Gəlmədim xoşuna

Məzəli, meyli dünya

qucaq açdı,

aldı məni qoynuna,

Sənəm bildim,

dedim, qoy dolanım

boynuna.

Gəlmədim xoşuna,

Atdı məni, yolun,

enişinə, yoxuşuna.

Bilmədim ki, şirin dönüb,

acı olarmış,

Can qızdıran ocaqların,

adamı içində qovuran,

sacı olarmış.

Üz qoydum üzünə,

üzümə qayıtdı,

Yatmışdım, tərs üzü,

məni ayıltdı.

Yediyim zəhər, icdiyim ağu,

Hər yerdən üstümə gəlir

ölümün, ruhumu,

əbədiyətə səsləyən

müjdəli sorağı.

Bir qonaqdım, gəlmişdim,

vaxt çatdı, zamanım yetdi,

Anladım ki, nə yeməyə

nə də içməyə,

elə, getməyə gəlmişdim.

Gəldim bir az dincəlim,

Dardı qəbri,

yonqarlanım, incəlim.

Bir az gözümə yuxu getsin,

Bir az dostlar sevən dünyanın

üzünə baxım,

bir az körpələrin dum-duru

gözünə baxım,

sahibsiz itləri oxşayım,

bir pişiyə sığal çəkim,

qoşulum payız yarpaqlarına

bir az saralım solum,

hər şeyin gözəl olduğu,

içimə nəğməsi dolduğu,

qərib dünyanın

qərib adamı olum.

Şükr edim yaradana,

Allaha xoş getsin.

Nə gözümə yuxu getdi,

nə dincliyim qaldı,

Dostların çoxu getdi,

dərdi mənə qaldı.

Nurəddin İsmayıl

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar