AYDIN BƏŞİROVUN 10 GƏMİSİNİ ALDILAR- Sabiq rəisi “Zema” ilə nə bağlayır?

Dərc olunub: 27/01/2015 - 12:14

56Bəşirovun ailəsinin nəzarətində olan 70-dən artıq gəmi Panama bayrağı altında əsasən Qara və Aralıq dənizlərində yükdaşımada istifadə edilir

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin (CASPAR) rəisi olmuş Aydın Bəşirov ağır günlərini yaşayır. Sabiq gəmiçilik şefi 19 illik fəaliyyətinin təftişi haqda “təmizlik” sənədləri almaq üçün uzun çabalar göstərib. Nəhayətdə ona “yaşıl işıq” yandırılıb. Əldə olunan razılığa görə, A.Bəşirov özünün şəxsi donanmasından 10 yük gəmisini QSC-yə qaytarmalıdır.
Çox az adam bilir ki, uzaq səfərlər kapitanı olan Bəşirovun donanmasında 50-yə yaxın yük gəmisi var. Ümumilikdə isə Bəşirovun ailəsinin nəzarətində 70-dən artıq gəminin olduğu haqda məlumat var. Həmin gəmilər müxtəlif dövlətlərin, Panama bayrağı altında əsasən Qara və Aralıq dənizlərində yükdaşımada istifadə edilir. Aydın Bəşirovun biznesinə oğlu İlqar “kapitanlıq” edir. Oğul Bəşirov atasının və özünün gəmiçiliklə əlaqəli biznesini əsasən dəniz vağzalı yaxınlığındakı “Zema” inşaat şirkətindəki ofisdən idarə edir.
Atasının fəaliyyəti ilə bağlı aparılan gizli yoxlamalardan kənar qalması üçün razılaşmasının baş tutmasında İ.Bəşirovun da rolunun olduğu deyilir. Bildirilir ki, artıq A.Bəşirov 4 min 750 ton yük götürmə qabiliyyətli olan 3 gəmini QSC-yə təhvil verib. 2006-2008-ci illərdə istifadəyə verilmiş həmin quru yük gəmilərinin hər birinin qiyməti 5-10 milyon dollardır. Bəşirovun QSC-yə qaytardığı “Natəvan” “Üzeyir Hacıbəyov” və “Gədəbəy” gəmilərini Azərbaycandan göndərilən heyətlər təhvil alıblar. Digər 7 gəminin QSC-yə verilməsi üçün sənədləşmə işləri gedir.
Yada salaq ki, araşdırmalarımız nəticəsində İ.Bəşirovun Türkiyədə qeydiyyatdan keçirdiyi şirkəti haqda məlumat əldə etmişdik. Məlum olmuşdu ki, A.Bəşirov işdən çıxarılmazdan bir neçə ay öncə oğlunun adına Türkiyədə “Sailtrade Denizcilik ve Ticaret Ltd” adı ilə “Sti.: Nispetiye cad. Dilhayat Sokak No.24 34337, Etiler, İstanbul, Turkey” ünvanında şirkət qeydiyyatdan keçirib.
Həmin şirkətin 12 yük və bir neçə sərnişin daşıyan gəmisi var.
Bu gəmilərin hər birinin qiyməti 5-15 milyon dollar arasındadır. Gəminin 1 günlük icarə haqqı 5-10 min dollardan başlayır. Oğul Bəşirovun sahibi olduğu bu gəmilərin toplam dəyəri 120 milyon dollar civarındadır. İ.Bəşirovun Azərbaycanda hansı bizneslə məşğul olması bəlli deyil. Aldığımız son məlumatda qeyd olunur ki, Bəşirovların hazırda ofis icarələdikləri “Zema” inşaat şirkətinin sahibi Aydın Bəşirovun həyat yoldaşdır.
İ.Bəşirovun adına Türkiyədə qeydiyyatdan keçirdiyi şirkətin ortağı “Kent Denizcilik Limited” şirkətinin rəhbəri Səbahəddin Sudur.
Bu şirkətin nizamnamə kapitalı yarım milyon dollara yaxındır. Ən maraqlı məqamlardan biri isə şirkətin qeydiyyatdan keçmə tarixidir. Sənədlərə görə, Aydın Bəşirovun oğlu 17 iyul 2013-cü ildə şirkətin qeydiyyatı üçün Türkiyənin müvafiq qurumuna müraciət edib. 1 həftə sonra, 23 iyul 2013-cü ildə şirkət qeydiyyata alınıb.
İlk baxışdan bu tarix təqvimdəki adi günlərdən biridir. Amma nəzərə alsaq ki, cəmi 3 ay sonra, 22 oktyabr 2013-cü ildə A.Bəşirov işdən çıxarılıb, deyə bilərik ki, gəmiçilik şefi cəld tərpənib. O, Azərbaycanda əldə etdiyi on milyonlarla manat vəsaitlə xaricdə özünə biznes imperiyası qurub. Bu məlumatlar həm də A. Bəşirovun azı 3 ay əvvəldən işdən çıxarılacağı haqda bilgili olduğuna dəlalət edir. Bu fakt onun “Naftalan” tankeri ilə bağlı tutduğu mövqeyin də hansı situasiyaya əsaslandığını göstərir. Qeyd edək ki, 2013-cü il avqustun 4-də Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) keçirdiyi xüsusi əməliyyat nəticəsində Xəzərin Rusiya ərazisində AXDG-yə məxsus “Naftalan” tankeri neft qaçaqmalçılığına görə saxlanmışdı. Aylarla davam edən danışıqlar zamanı tankerin azad edilməsi üçün A.Bəşirovdan 5 milyon dollar tələb olunmuşdu. Lakin Bəşirov həmin məbləği ödəməkdən yayınmışdı. Sonradan isə bu, gəmiçilik şefinin 19 illik karyerasına son qoyan əsas səbəblərdən birinə çevrilmişdi. Artıq “Naftalan” tankeri problemi də həll olunub. Tankerin kapitanı Asif Məhərrəmov və onun 2-ci köməkçisi Ülvi Nobel oğlu Sultanzadə bir ildən artıq həbs həyatı yaşayandan sonra azad olunublar(musavat.com).

 

QEYD: Hörmətli Oxucu! Saytımızdakı reklam banerlərinin üstünə vurmaqla, AzPolitika.info-nun büdcəsinə cüzi (4 qəpik!) xeyir verə bilərsiniz…

 










loading...


Fikrinizi bildirin