MƏNİM POLİSİM MƏNİ QORUYUR!

Şəmsəddin Əliyev, hüquqşünas, publisist

“Polisə olan hörmət, dövlətə olan hörmətdir!” 

İlham Əliyev 

Hüququn aliliyi, xalq süverenliyinin üstünlüyü, insan hüquq və azdlıqlarının ali dəyərlər kimi qəbul edilməsi və dövlət hakimiyyətinin hakimiyyətin bölünməsi prinsipi əsasında formalaşdırılması hüquqi dövlətlərin mühüm faktorlarıdır. Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan dövlətini demokratik, hüquqi, dünyəvi və unitar respublika kimi ehtiva edir. Hüquqi dövlətlərə aid hamılıqla tanınan prinsiplərin Konstitusiyamızın müxtəlif maddələrində təsbiti bir daha hüququn aliliyinin, insan hüquq və azadlıqlarının, ictimai və dövlət təhlükəsizliyinin təmin olunmasına zəruri hüquqi zəmin yaradır. Bu mənada Azərbaycan dövləti ölkədə insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsini özünün ali məqsədi hesab edir.

Dövlətin və hüququn yarandığı quldarlıq cəmiyyətindən müasir dövrə qədər dövlətin və cəmiyyətin təhlükəsiyliyini, insanların həyat və sağlamlıqlarını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini hüquqa zidd əməllərdən qorumağa ehtiyac duyulub. Bu, polisin təyinatına aid olan vəzifə funksiyaları və fəaliyyət prinsipləridir.

Polisin fəaliyyəti ilk öncə sıravi tərkibdə çalışanların içdiyi anda sədaqəti ilə başlayır. Cinayətkarlıqla mübarizə meydanında polisin müvafiq geyimdə olması ətraf üçün “ehtiyatlı və diqqətli ol”a bənzər bir ovqat yaradır. Polis, vəzifə funksiyaların icrasına belə başlayır.

Bəşəriyyətin artıq alışdığı və təmasda olduğu Polis bir sıra vacib funksiyaları yerinə yetirir. Cəmiyyətin təhlükəsizliyinin təmin edilməsi, ictimai asayişin və qaydaların qorunması, müəyyən olunmuş davranış qaydalarına riayət etmək polisin vəzifəsi kimi qəbul edilir.

Polis əməkdaşları xidmət etdiyi ərazidə vəzifə funksiyalarının icrası məqsədilə çox iş görür. O, küçədə patrul xidmətini həyata keçirir. Şübhəli davranışlı şəxsləri nəzarətdə saxlayır, baş vermiş hadisələrdən vətəndaşların həyatını və əmlakını müdafiə edir.

Aşkar hadisələrə çevik reaksiya verməklə müvafiq tərkibdə hadisə yerinə gəlir, qeyri- aşkar şəraitdə baş vermiş hadisələrin açılması üçün kəşfiyyat xarakterli sorğular aparır, hədisə yerinin mühafizəsini təşkil edir, şəraiti dəyərləndirir, situasiyanı tənzimləyir və təhlükəsizliyi təmin edir.

Statistik rəqəmlərə diqqət etsək, 2022-ci il ərzində qeydə alınan 36.494 cinayətlərin 95,2%-nin açılmasının şahidi olarıq. Bu cinayətlərin, ağır və xüsusilə ağır növlərinin 85,3%-nin, qeyri-aşkar şəraitdə baş verən cinayətlərin 85,7%-nin, şəxsiyyət əleyhinə olan cinayətlərin isə 98,2%-nin açılmasının təmin edilməsi polisin çətin fəaliyyətinin bariz nümunəsidir. Ötən il ərzində keçmiş illərdən bağlı qalmış 368 cinayət üzrə təqsirli bilinən şəxslər müəyyən edilib cinayət məsuliyyətinə cəlb olunmuş,251 kriminal qrup zərəsizləşdirilmiş, axtarışda olan 557 nəfər təqsirləndirilən şəxslər tutulmuşdur.

2021-ci il ilə müqayisədə 2022-ci ildə narkotik maddələrin qanunsuz dövriyyəsilə bağlı 373 kq.çox - 3 ton 418 kq. narkotik vasitə dövriyyədən çıxarılmış, 172 tondan çox narkotik xassəli bitkilər məhv edilmişdir.

Həyata keçirilən prinsipal və peşəkar mövqe nəticəsində ötən il şəxsiyyət əleyhinə olan cinayətlər 2.4% azalmışdır (Qəsdən adam öldürməyə cəhdlər,qəsdən sağlamlığa zərərvurmalar və s.nəzərdə tutulur.)”. 2023-cü ilin I yarımilliyində məqsədyönlü şəkildə həyata keçirilmiş mübarizə nəticəsində 2022-ci ilin 6 ayı ilə müqayisədə qəsdən adam öldürmə faktları 15,4% (-14), oğurluq 1,7% (-65), soyğunçuluq 8,4% (-10), quldurluq 25% (-13), xuliqanlıq 16,6% (-53), ekoloji cinayətlər 26,1% (-59) azalmışdır. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri ilə Daxili İşlər Nazirliyi və prokurorluq üzrə qeydə alınmış 18.661 cinayətin 90%-nin açılması təmin edilmişdir. Cinayətlətin ağır və xüsusilə ağır növlərinin 90%-i, qeyri-aşkar şəraitdə baş verənlərin 85,7%-i, şəxsiyyət əleyhinə olanların 97,8%-i, onlardan qəsdən adam öldürmələrin 97,5%-i, adam öldürməyə cəhdlərin 97,1%-i, qəsdən sağlamlığa ağır zərər vurmaların 96,6%-i, mülkiyyət əleyhinə olanların 81,3%-i, o cümlədən oğurluqların 72,4%-i, dələduzluqların 92,1%-i, soyğunçuluqların 95,8%-i, quldurluqların 95,1%-i, hədə-qorxu ilə tələb etmələrin 97,1%-i, avtonəqliyyat vasitəsini qaçırma cinayətlərinin 87%-i açılmışdır.

Bu ilin 6 ayı ərzində keçmiş illərdən bağlı qalmış 258, "isti izlərlə" 837 cinayət açılmışdır. Təqsirləndirilən şəxslərin axtarışı yaxşılaşaraq 77% təşkil etmiş, İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilmiş 65 (+19) şəxsin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 25 (+8) nəfərin yeri müəyyən olunmuşdur. Bütövlükdə müxtəlif cinayətlərə görə 9.723, o cümlədən qanunsuz odlu silah saxlayan və daşıyan 129 şəxs tutularaq məhkəmə məsuliyyətinə cəlb edilmiş, ağır və xüsusilə ağır növ cinayətlər törətmiş 115 kriminal qrup zərərsizləşdirilmişdir.

Qeyri-leqal dövriyyədən 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 946 kq çox və ya 2 ton 921 kiloqram narkotik vasitə çıxarılmışdır. Ümumi çəkisi 143 ton olan narkotik tərkibli bitki yaşıl kütlə halında məhv edilmişdir.

Göründüyü kimi, “Hər bir cəmiyyətin sosial vəziyyətinə uyğun cinayətkarları və cinayətləri olur” klassik zərb məsələ uyğun müxtəlif növ ağır və xüsusilə ağır cinayətlər baş versə də, onların açılması polisin yüksək peşəkarlığı ilə təmin edilir. Bir növ, polis ”Məharət dərəcəsini” məharət və əzmlə həyata keçirir.

Təhqiqat və istintaq orqanlarının prosesual tapşırıqlarını icra edir, sübutlar toplayır, şahidlərin ilkin izahatlarını fiksə edir, hadisələrə dair müvafiq arayış hazırlayır və prosesual zərurət yarndıqda cinayətlərin real vəziyyətinin təhlili üçün hüquq-mahafizə orqanları ilə əlaqə saxlayır.

Polis əməkdaşı həm də, vətəndaşlara müvafiq profilaktik məsləhətlər verir, ekstremal durumda olanlara yardım edir və ya başqa xidmət sahələrinə yönləndirir, tibbi yardım göstərir, təhlükəsizliklə bağlı informasiyanı bölüşür, qanunlar və qaydalar haqqında ictimaiyyəti maarifləndirir.

Göründüyü kimi, vahid mərkəzləşdirilmiş hüquq mühafizə orqanına mənsub olan, dövlət qulluğunun xüsusi növündə çalışan və müəyyən səlahiyyətləri həyata keçirən polis əməkdaşının geniş və mürəkkəb vəzifəfə funksiyaları var. Kriminogen durumu nəzarətdə saxlamaq əzmkarlıq,peşəkarlıq,prinsipiallıq,xətənə və dövlətə sədaqət, xalqa sevgi və ehtiram, bəzən nəzakətli davranış, bəzən çevik reaksiya, son zərurət hallarında isə həddini aşmadan qoçaqlıq tələb edir. Bu baxımdan hər kəs, polis orqanlarında xidməti arzulasa da, hamı üçün əl çatan deyil və bu xidmətə hər kəs yararlı hesab oluna bilməz.

Qeyd etdiyim vəzifə funksiyalarının icrasına nəzarəti Daxili İşlər Nazirliyinin elit və ali rütbəyə malik kollegiyası - kollegiya sədri və üzvləri, spesfik səlahiyyətlərə malik baş idarə və idarənin erudisiyalı rəisləri, şöbə və polis bölmələrində xidmət aparan təcrübəli heyyəti həyata keçirir. Öz növbəsində Azərbaycan Polisi avtomobil yollarında hərəkətin təhlükəsizliyini təmin edir, ekstremizmə qarşı durur, miqrantların ölkədə qeydiyyata və ya himayəyə alınıb –alınmaması məsələsini nəzarətdə saxlayır, mütəşəkkil cinayətkarlığa, XXI əsrin köləliyinə - insan alverinə qarşı mübarizə aparır, kiber təhlükəsizliklə bağlı əməliyyat –axtarış fəaliyyətini həyata keçirir, dünyada eskalasiyası böyüyən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı görk olacaq əməliyyat-axtarış tədbirlərini həyata keçirir, məhkəmə -istintaq orqanlarının qanuni tələblərindən yayınanların axatarışı ilə məşğul olur, keçmiş illərdən bağlı qalmış ağır və xüsusilə ağır cinayətlərin açılmasını təmin edir.

Cinayətkarlıqla mübarizə sahəsinin coğrafiyasını nəzərə alıb belə bir sual yarana bilər: Bu peşəni kimlər tuta və kimlər bu xidmətə layiq sayıla bilərlər?

Yuxarıda bu suala qismən aydınlıq gətirdim. Bəli, bu xidmət sahəsində özünü sınamaq istəyənlər müəyyən keyfiyyətlərə –fiziki cəhətdən, risk şəraitində işləməyə hazır olmalıdır. Polis orqanlarında xidmətə layiq aşağıdakı keyfiyyət və bacarıqları malik şəxslər uyğun sayıla bilər:

İlk növbədə məsuliyyətli olmalıdır.

Polis əməkdaşı cəmiyyətdəki rolunu, mövqeyini və səlahiyyətini, ərazidə təhlükəsizliyin və ictimai qaydanın mühafizəsi barədə məsuliyyət hissini dərk etməlidir.

Kommunikativ (münasibət, əlaqə qura bilən) – yəni polis əməkdaşının yüksək münasibət qura bilmək bacarığı olmalıdır ki, müxtəlif insanlarla təmasda ola bilsin, münaqişəli situasiyalarda problemin həlli yollarını tapsın.

Dinləmək bacarığı olsun, qarşısında olanın hissini, həyəcanını duysun, istəklərini anlasın - empatiyası olsun.

O, fiziki cəhətdən hazırlıqlı və sağlam olmalıdır. Polis əməkdaçının fiziki formada olması tələb olunur.

O, həm də Psixoloji cəhətdən stabil olmalıdır.

Polis əməkdaşı ekstremal şəraitlərdə mürəkkəb qərarlar qəbul etməyi və müvazinətini qorumağı bacarmalıdır. Cəmiyyəti ictimai bir orqanizmə bənzətsək onun təhlükəsizliyinin təmin olunmasına həmişə ehtiyac duyulub. Bu baxımdan polis də həmişə tələb və arzu olunan peşədir. Tarixən cəmiyyətin inkişafı polissiz mümkün olmamışdır. Sabitliyin dayanıqlığı və təhlükəsizliyin təmin olunması demokratik və hüquqi dövlətlərdə polissiz mümkün olmamışdır.

Polis hökumətin digər güc strukturları kimi iyerarxik vəzifələrə mənsubdur.

Bu gün - XXI əsrdə Azərbaycan Polisi fəaliyyət istiqamətlərini köklü dəyişiklərlə həyata keçirir. Qeyd edəcəyim aspektlər bu peşənin inkişafına təsirsiz ötüşmür.

Texniki inovasiyalar: Texnologiyanın inkişafı ilə polis vəzifə funksiyalarını daha çevik və səmərəli həyata keçirə bilir. Süni intelektdən istifadə, böyük informasiyalar və digər avtomatlaşdırılmış sistem cinayətlərin qarşısının alınmasında və aşkar edilməsində, cəmiyyətin təhlükəsizliyinin təmin olunması işinin təhlilində əhəmiyyət kəsb edir.

Kibertəhlükəsizlik: Rəqəmsal mühitin inkişafı və kibercinayətlərin artıq qeydə alınması, polis əməkdaşlarını da öz bacarıq və peşəkarlıq məharətinin artırılmasını məcbur edir. Onlayn hədələrə qarşı mübarizəni davam etdirmək üçün peşəkarlıq səviyyəsini artırmadan mümkün deyil. Virtual mühitdə təhlükəsizliyin təmin olunması da ,əlavə təcrübə tələb edir.

Beynəlxalq əməkdaşlıq: Müxtəlif ölkələrin polis orqanlarında transsərhəd hədələrə qarşı əməkdaşlığın davam etdirilməsi təcrübəsi artıq var. Beynəlxalqcinayətkarlıq və Terrorizmə qarşı mübarizə sahəsində birgə əməkdaşlıq səmərə verir. İnformasiya mübadiləsi,əməliyyatların koordinasiyası və hüquq mühafizə orqanlar ilə birgə əməkdaşlığı polisin gələcək fəaliyyətinin əsas və mühüm aspektlərini təşkil edir.

Preventiv iş (qabaqlayıcı tədbir, önləyici hərəkət, bir şeyin qarşısını almaq): Polis gələcəkdə preventiv tədbirlərin və proqramların həyata keçirilməsində fəaldır. Burada ictimai təşkilatların və yerli icra orqanlarının birgə əməkdaşlığı da danılmazdır.

Polis-cəmiyyət münasibətlərinin və əməkdaşlığın aşağıdakı əsasları vardır:

Təhlükəsizliyin və ictimai qaydanın möhkəmləndirilməsində əhalinin iştirakı artmalıdır;

Yaşayış yerlərində cinayətkarlıqla bağlı problemlərin həllində yerli əhalinin imkanlarından geniş istifadə edilməlidir. Bu baxımdan, Polis cəmiyyət arasında əməkdaşlığın inkişafı müəyyən mənada əhalinin etimadından və məmnunluğundan asılıdır.

Qeyd etdiyim əməkdaşlığın əldə edilməsinə nail olmaq üçün polis cəmiyyətə inteqrasiya etməyi və (cəmiyyətdə) legitimliyini əsaslandırmağı bacarmalıdır. Bu, bir növ həvalə olunan vəzifənin öhdəsindən lazımi qaydada gələ bilməyindən və xalqa xidmətin keyfiyyətindən asılı ola bilər.

Beləliklə, polis də əhalinin davranışlarına bələd olmalı, ehtiyaclarına qayğı ilə yanaşmalı və təmkinlə dinləməli, problemlərin həllinə dayaq durmalı və ictimai dəstəkdən faydalanmaq üçün birgə səylər cinayətkarlıqla mübarizəyə səfərbər edilməli, birgə mübarizənin təhlili barədə onlara məlumat verilməlidir. Bütövlükdə polis peşəsinin müsbət və mənfi cəhətləri də var.

Mübariz keşikdə duranların həmişə hər yerdə, istənilən ərazidə qaydaların və sabitliyin qorunması niyyətilə olması çox lazımdır. Burada cəmiyyətə bəlli olmayan faktorlar da var.

Polis xidmətinə qəbul olmaq üçün normativləri vermək, tibbi müayinədən keçmək, psixoloji testdə sınanmaq, cinayətin növlərinə görə məhkumluğun olub-olmaması barədə məlumat vermək mühüm şərtlərdəndir.

Polis əməkdaşının idmançılara xas bədən formasını saxlaması çox vacibdir. Möhkəm fiziki hazırlığı olmayan polis əməkdaşının vəzifə funksiyalarının öhdəsindən gəlməsi çətindir. Polis xidməti risklə bağlıdır.

Xidmət zamanı müxtəlif bədən xəsarətlərinin və zədələrin alınması ehtimalı böyükdür. Riskli xidmət növüdür. Stress halında olmaq və emosionallığıni cilovlaya bilməmək mümkündür. Cəmiyyətin sezə bilmədiyi başqa aspektlər də var.

Polis xidmətinə xas özəl cəhətlər əməkdaşları hüquqpozmaların və cinayəti törədənlərin sübyektləri ilə əməliyyat marağına uyğun əlaqədə olmasını mümkün hesab edir. Arzuolunmaz şəxslərlə münasibət saxlamaq polisin fəaliyyətinə səmərə verir, daxil olmuş məlumat əsasında baş verəcək cinayətlərin qarşısı alınır, cinayət törədənlərin şəxsiyyəti ətrafında məlumatlar əldə edilir, axtarışda olanların yeri müəyyən olunur və keşmiş illərdən bağlı qalmış cinayətlərin açılması təmin edilir.

Polis konstitusion normalara uyğun olmayan cədvəllə işləyir. Sutkalıq növbəli iş, gecə növbətçiliyi, təcili çağırışlar əsasında ərazilərə qrup halında getmək ,ərazidə sabitliyin və geniş mənada təhlükəsizliyin nəzarətdə saxlanılmasının təzahürüdür.

Xidmətdə bəzən neqativ cəhətdən müşayət edilən subyektiv yanaşmalar da var. Az əmək haqqı ilə qrafiklə uzlaşmayan xidmətin öhdəsindən gəlmək lazım gəlir. Polisin aldığı aylıq məvacibi digər hüquq-mühafizə orqanları ilə müqayisədə azdır, çox azdır. 15 illik xidmət stajına malik olan polis əməkdaşı ayda – rütbə və qulluq stajına uyğun 950 AZN məbləğində əmək haqqı alır. İctimai nəqliyatdan və taksilərdən xidməti zərurətlə əlaqədar güzəştli imkanlardan istifadə etmək fürsəti artıq ləğv edilib,yoxdur. Onlar məzuniyyət hüququndan istifadə etdiyi vaxt ərzində prokurorluq, məhkəmə, DTX və Əks kəşfiyyat xidmətində çalışanlardan bir neçə dəfə az məvacib alır. Amma iş yükünə gəldikdə polis daha gərgin və sıx qrafikdə işləyir. Sabitliyin dayanıqlı təmin edildiyi müstəqil ölkəmizdə Diplomatik nümayəndəliklərdə çalışan şəxslər,paytaxtda çalışan əcnəbilər və ailə üzvləri də buna ğörə Ölkə rəhbərliyinə məmnunluqlarını ifadə edirlər. Bunu rəğbətləndirmək lazımdır.Əmək haqqının artırılmasına mane olacaq aspektlərdən biri kimi polisin şəxsi heyətinin çox minli olması ulə əlaqələndirirlər. Dünyanın hər yerində polisin ştat vahidi digər inzibati orqanların şəxsi heyətindən çoxdur.

Haşiyə: Birinci Qarabağ müharibəsi zamanı milli ordunun formalaşmadığı bir dövrdə polis həm daxili düşmənlərlə, həm də erməni qəsbkarları ilə döyüşürdü (Ştat vahidinin çoxluğuna sitat).

Polis fəaliyyətində çoxlu sayda hesabatlar protokollar və digər sənədlər hazırlayır. Qaynar xəttə daxil olan zənglərə cavab verir, onu icraya yönəltmək, ərazidə əhali ilə profilaktik və maarifləndirmə xarakterli söhbətlər aparmaq, tövsiyələr vermək,icra və əmək intizamını əngəlləyən bürokratik hallara qarşı qanuni – prosesual tələblər daxilində qərar qəbul etmək lazım gəlir. Bunun isə zamana ehtiyacı var.

Azərbaycanda polis orqanlarına qəbul olunmaq üçün öncədən hərbi xidmətdə olmaq və müvafiq ali təhsil ocaqlarına məxsus aldığı ixtisası təsdiqləyən diplom lazım gəlir. Bəzi ölkələrdə olduğu kimi ölkədə “Polis Akademiyası” ali, bakalavr pilləsində “Hüquqşunaslıq “ixtisası üzrə diplom verir. Amma Azərbaycanda orta təhsilli “polis kollecinin” yaradılması çox vacibdir. Ora 9 –cu və ya 11-ci sinifi bitirdikdən sonra daxil ola bilmək şansı verilməlidir. Təbii ki, burada da normativlərin verilməsi, tibbi müayinədən keçmək zəruridir. Məsələn Moskvada “Polis kolleci” və “Hüquq koleci ”, habelə “Sankt-Peterburq “Polis kolleci” dövlət büdcəsi hesabına fəaliyyət göstərir.

Sosial şəbəkələrdə bəzən polisin bu və ya digər hərəkət və hərəkətsizliklərə, vətəndaşlara qarşı həddini aşma və qanunsuz saxlanılmasına dair əsasız (normativ hüquqi aktların mahiyyətindən xəbəri olmayanlar) rəylər də paylaşılır. “Polis haqqında və Əməliyyat axtarış fəaliyyəti haqında Azərbaycan Respublikasının qanunlarında” Polis əməkdaşlarının hansı hallarda “həbs etmək”, nə vaxt güc,bəzi hallarda xidməti itdən, elektroşok vasitələrindən estifadə edə bilər,- məsələlərinə aydınlıq gətirilib. Hətta qanun odlu silahın tətbiqini də mümkün sayır.Bu, yalnız insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi məqsədilə ehtiva edilən həssas tələblərdir və impetivliyi ilə diqqət çəkir. Saxlanılanlara və tutulan şəxslərə qarşı polisin davranışları həddini aşmır,qeyd olunan normativ hüquqi aktların tələblərii ilə uzlaşır.

Tutulma zamanı insan hüquqlarına uyğun ümumi aspektlər də var: Bütün saxlanılanlar təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa , təqsirsiz sayılır. Ümumilikdə Polisə aid standartlar cəmiyyətdə polis nüfuzunun möhkəmləndirilməsinə, vətəndaşların polisə olan etibarına və göstərilən etimadın yüksəldilməsinə xidmət edir.

Həvalə olunan vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi zamanı polis qətiyəti və bacarığı ilə seçilir, fəaliyyətində dözümlülük, içdiyi anda sədaqət, vəzifə borcuna sadiqlik nümayiş etdirir və bu müqəddəs hiss ilə yaşayır, prinsipallığı, məsuliyyəti və fəaliyyət istiqamətlərinə uyğun davranışalrı ilə cəmiyyətdə fərqlənir.

İçdiyi xidməti andına sadiq qalan polis əməkdaşları vətəndaşların ,cəmiyyətin və dövlətin qanuni maraqlarını qoruya bilirlər.

“Mənim polisim, məni qoruyur” - ifadəsini qürurla işlədə bilərik.

635x100

Şərhlər

Şəmsəddin -ə 2023-10-21 16:00:32

Sənin polisin ola bilsin səni qoruyur.Amma Azərbaycanlı xalqa zorakılıq,qabalıq nümayiş etdirir,zorakılıq tətbiq edir.Əziyyət və işgəncə verir.

Son yazılar