2014-cü ildə qanunsuz referendumla Rusiyaya birləşdirilən və işğal edilən Krım Muxtar Respublikası azad ediləcək - ancaq hərbi vasitələrlə yox. Musavat.com Ukrayna informasiya qaynağına istinadən xəbər verir ki, bu barədə Krım tatarlarının lideri, Ukrayna prezidentinin Krım-tatar xalqının problemləri üzrə səlahiyyətli nümayəndəsi Mustafa Cəmiloğlu bildirib.
“Dünən mən BMT Təhlükəsizlik Şurasının iclasının keçirildiyi ABŞ-dan qayıtdım. Rusiya iclası boykot elədi. Amma Təhlükəsizlik Şurasının bütün üzvləri bildirdilər ki, işğal edilən ərazilər azad olunacaq və dünya birliyi bundan ötrü özündən asılı olan hər şeyi edəcək. Lakin hamımız ümid edirik ki, ərazilər qeyr-hərbi üsullarla qaytarılacaq. Çünki hərbi yol – minlərlə insanın həlak olması deməkdir. Düşünürəm ki, təcavüzkarı zəbt elədiyi ərazilərdən çıxarmaq üçün beynəlxalq ictimaiyyətin əlində yetərli mexanizmlər var” – deyib Cəmiloğlu.
Krım tatarlarının liderinin sözlərinə görə, işğalçı cəzalandırılacaq, qəsdçilər məhkəmə qarşısında duracaq. “Bunun tez baş verməsi üçün bütün qüvvələrin və insanların Ukrayna ətrafında maksimum birləşməsi vacibdir. İndi soyuq müharibə başlayıb, halbuki istənilən an digər ölkələrin də cəlb olunacağı başqa fazaya keçə bilər. İndi hər şey eləmək lazımdır ki, bu baş verməsin” - əlavə edib Mustafa Cəmiloğlu.


Şərhlər