BÖYÜK İMTİNAÇILAR

Etibar ƏLİYEV

Nobel mükafatı 

1964-cü ildə böyük franız yazıçısı və filosofu Jan Pol Sartr ona verilən Nobel mükafatından imtina etdi. İmtinanın şəxsi səbəblərini belə izah etdi: "Yazıçını digərlərindən fərqləndirən titullar onun oxucularına müəyyən basqı göstərir. Mən isə bunu arzuolunmaz sayıram.

Hər halda «Jan Pol Sartr» və ya «Nobel mükafatı laureatı Jan Pol Sartr» imzaları arasında ciddi fərq var. Belə fərqlənmə ilə razılaşan yazar həm də ona dəyər verən assosiasiya və ya qurum ilə özü arasında bir bağlılıq yaradır. Məsələn, Venesuela partizanlarına bəslədiyim rəğbət sırf mənə xas olan hiss olduğu halda, «Nobel mükafatı laureatı Jan Pol Sartr»ın Venesuela vətənpərvərlərini dəstəkləməsi bu mənada Nobel mükafatları verən qurumun da bu xətti yeritməsi kimi anlaşıla bilər".

1958-ci ilə Boris Pasternak ədəbiyyat üzrə Nobel mükafatına layiq görüldü. Bundan sonra ona təhdidlər başlandı. O, SSRİ Yazıçılar İttifaqından çıxarıldı və mükafatdan imtina etməyə məcbur edildi. Bütün bu hücumlardan sonra Pasternak məcbur qalıb İsveç Akademiyasına teleqram göndərir: «Mənim mənsub olduğum cəmiyyət məni bu mükafatdan imtina etməyə məcbur edir. Könüllü imtinamı ünvanınıza təhqir kimi qəbul etməyin».

1973-cü ildə Amerika Vyetnam müharibəsində "atəşkəsin əldə olunmasındakı fəaliyyətlərinə görə" ABŞ Dövlət katibi Henri Kissincer və Vyetnamın Dövlət xadimi Le Dık Txo Sülh üzrə Nobel mükafatına layiq görüldülər. Le Dık Txo ədalətli sülhün əldə olunmamasını əsas götürərək mükafatdan imtina etdi.

Cəngavər rütbəsi

1915-ci ildə Taqor İngiltərənin nüfuzlu Rıtsar (cəngavər) rütbəsinə layiq görülür. 1919-cu ilin 13 aprelində Hindistanın şimal-qərbində yerləşən Amritsar şəhərində Britaniya əsgərləri dinc nümayişçiləri gülləbarana tutdular. Bu qanlı olay nəticəsində 400 nəfər həlak olur və 1200 nəfər yaralanır. Hakimiyyət 2 ay bu cinayəti gizlədir. Qanlı hadisənin üstü açıldıqdan sonra Taqor etiraz mitinqi təşkil etmək istəyir. Qorxu içində yaşayan əhalidən şairə dəstək gəlmir. Bundan sonra o, Rıtsar rütbəsindən imtina edir. Onun bu şəkildə etirazı dünyada çox böyük rezonansa səbəb olmuşdu.

Böyük Pakistan fiziki, 1979-cu ildə fizika üzrə Nobel mükafatına layiq görülmüş Əbdüs Salamı İngilis Kralıçası İngiltərənin ən mötəbər rütbəsi sayılan “Cəngavər” rütbəsi ilə təltif etmək istəyəndə, Salam bundan imtina edir və Pakistan vətəndaşı olmasından qürur duyduğunu bildirir. Vətəndaşlığı bu mötəbər rütbədən üstün tutur.

Filds medalı

2006-cı ildə riyaziyyat üzrə ən nüfuzlu mükafat sayılan Filds medalına "Puankare hipotezini" isbat etdiyinə görə Qriqori Perelman layiq görüldü. Böyük riyaziyyatçı mükafatı qəbul etmək üçün Madridə getmədi. Başqa sözlə, mükafatdan imtina etdi...

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar