NİYƏ BELƏ OLMALIDIR?...

Normativ-hüquqi aktlar haqq-ədalətə əsaslanmalıdır

Şəmsəddin Mənsuroğlu

Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran Normativ–hüquqi aktların qüvvəsi geriyə şamil edilir... ( Başqa normativ – hüquqi aktların geriyə qüvvəsi olmur. Konstitusiyanın 149-cu maddəsinin VII-ci hissəsi)

Dövləti və hüququ, hüquq normalarını xüsusi bilik sisteminin köməyi ilə mahiyyəti üzrə dərk edir və anlayır, ictimai hadisələrin bir-biri ilə sıx bağlılığını, dövlətin bazis üzərində üstqurum kimi siyasi hakimiyyətin - hakim sinfin iqtisadi üstünlüyə malik olduğunu qəbul edirik.

Dövlət də, hüquq da sinifli cəmiyyətdə - Quldarlıq formasiyasında böyük qrupa malik insanların olduğu, ziddiyyətlərin antoqonist həddə çatdığı yerdə meydana gəlib, istehsal alət və vasitələri üzərində yalnız Quldar mülkiyyəti hakim olub. “İbtidai kommunizm” dövründə, yəni İbtidai icma quruluşunda sinifli cəmiyyətin yaranmasına qədər dövlət və hüquq olmamışdır. Bəşəriyyətin yaşadığı ilk formasiyada bərabər əmək bölgüsü həyata keçirilsə də, siniflər arasında ziddiyyətlər barışmaz vəziyyət yaradıb və xüsusi mülkiyyətin yaranması nəticəsində əkinçilik maldarlıqdan ayrılıb. Beləliklə, yeni bir ictimai – iqtisadi formasiyaya, keçidə tarixi zərurət labüdləşib.

Dövlət və hüquq sinfi ziddiyyətlərin hökm sürdüyü cəmiyyətdə bir qrupun digər qrup üzərində hökmranlıq, bir növ “ağalıq”, hökm edə bilən, qaydaları sanksiyalaşdıran, hamı üçün məcburi xarakter daşıyan və danışan alətidir. Bu mənada hüquq da, dövlətin ayrılmaz tərkib hissəsi kimi dövlətlə birlikdə yaranır və mənsub olduğu komandanın, demokratik və hüquqi dövlətlərdə isə xalqın iradəsini ifadə edir, onunla siyasi, hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan vətəndaşlar qarşısında ali məqsədini bəyan etməklə daxili və xarici funksiyalarını həyata keçirir.

Dövlət mövcud bəşəri prinsipləri əsas götürərək, hər kəsin həyat səviyyəsinin və rifah halının yüksəldilməsini, hamı üçün ədalətin, azadlığın, şəxsiyyətin toxunulmazlığını və təhlükəsizliyinin təmin edilməsini özünün ali məqsədinə daxil edir.

Bütün hallarda vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq, qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının konstitusion borcudur. Və bu qurumlar səlahiyyətləri çərçivəsində müstəqildirlər.

Hüquq və azadlıqlar hər birimizin cəmiyyət və digər şəxslər qarşısında məsuliyyətimizi və vəzifələrimizi ehtiva edir. Çox təəssüf ki, bu hüquqlardan sui-istifadə hallarına yol verilir.

Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsinə görə, hər bir şəxs ölkənin konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli və qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Qanunu bilməmək, onun qəbulundan və qüvvəyə minməsindən bixəbər olmaq heç kimi (anlaqsız şəxslərdən... başqa) məsuliyyətdən azad etmir.

Araşdırmalardan məlum olur ki, vətəndaş hüquqlarının pozulması və onun bərpası barədə müraciətlər son dövrlərdə artımla müşahidə edilir. Hər bir müraciətin mahiyyətinə uyğun baxılsa və ya aidiyyəti üzrə göndərilsə də, bəzən vətəndaş müraciətlərinin şikayətin aid olduğu dövlət qurumlarına göndərilməsi halları acı təəssüf doğurur.

Şikayətlərin baxılması üzrsüz səbəbdən uzanır, bürokratçılığa yol verilir və ya müraciətlərin mötəbərliyinə səthi yanaşılır, əlavə araşdırmalar isə zamana ehtiyac duyur. Vətəndaşların haqlı narazılıqlarına təsir edən səbəblərdən biri də, bəlkə ən mühümü müraciətlərin baxılmasına səthi yanaşılması və yaxud qeyd etdiyim kimi, şikayətin mahiyyətini əks etdirən quruma göndərilməsidir. Bəzən belə hallardan sonra vətəndaş haqsız olaraq təqib olunmağa başlanılır... DTX-nın bu xüsusda həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində etibar edilən vəzifələrdən sui-istifadə hallarının təsdiqini tapması qeyd etdiklərimə dəyər verir .

Azərbaycan Respublikasının “Korrupsiyaya qarşı mübarizə haqqında” qanununun (01 aprel 2005-ci il) tələblərinə görə, dövlət orqanlarına əhalinin etimadının möhkəmləndirilməsi, peşəkar və alturizm kadrların (başqasının rifahı naminə təmənnasız əziyyətə qatlaşmaq) idarəetmə orqanlarında xidmətə həvəsləndirilməsi, həmin şəxslərin səlahiyyət müddəti ərzində hüquqpozmalara yol verməsini istisna edən şəraitin yaradılması və içilən anda sədaqətin göstərilməsi önəm kəsb edir.

Həzrəti Konstitusiya hər kəsin dövlət orqanalarının, yaxud vəzifəli şəxslərin qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində dəymiş ziyanın dövlət tərəfindən ödənilməsini imperativləşdirir (konst.68 m II.).

Dövlət bir növ zərər çəkmiş vətəndaşın hüququnu digər, həddini aşan və vicdansız davranan vətəndaşından tələb etmir, ziyanı özü ödəyir. Necə deyərlər, dövlət vəzifə etibar edilən məmuru özünün himayəsi altına alır. Belə alturizm cəhətlərindən uzaq vəzifəli şəxslərin özəl maraqlarına üstünlük verməsini qəbuledilməz hesab etmək olar.

Oxşar müddəa “Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikasının qanunu”nda da əksini tapıb. Qanunun 101-ci maddəsində qeyd edilir: “Məhkəmə səhvləri nəticəsində proses iştirakçısına, yaxud işdə iştirak edən şəxsə dəymiş ziyana görə hakimlər xüsusi əmlakları ilə məsuliyyət daşımırlar. Bu ziyan qanunla müəyyən olunmuş hallarda və qaydada dövlət tərəfindən ödənilir”.

Biz yuxarda Konstitusiyanın 72-ci maddəsinin III bəndində əxz edilən “Qanunu bilməmək məsuliyyətdən azad etmir” müddəasına istinad etmişdik. Amma (101-ci maddə ”Hakimlərin toxunulmazlığı”) hakim qanunu bilə-bilə dövlətin adından qəbul etdiyi aktı ilə vətəndaşa ziyan yetirirsə, ziyanın dövlət tərəfindən yox, hakim tərəfindən ödənilməsi hüququn aliliyinin canlı təzahürü olardı. İl ərzində cinayət məsuliyyətindən bəraətverici əsaslarla azad olunmuş şəxslərə dəyən maddi və mənəvi ziyanın ödənilməsi hakimin üzərinə həvalə olunmalıdır. Belə yanaşma cinayət işlərinin obyektiv və ədalətli istintaqına, “Təqsirsizlik Prezumpsiyası”na imkan yaradar, sözün həqiqi mənasında sosial ədalətin bərpası “isti izlərlə” həllini tapardı. Gecikən ədalətin gücü yetərincə olmasa da, vətəndaşların hakimiyyətin budaqlarına olan etimadının qorumasına stimul yaradardı.

Məlumat uçun qeyd edirəm ki, insan hüquqlarına dair Avropa Konvensiyasını Azərbaycan dövləti 15 aprel 2002-ci ildə tanıyıb. Hazırda AİHM-də Azərbaycanla bağlı təxminən 2 min iş baxılmasını gözləyir. AİHM-də 112 dəfə “Ədalətli Məhkəmə araşdırması hüququ”nu Azərbaycan məhkəməsi təmin etmədiyindən təqsirli bilinib. Çox təəssüf ki, 2002-ci ildən 2021-ci ilə qədər Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanla bağlı 200-dən çox qərar qəbul edib. Bu, dövlət büdcəsindən xüsusilə külli miqdarda məbləğin kiminsə günahı ucbatından ödənilməsi deməkdir! Toplam məbləğ 5 milyon 400 min avro dəyərində müəyyən edilib. Təxminən 10 milyon AZN. Niyə belə olmalıdır?

Ermənistanın ödəməyə məhkum olduğu təzminat 3,8 milyon, Gürcüstanda isə 1,2 mil yon avro təşkil edir...

Bu məbləğlər hakimlərin qəbul etdikləri etibarsız aktlarının və hakimlərin toxunulmazlıq, müstəqillik hüququndan sui-istifadəsinin və içilən anda hörmət ruhunda davranmamasının nəticəsidir. Belə isə niyə müraciətləri təmin olunmuş və presedent hüququ yaradan işlər üzrə maddi və mənəvi ziyan hakimlərin əmək haqlarından ödənilməsin?!

Azərbaycan Respublikasında məhkəmə hakimiyyəti ədalət mühakiməsi yolu ilə həyata keçirilir. Əgər Avropa İnsan Hüquqları Məhkəməsi 20 il ərzində Azərbaycan vətəndaşlarının xeyrinə 200-dən çox qərar qəbul edibsə, deməli, azı 200 hakim içdiyi anda sədaqət göstərə və müstəqil hakimə xas müvazinətini qoruya bilməyib. Onların yanlış hüquq və prosesual düşüncəsi hesabına AİHM Azərbaycanın adını ağ lövhədə qara mürəkkəblə qeyd edib. Burada Azərbaycan dövlətinə mənsub olan Azərbaycan vətəndaşlarının özəl və s. maraqları ilə beynəlxalq mühitdə olan nüfuzumuza ziyan vurulur. Bunun fərqində olmalı, milyonlarla Avropa valyutasının büdcəmizdən silinməsinə imkan verməməli, ölkəmizi dərisi bir qəpiyə dəyməz, ermənipərəst hakimlərin ixtiyarına verməməliyik! Hakimin “Məhkəmələr və Hakimlər haqqında” qanunun 95-ci maddəsində bəyan edilən andı, hakimlərin vətəndaşlar və ədalət mühakiməsi qarşısında məsuliyyətinin real təcəssümü, hakim adına hörmət ruhunda davranmanın, Etik Davranış kodeksinin - etik prinsiplərin və standartların toplusudur. Həmin qanunda hakimlərin peşələrinə xas vəzifələri də var. O vəzifələrin icrasından ekstes etmək – konstitusion niyyətdən kənara çəkilmək yolverilməzdir. Azərbaycan xalqının yüksək iradəsini ifadə edən Konstitusiya Məhkəmə hakimiyyətinə: Qanunların tələblərinə dəqiq və dönmədən əməl etmək vəzifəsini, ədalət mühakiməsinin nüfuzuna, hakimin yüksək adına, şərəf və ləyaqətinə xələl gətirən hər hansı bir hərəkətlərdən çəkinməyi “əmr” edir. Cənab Haqqın və Həqiqətin yalnız məhkəmə icraatı vasitəsi ilə təmin edilməsinin fərqində olmalıyıq!

Mənə elə gəlir ki, dövlətin adından qəbul edilən qərarların icrasının məcburiliyi də önəm kəsb edir. Bu etimadın mənasını dərk etsək Avropa İnsan Hüquqları Məhkəməsində ölkəmizə qarşı öhdəliyin icrası ilə davam edən qərarlar qəbul olunmaz!

Hüquqi dövlətin hakimlərə bəlli prinsipləri yerinə yetirilməyəndə, etik davranış qaydaları estetika ilə əvəz olunur. İtaliyalı müttəfəkkir, siyasi xadim, filosof və yazıçı Nikkolo Makiavellinin sözləri ilə ifadə etsəm, ”Etika estetika ilə əvəz olunanda kanon (musiqi aləti) hökmranlıq edir...”

Vətənə, dövlətə və dövlətçiliyə, milli ideologiyaya sədaqət nümayiş olunmazsa, yenə italiyalı mütəfəkkir Nikkolonun sözləri ilə desək, “Şərab sirkəyə çevriləcək”...

“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının qanunun 8-ci maddəsi “Hədiyyə alma” ilə əlaqədar məhdudiyyətləri önə çəkir. Həmin maddəyə görə (8.2) vəzifəli şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar bir il ərzində hər hansı fiziki və ya hüquqi şəxsdən ümumi məbləği 55 manatdan yuxarı olan bir və ya bir neçə hədiyyəni qəbul edə bilməz. 8.2-ci maddənin davamı belədir: “Həmin məbləğdən (55 manatdan) yuxarı olan hədiyyələr şəxsin xidməti vəzifəsini həyata keçirdiyi dövlət orqanına məxsus hesab edilir”.

8.3-cü maddəyə görə isə vəzifəli şəxs hədiyyənin qəbul edilməsi və ya sadə qonaqpərvərlikdən istifadə(?) ilə bağlı qərara gələ bilməyəndə birbaşa rəhbərinin rəyini öyrənmək tələb olunur (Olar, yoxsa olmaz). Qanun özü özündən xəcalət çəkir, elə deyilmi?

Qənaətimə görə, qanunun “Hədiyyə alma” ilə əlaqədar məhdudiyyətləri 8-ci maddədən çıxarılmalıdır. Bu cinayətlər təqsirli olaraq törədildiyi üçün vəzifəli şəxs şüurlu şəkildə buna yol verir, hədiyyə almağa dəhliz açır və bütün hallarda bu ”cinayətlər” vəzifəsindən və etibar edilən vəzifə səlahiyyətlərindən sui-istifadə nəticəsində şəxsi maraqlara üstünlük verildiyinə görə, əməl cəza təhdidi altında qadağan edilməlidir.

Qəbul edilən qanunların sayı nə qədər çoxdursa, bir o qədər də əlavə və dəyişikliklər var. Əvvəlki illərdə qüvvəyə minən qanunlara edilən əlavə və dəyişikliklərdən baş açmaq olmur. Necə deyərlər, “mürəkkəbi hələ qurumamış” normativ bazaya əlavə və dəyişikliklərin edilməsi artıq bir adətə çevrilib. Belə yanaşma ictimai münasibətlərin hüquqi tənzimlənməsində qeyri-stabillik yaradır və hüquq sisteminə təsirsiz ötüşmür.

Qeyd etməliyəm ki, normativ hüquqi aktlara edilən əlavə və dəyişikliklər həmişə müsbət təəssürat yaratmır. Cinayət Prosesual Məcəlləsində zamanında edilən yeni dəyişiklik “Andlılar məhkəməsi”nin yaradılması ilə bağlı oldu. Amma bir müddətdən sonra həmin fəsil lazımsız bir prosesual norma kimi məcəllədən çıxarıldı.

2014-cü ildə Milli Məclisin 20 iyun tarixli iclasında deputatlar qərara aldı ki, “Andlı iclasçılar“ bizə lazım deyil. Bəzi deputatlar “Məhkəmələr və hakimlər haqqında” qanunda bu inistitutun ləğvini məqsədəuyğun hesab etdi. ”Baş Prokurorluğun bu sahədəki təcrübəsi öyrənildikdən sonra məlum olub ki, andlı iclasçılar institutu güya gözlənilən səmərəni vermir”, - qənaətinə gəlinib (Azərbaycanda bu institut olmaya-olmaya haradan bəlli oldu ki, səmərəsizdir?). (1997-ci ildə qəbul edilən “Məhkəmələr və hakimlər haqqında” qanunda ifadə edilir ki, qanun, andlı iclasçılara dair müddəalar məhkəmə-hüquq islahatları başa çatdıqdan sonra qüvvəyə minir.). “Andlılar məhkəməsində iclasçıların qərar qəbul edilməsində hakim iştirak etmədiyindən təqsirin müəyyən edilməsi hüquqi əsaslara söykənmir, nəticədə yanlış qərarlar qəbul edilir”, - deyən deputatlar da olub. Ümumiyyətlə, çıxış edən deputat-hüquqşünaslar Q.Həsənquliyev, S.Novruzov və başqaları bu institutun saxlanılmasının lehinə səs veriblər.

“Hüquqi təhsili olmayan şəxslərdən ibarət andlılar həmişə hüquqi mühakimə yürüdə bilmir. Bu isə cinayət qanunvericiliyi prinsiplərinin pozulmasına gətirib çıxara bilər,” - deputat təklifinə əsaslansaq, bu institutun ləğvi Konstitusiyada ehtiva edilən “Cəmiyyətin və dövlətin siyasi həyatında vətəndaşların iştirakı onların bilavasitə hüququdur,” müddəasına zidd səslənir.

Normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə və bərabər münasibətə) əsaslanmalıdır.

Ədalət naminə qeyd etmək istərdim ki, hüquq subyektləri çox vaxt normativ aktlara edilən əlavə və dəyişikliklərə münasibət bildirməkdə vaxt tapa, bəzən də o dəyişikləri diqqətdə saxlaya bilmirlər, qaydaların tənzimlənməsində çətinliklər yaşanır. Bu, qanunu bilməmək yox, dəyişikliklərin cəngəlliyində ilişib qalmaqdır.

Haqlı olaraq bir sual da yaranır: “Burada nə var ki, dünya dəyişir, ictimai münasibətlər inkişaf edir, yeni normalarla tənzimlənməli olan yeni sahələr meydana gəlir”. Amma həmişə yeni situasiyalarla bağlı yeni normaların yaranması mütləq deyil. Qanunlar təkmil olmalı, baza prinsiplərinə söykənməli, subyektlərin davranışlarını həddən artıq reqlamentə salınmasından çəkinməlidir. Qanunların çoxluğu hüquq məkanında xaos yaradır, tənzimlənməyən məsələlərin başqa qaydalarla tənzimləməsinə dəstək verilir.

Normativ bazada norma tıxacı dövlət idarəçiliyinin səmərəsini azaldır. Vəzifəsində çalışan dövlət məmuru daha çox xidməti funksiyalarını formal qaydalarla icra etməyə səy göstərir, şəxsi maraqlarının qayğısına qalır. Formalizmə və bürokratizmə imkan verilir.

Əlavə və dəyişikliklərdən öncə “ictimai münasibətlərin inkişaf səviyyəsinə uyğun normativ–hüquqi bazanın yenilənməyə ehtiyacı varmı” sualına cavab axtarmaq lazımdır.

Daha sonra “ictimai maraqların tənzimlənməsi istiqamətində normativ hüquqi aktlara edilən əlavə və dəyişiklər nəyi dəyişəcək” sualını və cavabını da öncədən görmək lazımdır. Hüquqi dövlətlərdə qanunların çoxluğu çox sayda dərmanların çoxluğuna bənzər, keyfiyyəti olmadığına görə faydasızdır .

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Konstitusiyanın 130-cu maddəsində ehtiva edilən V-ci hissənin - hər kəs hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ aktlarından, bələdiyyə və məhkəmə aktlarından qanunla müəyyən edilmiş qaydada bu maddənin III-cü hissəsinin 1-7-ci bəndlərində göstərilən məsələlərin Konstitusiya Məhkəməsi tərəfində həll edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə pozulmuş hüquqların bərpa edilməsi məqsədi ilə şikayət verə bilər. Bu maddədə çətinlik ondan ibarətdir ki, vətəndaş birbaşa pozulmuş hüquq və azadlıqları ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edə bilməz .Yalnız 1-ci bənddən 7-ci bəndə qədər normativ hüquqi və qeyri normativ aktların konstitusiyaya uyğunluğu ilə bağlı məsələlərin həlli üçün Konstitusiya Məhkəməsinə müraciət edə bilər. Konstitusiya Məhkəməsi haqqında Azərbaycan Respublikasının qanunun 34-cü maddəsində eyni normativ ifadə təkrar edilib.

Konstitusiyanın 54-cü maddəsi vətəndaşlara cəmiyyətin və dövlətin siyasi həyatında maneəsiz iştirak və 55-ci maddə isə dövlətin idarə olunmasında iştirak etmək hüququnu verir. Bir az da əvvələ - “Ümumi müddəalar” bölməsinə qayıtdıqda ,”Azərbaycan xalqının vahidliyi Azərbaycan dövlətinin təməlini təşkil edir” müddəası vətəndaşların pozulmuş hüquqlarının bərpası ilə bağlı çətinliklərlə üzləşə biləcəyinə imkan vermir.

Sovet dönəmində vətəndaşların hakimiyyətin istənilən budağının ali məmurlarına müraciət etmək və qəbullarına düşmək imkanları maneəsiz idi. Azərbaycan dövləti demokratik və hüquqi respublika ona görə sayılır ki, dövlətin quruluşu və fəaliyyəti xalqın iradəsinə, hamılıqla tanınmış insan və vətəndaş hüquqlarına və azadlıqlarına cavab verir. Hakimiyyətin formalaşdırılması ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə həyata keçirir.

Bu mənada yalnız Azərbaycan vətəndaşlarının vəziyyətini yaxşılaşdıran (və yüngülləşdirən) hallarda normativ bazaya dəyişikliklərin edilməsi ilə bağlı qanun layihələrinin müzakirəsinə imkan verilməlidir.

635x100

Şərhlər

dadaşyev 2023-07-19 21:46:46

Nə qədər ki neftimiz-qazımız fontan vurur,bizə Aİ-nin filanın cəriməsi –zadı türk demiş “vız gələr trıs gedər”.10 milyon istəyirlərsə 20 milyon,50 milyon verərik,yerin altından çıxan şeydi də neft-qaz.Haqq,rüşvət,yardım,borc,faiz,cərimə,adı nə olur olsun,verərik,təki yaxamızı buraxsınlar.O boyda büdcəni düzüb qoşuruq hər il yeraltı sərvətlərimizlə,camaatdan gələn vergi umrumuzda belə deyil.Elə umrumuzda olmadığı üçündür ki,əvvəlki dili kökələn vergi nazirimiz Pribaltikada o vergilərlə kurortlar şəbəkəsi düzəltdi özünə.Avropa ölkələri vergilərlə düzər qoşar büdcəni,bizdə isə istər olsun istər olmasın vergi,yeraltı sərvətlərlə düzüb qoşuruq hər şeyi.Neft-qazla hər sahədə bacarıqsızlığımızı malalamaq mümkündür.Problem varmı,neftdən-qazdan sürtürsən malalayırsan,düzəlir.Əhalinin işləyib işləməməsinə heç bir ehtiyac yoxdur,təki neft və qazçıxarma şirkətlərimiz saat kimi işləsin.Əhali işləyib nə vergi ödəyəcək ki?O veginin yüz min qat artığını neftdən-qazdan əldə ediriksə neynirik əhalinin işləməyini?Onu da özümüzə dərd edəcəyikmi?Kefində ol,a kişi.Dövran bizimdieeyoaəəəə.

hüquqşünas 2023-07-19 20:16:13

Qanunlar ka\ızda,məhkələr rüşvət və tapşırıqla istənilən hökm çıxarır,Polisdə özbaşınalıq.orduda rüşvət və özaşınalıq....Belə halda bu yazının mahityyəti nədir?

Son yazılar