Maaş artımı: təqdir, təəccüb, təəssüf...

Nadir İsrafilov, təhsil eksperti

Uzun illərdən bərı müəllimlərin böyük səbirsizliklə gözlədiyi maaş artımı intizarına nəhayət son qoyuldu, əgər buna son qoymaq demək olarsa. Çünki bu artım sevincini yaşamaq heç də bütün müəllimlərə deyil, yalnız dövlət ümumtəhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan bir qrup müəllimə nəsib olacaq, özü də həftəlik dərs yükünün optımallaşdırılması hesabına.Yəni stavka sovet dönəmində olduğu kimi, yenidən 12 saatdan 18 saata qaldırılacaq. Diaqnostik qimətləndirmə dedikdə isə bir müddət əvvəl paytaxt müəllimlərinin cəlb olunduqları ikimərhələli sınaq imtahanları nəzərdə tutulur.

Ölkə başçısının qərarını müzakirə və mübahisə predmetinə çevirmək məqsədindən uzaq olsam da, Təhsil Nazirliyinin problemə münasibətı və məsələnin həllində tutdugu mövqeni optimallıq baxımından o qədər də uğurlu hesab etmirəm. Çünki qərar məhz bu ali təhsil qurumunun hökumətə təqdim etdiyi təkliflər əsasında verilib və göründüyü kimi də, ümumilikdə maaş artımı olmayıb, yalnız stimullaşdırıcı artım xarakteri daşıyır.

Məlum olduğu kimi, hələ 1999-cu ildə qəbul olunmuş Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramında pedaqoji kadrların attestasiya sisteminin yaradılmasına, onların əməyinin obyektiv qiymətləndirilməsinə, yaradıcı, böyük ustalığa malik müəllim və tərbiyəçilərin maddi və mənəvi stımullaşdırılmasına, onların əmək haqqının ödənilməsinə diferensial yanaşmanın tətbiqınə lazımi diqqət yetirilməməsı xüsusi olaraq vurğulanmış, bu məqsədlə rəhbər və pedaqoji kadrların attestasiyasını 2004-cü ilə qədər başa çatdırılması nəzərdə tutulmuşdu.

On illik bir dövr ərzində biganəlik göstərilən məsələni həll etmək əvəzinə Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin xidməti məktubunu əsas götürərək, ötən ilin mayında “Müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi barədə” (06 may,2014-cü il, № - 526) əmr verdi. Əmrə əsasən, Bakı şəhəri üzrə Təhsil İdarəsinə tapşırılırdı ki, sınaq qiymətləndirmənin nəticələri əsasında, ümumi təhsil üzrə fənn kurikulumlarının və ixtisasartırma təhsil proqramlarının təkmilləşdirilməsi, müəllim hazırlığı proqramlarının yeniləşdirilməsi üzrə təkliflər hazırlayıb, təqdim etsinlər.

Təhsil Nazirliyinin yüksək çinli məmurları isə əmrin təbliği istiqamətində müəllimləri əmin edirdilər ki, “sınaq qiymətləndirilməsi müəllimə öz bilik və bacarığını obyektiv dəyərləndirmək, peşəsi üçün əhəmiyyətli olan, zəif və güclü cəhətlərini müəyyən etmək imkanı verəcək. Sınaq qiymətləndirilməsi diaqnostik xarakter daşıyır və müəllimlərin attestasiyasına hazırlıq məqsədi ilə keçirilir”. Əmrdən və açıqlamalardan göründüyü kimi əmək haqqı məsələsi nazir əmrinin predmeti olmayıb.

Bir müddət keçdikdən sonra isə müəllimlərin ənənəvi sentyabr müşavirəsində nazir səviyyəsində rəsmən bəyan edildi ki, attestasiyadan keçməyən müəllimlərin əmək haqqı artırılmayacaq. Nə baş verdi?

Birincisi, sınaq anlayışının özü elə sınaq xarakteri daşıyıb, bir növ “məşq” anlamına gəlir və yalnız Bakının 300 məktəbindən 28 mindən bir az artıq olan müəllim kontıngentini əhatə edir.

İkincisi, regionlarda çalışan on milərlə müəllimin günahı nədir ki, ayrı seçkilik aparıb, onları bu sınaqlara cəlb etməyiblər.

Üçüncüsü, yalnız iknci mərhələdən sonra “yekunlaşan” imtahanlardan hamının keçməsinə, habelə imtahanların obyektiv və şəffaf aparılmasına da tam təminat yoxdur.

Dördüncüsü, heç də bütün müəllimlər gözlənildiyi kimi tələb olunan nəticələrə nail ola bilməyiblər.

Bu mənada maaş artımının sınaq qiymətləndirmədə zəif və yüksək nəticə göstərmələrindən asılı olmayaraq, hər kəsə şamil edilməsi, istər Təhsil sahəsində islahat Proqramının, istərsə də Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının müddəaları ilə uzlaşmır. Çünki Strategiya müəllimlərin maddı motivasiyasının yaxşılaşdırılmasını önə çəkərkən, səriştə və nətıcə əsaslı diferensiallaşmış, əmək bazarında rəqabətəqabiliyyətli əmək haqqı sisteminin yaradılmasını nəzərdə tutur. Hazırkı məqamda isə səriştə və nəticə nəzərə alınmamış olur.

Digər tərəfdən, mərhələlər üzrə həyata keçirilməli olan bu prosesdə ilkin olaraq müəllimlərin həftəlik dərs yükünün optimallaşdırılması ilə bağlı məsələlər öz həllini tapmalıdır. Dərs yükü normasını 1,5 dəfə artırıb, 12 saatdan 18 saata çatdırarkən 6 saat dərs yükü kimdən alınıb, kimə veriləcək? Axı bir çox müəllimlərin heç 12 saat da dərsi yoxdur. Bu, ixtisarlar etmək hesabınamı reallaşacaq?

Hesab edirəm ki, bir qrup müəllimin maaşını “2 dəfə” artırmaqdansa (əgər bu reallığı əks etdirirsə), cüzi olsa belə bütün müəllimlərin əmək haqqını qaldırıb, onları da sevindirmək daha ədalətli və humanist addım olardı. Çünki harda çalışmasından asılı olmayaraq, paytaxtdakılar da, regiondakılar da diaqnostikadan keçib-keçməməsindən asılı olmayaraq, şərəfli müəllim adı daşıyır. Fərqli əmək haqqını isə, bir az da ertələyib, Strategiyada nəzərdə tutulduğu kimi mərhələlər üzrə, səriştə və nəticə əsasında, diferensiallaşdırılmış qaydada tətbiq etmək olardı.

Hər halda kimlərınsə təəccübündən, kimlərinsə təəssüfündən asılı olmayaraq, hamını əhatə etməsə belə təqdiredici və ümidverici maaş artımı baş verdı. Ümid edək ki, çox keçməz, digərləri də sevinər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar