İT ƏL ÇƏKDİ, MOTAL ƏL ÇƏKMƏDİ...

Nurəddin İSMAYIL

Avropa İttifaq Şurasının prezidenti Şarl Mişel fevralın 8-də Azərbaycan Prezideti İlham Əliyevə zəng edərək seçkilərdə əldə etdiyi qələbə münasibətilə onu təbrik edib və Aİ ilə Azərbaycan arasında energetika, nəqliyyat və digər mühüm iqtisadi, siyasi sferalar üzrə əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu bildirib.

Ş.Mişel həmçinin üçtərəfli formatda Brüsseldə Azərbaycan, Ermənistan və Avropa İttifaqı arasında keçirilən görüşlərin bərpa edilməsinin, sülh danışıqlarının yenidən canlandırılması istiqamətində səylərin artırılmasının vacibliyini gündəmə gətirib.

Ölkə rəhbəri İ.Əliyevin bu platformada keçirilən görüşlərə önəm verməsi əvvəldən bəlli olduğuna görə cənab Mişelin görüş təşəbbüsü müsbət dəyərləndirilib və Azərbaycanın üçüncü bir ölkənin iştirakı olmadan sülh danışıqlarının aparılmasına hazır olduğu onun diqqətinə çatdırılıb. Əlbəttə, oyunda yenə erməni hamisi Fransanın barmağı yoxdursa və hərdəmxəyal Paşinyan Azərbaycanın təklif etdiyi obyektiv şərtlər daxilində sülh sazişinin bağlanmasını qəbul edəcəksə, bu formatın reallaşması hər iki xalqın maraqlarına uyğundur. Yox, əgər Paşinyan yenə də erməni lobbisinin və onu şirnikləndirən qərb dəstəkçilərinin təsiri altında sülh danışıqlarını əngəlləyən, yeni münaqişə alovunu körükləyən, bölgə aktorlarını dışlayan, beynəlxalq ticari əlaqələrin sərbəst inkişafına təkan verən Zəngəzur dəhlizinin açılmasına mane olan paketlə çıxış edəcəksə, onda bu görüşün faydalı olacağından danışmağa dəyməz.

Görünən odur ki, Rusiyadan əli üzülən Paşinyan Qərbi arxasına alaraq istər 10 noyabr üçtərəfli sazişlə, istərsə də Praqa və digər platformalarda üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən uzaqdır. Onun son günlər xarici ölkə mətbuatına verdiyi müsahibələrdə yenidən Qarabağdan ermənilərin guya etnik təmizlməyə məruz qalması, “The Teleqraph” qəzetinə verdiyi açıqlamada Azərbaycana qarşı növbəti dəfə böhtan xarakterli əsassız iddialar irəli sürməsi bu ölkə rəhbərinin sülh danışıqlarına hazır olması barədə beynəlxalq kürsülərdən səsləndirdiyi bəyanatlarla tam ziddiyyət təşkil edir. Azərbaycan Xarici işlər Nazirliyi onun bu böhtan dolu müsahibəsinə tutarlı cavab vermiş, onun gətirdiyi arqumentlərin əsassız olduğunu ifadə edən rəsmi məlumat yaymışdır. Məlumatda deyilir: “44 günlük Vətən müharibəsindən sonra Ermənistanın üçtərəfli bəyanatın müddəalarını kobud şəkildə pozaraq, Azərbaycan ərazilərindən işğalçı qüvvələri çıxarmaması, ərazilərimizə silah-sursat, hərbi texnika və minaları ötürməkdə davam etməsi və digər kobud pozuntu və təxribatlar törətməsi barədə danılmaz faktlar Ermənistan tərəfinin əsl niyyətindən xəbər verir. Ermənistan tərəfi bu kimi təxribatlar və Azərbaycana qarşısiyasi manipulyasiya dolu fikirlər və addımlar əvəzinə sözdə deyil, əməldə beynəlxalq öhdəliklıərə riayət etməli və sülh prosesinə töhfə verməlidir.”

Təbii ki, Paşinyan təxribat xarakterli fikirləri Cənubi Qafqazda nüfuz dairəsi uğrunda mübarizə aparan Fransa tipli ölkələrin təsiri ilə səsləndirir və bu addımı ilə bölgədə əldə edilən sülh və təhlükəsizlik üçün əngəllər yaradır. Son günlər beynəlxalq səviyyədə ölkəmizə qarşı insan hüquq və azadlıqlarının pozulması, Laçın dəhlizinin bağlanması ilə Qarabağda yaşayan ermənilərin humanitar fəlakətə sürüklənməsi adı altında göstərilən təzyiqlər Paşinyanın öz ağlı ilə danışmadığını, beynəlxalq oyunçuların maşası olduğunu göstərir. Hakimiyyəti itirmək qorxusu, Rusiyadan müdafiə olunma cəhdləri Paşinyanı sülh danışığına getməyə sövq etsə də, Avropa hamiləri onu dinc buraxmaq istəmir. Atalar misalında deyildiyi kimi, “İt əl çəkdi, motal əl çəkmədi”. Azərbaycan İkinci Qarabağ savaşından sonra öz ətrafında gedən məkrli beynəlxalq oyunların, təzyiqlərin, təhdidlərin fərqindədir və öz xarici siyasətində diplomatiyanın avropasayağı təbəssümlü hücum taktikasına eyni qayda ilə cavab verən siyasət izləyir. Qarabağın işğaldan azad edilməsi rus sülhmərəmlı kontingentinin missiyasını getdikcə yararsız hala saldığı kimi, Qarabağ faktorundan hər zaman Azərbaycana təzyiq vasitəsi kimi baxan beynəlxalq qurumları da öz siyasətini yeni qaydalara uyğun qurmağa məcbur etdi. Daha terrorizm beşiyinə çevrilən Qarabağ foktoru yoxdur, sülhqoruyucu fəaliyyətdən çox sülhpozucu fəaliyyətlə məşğul olan Minsk Qrupu dünəndən yoxdur və işğal, təcavüz faktını yalnız kağız üzərndə fiksə edən BMT-nin məlum qətnamələri də unudulmaq üzrə. İndi güclü, modern, monolit, sərhədlərini düşməndən qorumağa qadir orduya malik olan Azərbaycan, bir də ordusu dağıdılmış, müdafiə qabiliyyəti sıradan çıxmış, xalqı mənəvi cəhətdən sındırılmış, dünənin təcavüzkarı, bu günün məğlub Ermənistanı var.

Ağlı başında olan ölkə bu gerçəkliyi qəbul etməli, ikibaşlı, xalqının başının altına yastıq qoyan məkrli oyunlardan əl götürməli və sözdə deyil, əməldə sülh sazişinə sadiq olduğunu göstərməlidir.

635x100

Şərhlər

Nurəddin İsmayıl 2024-02-14 21:18:26

İt Paşinyan, motal da himayədarları.

Fəxrəddin İmanov 2024-02-14 11:32:05

Nurəddin müəllim,bir məsələ aydın olmadı:İt kimi.motal kimi nəzərdə tutursunuz? Bunu da aqlasaydınız məqaləniz tam aydın olardı.Misal isə belədir:İt motaldan əl çəkdi.motal itdən əl çəkmir"Cavabınızı gözləyirik.

Son yazılar