PİRVERDİYEVİN "VURULMASININ", BABA RZAYEVİN YÜKSƏLİŞİNİN SİRRİ... - Təhlil

Azərbaycan ərazisində “Azərenerji” tərəfindən həyata keçirilən elektrik enerjisi ilə istehlakçıların təmin olunması fəaliyyəti “Azərişıq” ASC-yə keçdi

Prezident İlham Əliyev “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti haqqında sərəncam imzalayıb. Sənədə əsasən, “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti adlandırılıb.

Müəyyən edilib ki, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının ərazisində elektrik enerjisini satın almaqla istehlakçıları etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatını həyata keçirir, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti iki ay müddətində Azərbaycan Respublikasının ərazisində “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən elektrik enerjisi ilə istehlakçıların təmin olunması fəaliyyətinin “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə ötürülməsi, o cümlədən istehlakçıların elektrik enerjisi ilə təchizatı üçün zəruri olan və “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin balansındakı əmlak və digər avadanlıqların “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin balansına verilməsi üçün tədbirlər görməli, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin ümumi yığıncağının səlahiyyətlərini həyata keçirən dövlət orqanları barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin yeni Nizamnamələrinin və strukturlarının layihələrini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, eləcə də bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə bu Sərəncamla əlaqədar müvafiq tədbirlər görmək tapşırılıb.

Müəyyən edilib ki, Naxçıvan Muxtar Respublikasında bu Sərəncamın 2-ci hissəsində nəzərdə tutulan funksiyaları Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Agentliyi həyata keçirir.

Dövlət başçısının digər sərəncamı ilə Balababa Hüseynağa oğlu Rzayev “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilib.

Etibar Pirverdiyevin əsas səlahiyyətləri Baba Rzayevə keçdi

Qeyd edək ki, prezidentin bu sərəncamı ilə "Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin sədri Etibar Pirverdiyevin əlində olan əsas səlahiyyətlər ondan alınaraq keçmiş “Bakıelektrikşəbəkə” ASC-nin İdarə Heyətinin sədri, hazırda isə yeni yaradılan “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilən Balababa Rzayevə verilib. Bundan sonra yalnız Bakının deyil, bütün ölkənin enerji ilə təminatı məhz ölkə ictimaiyyəti tərəfindən daha çox Baba Rzayev kimi tanınan Balababa Rzayevin rəhbərlik etdiyi qurum tərəfindən həyata keçriləcək.

Qeyd edək ki, Etibar Pirverdiyevin səlahiyyətlərinin əlindən alınması heç də təsadüfü deyil. Uzun müddət idi ki, bu istiqamətdə müzakirələrin getdiyinə dair məlumatlar vardı. Hətta Etibar Pirverdiyevin vəzifədən götürüləcəyi gözlənilirdi. Bunun bir səbəbi kimi həm Etibar Pirverdiyevin “Azərenerji”də böhranlı vəziyyət yaranmasına səbəb olması, idarəçilikdə buraxdığı çoxsaylı səhvlər idi. Hətta son aylar “Azərenerji”də maliyyə sıxıntıları ilə əlaqədar kağız almağa belə vəsaitin tapmaydığlına dair məlumat yayılırdı. Böyük məbləğdə kredit borcları olan ASC həmin borcları ödəməkdə çətinlik çəkdiyi qeyd olunurdu. Eyni zamanda ASC-nin maliyyələşdirdiyi böyük layihələrdə ciddi maxinasiyalara yol verildiyinə dair məlumatlar var.

“Azərenerji” milyardlarlar "yeyir", büdcəyə heç nə vermir

Məsələ ondadır ki, “Azərenerji” ASC iri vergi ödəyicisidir. Qurum artıq uzun müddətdir büdcə proqnozunu yerinə yetirə bilmir və ən böyük borc sahiblərindən biridir. Üstəlik, abonentlərdən ödəmələri 98 faizə çatdırsalar da, büdcədən asılılıqları davam edir.

Aparılan araşdırmalara görə, 2005-ci ildən 2014-cü ilə qədər dövlət büdcəsindən “Azərenerji” ASC-yə 1 milyard 132 milyon manat və yaxud 1,5 milyard dollar dövlət investisiyası yatırılıb. Buraya 1 milyard 431,6 milyon dollar xarici kreditləri də əlavə etsək (Mənbə: Maliyyə Nazirliyinin rəsmi arayışı, 1 oktyabr 2010-cu il, son 2 il ərzində elektrik enerjisi sektoruna ayrılan xarici kreditlərin məbləği açıqlanmır), demək olar ki, son 5 ildə bu sektora 3 milyard dollara yaxın vəsait yatırılıb. Ancaq bu qədər böyük xərcləmələrin fonunda heç bir müsbət nəticə əldə edilməyib. Çünki ölkənin daxili enerji tələbatı hələ də ödənməyib. Elektrik verilişindən məhrum qalan massivlər var. Həmin investisiyalar səmərəli istifadə olunmur. Əvəzində isə bu sahədəa korrupsiyanın miqyası genişlənib.

“Azərenerji”nin vergi borcu 2014-cü ilin məlumatına görə 700 milyon manat təşkil edib. Şirkətin qalan vergi borclarını daha böyük həcimli dövlət subsidiyaları hesabına və ya əlavə borclar cəlb etməklə ödəyə biləcəyi açıqlanıb ki, bu da “Azərenerji”də ciddiproblemlərin olduğunu göstərir.

Məsələ ondadır ki, 2007-ci ildə elektrik enerjisinin dəyərini 3 dəfə qaldıranda hökumətin ictimaiyyət qarşısında verdiyi bəyanat bu olmuşdu ki, yeni qiymətlərin hesabına “Azərenerji”nin maliyyə davamlılığını təmin ediləcək. Ancaq “Azərenerji” 3 dəfə artıq tariflə işləsə də nəinki büdcəyə vəsait ödədi, əksinə büdcədən "yeməkdə" davam edib. Özü də “Azərenerji”nin əhalidən yığımı, demək olar, 100 faizə yaxınlaşıb. Bu halda sual olunur, bu pullar hara gedib?

Enerjini maya dəyərindən təxminən 3 dəfə baha satır

Yada salaq ki, bir vaxtlar Azərbaycanda fəaliyyət göstərən Hüseyn Arabulun rəhbərlik etdiyi “Barmek” şirkəti dövlətdən heç bir dotasiya almadığı halda ili heç bir borc saxlamadan qapayırdı. Özü də nəzərə almaq lazımdır ki, bu şirkətin fəaliyyəti zamanı elektrik enerjisinin qiyməti indikindən 3 dəfə ucuz idi...

Onu da qeyd edək ki, Azərbaycanda enerji istehsalı rentabellidir. Belə ki, əhaliyə satılan enerjinin maya dəyəri 2,5 qəpikdir. Yəni, əhaliyə enerjini təxminən “Azərenerji” 3 dəfə bahga satır. Son 5 il ərzində elektrik enerjisi haqqının yığım səviyyəsi orta hesabla 57,7 faizdən 97,4 faizə çatdırılmışdır ki, bu da dövlət büdcəsi qarşısında yaranan öhdəliklərin vaxtında icra olunmasını təmin etməli idi. Bu baxımdan borcun haradan yarandığı qaranlıq qalır.

Onu da qeyd edək ki, hökumət “Azərenerji”nin iri borclarını silib. Belə ki, “Azərenerji” ASC-nin debütor borclarının silinməsinə görə dövlət büdcəsinə olan 92,3 milyon manat məbləğində olan kreditor borcu silinib. 2011-ci il ərzində “Azərenerji” ASC-nin ümumi borc məbləğinin 152590,2 min manat və ya 14,2 faiz azalaraq 91973,9 min manata enməsinə baxmayaraq bu borcun həcmi hələ də yüksək olmaqla dövlət büdcəsinə olan ümumi borcun 29,6 faizini, dövlət mülkiyyəti üzrə dövlət büdcəsinə olan ümumi borcun isə 74, 5 faizni təşkil etmişdir. Bu da belə bir rəy yaradıb  ki, “Azərenerji”nin borclarını silinməsi sanki sadəcə korrupsiya fakrtlarının legitimləşdirlməsinə xidmət edib.

Qeyd edək ki, enerji sahəsindəki çatışmamazlıqlar ölkə rəhbərliyinin, deputatların da zaman-zaman tənqid hədəfi olub. Məsələn, deputat Çingiz Qənizadə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyevə qarşı bir sıra ağır ittihamlar səsləndirib. Deputat Priverdiyevi ona yaxın olan AZENCO şirkəti ilə müqavilələr bağladığını, dövlət vəsaitlərini taladığını deyib: “Məsələn, su elektrik stansiyalarının birinin tikintisi zamanı nəzərdə tutulan müqavilədə tikintinin 20 aya başa çatdırılacağının göstərilməsinə baxmayaraq, 15 ay əlavə vaxt uzadılıb və büdcədən əlavə vəsaitlər ayrılıb. Ümumiyyətlə, ”Azərenerji” bütün əməliyyatlarını AZENCO şirkəti ilə birlikdə aparır və nəticədə böyük korrupsiya faktları olur”. Deputat hətta Hesablama Palatasına təklif edib ki, “Azərenerji” ilə bağlı apardığı araşdırmaları Baş Prokurorluğa göndərsin. 

“Azərenerji” ASC-nin əməkdaşlanın ezamiyyət xərci adı altında milyonlarla manat silinib

Ancaq maraqlıdır ki, dövlət büdcəsinə olan borcu ildən-ilə şişən “Azərenerji” ASC-nin əməkdaşlanın ezamiyyət xərci adı altında milyonlarla manat silinir. Bir qədər əvvəl “Azərenerji” ASC-nin əməkdaşının büdcəyə 350 min manata başa gələn ezamiyyət xərci məlumat bunu təsdiqləyir.Dubaya gedən həmin əməldaşın xərcləri belə olub:

- «Jumeirah Dubay» hotelində qalma xərci 327 dollara başa gəlib;

– “Salmontini Dubai – Restaurant” restoranında şam yeməyi 1127 dollar;

– “Bürc Xəlifə”dəki ticarət mərkəzinin lüks saunasında bir günlük istirahət 487 dollar;

– “Louis VUITTON”, “İF boutique”, “Harvey NİCHOLS”, “FALCON Gallery”, “HOME CENTRE” və digər mağazalardan alış-verişinə 20000 dollar;

– Biznes-klass sinfindən olan avtomobilin icarəsinə isə 780 dollar xərc çəkilib.

Bu haqda məlumatı “Azərenerji” yox,“Anonymous” haker qrupu açıqlayıb. Məlumata qurum rəhbərliyi mətbuat xidməti səviyyəsində münasibət bildirib: “Etibar Pirverdiyev məsələni araşdıracaq”.

Ancaq bu “araşdırmadan” heç bir səs çıxmadı. Heç çıxacağı a gözlənilmir. Çünki  bu, “Azərenerji”nin gəlirlərini və bu sahəyə büdcədən yönələn vəsaitlərin DAĞIDILMASININ kiçik bir epizodudur.

“Azərenerji”nin layihələrinin smeta dəyəri dəfələrlə şişirdilib

Bunu “Azərenerji”nin müxtəlif layihələrə xərclədiyi vəsaitrlərin dəfələrlə şişirdilməsi də təsdiqləyir. Bir müddət əvvəl mətbuatada “Azərenerji” ilə Türkiyə Elektrik Dağıtım Anonim Şirkətinin(TEDAŞ) eyni ölçülü investiya layihələrinə xərclədiyi vəsaitlərə dair maraqlı araşdırnma dərc olunmuşdu. Həmin araşdırma “Azərenerji”dəki korrupsiyanın miqtyasını açıq ortaya qoyurdu. Əvvəlcə “Azərenerji”nin layıhələrinə diqqət edək:

- Uzunluğu 12,7 km olan 2-ci Qala hava xəttinin 8 km hissəsinin yenidən qurulmasına 1 milyon manat

– Uzunluğu 5 km olan Ramanı hava xəttinin yenidən qurulmasına 362,9 min manat

– Uzunluğu 13 km olan 1-ci Qala hava xəttinin yenidən qurulmasına 1 milyon manat

– Uzunluğu 8,1 km Zığ hava xəttinin 3,2 km hissəsinin yenidən qurulmasına 491 min manat

– Uzunluğu 5,1 km olan Zığ hava x-nə 251,5 min

– 12 km-lik 3-cü Suraxanı hava xəttinə 754,5 min manat

– 17,6 km-lik Dübəndi hava x-nə 1,106 milyon manat

– 18,5 km-lik 2-ci Maştağa hava x-nə 1,163 milyon manat

– 8,9 km-lik 4-cü Ramanı hava x-nə 560 min manat

– 14,3 km-lik 5-ci Şimal hava x-nə 506,2 min manat

– 17,2 km olan 110 KV-luq 1-ci Şimal hava x-nə 1,081 milyon manat

– 9,1 km olan 1-ci Maştağa hava x-ə 572,2 min manat

– 7,7 km-lik 3-cü Binəqədi hava x-nə 484,1 min

– 10,9 km-lik 5-ci Ramanı, 2-ci Suraxanı hava x-nə 791,1 min manat

Həmin il Türkiyənin TEDAŞ şirkətinin həyata keçirdiyi eyni ölçülü bir sıra layihələrinə yönələn xərclərə nəzər yetirək: (mənbə TEDAŞ-in investisiyalara dair hesabatından. tedas.gov.tr)

Nisbətən bahalı şəhər sayılan Antalyada;

– Dənizkəntdən Çakış köyə uzanan 10 km-lik xəttin yenidənqurulması 420 min TL (146,2 min manat (hazırki məzənnə ilə hesablandığına görə məbləğdə 2012-ci ilə nisbətən qismən fərq yarana bilər)

– Hisarçandır-Söyütcüm-ə 23 km-lik yeni elektrik xəttinin çəkilməsi 1,1 milyon TL (385 min manat)

– “Kəmər TM-Çamyuva Irt. ENH” layihəsi çərçivəsində 4,5 km-lik xəttin çəkilişinə 900 min TL (313 min manat)

– Dereköy-Sülekler-ə 12 km elektrik xəttinin yenidən qurulması 600 min TL (209 min manat)

Xidmətlər nisbətən ucuz olan Diyarbəkirda;

– Aktəpə-Öncülüyə 3,7 km-lik elektrik xətti və beton dirəyin tikintisinə 145 min TL (50 min manat)

– Isapinar KÖK- Doruk KÖK 6,1 km-lik xəttin tikintisinə 235 min TL (82 min manat)

– Mollatəpə-Göktəpəyə 4 km-lik xəttlərin yenidənqurulmasına 155 min Tl (54 min manat)

Bundan başqa dövlətin əsaslı vəsait qoyuluşundan “Azərenerji”yə ayrılan xərclərdə iqtisadi rayonlar üzrə toplam gücləri 16,3 MVt olan kiçik su elektrik stansiyalarının tikintisinə 27,5 milyon manat vəsait ayrılıb.

Türkiyənin Enerji Piyasası Düzənləmə Kurumunun hər bir bölgə üçün hesabatında göstərilir ki, paytaxt Ankarada 11,7 MVt gücündə su elektrik stansiyasının tikintisinə isə cəmi 18 milyon TL (6,2 milyon manat) ayrılıb və işlər işlər 2013-cü ildə yekunlaşıb.

Müqayisədən görünür ki, Azərbayanda eyni uzunluqlu elektrik xətlərinin çəkilişinə Türkiyədən iki-üç dəfə artıq xərc çəkilir. Türkiyədə istehsalatın olmasını əsas gətirib, materialların ucuz başa gəldiyini ehtimal edə bilərlər. Amma burada əməkhaqqı və kompensasiya məsələsini diqqətdən qaçırmaq olmaz. Azərbaycanda kompensasiya ödənilmədiyi halda, Türkiyədə elektrik xətlərinin altına və stansiyaların tikildiyi əraziyə düşən torpaqları sahiblərindən bazar qiymətinə, bəzən daha baha qiymətə alırlar. Habelə 2012-ci ildə orta aylıq əmək haqqı Azərbaycanda 450 dollar olubsa, Türkiyədə 1400 dollardan aşağı deyildi. Bir işçiyə bizdən ən azı 3 dəfə artıq əmək haqqı ödənilib. Digər bir səbəb kimi çəkilən elektrik naqillərinin gərgiliyi ola bilər. “Azərenerji”nin çəkdiyi xətlərin daha yüksək gərginlik qəbul etmə gücünə malik olmasını əsas gətirə bilərlər. Bunu mütəxəssislər daha dəqiq qiymətləndirə bilər. Hələ ki, havalar soyuyanda naqillərimizin sərtliyə davam gətirmədiyi, tez-tez fasilələr yaratmaq məcburiyyətində qalması göz önündədir. Əldə olan faktlardan bizim yoza bildiyimiz yalnız səbəb var: bu sahədə icra edilən layihələrin smeta dəyəri bir neçə dəfə şişirdilir.

Niyə Baba Rzayev?

Məhz vəsaitlərin bu çür xərclənməs, mənimsənilməsi “Azərenerji”də böhranlı vəziyyət yaranmasına gətirib çıxardığı bildirilir. Odur ki, ölkə rəhbərliyinin bu sahədə yaranmış vəziyyətə müdaxilə edəcəyi, enerji satışı sahəsində qayda-qanun yaratmaq istiqamətində ciddi addimlar atacağöı gözlənilən idi. "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə yaradılmasında və əhalinin elektrik enerjisi ilə təchizatın bu quruma verilməsində məqsədin bu olduğu şübhə doğurmur.

Qeyd edək ki, enerji sektorunda korrupsiyanın miqyasının böyük olmasının, vəsaitlərin təyinatından yayındırılmasının bir səbəbi də indiyə qədər “Azərenerji”nın həm istehsal, həm də satışla məşğul olması idi. Yəni nə qədər enerji istehsal olunub, nə qədər satıldığı, nə qədər pul yığıldığını yalnız “Azərenerji”nın rəhbərliyinə məlum idi. İndi isə bu funksiyalar “Azərenerji” və "Azərişıq” arasında bölünəcək .“Azərenerji” istehsal edib "Azərişıq” ASC-yə satacaq, o da istehlakçılılara satıb pulunu yığacaq. Yəni, bu sahədə ikili nəzarət və bu baxımdan böyük ölçüdə şaffdalıq yaranacaq.

Onu da qeyd edək ki, "Azərişıq” ASC-yə Baba Rzayevin sədr gətirilməsi də təsadüfü sayıla bilməz. Bunu bir səbəbi onun ölkə rəhbərliyinə yaxın şəxs olmasıdırsa, digər səbəbi də işgüzarlığöı ilə fərqlənməsidir. Baba Rzayev “Bakıelektrikşəbəkə” ASC-nin İdarə Heyətinə sədr təyin olunduqdan sonra paytaxt və ətraf ərazilərdə enerji ilə bağlı bütün problemləri qısa müddət ərzində həll etməyi bacardı. Enerji haqqlarının yığımını isə 100 faizə çatdırdı. Bundan əlavə paytaxtın enerji sisteminin yenidən qurulması istiqamətində ciddi addimlar atıldı. Həm də bu içlərin böpyük hissəsi şirkətin öz daxili vəsaiti hesabına həyarta keçrildi.

Ona görə də coxdan idi ki, hökumət dəhlizlərində Baba Rzayevin “Azərenerji” rəhbərliyinə gətiriləcəyinə dair söhbətlər gedirdi. “Azərenerji” rəhbərliyinin bir sıra səlahiyyətlərinin Baba Rzayevə verilməsi bunu qismən də olsa təsdiqlədi. İstisna deyil ki, yaxın gıələcəkdə “Azərenerji”  ümumiyyətlə ləğv olunaraq,  səlahiyyətlərinin bir hissəsi  Energetika Nazirliyinə, bir hissəsi isə "Azərişıq" ASC-yə veriləcək. 

İ. İsmayılbəyli

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar