Rusiya Maliyyə Nazirliyi prezident Vladimir Putinin 2012-ci ilin may fərmanında nəzərdə tutulan xərclərin 152,9 milyard rubl azaldılması təklifini irəli sürüb. Dövlət Dumasına çıxarılacaq həmin təklif 2015-ci ilin büdcəsinə əlavə və dəyişikliklərin edilməsi mətninin içərisində yer alır. Bu barədə BBC məlumat verir.
Nəzərdə tutulan kəsintilərdən sonra büdcədən maliyyələşən quruluşların məvaciblərinin artırılması, uşaqlı ailələrə yardım, elmi fondlar, regionlara edilən dotasiyalar və universitetlərin inkişafına çəkiləcək xərclərin ümumi miqdarı 585,6 milyard rubl təşkil edəcək. Bu əvvələr planlaşdırılandan 20% aşağıdır. Rusiya Dövlət Duması büdcəyə olunacaq əlavə və dəyişiklikləri 10 aprel tarixində qəbul edəcək.
Büdcəyə dəyişiklik edilməsi təklifini ictimai arenadan yoxa çıxmamışdan bir qədər əvvəl, 4 mart tarixində hökumət ilə keçirdiyi müşavirə zamanı Vladimir Putinin özü irəli sürmüşdü. Maliyyə naziri Anton Siluanovun sözlərinə görə, hökumət həmin dəyişiklikləri yeni makro proqnozlar və yeni xarici şəraitin nəzərə alınması əsasında hazırlayıb. Maliyyə nazirliyi tərəfindən baxılan büdcə dəyişikliyində neftin bir barelinin 50 dollar, bir ABŞ dollarının isə 61 rubl olması əsas götürülüb. Əgər Rusiya Dövlət Duması Maliyyə Nazirliyinin təklifi ilə razılaşarsa, onda bəzi kateqoriyalardan olan işçilərin əmək haqqlarının artırılması üçün nəzərdə tutulan xərclər 2,8 milyard rubl azalacaq. Həmin bu azalmanın yarısı tibb işçilərinin payına düşəcək.
Sibir və Uzaq Şərqin sosial-iqtisadi inkişafı üçün 54,7 miyard rubl ayrılacaq ki, bu da ilkin planda nəzərdə tutulandan 22,2 milyard rubl azdır. Bundan başaqa digər regionlara veriləcək dotasiyaların və həmçinin də büdcə təşkilatlarında çalışanların maaşlarının 20 milyard rubl azaldılması təklif edilir. Kəsintilər yol fonduna daha çox təsir göstərəcək və onlar 69,9 milyard rubldan məhrum olacaqlar və bu il üçün yalnız 74,6 milyard rubl alacaqlar. Büdcə kəsintiləri ilə əlaqədar verilən təkliflər sırasında dövlət proqramı çərçivəsində əzcaçılıq və tibb sənayesinin inkişafı üçün nəzərdə tutulan maliyyələşməyə ayrılan məbləğın də 11% azaldılması yer alır. Maliyyə Nazirliyi dövlət turizm proqramının da 9,8 milyard rubl azaldılmasını təklif edib.
Ancaq həyata keçirilən bütün bu büdcə kəsintiləri siyasətinə baxmayaraq, hərbi xərclərin azaldılması barəsində isə heç bir söhbət getmir. Qeyd etmək lazımdır ki, 2012-ci ilin may ayında verilən fərman, üçüncü inauqurasiyasından sonra Putinin imzaladağı ilk sənəd olmuşdu.
Vaqif NƏSİBOV


Şərhlər