Tülkü ilə çaqqalın bir yerdə olduğu SANCAQ...

Etibar ƏLİYEV, millət vəkili

ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosinin İrəvanda çərənləməsinin şahidiydik. Daha görsənmir…

BMT-nin Təhlükəsizlik Şurasının Qarabağla bağlı sonuncu iclasında Almaniyanın Xarici işlər naziri Annalena Berbokun erməni həmkarı Ararat Mirzoyanla eyni yalanları danışmasının da şahidi olmuşuq. İndi Kanadanın Xarici işlər naziri Melani Joli meydandadır. Joli Azərbaycana qarşı əsassız ittihamlar səsləndirib və hətta Bakını sanksiyalarla hədələyib.

Yadıma maraqlı bir dialoq düşdü: ABŞ-ın keçmiş Prezidenti Riçard Nikson Rusiyanın keçmiş Xarici işlər naziri Andrey Kozırevdən yeni Rusiyanın maraqlarını ifadə etməyi xahiş edir. Kozırev ona deyir: “Cənab Nikson! Siz bilirsinizmi, Sovet İttifaqının ən əsas problemlərindən biri milli maraqların bizi tilsimləməsi olub. İndi biz daha çox ümumbəşəri dəyərlər barədə düşünürük. Bizdə milli maraqları tənzimləmək üçün hansısa faydalı ideyanız olarsa deyin, Sizə minnətdar olaram”.

Ermənilər bütün dünyanın gözü qarşısında Azərbaycan xalqına qarşı genosid, urbisid, ekosid törətdilər, torpaqlarımızı işğal etdilər. Məscidlərimizdə donuz saxlamaqla teosid (anlayış özümə məxsusdur) törətdilər. İnsanlarımızı analoqu olmayan vəhşiliklə qətlə yetirən bu barbar tayfanın əməllərini görməmək kor olmaqdan da betərdir. Erməni vəhşiliklərinin məcmusu ümumbəşəri dəyərlərə qarşıdır, faşizmdən daha böyük vəhşilikdır. Ancaq Nensi Pelosi, Annalena Berbok, Melani Joli və onlar ağılda olan digər siyasətçilərin maraqlarına ümumbəşəri dəyərlər daxil deyil. Bunların təhtəlşüurunda Qalina Staravoytova, Yelena Bonner kimi anti-Azərbaycan ünsürlərinin arxetipləri yatır. Bu tip qadınlar çoğrafiyadan, tarixdən, diplomatik etikadan xəbərsizdirlər və həqiqət adlı bir dəyəri ayaqları altına atırlar.

Ötən əsrin ortalarında ideya müəllifi Çörçill olan “Dəmir pərdə” anlayışı elə-belə ortaya çıxmadı. İdeya müəllifi Prezidentimiz İlham Əliyev olan “Dəmir yumruq” anlayışı da zərurətdən yarandı. “Dəmir yumruq” ümumbəşəri dəyərləri qorumaq naminə, misli görünməmiş vəhşiliklərdən qisas almaq üçün təbii olaraq ortaya çıxdı. Burada böyük Tanrının köməyini də unutmaq olmaz.

Bu 3 xanım siyasətçi ilə yanaşı ABŞ-ın dövlət katibləri Madlen Olbraytın və Kondaliza Raysın da fəaliyyətini izləmişik. Madlen Olbraytın yaxasına taxdığı “Sancaq”la bağlı fikri maraqlıdır: “Bu, göyərçin və qartalın bir yerdə olduğu sancaqdır. Onu keçmiş Müdafiə naziri Vilyam Kohenin xanımı Canet Lanqhart Kohen hazırlayıb. Bu, bir tərəfdən açıq əllə təkliflər etmək, digər tərəfdən isə güclü olmaq və bütün variantların masa üzərində olduğunu aydın etməli olduğumuz haqda mənim düşündüklərimi əks etdirir".

Azrbaycan xalqının heç kimin torpağında gözü olmayıb. Əksinə, işğal altında olan torpaqlarımızın sülh yolu ilə azad olunması üçün bütün səylərimiz ortaya qoyulub. Nəticə olmayıb. İşğal faktoru xalqımızın əsəblərini tarıma çəkmişdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin misilsiz hünəri, hərb və diplomatiya tarixində misilsiz rasionallığı sayəsində torpaqlarımız işğaldan azad olundu. İndi biz regionda Ədalətli Sülh və birgəyaşayış istəyirik. Süni maneçiliklər törədirlər. Nensi Pelosini efemerliyini Annalena Berbok, Melani Joli və həqiqətin gözünə dik baxa bilməyən başqaları da yaşayacaqlar.

Yaxşı mənada Madlen Olbraytın sancağı simvol olaraq qalacaq. Nensi Pelosinin, Annalena Berbokun və Melani Jolinin də sancaq taxmaq vaxtlarıdır. Tülkü ilə çaqqalın bir yerdə olduğu sancaq...

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar