REPETİTORLUQ TƏHSİLİMİZİ NİYƏ AĞUŞUNA ALIB?

Şəmil SADİQ

Filologiya üzrə fəlsəfə doktoru, dosent

Repetitorluq mövzusu bu gün təhsilimizdə ən çox danışılan sahələrdəndir. Həmişə də sual o qədər sərt qoyulur ki, hansısa həllə nail olmaq mümkün olmur. Əslində, repetitorluq deyəndə bizim cəmiyyətdə ən çox 9,10,11-ci siniflərin universitetlərə məktəbdənkənar hazırlıq prosesi assosiasiya olunur. 

Etiraf edək ki, cəmiyyət bunu normal qəbul edib, uyğunlaşıb, belə də olmalı imiş kimi düşünür. Lakin məktəbdənkənar dərslərin nəinki 9,10,11-ci siniflərdə, hətta məktəbəqədər hazırlığına qədər enməsi cəmiyyətimizdə məktəbdənkənar repetitor məktəblərinin ciddi şəkildə fəaliyyət göstərməsinə gətirib çıxarır. Repetitorlara böyük hörmət, təşəkkür borcu hiss edən cəmiyyətimiz çox maraqlıdır ki, repetitorluğu təhsilin üz qarası da adlandırır. Yəni məhz repetitorluq məktəblərimizin durumunun ən aşağı olduğunu göstərir, amma sağ olsun repetitorlar, onlar olmasa idi, təhsilimiz məhv olardı, onların sayəsində bu gün uşaqlar universitetlərə qəbul olunur kimi fikirlər deyir. Bu mövzuda çox yazmaq olar, amma düşünürəm ki, repetitorluğun yaranma və genişlənmə səbəblərini, həmçinin qarşısının qismən də olsa, necə alınmasından yazım.

Repetitorluğun yaranma səbəbləri:

1. Test tipli tapşırıqlarla ölçmə-dəyərləndirmə mexanizmi qurulandan sonra abituriyentlər xüsusi hazırlıqlara yön aldı, yəni 1992-ci ildən. Niyəsi odur ki, təhsilin məzmunu, dərsliklər, tapşırıqlar, tamam başqa formatda, sonda yoxlama başqa formatda oldu. Yəni sovet dövrünün təfəkkür məktəbini oxuyan şagirdlər birdən-birə yaddaş məktəbinin tələbləri ilə imtahan edildilər. Məktəbdə keçirilən dərslər və öyrədilən metodlarla qəbul imtahanına düşən sual formatları fərqli oldu, bütün müəllimlər də bu prosesə ayaq uydura bilmirdi. Məsələn, mən 1994-cü ildə hazırlaşırdım, kəndimizdə tanıdığım xeyli yaxşı müəllim var idi ki, yeni sistemi bəyənmir və qəbul etmir, bunun bir gün dəyişəcəyini deyir və bu tip testlərlə məşğul olmurdu. Yenə öz dərslərini klassik metodla keçirdi və bu halda həmin şagirdlər universitetdə uğur əldə edə bilmirdi, onun üçün də bu tələbə cavab verən xüsusi müəllimlər formalaşmağa başladı. Təəssüf ki, bu proses məktəbdən kənarda gedirdi. Sanki məktəbə heç bir dəxli yox idi. Məhz bu amil ilk olaraq repetitorluğun təhsilin ayrıca bir qolu kimi formalaşmasına gətirib çıxardı.

Hə, burada qətiyyən yanlış anlamayın ki, testlə qəbul imtahanının əleyhinəyəm. Çünki çürümüş sovet qəbul imtahanı ancaq və ancaq bu yolla yenilənə bilərdi və yeniləndi. Lakin məktəblər və tədris bu yeniliklərdən geri qaldı. Uzun illərdir ki, ədalətli və şəffaf qəbul sisteminin şahidiyik. Amma müəyyən ilaclar kimi repetitorluğun bir tərəfdən faydası olsa da, zərərli tərəfləri də var.

2. Repetitorluğun inkişaf etməsinin əsas səbəblərindən bir də heç bir zaman qəbul prosesini aparan qurum tərəfindən qəbul edilməyən proqram və test nümunələrinin məktəb proqramından fərqli olması idi. İş o yerə gəlib çatdı ki, testlərin çətinliyindən, yeni tələblərə cavab verməsindən şikayətlənən müəllim və şagirdləri razı salmaq üçün DİM (ovaxtkı TQDK) test kitabları, hazırlıq vəsaitləri çap etməyə başladı. Və biz müəllimlər dərslikləri kənara qoyub TQDK-nın hazırladığı vəsaitləri oxutmağa, tapşırıq modelləri işlətməyə başladıq. Bu da bir həqiqətdir ki, TQDK-nın bu cür inkişaf prosesi, yeni modellər təqdim etməsi qarşısında Təhsil Nazirliyi çox geridə qalırdı. Yəni dərsliyində bir dənə də olsun, sxem test nümunəsi görməyən şagird məktəbdə keçdikləri faydasız olduğundan üzünü TQDK-nın işığına tuturdu. Bu prosesdə isə bir az gözüaçıq, üzərində işləməyi bacaran müəllimlər önə çıxmağa başladılar, TQDK-nın proqramlarını izlədilər, test nümunələrindən məzmuna qayıtdılar, yeni test texnologiyaları öyrəndilər və bunun da qarşılığında ödənişli dərslər verməyə başladılar. Burada əlavə gəlirin daha çox olduğunu görən müəllimlər məktəblərdən uzaqlaşdılar.

3. Üçüncü səbəb isə bir az da başqa idi. Bir az keçdi, bu dəfə nazirlik yeni sistem – bu gün “kurikulum” adlandırdığımız formanı tətbiq etməyə başladı, kurikuluma görə şagird 11-ci sinifdə bütün fənlərdən buraxılış imtahanı verməli idi. 2006-cı ildən birinci siniflərdə başlanan kurikulumu bir-iki il sonra nazirlik tələm-tələsik bütün məktəblərə elan etdi ki, bütün fənlərdən hamı imtahana girəcək. Düşünün, indiyə qədər sadəcə ixtisas qrupu üzrə imtahana hazırlaşan, digər fənlərin qiyməti də bu fənlərə nisbətən yazılan şagird birdən-birə düşdü yeddi-səkkiz fənnin qaynar qazanına. Qoymahaqoyma, repetitorluq bir də burada qızışdı, yolunu tapanlar tapdı, tapmayanlar yenə üz tutdular biçarə repetitorların üstünə ki, elə et, heç olmasa, övladım bir-iki sual yazsın. Beləcə, bir partiyada belə qızışdıq repetitorluq hazırlıqlarına. O zaman nazirlik bu addımı atmaqla bir növ TQDK-nın əlindəki təhsil rıçaqını almağa çalışırdı və özünü sübut etmək istəyirdi. Amma sonda necə oldusa, buraxılış imtahanı da keçdi TQDK-nın, indiki DİM-in balansına.

4. Dördüncü bir məsələ isə kurikulumdan doğdu. Məktəb əl-ayağa düşdü, testlər, nümunələr, iş dəftərləri və s. çap edildi, şagirdlərə test formaları öyrədildi və beləcə, təhsili idarə edən Təhsil Nazirliyi ilə TQDK bir balaca yaxınlaşdılar. Birdən-birə yeddi yüz (700) bal toplayan şagird sayı pik həddə çatdı, ballar yüksəldi. Məktəb TQDK-nın sirrini çözməyə yaxın idi, əzbərləyib testləri yazmağa nə vardı ki, hələ çıxdaş falan da olduğu halda. Burada yeddi yüz (700) bal toplayan şagirdlərin beş-altı illik statistikasına diqqət edək:

On beş ildən sonra ilk dəfə 2007-ci ildə qəbul imtahanında üç nəfər şagird maksimum balı –yeddi yüz (700) balı toplayıb.Gördüyünüz kimi düz on beş il sonra.

2008-ci ildəaltı abituriyent yeddi yüz (700) bal toplaya bilib.

2009-cu ildə iki abituriyent yeddi yüz (700) bal toplaya bilib.

2010-cu ildə yeddi abituriyent yeddi yüz (700) bal toplaya bilib.

2011-ci ildə dörd abituriyent yeddi yüz (700) bal toplayabilib.

2012-ci ildə beş abituriyent yeddi yüz (700) bal toplayabilib.

2013-cü ildə isə altı nəfər yeddi yüz (700) bal toplayıb.

2014-cü ildə doqquz abituriyent yeddi yüz (700) bal toplaya bilib.

2015-ciildə on beş abituriyent yeddi yüz (700) bal toplaya bilib.

2016-cı ildə isə on abituriyent yeddi yüz (700) bal toplaya bilib.

2017-ci ildə on beş abituriyent yeddi yüz (700) bal toplayıb.

2018-ciildə iyirmi doqquz abituriyent yeddi yüz (700) bal toplaya bilib.

2019-cu ildən sonra isə birdən-birə bu yüksək bal toplayan şagirdlər qırmızı kitablıq oldu, bu günə qədər bir-iki nəfər. Gördüyünüz kimi statistika da qeyd etdiklərimi faktla sübut edir.

Elə yenicə məktəblilər TQDK-nın qəbul formatını çözür, ona yetişirdi ki, gözünə döndüyüm DİM yenə öz fərqini qoydu ortaya və bu dəfə də başladı təfəkkür məktəbi formatında nazirliyin təqdim etdiyi kurikulumun tələblərinə cavab verən nümunələr təqdim etməyə, mətn, situasiya, açıq, qapalı və s. tipli fərqli testlərlə şagirdləri ölçüb dəyərləndirməyə. Yenə də burada bir zamanlar kurikulumu bəyənməyən repetitorlar fərqləndilər. Biznes belədir, ya yeniliklə ayaqlaşacaqsan, ya da iflas olacaqsan. Repetitor yazıq nə etsin ki, böyük qurum təhlükəni görüb sükanı çevirənəcən vaxt keçəcək, ona görə də qapıdan, pəncərədən düşüb arxasınca gələnləri də daha asan yolla ünvana çatdırır. Məgər müəllimlik də bu deyilmi? Burada mən DİM-in inkişaf prosesini qətiyyən sual altına almaq istəmirəm. Təkcə yeddi yüz (700) balların statistikasına baxsaq, aydın olar ki, aşağı bal həddində də keçid balları yüksəlib. Bu bir növ təhsili inkişafa məcbur edən amil olsa da, milli təhsil sistemini ciddi şəkildə sual altına salır. Axı niyə keçid balı yüz əlli (150) olsun, qoy elə üç yüz (300) olsun, yeddi yüz (700) bal toplayanların da sayı çox olsun, uzaqbaşı beş-on nəfər kasıb balası Prezident təqaüdündən faydalanacaq, məgər o təqaüdü onlar üçün ayırmayıblar? Qoy Elm və Təhsil Nazirliyi də hesabatlarında desin ki, ölkədə təhsilin səviyyəsi yüksəlib. Bu kimi və niyə narahat edir, iyirmi ildir ki, çözə bilmirəm. Bu bizə həm də onu göstərir ki, xaricə tələbə axını başlayır, attestatla xarici univerisitetlərə qəbul genişlənir. Bu, ölkədən ciddi maliyyə axını, özəl universitetlərimizin iflasına gətirib çıxarmırmı?

5. Digər bir səbəbi isə valideynlərimiz yaradır. Universitetə girmək, tələbə olmaq peşə, sənət işindən daha çox dəb işinə çevrildi, ona görə də hamı övladının universitetə girməsini istəyir. Beləcə, valideynlərin xaraxterindən, cibindən asılı olaraq 1-ci sinifdən 11-ci sinifə qədər hazırlıqlara üz tutuldu. Sözsüz ki, burada işbazlar da peyda olmamış deyil. Bir-birinin bəhsinə girən valideynlər, müəllim arayışına çıxdılar, bu məktəbin şagirdləri başqa məktəbin, başqa məktəbin şagirdləri bu məktəbin müəllimlərinin yanına hazırlıqlara gəldilər. Uşaq dedi ki, məktəbdə dərs keçmirlər, valideyn də inandı və çarələr axtarmğa başladı. Quru da yandı yaşın oduna, dərs keçmək istəyən, keçən müəllimlər də, beləcə, yuxarı siniflərdə dərslərini qura bilmədilər, ağızlarını açan kimi, “Müəllim, onsuz da, hazırlıqda keçəcəyik, müəllim evə tapşırıq çox verib, icazə verin, biz onları işləyək, çatdıraq” – deyə şagirdlərin hayqırtısı başladı. Bəziləri vicdandan, bəziləri isə tənbəllikdən razı oldular. Beləcə, bu gün gəldiyimiz nəticə 10-11-ci siniflərdə nazirliyin verdiyi proqram, çap etdiyi vəsaitlər boşuna və lazımsız hala çevrildi, uşaqlar hazırlıq yükündən əziyyət çəkdikləri üçün müəyyən yollarla məktəbdən yayınmağa başladılar, bu da məktəb prosesini pozan ən əsas amillərdən oldu. Düzdür, Elm və Təhsil Nazirliyi son bir neçə ildə bu məsələyə xüsusi diqqət ayırıb, uşaqların məktəbdən yayınma hallarının qarşısını almağa çalışır. Direktorlara bu mövzuda ciddi tənqid edilib, nəzarətə götürülüb. Amma və lakin bu, sadəcə zor durumda olan günü qurtarmağa çalışmaqdan başqa bir şey deyil.

6. Ən vacib elmi məsələ isə nə şagirdin, nə də müəllimin qəbul imtahanına düşəcək suallara cavab vermək üçün biliyi məktəbdə mənimsəməyə və mənimsətməyə yetir. Çünki biz hələ də on iki illik təhsil sisteminə keçməmişik, dərsliklərimiz də son sinifə qədər yeni mövzularla zəngindir. Ona görə 11-ci sinifdə oxuyan şagird həm məktəbin həmin günə olan dərsinə hazırlaşmalı, həm də 5-ci sinifdən başlanan hazırlıqlara. Həmçinin də müəllim, əgər öz dərsini qoyub keçsə aşağı siniflərə, bu dəfə də proqramdan geri qalacaq, tədris prosesini pozacaq. Buna görə məktəbdən birbaşa universitetə qəbul imtahanına hazır olmaq mümkündür. Olsun ki, bir neçə şagird özü hazırlaşaraq qəbul olur, bu o demək deyil ki, o, hazırlaşmır. O da hazırlaşır, sadəcə bir az zəkidir və özü hazırlaşır. Yəni beş fəndən (bəzi qruplarda altı) beş sinifi götürsək, iyirmi beş kitab edir, bunun da iyirmi beş test toplusunu götür, toplam əlli kitab, əllini də vursaq, heç olmasa, üç yüz səhifəyə, edir on beş min səhifə, bu o deməkdir ki, şagird yüz iyirmi suala cavab vermək üçün on beş min səhifəlik materialı əzbərləməlidir. Digər tərəfdən də, hər dəfə fərqli, müasir, tapıntı sual tipləri... Çünki rəqabət var və kim az və ya zəif oxusa, aşağı qiymət alacaq. Məhz buna görə şagirdlər belə sürətli, çevik oxuma və anlama, texniki yollarla daha tez öyrədən müəllimlərə ehtiyac duyur və repetitorluq batan şagirdin əlindən yapışıb qalır. Məktəbdə tədris ən yüksək səviyyədə də qurulsa, məktəb bu işin öhdəsindən gələ bilməz.

Repetitorluğu aradan qaldırmalı, yoxsa repetitorlar?

Əvvəlki hissədə qeyd etdiyimiz kimi, repetitorluğun bu cür vüsət almasının real və qeyri-real səbəbləri var. Bunun aradan qaldırılması üçün ciddi təhsil islahatlarına start verilməli, Elm və Təhsil Nazirliyi ilə DİM ciddi şəkildə birgə işləməyə başlamalı, rəqib qurumlar kimi yox, bir qurum kimi fəaliyyət göstərməlidir. Burada daha çox iş Elm və Təhsil Nazirliyinə düşür. Necə ki kütlənin qarşısına sinə gərib açıq və şəffaf işlər görür. Öz iradəsini ortaya qoyur, eləcə də burada elə olmalıdır. Bu fikrə gəlməyimin əsas səbəbləri var, aşağıda qeyd edəcəyəm. Çünki sifarişçi Elm və Təhsil Nazirliyidir, ona görə də tədris prosesini poazacaq addımların atılmasına qəti etiraz bildirməli və bu prosesi dayandırmalıdır.

Repetitorluğun belə geniş vüsət almaması üçün atılmalı olan vacib addımlar var. Düzdür, heç bir halda əmin olmaq olmaz ki, bu proses kökündən kəsiləcək, amma ən azından el qınağından qurtulmaq, xalqın istəklərinə qismən də olsa, nail olmaq olar. Tez-tez səsləndirdiyimiz məsələ odur ki, dünyanın hər bir ölkəsində repetitorluq var və qarşısını süni yolla almaq mümkün deyil. Amma xeyli zərbə vurmaq, zəiflətmək, yavaş-yavaş aradan qaldırmaq olar. 

Bunlar hansı addımlardır?

1. İlk olaraq görülməli olan ən birinci iş fənn kurikulumlarına və onlar əsasında hazırlanan dərsliklərə, dərs saatlarına baxılmalıdır. Əgər 10-11-ci siniflərdə sadəcə universitetə hazırlıq proqramı olarsa, dərsliklər 9-cu sinifdə əsas kursu bitirərsə, xeyli irəliləyiş olar. Çünki məhz o siniflərdə müəllimlər yeni dərsi yox, DİM qəbul proqramına uyğun aşağı siniflərdən təkrara başlayar, öhdəsinə düşən saatları hazırlığa sərf edərlər.

2. İkinci əsas məsələ isə 10-11-ci siniflər lap kursların proqramına oxşar qruplar üzrə müəyyənləşdirilsə, 9-cu sinifdən təmayül siniflərin işini düzgün qura bilsək, 10-11-ci sinifdə dərs keçən müəllimlər, məktəb direktorları düzgün dərs bölgüsü ilə apararsa, nəticəsi qəbulda yaxşı olan müəllimlərin maaşı ciddi şəkildə fərqlənərsə, məhz dövlətin ayırdığı büdcə ilə məktəbdə repetitorluq sistemini elə məktəbin öz imkanları hesabına həll etmiş olarıq. Çox da çətin proses deyil, bir müəllimin haqqı olan maaşı qismən də olsa, təmin edəriksə, məsələ həllini tapar. Hamımız yaxşı bilirik, yaxşı repetitorlar məktəbdə işləməkdən boyun qaçırır, bir-iki sinfi də ona görə götürür ki, uşaq yığa bilsin. Bunun mətbəxini bilən adam kimi sizi əmin edirəm. Hə, sözsüz ki, ixtisas quruplarına görə dərs saatlarına da baxılmalıdır ki, ən azından bir fənnə dörd-altı saat arasında saat düşsün. Onsuz da, bu gün məktəblərimizdə 9-dan başlayaraq heç bir məktəb attestata yazılan qeyri-ixtisas fənn qiymətlərini obyektiv yazmır, uşağın ixtisas qrupunda göstərdiyi performansa görə müəyyənləşdirir. Bir-iki istisna varsa da, bu nümunə aid edilə bilməz. Və 9-cu sinifdən peşə məktəblərinə göndərilmə bir növ məcburi olmalı, onsuz da, əksər hallarda uşaq sıxlığından əziyyət çəkən məktəblərin işini yüngülləşdirməliyik.

3. Digər bir məsələ isə buraxılış və qəbul imtahanlarının vaxtı ciddi şəkildə müzakirə olunmalı, ən tez iyun ayından başlanmalıdır. Bildiyimiz kimi, son illər mart ayına qədər gəlib çıxan bu imtahanlar şagirdlərin hazırlıq imkanlarını ciddi şəkildə əlindən alır. Az-az özü, məktəbin köməyi ilə hazırlaşan uşaqlar var idisə də, artıq yoxdur, əmin olun. Çünki beş-altı aya on beş səhifəlik kitabları oxuyub əzbərləmək mümkün deyil, xüsusi tipli suallarla alışdırma etmək şagirdlik deyil, onu çeynəyib şagirdin ağzına qoyacaq müəllimlərə hökmən ehtiyac var. Elə buna görə də şagirdlər və valideynlər narahat olur. İmtahanların əvvəldə verilməsi şagirdlərin məhz müəyyən mövzuları oxumamasına gətirib çıxarır, xeyli mövzu qalır. Məhz buna görə deyirəm ki, imtahanların önə çəkilməsi heç bir halda Elm və Təhsil Nazirliyinin iradəsi ola bilməz!

4. Bütün bunlarla yanaşı 10-11-ci siniflər üzrə hazırlanan dərsliklər DİM-in birbaşa nəzarəti ilə olmalı, məhz proqrama uyğun hazırlanmalıdır ki, şagird dövlətin verdiyi ödənişsiz kitabları qoyub DİM-in və ya digər müəlliflərin kitablarına üz tutmasın. Axı bizə nə lazımdır? Azərbaycanlı gəncin hazırlaşıb, yaxşı bal toplayıb universitetlərə girib savadlı kadr olmasını istəmirik? Əminəm ki, hər iki qurum bunu birmənalı istəyir, o zaman səmimi olub, eqomuzu kənara qoyub, bu prosesi birləşdirək da. İstər elm və təhsil naziri, istərsə də DİM sədri həmişə ictimaiyyətə açıq olub, brifinqlər keçirib, suallara cəsarətlə cavab veriblər. Nə olar ki, bir dəfə də hər ikisi bir yerdə, mütəxəsislərin iştirakı ilə bu mövzunun müzakirəsini təşkil etsinlər. Əminəm ki, daha yaxşı yollar tapılacaq. Kitabları dövlət sifarişi edək əvvəlki kimi, DİM də publik hüquqi şəxs olaraq test toplularını satışa çıxarsın, bundan sadə nə ola bilər ki?! Və qəbul proqramı və test modelləri hər iki qurumun birgə imzası ilə hər ilin avqust ayında dərs bölgüsü elan edilən zaman cəmiyyətə təqdim edilsin. Halbuki ən yaxşı halda DİM bunu yanvar ayında elan edir.

5. Son məsələ isə... DİM sual tiplərinə yeni yanaşma sərgiləsin, əzələ nümayiş etdirib kiməsə sübut etmək ki, təhsilin vəziyyəti ağırdır prinsipindən uzaqlaşsın. Bu nə ölkəmizə, nə də valideynlərimizə stresdən, əsəbdən başqa heç nə vermir. Özəl təhsil sektorunu hər il baltalayır, bir neçə reytinqli universitetdən başqa qalanlarına yüz əlli-iki yüz (150-200) bal aralığında qəbul gedir. Onlar da özlərini əzilmiş, ən zəif uşaqlara sahib kimi hiss edirlər. Şagirdlərimizin isə burada aldığı travma onlarla gəzir. Gəncliyin ən gözəl anlarında həyatı yarış atı kimi keçirmək sonradan onları məhv edir. Artıq çoxdan sınaqdan çıxıb aşağı bal toplayan uşaqlara, sonradan daha uğurlu insanlara çevrilir. Maraqlı olardı ki, indiyə qədərki yeddi yüz (700) ballıq uşaqların harada və necə işləməsi ilə bağlı yaxşı bir tədqiqat aparılsın və nəticələr ictimaiyyətə açıqlansın. O uşaqlar ömürlərini çürüdürlər o nəticələri əldə etmək üçün. Əgər bu milləti sevir və gələcəyini qurmaq istəyiriksə, ona güvən verməli, özünü doğrultması üçün şərait yaratmalıyıq. Bunun isə yolları çox sadədir: istək, iradə və cəhd!

Bütün bu sadaladıqlarımın kökündən həlli on iki illik təhsilə keçid, vahid təhsil konsepti, təhsildən nə gözlədiyimizi, hədəflərimizi açıq şəkildə ifadə etmək, ali məktəblərimizin təhsil keyfiyyətini yüksəltmək və etibarlı təhsil sistemi qurmaqdan keçir.

635x100

Şərhlər

kim 2023-07-24 09:33:36

Yaxşı məqalədir, amma Şamil bəy sonda 12 illik təhsilin nəyə lazım olduğunu da izah etsəydi pis olmazdı. Özü yazır ki, 9-cu sinifdə əsas kursu bitirib, 10-11-i hazırlığa sərf etmək lazımdır. Sonra da 12 illiyə keçmək istəyir.

Adam 2023-07-04 08:44:57

Orta məktəb proqramı başqa dimin proqramı başqa bunu başa düşmək üçün yekə baş lazım deyil.

Vaıideyin 2023-07-03 17:09:21

Repititorluğun təhsili ağuşa almasına səbb orta məktəblərdə təhsiin yarıtmaz təşkili,dərsliklərin uyğunsuzluğu.səhlnkar müəllimlərin varlığı və valideynin evladının təhsilinə qayğısıdıt.Təhsil nazirıiyi boş nağıllarla məşğul olduğundan,səriştsizliyindən bu hallar baş verir

Son yazılar