Vəkil Bəhruz Bayramov Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılan jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimli ilə görüşüb. Bu barədə Bizimyol.info saytına məlumat verən vəkil bildirib ki, Pərviz Həşimlinin saxlanma şəraiti və hüquqlarının pozulması ilə bağlı narazılıqları qalmaqdadır:
“Bununla bağlı milli təhlükəsizlik naziri Eldar Mahmudova yazdığı məktuba hələ də cavab verilməyib. Bu gün isə Prezident Adminstrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova məktub yazsa da, hələ göndərməsinə şərait yaratmırlar. Məktublarda Pərviz qanunsuz həbs olunmasının və həbs edildikdən sonra amansız, qeyri-insani rəftara məruz qalmasının səbəbini soruşub. “Məni günahsız olduğum halda, qanunsuz həbs etmisiniz və bu cür qeyri-insani rəftarlar – ailə üzvlərimlə görüşməyə, telefon əlaqəsi saxlamağa icazə verilməməsi, məhkəməyə aparılarkən təhqiramiz şəkildə başıma torba keçirilməsi və digər düşmənçiliklərin səbəbi nədir?” – deyə Pərviz Həşimli məktubunda yazıb”.
Pərviz Həşimlinin saxlanma yerinin dəyişdirilərək, MTN-in istintaq təcridxanasından Bakı İstintaq Təcridxanasına köçürülməsi ilə bağlı iddiaya sabah saat 11.00-da Səbail Rayon Məhkəməsində baxılacaq. Qeyd edək ki, sözügedən prosesin 11 dekabr tarixinə təyin olunduğu bildirilsə də, təxirə salınmışdı.


Şərhlər