XXI ƏSR BİZİM ƏSRİMİZDİR!

 Etibar Əliyev, millət vəkili

Ümummilli liderimiz Heydər Əliyevin nümunəsindən məlumdur ki, dövlət başçılarının nitqləri hər zaman insanların diqqət mərkəzində olub. Bir çox nitqlərdən önəmli fikirləri və anlayışları çıxarıb uzun illər elmdə və ədəbiyyatda istifadə ediblər. Tarixə diqqət etsək görərik ki, dövlət başçılarının nitqləri ilə yanaşı müsahibələri onların intellektual bioqrafiyalarına dolğun məzmun verir. 

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin intellektual bioqrafiyası çox zəngindir və onun nitqləri, müsahibələri diplomatiya, politologiya və siyasi fikir tarixində yeni səhifələr açır. Prezidentimiz ölkəmizlə bağlı bütün məqamları analitik təhlil edir. Yerli və xarici jurnalistlərə həqiqəti izah edir. Dövlətimizin başçısı zaman faktorunu çox dəqiqliklə qiymətləndirir.

Sitat: “Bu günki reallıqları biz 2003-cü illə yox, 1993-cü illə müqayisə etməliyik, çünki məhz o tarixdən başlayaraq Azərbaycan inkişaf yoluna qədəm qoydu, sabitlik təmin edildi, vətəndaş müharibəsinə son qoyuldu və ölkəmiz beynəlxalq təcriddən çıxdı.” 

1987-ci ildən 1993-cü ilə qədər ölkəmizi hərc-mərcliyin poliqonuna çevirmişdilər. Ölkəni xaos bürümüşdü. Müdrik Azərbaycan xalqı xaosdan nizama doğru hərəkəti səriştəli və nüfuzlu şəxsiyyətdə və dövlət xadimində görürdü. Əlbəttə ki, bu şəxsiyyət Heydər Əliyev idi. Heydər Əliyev ölkəyə vurulan zərbələri qısa zaman kəsiyində aradan qaldırmağa nail oldu. Müasir Azərbaycan dövlətini qurdu, insanların həyat eşqini onlara qaytardı.Bir vaxtlar Azərbaycana təzyiq edən dövlətlər, düşmənlərimizə dəstək verənlər çox rahat idilər. Zaman ötdükcə onların ironiyası artdırdı. Qələbədən sonra Fransa öndə olmaqla onlar əsəbi dövlətlərə çevrildilər. 

“Əsəbi dövlətlər” anlayışı London universitetinin professoru Uilyam Devisə məxsusdur. O, yazır: "Artıq hər şey dəyişib, artıq insanlar neytral alimlərə, ekspertlərə də inamlarını itiriblər. Dünyanı artıq emosiya idarə edir və bu, artıq siyasətə yol göstərir. Bütün bunlar necə və nə üçün baş verdi? Nədən siyasəti belə şıltaq peşəyə çevirdilər? Bu bizi nəyə sürükləyir?” 

İşğalçının tərəfini saxlayan siyasətçilərlə yanaşı Birləşmiş Millətlər Təşkilatı, ATƏT-in Minsk qrupuna inamımızı itirmişdik. Prezident İlham Əliyev yerli televizyalara müsahibəsində bu məsələyə dəqiqliklə aydınlıq gətirdi: “Dünyada beynəlxalq hüquq işləmir. Bu mexanizmlər ancaq zəif ölkələr üçün işə salınır. Böyük dövlətlər buna məhəl qoymur. Onlar üçün sanki qanun qanun deyil, beynəlxalq hüquq hüquq deyil.” Böyük Zəfərimiz BMT-də islahatların aparılmasına yol açdı. Qarabağımızın hər qarşı torpağına şəhid və qazilərimizin qanı hopub. Buralar bizim qan yaddaşımızdır. Torpaqlarımız erməni barbarlarının işğalından azad olunduqdan sonra gedib misli görünməmiş vandalizmi və vəhşilikləri gözümüzlə gördük. Ölkəmizin başçısı hər ilin fevral ayının 26-da Xocalı soyqırımı abidəsini ziyarət etməklə hamımızın xəyalını bu müqəddəs yerə aparırdı. Biz Xocalı ilə yaşayırdıq. Prezidentin müsahibəsindən: “Xocalıda bayrağı qaldırandan sonra biz tam əminliklə deyə bilərik ki, Xocalı qurbanlarının qanı yerdə qalmadı. Xankəndində isə bayrağın qaldırılması ədalətin tam bərpası idi və Zəfərimizin son nöqtəsi idi.”

Barbarlar şəhərlərimizi-kəndlərimizi yerlə yeksan etməklə yanaşı hər qarış torpağımıza minalar əkiblər. Bizim əkib-becərdiyimiz torpaqlardan minalar da təmizlənəcək. Lakin düşmənin qəlbindəki qurğuşun həmişə ona əzab verəcək...

Bütün dünyanı iqlim dəyişiklikləri narahat edir. Alimlər, dövlət başçıları insanları optimizmə səsləyirlər. İqlim fəlakətlərindən qaçmağın yolları araşdırılır. Hər bir dövlət bu işə töhfələr vermək istəyir. Bütün fəaliyyət sahələri - o cümlədən kənd təsərrüfatı, sənaye, ekologiya, loqistika sahələrində yeni intibaha ehtiyac var. Dəqiq və düşünülmüş diplomatik addımların nəticəsində COP29 Azərbaycanda keçiriləcək. Dövlətimizin başçısı bu ciddi tədbirə çox böyük önəm verir: “Bu fakt ölkəmizin imkanlarının növbəti nümayişidir. Azərbaycan COP29-un prezidenti kimi xüsusi rola malik olacaq. Proseslərin gedişatı bizim mövqeyimizdən böyük dərəcədə asılı olacaq. Biz artıq bir neçə ölkədən əməkdaşlıq təklifi almışıq.” Bu fakt həqiqətən onu göstərir ki, Azərbaycan dünyada Sülhün bərqərar olmasından tutmuş, iqlim dəyişikliklərinə qədər öz töhfəsini verməyə hazır olan ölkədir.

Prezident, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsindəki fikirləri bizim nikbinliyimizi daha da gücləndirdi. Azərbaycan adlı kiçik bir dövlətin böyük lideri hər saat, hər dəqiqə ölkəsinin gələcəyini düşünür. Bu düşüncənin də tarixi 1993-cü ildən başlayıb. Ulu Öndərimizin məktəbi vətəni sevmək, vətən uğrunda döyüşmək məktəbidir.

XXI Əsr bizim əsrimizdir desək, yanılmarıq!

635x100

Şərhlər

Deputata 2024-01-12 13:43:57

Sizin əsriniz ola biər.Ancaq saf Azərbaycan xalqı çıxılmaz vəziyyətə salınmaqda davam edir.

Son yazılar