Beynəlxalq “Fəlsəfə günü”ndə fəlsəfəmiz və gün-güzəranımız haqqında

Dərc olunub: 28/11/2014 - 17:56

ebulhesen1Azərbaycanın ən görkəmli alimlərindən biri, “Dünya professorları sülh uğrunda” Beynəlxalq təşkilatının üzvü, fəlsəfə elmləri doktoru, professor Əbülhəsən Abbasovun Beynəlxalq “Fəlsəfə günü”nə həsr edilmiş çıxışını oxuculara təqdim edirik:

Qlobal miqyasda xaosun, qeyri-müəyyənliyin, destruksiyanın dünyanın müvcudluq üsuluna çevrildiyi zamanədə bizim konfransın “Müasir dünyada fəlsəfənin mənəvi funksiyası” mövzusu olduqca aktual olsa da, indiki gedişatla sanki dissonaslıq təşkil edir. Rəhmətlik Rafiq Tağı demişkən, bu gün mənəviyyatdan, yaşamaqdan yox, mənəviyyatsızlıqdan, ölümdən danışmaq və yazmaq daha məqbul və asandır. Belə ki, ortada olan bir gerçəklik var – haqsızlıq, ədlətsizlik, qan-qırğın, mənəvi tənəzzül və qlobal təlaş içərisində çabalayan, var-gəl eləyən dünya. O dünya ki, artıq lokal miqyaslı mütəşəkkil cinayətkar qrupların deyil, İŞİD kimi qlobal cinayətkar qruplaşmanın və onun arxasında dayanan qlobal siyasi gücün həmlələrinin, insana və insanlığa qarşı yürüdülən səlib yürüşün qurbanına çevrilib. Bəşəriyyətin belə bir durumunda, həqiqətən də, mənəviyyat problemi yükünün altına girmək çox riskli, çətin təşəbbüsdür. Ancaq biz buna borcluyuq, ən azı ona görə ki, müasir fəlsəfəni təmsil edirik və üstəlik də bugünkü mənzərənin yaranmasında fəlsəfənin “xidmətləri” az deyil.

Söz yox, bütün bəşəriyyət üçün “mənəviyyat dərsi” deməyə müasir dünyanın güc mərkəzləri bizə səlahiyyət verməyib, ağıllı və əsaslandırılmış fikirlər söyləsək də onlar bizi eşitmək istəməyəcəklər, necə ki, doğma Qarabağla haqlı mövqemiz, dəlil-sübutlarımız nəzərə alınmır. Bununla belə, nəsə edə bilərik və ilk növbədə, özümüz üçün, öz məmləkətimiz, elmimiz və mədəniyyətimiz naminə. Bu mənada “Fəlsəfə günü”nü əlamətdar hadisə, keçid fazası – ortada olana yekun vürmaq və gələcək vəzifələri müəyyənləşdirmək, prioritetləri hədəfə almaq, əlverişli yollar göstərmək üçün bir şans, imkan sayıram. Mənim hörmətli həmkarlara çatdırmaq istədiyim fikirlər də məhz bu məcrada irəli sürülür.

Əlbəttə, bu məcrada vacib bildiyim bütün problemlər haqqında vaxt baxımından burada fikir söyləmək imkanım yoxdur. Yalnız bir neçə məqamlara toxunmaq istərdim. Ümumilikdə desək, bunlar postmodernizm, sufizm, postneoklassik paradiqmalara və elmi rasionallıq mövzysyna aid məqamlardı. Narahat edən odur ki, bir tərəfdən, bu fenomenlərlə əlaqədar (biliksizlik ucbatından və ya məqsədli surətdə) yanlış fikirlər ictimaiyyətə ötürülür, habelə əsas anlayışlar təhrif olunur, digər tərəfdən, nəticə olaraq, qeyri-məqbulluğu açıq-aşkar görünən ziyanlı “əqlinəticələr” ortaya atılır. Necə deyərlər, alaq otu basmış ictimai fikir məkanı bir daha zibillənir və bunun davamı olaraq fərdi və ictimai şüurun böhranı dərinləşir, fikir hərcməcliyi, mənəvi diskonfort artır. Mən on-onbeş il bundan əvvəl çap olunmuş əsərlərdəki və yaxud dünən-sırahagün elmə gəlmiş cavan tədqiqatçıların yazılarındakı nöqsanları yox, artıq uzun müddətdir ki, elmdə fəaliyyət göstərən müəlliflərin indiki tədqiqat işlərindəki xoşagəlməz halları nəzərdə tuturam.

Çıxışımın məqsədi kimisə tənqid etmək olmadığı və bu günü bir növ təntənəli bayram günü kimi qeyd efdiyimiz üçün müəllif və əsər adları çəkməyəcəm, ümumiləşmiş şəkildə deyəcəm. Bir də ki, fikir bulanıqlığını yaradan yalnız onlar deyil ki! Duman-çisgin alatoranlığını qatılaşdıranlar çoxdu. Beləliklə, stajlı tədqiqtçılarımızdan biri təzəcə, bu aylarda nəşr edilmiş böyükhəcmli kitabında yazır: ”Rasional elm insanı üzvü və qeyri-üzvi maddələr kompleksinə çevirir. Onun bütün mədəni dəyərlərini materiya və mexaniki hərəkətlə eyniləşdirir. İnsan həqiqət axtarıcısı, mütləq dəyərlər pyedestalından endirilir və yalnız kortəbii bioloji təkamülün əlində instiktlərin, reflekslərin, fiziki-iqtisadi komplekslərin idarə etdiyi oyuncaq, yalnız öz hərisliyini, iştahasını və eqoizmini təmin etməyə çalışan heyvan səviyyəsinə salınır”(s.8-9). Fikir verin: bu absurd əqlinəticə mahiyyət etibarilə Molla Nəsrəddin yanaşmasını xatırlatmırmı – qaçan dananın əvəzinə ağaca bağlı dananı kötəkləmək. Bu tip mülahizələrlə, “fəlsəfi” qənaətlərlə biz özümüz mədəniyyətin və mənəviyyatın qanını zəhərləmirikmi?! Xatırladım ki, məhz böyük filosof Hegel fəlsəfəni mədəniyyətin, əxlaq və mənəviyyatın qanı hesab edirdi və bu dəyərli fikir hörmətli İlham Məmmədzadənin “Bir daha fəlsəfə haqqında” keçən il çap olunmuş sanballı kitabında da vurğulanır. Nəhayət, elmi və rasionallığı bütün bəlalarda suçlamaqla onsuz da elmdən, fundamental təhsildən özgələşmiş gəncliyi bir daha cəhalətə, xurufata, istehlakçılk və maddiləşmə burulğanına sürükləmirikmi, onlarda maarifə və maarifçiliyə nifrət yaratmırıqmı?!

Əsaslandırılması mümkün olmayan cəfəngiyatı necə arqumentləşdirəsən, ancaq müəllif bu cəhddən də çəkinmir, əvvəlkindən də betar uydurma ortaya qoyur: “Hissi həqiqət sistemi, hissi qavrama vasitəsilə çatılan bilgilər – müasir rasional elmin əsasında bu durur”(s.14). Əcəba, görəsən, insanı kosmosa yöksəldən, yeni-yeni informasiya-kommunikasiya vasitələri yaradan, nanotexnologiyalar ortaya qoyan müasir elm, həqiqətənmi, yalnız hissi idrakın üstqurumudur?! İkincisi, “rasional elm” ifadəsini işlədən tədqiqatçı qeyri-rasional elm mənası altında nəyi nəzərdə tutur? Ümumiyyətlə, rasionallıqdan kənarda elm mümkündürmü? Əlavə çaşbaşlıq yaratmamaq üçün elə buradaca vurğulayım ki, rasionallıq hər bir elmin, o cümlədən – fəlsəfənin, özəyi və özəlidir. Söhbət rasionallığın zəruri olub-olmamasından deyil, yalnız onun tipoloji adekvatlığından gedə bilər. Geniş təqdimatda biz üç növ rasionallıq tipindən danışa bilərik – klassik, neoklassik və postneoklassik rasionallıq tiplərindən.

Məsələn, mürəkkəblik fəlsəfəsinə, sinergizm, özünütəşkil və özünüidarəetmə prinsiplərinə dayaqlanan postneoklassik elm çağdaş zəmanənin tələblərinə cavab verən yeni rasionallıq tipi ortaya qoyur. Elə bir rasionallıq ki, bizim hər hansı obyekt haqqında biliklərimiz yalnız idraki vasitələrə müvafiqliklə kifayətlənmir, insan fəaliyyətinin dəyər-məqsəd strukturuna və təbiətinə xüsusi önəm verir. Həmçinin, söhbət elə rasionallıqdan gedir ki, subyekt obyekt haqqında danışmağa deyil, obyektin özünün danışmasına üstünlük verir (M. Haydegger cəhdi!) və bu istəkdə obyektə yardımçı olur. Rasionallığın belə tipi, aydındır ki, daxilən qayğıkeş, həssas, tolerant və məhsuldar dialoqa həvəsli təfəkkür axarında mümkündür. Bu təfəkkür, eyni zamanda, özü-özünə tənqidi yanaşan və məsuliyyətli təfəkkürdir. Məhz, ilk növbədə, öz-özünə münasibətdə və öz qarşısında tənqidi, məsuliyyətli, deməli, vicdanlı təfəkkür! Belə təfəkkürü mən, mahiyyətindən çıxış edərək, tənqidi-sinergetik təfəkkür adlandırıram. Hesab edirəm ki, onun vasitəsilə öz qabarıq fundamüntalizmi, qəddarlığı və tərsliyi, ədalətə və haqqa biganəliyi ilə fərqlənən totalitar-avtoritar düşüncə məngənəsindən xilas olmaq mümkündür – bu şərtlə ki, insanda insanlıq əlamətləri tam tükənməyibsə! Başqa sözlə desək, postneoklassik rasionallıq bu gün və gələcək naminə humanizmə yeni nəfəs verən, insanı və bəşəriyyəti yaranmış çoxşaxəli böhrandan çıxara biləcək fikir və əməl sisteminin atributudur.

Bir daha vurğulamaq istəyirəm: xilas yolu elmi və rasionallığı düşüncə və əməllərimizdən silib-atmaqda, qlobal kapitalizmin və onun ideya-siyasi dayağı olan oliqarxik liberalizmin günah və cinayətlərini kənarda axtarmaqda, bəşəriyyəti dalana dirəmiş həmin bu gözü-qarnı doymaz maliyyə-sələmçi kapitalizmin məqsədli surətdə ortaya atdığı, mahiyyətcə asosial, dağıdıcı, mənən boş və üfünətli olan poststrukturalist-postmodernist cərəyanların dəstəklənməsində (bilərək və ya bilməyərək), yaxud da islam dini pərdəsi altında ehkamçılığa, bayağı və dayaz ruhaniyyətçiliyə, yeni xurafatçılığa, Allahın adından sui-istifadələrə rəvac verməkdə deyil, sağlam, gümrahlaşdırıcı mənəviyyata, elmə, zamana müvafiqliyi ilə səciyyələnən rasionallığa, məntiq sərrastlığına qadir olmaqdadır, Şərin adını və ünvanını düzgün-doğru göstərməkdə və ona qarşı səmimi, ağıllı mübarizə aparmaqdadır. Qlobal miqyasda bəşəriyyətə, insana və insanlığa divan tutulan bir vaxtda özünə alim, filosof deyən kəs “bulanlıq suda balıq tutmaq” xəyalına düşməməlidir. Bu, əlbəttə, çətindir, ancaq yeganə ümidverici və layiqli yoldur.

Məndən əvvəl çıxış edən hörmətli Zümrüd xanım Quluzadə, fəlsəfə tarixi üzrə aparıcı mütəxəssis, bir daha marksizmin taleyi ilə qayğılandığını, bu cərəyana qarşı yönəlmiş tənqiddən narahat olduğunu söylədi və biz həmkarları, hamılıqca, yenidən marksizmə dönüş etməyə, onu dərindən öyrənib-mənimsəməyə səslədi. Əlbəttə, uzun müddət fəlsəfə tarixi sahəsində çalışmış adam üçün hansısa çağırışla çıxış etmək – onun haqqıdır. Ancaq düşünmürəm ki, mövcud problemlərimizin, qəbahətli yaşayışımızın kökü marksizmdən uzaqlaşmada və ya ona lazımınca diqqət yetiməməyimizdədir. Həqiqətə qalanda, marksiz həmişə öyrənilib və indi də öyrənilməkdədir. Hər halda, onun qayğısını çəkənlər var – postsovet məkanında da, dünyada da! Konkret olaraq, mənə gəldikdə isə ( hörmətli Zümrüd xanımın üstüörtülü mənə ünvanlanmış gileyini duyaraq!) deyə bilərəm: marksizmə olan münasibətimi, hərtərəfli əsalandırmalarla, hələ keçən əsrin 80-ci illərinin axırlarında və 90-cı illərinin əvvəllərində ictimaiyyətin diqqətinə çatdırmışam. O cümlədən, 1991-ci ildə rus dilində nəşr edilmiş “Mürəkkəblik. Zaman. Sinergetika” adlı monoqrafiyada bu mövzuya ayrıca bir fəsil ayırmışam. Kimsə lazım bilib oxumayıbsa, bu, onun öz problemidir. Burada geniş açıqlama verməyə və təfərrüatlara varmağa lüzum yoxdur. Sadəcə, bir daha bildirmək istəyirəm: marksizm öz dövrünün böhranlı vəziyyətinə, mövcud sivilizasiya ilə mənəviyyatın toqquşmasına cavab olaraq meydana çıxmış dopinq nəzəriyyədir; onun nəyisə sağlamlaşdırması, bütün xoş niyyətlərinə baxmayaraq, yalnız keçici xarakter daşıya bilər. O, özlüyündə bəşəriyyətin mütərəqqi gələcəyini təmin edə bilməz! Elə tarixin özü də bu həqiqəti artıq sübuta yetirib. Sovetlər Birliyinin, sosialist düşərgəsinin acı taleyi buna bir sübutdur.
Qəribədir, ideya-siyasi, sosial-fəlsəfi, dünyagörüşü-məfkurə böhranının, əxlaqi-mənəvi tənəzzülün istər lokal və regional, istərsə də qlobal miqyasda bəşəriyyətə qənim kəsildiyi bir vaxtda da biz “şapalaqla üz qızartmaq”la məşğuluq, həyatın çoxçeşidli dərinliklərinə baş vurmaq əvəzinə “öz subyektiv aləmimiz”in rahatlığı və konyuktur xarakterli “təmizliyi” naminə əlləşirik, şəxsi qəlbimizin rahatlığına çalışırıq, avtonom məmnunluğumuzdan xumarlanırıq. Əlcatan, asan, dividentlər gətirən işdən yapışmağı, dəbdə olana sığal çəkməyi özümüzə peşə edirik. Üstəlik də bu tip davranışı, “həyat düsturu”nu, az qala, qədim daos fəlsəfəsinin, qüdrətli müdriklərin tövsiyəsi qismində statuslaşdırırıq. Görünür, Lao-Tszının soyuqqanlı, təmkinli, sakit ruhlu olmaq fikrini çoxları belə başa düşür. Mən heç təsəvvüf fəlsəfəsinin qat-qat xəzinələşmiş sərvətindən danışmıram!

Beləliklə də get-gedə daha çox real həyatdan, biz filosoflardan fikir və əməl fəzilətləri gözləyən gerçəklikdən uzaq düşürük, bugünümüzə, cəmiyyətimizdə baş verən hadisə və proseslərə varmağı belə özümüzə borc bilmirik. Sonra da gileylənirik ki, işlər niyə qaydasında getmir. Qəbul etmək istəmirik ki, bəs, QAYDA-QANUNa yol açanlardan biri, bəlkə də – birincisi, filosofdur. Qayda-qanuna aparan yolun, əməli siyasətin bünövrəsində kamil bilik, möhtəşəm ideya-ideal durur. Söhbət mövcud reallığın rasional davamı kimi çıxış edən elə İDEALdan gedir ki, gələcək vəziyyətin ruhlandırıcı təsviri, sövqedici məramı olmaq etibarilə, xəstə-şikəst “Mən”in eqoist istəklərindən törəyən subyektiv və xəyalpərəst mülahizələrdən uzaqda durmağı üstün tutur və vacib bilir. Bəşəri gedişatın və milli tarixin təbii məhsulu, indinin ağıl, bilik və məsuliyyət hesabına formalaşmış konstruktiv davamı olan bu İDEALın qayəsi zəruri və ədalətli olan uğrunda mübarizədə rasional yolları və vasitələri bilməkdən, mümkünlük (imkan) sərhədlərini tanımaqdan ibarətdir. Xülasələşdirsək, filosofun üzərinə düşən mühüm vəzifələrdən biri milli tarixin nüvəsini, bu tarixin təkamülünü müəyyənləşdirən “ZAT”ı aşkarlayıb-bilməkdə və onu topluma tanıtmaqdadır, bu “ZAT”ın zədələnməməsi üçün var gücü ilə çalışmaqdır. Bu yoxdursa (xüsusən də uzun müddət ərzind!), deməli, “zatıqırıq”lıq baş alıb gedəcək, yalançı “millət vurğunları” xalqın adından çıxış edərək cəmiyyəti də, dövləti də cürüdəcəklər – SSRİ-ni cürüdən kimi!

Zat özlüyündə mükəmməllikdirsə, onun olmaması və ya qırıqlığı cəhalət, səfehlik, qaragüruhçuluq, həyasızlıq, abırsızlıq, acgözlük, talançılıq, riyakarlıq, kin-kidurətdir. Əzilənlərə, zəiflərə, carəsizlərə, yoxsul və kasıblara daha çox divan tutmaq, zülm verməkdir. Zatı qırıqlar, bir qayda olaraq, Şərin silahdaşlarına çevrilir, Ədalətə, Haqqa, Nizama, Vicdana qənim kəsilirlər. Güzgünün qırıqları eyni xüsusiyyətə malik olduqları kimi, bunları da eyni xüsusiyyətlər birləşdirir – Allah bəndələrinə pislik etmək, əlləri çatan yerdə rüşvətxorluğa və korrupsiyaya yardımçı olmaq, bayağılığa, bəsitliyə, dayazlığa və cırlığa dəstək vermək. Bəzən onlar yığdıqları haram pullar hesabına Məkkəyə də gedib-gəlirlər, “Allah evləri” də tikdirirlər, cılız “Mən”lərinə təpər vermək istəyirlər, Allaha və ondan doğan substansiyaya-zata yox, yenə də öz xırda, xəstə hisslərinə səcdə edirlər. Düşünmürlər ki, nə Allah, nə də ondan doğan Zat (qədim Çin müdriklərinin təbirincə desək, “Dao”) yalançı belə cəfakeşliyi, bu cür “xeyriyyəçiliyi” qəbul etmir və edəsi də deyil. Əslində, Allahdan gələn və hər şeyin kökü olan Zatın bizim yardıma ehtiyacı yoxdur, biz ona ehtiyaclıyıq. O, özündən asılıdır, daimi və dəyişməzdir.

Bu kontekstdə düçünərkən, mən görkəmli dövlət xadimi, akademik Ramiz Mehdiyevin elmi-siyasi faliyyətini, onun milli tariximizlə, dövlətçiliyimizlə, tarixi şəxsiyyətlərimizlə bağlı yazılarını, o cümlədən, Şah İsmayıla həsr etdiyi kitab və məqalələrini böyük minnətdarlıq hissi ilə yüksək dəyərləndirirəm. Keşməkeşli tariximizin, milli təkamülümüzün keçmiş-bugün-gələcək oxunda müəyyənləşməsində, milli maraqlarımız müstəvisində bu üçlüyün məğzini təşkil edən substansiyanın, Zatın, aşkarlanıb dərk olunmasında və bu istiqamətdə milli ideologiyamızın yeni tələblər baxımından formalaşması və kamilləşməsi naminə verdiyi töhfənin əhəmiyyəti danılmazdır. Ədalət naminə onu da deyim ki, Şah İsmayıl mövzusu hörmətli Ramiz müəllimi hələ o, MK katibi olduğu (1982-1988) dövrdə ciddi maraqlandırmışdır, bu istiqamətdə onun təşəbbüsü ilə müəyyən addımlar da atılmışdır.
Fürsətdən istifadə edərək, bir daha Ramiz müəllimin biz filosoflar qarşısında 2009-cu ildə xüsusi vurğu ilə qoyduğu vəzifəyə – milli ideologiya və azərbaycançılıq probleminin daha dərindən və hərtərəfli öyrənilməsinə diqqət çəkmək istəyirəm. Söz yox, az-çox nəsə etmişik, mənim də bu mövzuda bir sıra məqalələrim və “Milli maraqlar və milli ideologiya” adlı kitabım çıxıb. Ancaq bütün bu görülən işlər onu göstərmir ki, məsələni fundamental surətdə, nisbi də olsa, həll etmişik. Görməli olduğumuz işlər elədiyimizdən qat-qat çoxdur.

“Zat”dan söhbət düşmüşkən, bir daha bəzi mətləblərə toxunmaq və aydınlıq gətirmək istərdim. Bu, biz filosofların borcudur. Əfsuslar ki, burada da əksəriyyət kənarda neytral qalmağa, sakitcə müşahidə etməyə, sadəcə olaraq, toqquşan tərəflərin vuruşmasından ləzzət almağa üstünlük verməkdədir. Mən son illərdə ədəbi-mədəni mühitdə, siyasi arealda baş vermiş, həmçinin, davam edən hadisə və prosesləri, əsasən gənc yazarlardan təşkil olunmuş və postmodernist “dəyər”lərə üstünlük verən Azad Yazarlar Ocağı (AYO) ilə Azərbaycan Yazıçılar Birliyini (AYB) arasında gedən toqquşmanı, M.F. Axundova, M.Ə. Sabirə, Səməd Vurğuna, Süleyman Rəhimova, Rəsul Rza və Nigar Rəfibəyliyə, habelə, əfsanəvi tarixi qəhrəmanlarımız olan Koroğlu və Qaçaq Nəbiyə qarşı vaxtaşırı aparılan hücumları, milli irsimizə, tarixi köklərimizə endirilən zərbələri nəzərdə tuturam. Eyni zamanda, görkəmli klassiklərimizə, dünyasını dəyişmiş alim və yazıçılarımıza, şairlərimizə, Ələkbər Ələsgərov, Adil İsgəndərov, İsmayıl Dağıstanlı, Mehdi Məmmədov, Əli Zeynalov, İsmayıl Osmanlı və başqa bir çox böyük sənətkarlara münasibətdə göstərilən biganəliyi, susqunluğu, yeni nəslə onların kimliyinin tanıdılmamasını, yalnız indi yaşayıb-yaradan zəka və əməl sahiblərinin deyil, keçmiş ustadlarımızın da konyuktur-subyektiv motivlər əsasında “bizimki”lərə və “yad”lara bölünməsini, abırsızlığından, həyasızlığından milləti “çatladan” bayağı-düşük “müğənni”lərə “xalq artisti” adlarının verilməsini, ehtiyac içində, cüzi pensiyaya birtəhər dolanan elm, ədəbiyyat, mədəniyyət və incəsənət adamlarına və elə həmin AYO-ya, AYB-ya daxil olan və olmayan istedadlı gənclərin evsizliklə, pul-parasızlıqla, yersiz maneələrlə sınağa çəkilməsini, onların qəlbindən-ruhundan püskürən istək-arzuları anlamaq zərurətini rədd etmək, onları lazımınca eşitməmək və beləliklə, düşünən, passionar gəncliyi “müasirlik” pərdəsi altında dilimizi, davranış və təfəkkür tərzimizi “uf” demədən şikəst edənlərin “bostanına” yönəltmək praktikasını, həmin bu gənclərə səhvlərini əsaslı surətdə, “adam dilində” başa salmamaq ənənəsini heç cür anlaya və qəbul edə bilmirəm. Hamılıqca, gəlin, elə edək ki, bu məsələlərin xoşməramlı, ədalətli və ağıllı həllində bütün bəşəriyyət üçün qibtəedici nümunə olaq. Məhz onda hörmətli Prezidentimiz cənab İlham Əliyevin “Neft gəlirlərini insan kapitalına çevirməliyik!” çağırışı əsasında duran böyük və ali hədəfin hasil olmasına, “XXI əsr – qüdrətli, zəngin, kreativ Azərbaycan” projesinə güclü, məhsuldar dəstək verə bilərik. Mən buna tam əminəm. Bəşəriyyətin yeni hümanizmə, mənəviyyata, intellektə doğru transformasiyasına Azərbaycan hazırdır və, şübhəsiz ki, bu məcrada öz sözünü deyəcək!

Biganəliyi özlərinə “kanon” etmiş bəzi nazir və deputatları başa düşürəm, onların, necə deyərlər, əl-qolu bağlıdır, bəs ziyalılar dəstəsinin, başda filosoflar olmaqla, tükənməz və yersiz mötədilliyini, bilənin də, bilməyənin də artıq bir dəbə çevrilmiş “postmodernizm”inə (faktiki olaraq, destruktivizminə), hətta olduqca dəyərli elementlərlə zəngin olan təsəvvüf fəlsəfəsinin bu müstəvidə təhrif olunmasına dözümlü münasibətini, zəhmət çəkib yaranmış xoçagəlməz duruma aydınlıq gətirməməsini, nəhayət, Azərbaycanda ilk postmodernist roman (“Yarımçıq əlyazma”, 2004) yazmış alim-yazıçı, dövlət müşaviri, hörmətli Kamal Abdullanın, baş nazirin müavini hörmətli Elçin Əfəndiyevin ortaya konkret mövqe qoymadıqlarını necə qiymətləndirək? Axı, hərtərəfli biliyə, hazırlığa və təcrübəyə malik belə şəxsiyyətlərin fikir və əməli işlərinə cəmiyyətimiz ehtiyaclıdır.

Hörmətli cənablar və xanımlar, söyləniləsi problemlərimiz çoxdur, ancaq burada hamısını dilə gətirməyə imkan yoxdur. Vacib bildiyim odur ki, biz filosoflar çərəyan edən proseslərə, yaxşı və pis meyllərə, hansısa forma-məzmunda özünü göstərən ideoloji, submədəni axınlara diqqətli olaq, milli kimliyə, “Zat”a edilən qəsdlərə göz yummayaq, elmi, rasional düşüncəni kökündən baltalayaraq, total mistisizmə, ezoterikaya, münəccimliyə, esxatologiyaya doğru çağırış edənlərin, xaosu, destruktivliyi, köksüzliyi simvola çevirənlərin, “multilinqvistik dolaşıqlıq”lardan həzz alanların yanıldıqlarını elə onların özü və başqaları üçün də əsalandıra bilək.(Moderator.az)


loading...




Fikrinizi bildirin