Azərbaycan, həqiqətənmi güclü dövlətdir?

“Tarixdə heç vaxt Azərbayacan bu qədər güclü olmayıb”. Fraza dövlət başçısı İlham Əliyevə məxsusdur və heydən salınmış Azərbaycanla təzad təşkil edən bu fikir qudurmuş məmurların heysiyyatına toxunduğu İsmayıllı camaatı ilə görüşdə səslənib.

Azərbaycan doğrudanmı güclü dövlətdir? İyirmi ildən çox iyirmi faiz torpağı işğal altında olan, bir milyon qaçqını-didərgini yurdsuz-yuvasız qalan, üç milyon vətəndaşı bir loxma çörək dalınca əcnəbi ölkələrə üz tutan, əksəriyyət insanı aclıq və səfalət içində yaşayan Azərbaycana “güclü dövlətdir” demək, məncə inandırıcı görünmür.

Güclü, qüdrətli dövlətin arxasında milli birlik, vətəndaş həmrəyliyi, qanunun aliliyi, səbatlı daxili siyasət, uzaq görən xarici siyasət, rifah cəmiyyəti, etimadlı xalq hakimiyyəti, fərdi azadlıqlar, ictimai nizam, hər bir qolunun müstəqil fəaliyyət göstərdiyi düzgün hakimiyyət bölgüsü, vətəndaşlarının candan əziz vətən sevgisi və dövləti gücləndirən digər meyarlar olmalıdır ki, bunların yoxluxu heç kəsdə şübhə doğura bilməz.

Bəlkə də Azərbaycan zəngin ölkədir deyilsə yeri var. Lakin bu zənginlik də dövlətin deyil, bir qrup oliqarxın güclənməsinə xidmət edirsə, onda dövlətin güclü olmasından çox, şişmiş, harınlamış hakim zümrənin zəiflədilimiş, ümidsiz hala salınmış xalq üzərində istismarçı hökmranlığından danışmaq olar. Biz hələ güclü dövlət anlayışını zorla beynimizə yerləşdirməkdən öncə, Azərbaycanda dövləti şüurun olub-olmaması haqda düşünməliyik.

Pəncərəsindən, damından bayraqları görünmürsə, himni səslənəndə vətəndaşları vəcdə gəlmirsə, nazir-məmurları övladlarına doğma dilini deyil, yad dilləri sevdirirsə, dövlət-millət sevgisi heykəllləri hər tində ucaldılan rəhbər sevgisi ilə əvəzlənirsə, demokratiya yerinə traybakratiya işləyirsə, siyasi diktatorluq siyasi plüralizmi əzirsə, bir qrup oliqarxın hədsiz sərvət, əksəriyyət insanın hədsiz yoxsulluq içində yaşaması fonunda kəskin qütbləşmə davam edirsə, onda bu dövlətin qüdrətli omasına inananlara yazıqlar olsun.

Ortada yanlış düşüncə aşılayanları mat qoyan məntiq deyilən bir zat var. Ölkəni içdən dağıdan korrupsiya, rüşvətxorluq, monopoliya hökm sürürsə, neftdən, qazdan gələn gəlirlər bir ailənin büdcəsinə axırsa dövlət necı qüdrətli ola bilər? Dövlət hər kəsin içində firavan və təhlükəsiz yaşadığı, konstutisiya ilə hüquq və vəzifələrin müəyyənləşdiyi, qüdrətlənməsində, güclənməsində hər kəsin iştirakı olduğu kimi, hüquqda, dəyərdə, zəngin yaşamada, dövlətin idarə olunmasında, hakimiyyətdə təmsilçilikdə də də hər kəsin payının olduğu quruluş anlamına gəlməlidir.

Bir ökədəki vətəndaşlar cəmiyyət həyatında fəal iştirakdan məhrum edilir, onun sosial hüquqlarından tutmuş, siyasi haqlarına qədər hüquqları tapdalanırsa, vətəndaş bir dəfə də olsun ölkəsində ədalətli, şəffaf seçkilərin şahidi olmursa, azadlığına, özgür düşüncəsinə sayqı göstərilmirsə, mülkiyyət hüququna qəsd edilirsə onda nə haqla biz qüdrətli dövlət haqda moizələrə qulaq asmalıyıq.

Nə gözəl işlər varmış... Xalqın malını, mülkünü, sərvətini bir qrup başıpozuq məmurlara qapdır, meşələrin dərinliyində, dənizin ortasında, dağın kəlləsində xalqdan oğurlanan pullarla imarətlər yapdır, hakimiyyət haqqını əlindən al, parlamentini danışmaq hüququndan məhrum et, məhkəməsini siyasi sifarşli hökmlərlə dünyada biabır elə, vətəndaşınını polis dəyənəyindən əskik eləmə, minbir əziyyətlə tikdiyi evlərini buldozerlərin ağzına verib kürətdir, milləti qıraqda saxlayan tayfa hakimiyyəti qur, mətbuatını şirnişdirici vasitələrlə susdur, iş adamlarını monopolistlərə qusdur, siyasilərini, fərqli düşüncə sahiblərini güdükçülərinə pusdur və sonra da bu rəzalətlər içərisində yaşamağa məhkum edilən Azərbaycan haqqında “tarixdə azərbaycan bu qədər güclü olmayıb” deyə, xalqı qandır.

Bəli, biz Azərbaycanımızı qüdrətli, güclü demokratik, insan haqlarına sayqılı, vətəndaşlarına qayğılı, dünyaya açıq, başqa ölkələrin asılılığında olmayan, müstəqil daxili və xarici siyasəti millətin inkişafına xidmət edən, peşəkar ordusu, incə diplomatiyası, gözlənilən təhlükələri önləyən xarici siyasəti, hər kəsin içində mutlu günlər yaşadığı bir dövlət halında görmək istərdik. Təssüflər olsun ki, bütün varlığı ilə pula, sərvətə bağlı olan, amalı, məqsədi quruculuğa deyil, dağıdıcılığa, talançılığa xidmət edən bir hakimiyyətlə üz-üzə qalmaq zorundayıq və bu hakimiyyət qüdrətli Azərbaycan qurulması yolunda ən böyük əngəl olaraq qalır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar