Epatajçıların “Tarixi Nadir”i

Azər RƏŞİDOĞLU

Azərbaycan qəribə ölkədir. Burada az qala hamı tarixçi, politoloq və siyasətçidir. Son zamanlar isə insanların kütləvi şəkildə tarixçi missiyasını öz üzərlərinə götürməsi düşündürücüdür. Əgər bütün bunlar xalqın öz tarixinə marağının göstəricisi olsaydı, belə hallara ancaq sevinmək lazım gələrdi. Yazıqlar olsun ki, proseslər əks-effekt verir. Sanki hər kəs tarixçi libasına bürünür ki, öz tarixinə lənət oxusun. Bu proses az qala milli faciə fonu almaqdadır.

Tarixə həvəs təqdir ediləndir. Lakin diletant simaların tarixçi kimi hökm verməsi gülüncdür.

Tibbi təhsili olmayan bir insanın mürəkkəb cərrahi əməliyyatda iştirak etməsi və yaxud tam məlumatsız birinin təyyarə sürməsi nə qədər əcaibdirsə, tarixçi olmayan insanın az qala hər tarixi mövzuda peşəkar ekspert kimi çıxış etməsi də bir o qədər anormallıqdır.

Dünyanın heç bir yerində tarixi şəxsiyyətlərə münasibət birmənalı deyil. Lakin heç bir xalq Azərbaycanda olduğu kimi tarixi şəxsiyyətlərinə bu dərəcədə nifrət bəsləmir. Tarix tarixdir. Milləti aşağılamaq nə dərəcədə anormaldırsa, tarixlə alver etmək də bir o qədər ağlasığmazdır. Lakin istənilən halda tarixlə tarixçilər məşğul olmalıdır.

Nə tarixçi olmayan Yunus Oğuzun “Nadir şah”ı, nə uğursuz filoloq olan Güntay Gəncalpın “Səfəviləri tarixi”nə iddia etməsinin elmlə bağlılığı ola bilməz.

Bu gün Babəki təftiş edənlər akademik Ziya Bünyadovun bu barədə elmi araşdırmalarından bir cümlə belə oxumayanlardır. Hüquqşünas Fazil Mustafanın Babəkə münasibəti bir tarixçi alimin münasibəti ranqında ola bilməyəcək. Bunu F.Mustafa özü də dərk etməlidir.

Bu gün Şah İsmayıl Xətai barədə hər kəs danışır. Lakin ömrünün 30 ilini arxivlərdə keçirən, Səfəviləri Osmanlı və İran, Avropa mənbələrindən tədqiq edən tarixçi alim Dilavər Əzimlinin sözlərinin kəsəri qarşısında diletantlar muma dönür. D. Əzimli Türkiyə və Avropa arxivlərindən böyük çətinliklə əldə etdiyi konkret sənəd və mənbələrə istinad edir. Opponentlər isə sanki bu millətin əleyhinə yönələn hər addımın şərəfinə badə qaldırır.

Tarixi qəhrəmanlara münasibət birmənalı ola bilməz. Sovet dövrünün ideoloji maraqlarına görə yaradılmış yalançı qəhrəmanlara münasibət dəyişə də bilər. Lakin bir millətin simvolu olan şəxsiyyətləri yıxıb, milləti aşağılamaq yanlış tendensiyadır. Bu məsələdə ifrata getmək isə ikiqat yanlışlıqdır.

Məhəmməd Əmin Rəsulzadənin fəaliyyətini də təftiş etmək olar. Lakin bunu da tarixçi etməli, konkret faktlara istinadlar olmalıdır. Bir baytarın emosional bağırtısı və yumruq silkələməsi fonunda həqiqəti bulmaq imkansızıdır.

Millətə bir simvol, bir təqlid rəmzi lazımdır. Heç nə təklif etmədən, qarşına çıxan hər kəsi ayaqlar altına atmaq çıxış yolu deyil. Milləti daha da məyusluğa uğratmaq əks effekt verir. Hakimiyyət tarixdən hər kəsi silməkdə, yalnız öz adını yazmaqda maraqlıdır. Bu baxımdan, milli qəhrəmanlarımıza münasibətdə daha sayğılı olmağa məhkumuq.

Almanlar hətta Hitleri, italyanlar Mussolinini aşağılamağa imkan vermirlər. Bizdə isə bəzi aydınlarımız tariximizi ləkələməklə işlərini bitmiş hesab edirlər.

Son zamanlar ANS telekanalında efirə çıxan “Şəxsiyyət vəsiqəsi” verilişi qısa zamanda tamaşaçı kütləsi yığa bilib. Həmid Herisçinin axtarışları, polemika qurmaq bacarığı əlbəttə ki alqışa layiqdir. Lakin müzakirə edilən mövzularda ekspert rəyini də peşəkarlar söyləməlidirlər. Şah İsmayıl Xətai barədə hazırlanan verilişə Dilavər Əzimlinin dəvət edilməməsi, tarix elmindən uzaq məsafədə olan şəxslərin debatlarda iştirakı bu böyük simaya sayğısızlıqdır.

Gündəm yaratmaq, müzakirəni şouya çevirmək həvəsində olan cılız simaların müzakirələrdə iştirakı proseslərə kölgə salır. Tarixlə elə tarixçilər özləri məşğul olsalar daha yaxşıdır...

(Musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar