Erməni düşməndir, bəs, siz kimsiniz?

Heydər Oğuz

[email protected]

Uşaqlığımda eşidib güldüyüm bir lətifə var idi. Guya, Brejnev ABŞ-a səfər edir. Səfər zamanı dəfələrlə Ağ ev rəhbərinə eyni sualı verir-sizdə zəncilər necə yaşayırlar? Hər dəfə özünü eşitməzliyə vuran ABŞ prezidenti axırda dözməyib Brejnevə cavab verir:

-Cənab katib, gəlin, bir-birimizi çətinə salan suallardan qaçınaq. Heç mən sizdən soruşuram ki, SSRİ-də fəhlələr necə yaşayırlar?

Bu lətifəni mənim üçün olduqca hikmətamiz qılan oradakı mətləb idi. Lətifədən belə nəticə hasil olurdu ki, özünü fəhlə və kəndli hökuməti kimi tanıdan SSRİ adlı məkanda fəhlələrin vəziyyəti ABŞ-dakı zəncilərin halından heç nəyi ilə fərqlənmir.

İndi isə bu lətifəyə heç gülməyim gəlmir. Məsələ onda deyil ki, xeyli böyümüşəm və mənim yumor hislərim dəyişilib. Məsələ ondadır ki, artıq təxminən eyni məntiqli arqumentləri eşidə-eşidə qulağım yağır olub. Hesab edirəm ki, indi yalnız orta yaşda birisi olan Heydər Oğuz yox, bir çox gəncə bu əhvalatı danışsan gülməz. Adama deyərlər, a kişi, keçmişdə uzaq ABŞ məkanında olmayan bir hadisəni lətifəyə çevirincə, gözünü aç, bizim rəsmilərin Qərb ölkələrinə verdiyi cavablara bax. Cib müxalifətindən tutmuş iqtidar mənsublarına qədər bütün siyasilərimizin Avropa parlamentinin rəhbərlərinə verdikləri cavab mahiyyət etibarilə sənin danışdığından nəyi ilə fərqlənir? Avropalılar bizə deyir- öz vətəndaşlarınızın hüquqlarını niyə pozursunuz? Bizimkilər isə onlara ermənilər müsəlmanın başını kəsəndə niyə dinmədiklərini irad tuturlar. Sizcə, bu elə Azərbaycan hakimiyyətinin yürütdüyü siyasətlə erməni zülmünü eyniləşdirmək deyilmi? Bu elə o demək deyilmi ki, Azərbaycan hakimiyyəti rəsmi olaraq öz vətəndaşlarının əsir günündə olduğunu etiraf edir?

Yazıq avropalılar… Bilmirlər bu arqument qarşısında nə desinlər. Bizimkiləri necə başa salsınlar ki, axı onlar ermənidir, azərbaycanlılara düşmən kimi baxırlar. Düşmən düşmənə qarşı yeri gələndə düşmən kimi davrana bilər və bunun qarşısını almaq hər zaman hamıya nəsib olmur. Bəs, siz kimsiniz-bu ölkənin dostusunuz, yoxsa düşməni? Dostusunuzsa özünüzü niyə ermənilərlə müqayisə edirsiniz? Düşmənisinizsə sizə nə var, erməni sizin düşməninizin başına nə oyun gətirirlər? Hər kəs özünə cavabdehdir. Elə humanist düşmənsinizsə ermənilərdən bunu tələb edincə, özünüz öz əməllərinizlə yaxşı nümunə olun! Millətə azadlıq verin! Onların öz istədikləri adamları seçib parlamentə nümayəndə kimi göndərməsinə şərait yaradın! Söz, vicdan azadlığından yararlanıb fikrini bəyan etmək istəyənlərin ağzını zorla bağlamayın! Gəncləri günahsız yerə zindanlarda çürütməyin! Zor gücünə ayaq üstdə durmağa çalışan sahibkarların çörəyiylə oynamayın! Öz qudurğan övladlarınızın ərköyünlüyünün qarşısını alın! Bir sözlə, bizim heç olmasa müstəmləkələrimizə verdiyimiz hüquqların mində birini siz də öz vətəndaşlarınızdan əsirgəməyin!

Yazıq avropalılar 2003-ci il seçkilərinin demokratik əsaslarından dissertasiya müdafiə edib hüquq elmlər doktoru olmuş ailm-deputatlara necə başa salsın ki, insan hüquqları ayrı şeydir, bir ölkənin ərazilərini işğal etmək ayrı şey. Erməni sizin torpaqları işğal edibsə, buyurun, özünüzün suveren hüquqlarınızı əsas gətirərək halal torpaqlarınızı əsarətdən qurtarmağa çalışın. Biz sizin əvəzinizə gəlib vuruşmalı deyilik, ha?! Elə ciddi vətənsevərsinizsə, bu işğal faktının ortaya çıxmasında misilsiz rol oynamış Rusiyayla əlaqələrinizi kəsin. Orada yaşayan azərbaycanlıların ölkəyə qayıdıb öz təsərrüfatlarını qurmasından, iqtisadi təsəbbüşkarlıqla çıxış etməsindən çəkinməyin. Azərbaycan əraziləri kifayət qədər böyük, insanları isə daşdan çörək çıxaracaq qədər qabiliyyətli və bir şəhəri doldurmayacaq qədər azdırlar. Sadəcə, onlara ölkədə yaşayıb yaratmaq imkanı verin. Azad rəqabət şəraitində işləməsinə, qurub yaratmasına mane olmayın. Bu ölkədə demokratik bir ortam qurulsa, Azərbaycan nəinki Cənubi Qafqazın, hətta dünyanın əksər ölkələrindən önə çıxmaq potensialına malikdir. Siz cənubi və şimali koreyalılardan ibrət dərsi alın. Avtoritarizmin eyni milləti hara, demokratiyanın isə hara apardığını görün!

Avropalılar bizim dilbilməzlərə necə başa salsınlar ki, neftinizə, qazınıza çox güvənməyin. Neft də, qaz da tükənən sərvətlərdir. Bir millətin tükənməz sərvəti isə onun iqtisadi və siyasi ağlı, demokartik təsisatları və mədəni səviyyəsidir. Bu səviyyəni yüksəltmədən nə ermənilərdən torpaq almaq, nə milləti bir ağ günə çıxarmaq, nə də qurulan dövlətin uzunömürlülüyünü təmin etmək mümkündür.

Avropalılar bizə necə başa salsınlar ki, Azərbaycanda demokratiya onlardan çox, özümüzə lazımdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar