmaq, sadəcə olaraq sadəlövhlük olardı.

“Hətta nəinki şagirdlər, bəzən müəllimlər də dərsə getmirlər” kimi eybəcərlikləri qabardıb, geniş ictimaiyyətin “üzünə vurmaqla”, nə demək istəyirik? Günah məndən keçdi, qonşuya dəydi? Təhsilin ali idarəetmə orqanında rəhbər postları tuta bilirik, amma idarəetmənin təkcə rəhbərlik deyil, həm də, planlaşdırma, təşkiletmə, tənzimləmə və nəzarətetmə funksiyalarından ibarət olmasını bilmirik? Bu ki, kiminsə istəyi deyil, təhsilə dair “Proqramlar”ın  və normativlərin tələbidir.

Etiraf edildiyi kimi, “Təhsil Nairliyinin resursları bütün məktəblərdə nəzarət etmək imkanı vermirsə”, Nazirliyin Təhsilin keyfiyyətinə nəzarət şöbəsi hansı monitorinqlər keçirib, nələri qiymətləndirməklə məşğuldur? Və əgər, təhsilin “əlif–bey”ini təşkil edən təhsilə cəlb etmə məsələsi, bizim üçün bu qədər müşkülə düşübsə, təhsilin keyfiyyətinə nəzarəti həyata keçirmək nə dərəcədə real görünür?

Bəlkə kiminsə leksikonumuzda çoxdan bəri özünə yer almış, “inspektor” ifadəsindən xoşlanmayıb ləğv etdiyi Nazirliyin “qos-qoca” Baş İnspeksiya İdarəsini bərpa etmək, digər struktur dəyişikliklərindən daha çox səmərə verərdi? Axi bilavasitə nəzarəti həyata keçirən bu idarənin varlığında, indi “şikayətləndiyiniz” hallar bu qədər kütləvi hal almayıb, yalnız istisnalardan ibarət idi.

Bundan əlavə, “bəzi valideynlər övladlarını məktəbə getməyə qoymurlar” faktını etiraf etməkdənsə, təhsilin icbariliyi barədə Konstitusiya tələbini əsas götürüb, məktəblərə qəbulda və şagirdlərin normal təhsil almaq hüququnun təmin olunmasında, əngələ çevrilən bürokratik maneələri və məmur özbaşınalıqlarını aradan qaldırmaq yolu ilə iradə və qətiyyət nümayiş

etdirmək olardı. Bu zaman bununla bağlı “hüquq-mühafizə orqanları ilə əməkdaşlığı” digər daha çox çətinlık çəkdiyiniz müstəviyə - saxta diplomların araşdırılması sahəsinə yönəldərdiniz.

Bir də ki, Nazirlikdə əyləşənlər heç maraqlanmayıblar ki, son illər ərzində bu qədər yeni məktəblərin və əlavə tədris korpuslarının istifadəyə verılməsi müqabilində, şagird sayının kəskin azalması nədən baş verir?

Təhsilimizi kommersiya maraqlarının girovuna çevirənlərin hesabına bir uşağın məktəbə göndərilməsi valideynə neçəyə başa gəlir? Təhsilə dair Dövlət Strategiyasının məktəbəqədər hazırlığın gələcəkdə icbari olacağı barədə müddəasını əllərində bayraq tutan bəzi məktəb rəhbərləri, hələ bu dövlət sənədi ilə əlaqədar Fəaliyyət planı ortalığa çıxmamış, sanki şəxsi obyektləri saydıqları məktəblərin qapılarını indidən birincilərin üzinə bağlayıblar?

Hövsələmizi daraltmayaq. Bir müddət öncə “işıq üzü” görən daha bir “sensasion açıqlama”ya diqqət yetirməklə kifayətlənək: “Ötən il fizika fənni üzrə müəllim işləmək istəyən 600 namizəddən, cəmi 6 nəfəri keçid balını toplamışdı. Tutaq ki, attestasiya keçirdik və məlum oldu ki, müəyyən faiz müəllimi dəyişməliyik. Kiminlə əvəzləyəcəyik onları?”.

Maraqlıdır, görəsən bu sual kimə ünvanlanıb? Elə isə, cavabını biz verək. Deyin görək,hansı ölkəninTəhsil Nazirliyi bu gün imtahandan keçirib, müəllim diplomu verdiyi məzununu, sabah müəllim işinə qəbul etmək üçün təzədən imtahana çəkir? Özünüz verdiyiniz diploma, özünüzün inamınız yoxdursa, onda onu niyə verirsiniz?

Uzun müddət həsrət qaldığımız, nə vaxt qəbul olunacağını intizarla gözlədiyimiz Təhsil haqqında Azərbaycan Respublikasının Qanununun aliliyinə niyə istinad etmirik?

Maddə 42. Keyfiyyətsiz təhsilə görə vurulan zərərin ödənilməsi.

42.1. Təhsil müəssisəsində təhsilin dövlət təhsil standartlarına uyğun təşkil olunmaması nəticəsində təhsilalanların keyfiyyətsiz hazırlığı müəyyən edildiyi halda vurulmuş zərərin, o cümlədən təhsilalanların başqa təhsil müəssisələrində yenidən hazırlanması üçün zəruri оlan xərclərin, həmin təhsil müəssisəsi tərəfindən ödənilməsi barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən məhkəmədə iddia qaldırıla bilər.

Təhsil Nazirliyi ali icra hakimiyyəti orqanı olaraq, keyfiyyətsiz təhsilə görə hansı təhsil müəssisəsi barədə iddia qaldırıb? Nazirliyin akkreditasiya şöbəsi yalnız verilən lisenziyaların müddətini artirmaq üçün yaradılıb? Bəs onda təhsil müəssisələrinin fəaliyyətinin təhsil qanunvericiliyi və dövlət təhsil standartlarının tələbləri səviyyəsində qurulmasını hansı qurum təmin etməlidir?

Necə olur ki, Oksford Universitetini, Moskva Dövlət Universitetini və ya İstanbul  Universitetini bitirən məzun, Azərbaycanda işə girmək üçün diplomunu minbir əzabla nostrifikasiya etdirməyə məcbur edilir, amma hansısa “kəndin kəndxudasının açdığı köşkdən” alınan diplom qanuni sayılır? Suallar çoxdur,amma…

Deyəsən sabiq nazirimz Misir Mərdanov bir vaxtlar heyrətlə qaşılanan uzaqgörənliklə verdiyi proqnozunda haqlı imiş:

Əminəm ki, Azərbaycan təhsili 10-15 ilə çox yüksək səviyyədə olacaq. Azərbaycan təhsili sıfırdan qurulmalıdır! Azərbaycan müəllimini belə qiymətləndirmək olmaz!” 

Düz sözə nə deyəsən...

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar