DAHİLİYİN SİRRİ NƏDİR?

Etibar ƏLİYEV

“Elmlə məşğul olmaq genetika və ya zəkaya aid deyil, ənənə məsələsidir. Yəhudi qardaşlarımız dünya əhalisinin 0,2 % təşkil edir və elm üzrə yüzdə 20% Nobel mükafatını alıblar. Onlar digər insanlardan daha ağıllıdırlar? Əsla deyil. Sadəcə, onların mədəniyyətində elmə, təhsilə önəm verilir”. (Əziz Sancar, kimya üzrə Nobel mükafatı laureatı)

Bəli, yəhudilər dünya əhalisinin 0,2 faizini təşkil edirlər. Fiziologiya və tibb sahəsində 56 yəhudi, fizika sahəsində 59 yəhudi, kimya sahəsində 35 yəhudi, iqtisadiyyat sahəsində 34 yəhudi Nobel mükafatına layiq görülüb. Ədəbiyyat üzrə bu mükafata layiq görülənlər 18 nəfərdir. Dahiliyin səbəbinin birini dəyərli Əziz Sancar deyib. Ancaq iki mühüm faktoru da unutmaq olmaz: Ana geni, ana savadlılığı və kitabxana varisliyi.

Dahiliyin erkən yaşlardan ortaya çıxması ilə bağlı bir neçə misal göstərəcəm: Bəşəriyyətin ən böyük riyaziyatçılarından biri İzrail Moiseyeviç Gelfanddır. 15 yaşlı Gelfandı valideynləri appendisitdən əməliyyat üçün Odessadakı xəstəxanaya gətirirlər. O, inadkarlıqla atasına deyir ki, ali riyaziyyatdan kitab gətirməsə, xəstəxanada yatmayacaq. Valideynləri ona Belyayevin Ukrayna dilində yazdığı "Ali riyaziyyat" kitabını tapırlar. Birinci cild differensial tənliklərə aid olub. İnteqral tənliklər olan ikinci cildə pulları çatmayıb. Gelfand kitabı 12 günə oxuyub qurtarır. Gələcəyin böyük riyaziyyatçısı 16 yaşında Moskvaya gəlir. Sonra Moskva Dövlət Universitetində seminarlarda iştirak edir. 19 yaşında nə orta məktəbi, nə də ali məktəbi bitirmədən akademik Andrey Kolmoqorovun aspirantı olur və ona dərs deməyə icazə verirlər. Gelfand 1940-cı ildə - 27 yaşında doktorluq dissertasiyası müdafiə edir. 1953-cü ildə Akademiyanın müxbir üzvü seçilir.

Bakıda anadan olmuş Lev Landau cəmi 14 yaşında ikən Bakı Dövlət Universitetinin eyni zamanda iki fakültəsinə - fizika-riyaziyyat və kimya fakültələrinə daxil olur. 21 yaşında elmlər doktoru elmi dərəcəsini alır. 27 yaşında akademik olur, 1962-ci ildə isə fizika üzrə Nobel mükafatına layiq görülür.

Eduard Frenkel vunderkind riyaziyyatçıdır. 21 yaşında Moskva Dövlət Universitetinin tələbəsi ola-ola Harvard Universitetinin professoru seçilir. Və həmin universitetə işə qəbul olunur.

Karl Landşteyner 23 yaşında tibb üzrə doktorluq müdafiə etmiş və 1930-cu ildə “Qan qrupu”nun kəşfinə görə fiziologiya və tibb üzrə Nobelə layiq görülmüşdür.

Və nəhayət, milliyətcə yəhudu olmayan bəşəriyyətin ən nəhəng riyaziyyatçılarından biri sayılan Anri Puankare haqqında: Puankare 4-cü sinifdə oxuyanda, günlərin birində sinif müəllimi onlara gəlir və anasına bu sözləri deyir: "Madam, sizin oğlunuz böyük riyaziyyatçı olacaq!" Madam Puankare yerində donub qalır. Müəllim bu sözləri də deyib onların evini tərk edir: "Mən demək istəyirəm ki, sizin oğlunuz böyük riyaziyyatçı olacaq". Müəlliminin sözü təsdiqini tapdı: Anri Puankare bütün dövrlərin ən böyük riyaziyyatçısı oldu.

100-lərlə belə nümunələr göstərmək olar.

P.S. Biz isə plagiatlıq, birinin elmi işinin digəri tərəfindən yazılması və müəllim savadsızlığından danışırıq. Bu əsrdən bizə nə qalacaq? Gec də olsa bu sual üzərində düşünmək lazımdır.

635x100

Şərhlər

Vəli 2023-07-31 12:51:51

Sirr rüşvət mxanizminin tərəqqisi və yaltaqlar sayının artımıdır

Seçici 2023-07-12 13:45:42

Bizdə dahiliyin sirri yaltaqlıq satqınlıq rüşvət korrupsiya talan,yalandan tərifləmə bir sözlə sabunlanma. Kim bunları bacarırsa vəzifədə pullu və dahi olacaq

Son yazılar